İsmayıl Şıxlının yubileyi
Qazaxda da qeyd olunub
Xalq yazıçısı İsmayıl
Şıxlının anadan
olmasının 90 illik
yubileyilə bağlı
növbəti tədbir
sənətkarın doğulduğu
Qazaxda keçirilib.
Bu barədə
Yazıçılar Birliyinin
(AYB) mətbuat xidmətindən
məlumat verilib. Birliyin təşəbbüsü
ilə keçirilən
tədbir Regionların
İnkişafı İctimai
Birliyi (RİİB) və
Qazax Rayon İcra Hakimiyyətinin dəstəyilə reallaşıb.
Tədbir qonaqların
yazıçının Qazax
şəhərindəki abidəsini
ziyarət etmələrilə
başlayıb.
Rayon mədəniyyət
evində davam etdirilən yubiley mərasimini AYB Qazax
filialının sədri, şair Barat Vüsal açıb,
İ.Şıxlının ömür və
yaradıcılıq yolundan danışıb.
Akademik Teymur
Bünyadovun, yazıçılar Nahid Hacızadə, Vidadi
Babanlının çıxışlarında millilik və bəşərilik,
azərbaycançılıq, ziyalılıq, əqidə və
xarakter bütövlüyü, sadəlik və müdriklik
İ.Şıxlının insan və yazıçı
portretinin əsas cizgiləri kimi dəyərləndirilib. Çıxış
edənlər onun yaradıcılıq nümunələrinin
məna tutumu, orijinallığı ilə seçildiyini, ədibin
əsərlərində hər zaman aktual problemlərin
işıqlandırıldığını diqqətə
çatdırıblar.
Yazıçının
oğlu Elçin Şıxlı atasının xatirəsinə
göstərilən diqqət və ehtirama görə minnətdarlığını
bildirib. Sonda rayonun özfəaliyyət kollektivləri
yazıçının əsərlərindən ibarət ədəbi-bədii
kompozisiya nümayiş etdiriblər.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 9 iyun.- S.7.