Gənc Ədiblər
Məktəbinin növbəti
məşğələsi keçirilib
İyunun 6-da M.F.Axundov adına Milli
Kitabxanada Gənc Ədiblər Məktəbinin
(GƏM) daha bir məşğələsi olub.
Adətən, Yazıçılar
Birliyinin katibi Rəşad Məcidin rəhbərliyilə gerçəkləşən
məşğələni, onun xarici səfərdə
olması səbəbindən,
bu dəfə "Körpü" dərgisinin
baş redaktoru, tənqidçi Əsəd
Cahangir aparıb. Ə.Cahangir GƏM-in əhəmiyyətindən
söz açıb, istedadlı gənclərin
bir araya gələrək, yaradıcılıqla
bağlı fikir mübadiləsi aparmalarını
təqdir edib: "Bizdə hərdən deyirlər ki, niyə Qarabağ mövzusunda silsilə əsərlər yazılmır?
Mənim
fikrimcə, Qarabağ
haqqında ən yaxşı əsərləri
sizin nəsil, yəni Gənc Ədiblər Məktəbinin
üzvləri yaradacaq.
Çünki müharibə haqqında
ən yaxşı əsərlər məhz müharibədən sonra,
həmin dövrün
uşaqlarının dilindən
yazılır". Ə.Cahangir
GƏM haqqında danışarkən
burada cəmləşənlərin
gələcəkdə ən
səmimi ədəbi
nəsil olacağına
inandığını deyib:
İndiyədək
müxtəlif ədəbi nəsilləri təmsil edən
yazarlar əsasən radikallar və ənənəçilər
qrupuna bölünürdülər. Gənc Ədiblər Məktəbi
üzvlərinin üstün cəhətlərindən biri
budur ki, onlar hər iki qrupun müsbət cəhətlərini
birləşdirməyə çalışırlar. Məncə,
bu məktəbin üzvləri ədəbiyyatımızda ən
səmimi ədəbi nəsil olacaq. Bunu onların əsərlərində
görmək mümkündür".
GƏM-in budəfəki
qonağı şair Şərif Ağayar olub. Tədbirin
aparıcısı onun əsərləri haqqında gənclərə
yığcam məlumat verib, onun sərbəst şeirlərini
və nəsrini, xüsusən də "Kərpickəsən
kişinin dastanı" hekayəsini yüksək qiymətləndirib.
Ş.Ağayar ədəbiyyata
şeirlə gəldiyini, sonralar nəsr yazmağa
üstünlük verdiyini diqqətə çatdırıb. Hazırda
Mədəniyyət və Turizm Nazirliyində
çalışdığını deyən Ş.Ağayar
rəsmi işiylə yanaşı yaradıcılıqla da
ardıcıl məşğul olduğunu bildirib. O, GƏM
üzvlərindən bəzilərinin əsərlərini oxuduğunu,
onların gələcəkdə ədəbiyyatda öz
sözlərini deyəcəklərinə inamla
yanaşdığını bildirib. Ş.Ağayar
özünün ədəbi potensialına, istedadına
güvəndiyini, gələcəkdə daha yaxşı əsərlər
qələmə alacağına əminliyini ifadə edib. Tədbirdə
şeirlərini oxuyan Ş.Ağayar həm də GƏM
üzvlərinin suallarını cavablandırıb.
Məktəbin üzvlərindən
Rəbiqə Nazimqızı, Sevinc Mürvətqızı, Xəyalə
Sevil, Xatirə Vaqifqızı, Mirbəhram Əzimbəyli,
Anar Amin və başqaları da yeni şeirlərini oxuyublar. Məşğələ
bu şeirlərin müzakirəsi ilə yekunlaşıb.
S.MÜRVƏTQIZI