Venesiyada Azərbaycan sərgisi açılıb

 

İtaliyanın Venesiya şəhərində 53-cü Venesiya Biennalisinin - yeni ümumdünya müasir incəsənət sərgisinin açılışı olub. Mədəniyyət Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, iki il əvvəl olduğu kimi, Azərbaycan pavilyonu yenə Venesiyanin "Giudecca-Zitelle" teatrında yerləşir. Azərbaycan nümayəndə heyətinə mədəniyyət turizm naziri Əbülfəs Qarayev başçılıq edir. Nazirliyin təsviri dekorativ sənət sektorunun müdiri, əməkdar incəsənət xadimi Leyla Axundzadə Azərbaycan sərgisini təqdim edərək pavilyonda toplaşanlara rəssamlarımızı tanıdıb. Pavilyonumuzun mövzusu məşhur fransız filosofu Dekartın bir ifadəsini əks etdirir: "Düşünürəm, demək mövcudam". Tahir Salahov, Nailə Sultan, Teymur Rüstəmov, Teymur Daimi, Niyaz Nəcəfov, Fərid Rəsulov, Tərlan Qorçu "Xətt" İncəsənət qrupunun əsərləri yer alan sərgi noyabr ayınadək davam edəcək.

 

 

525-ci qəzet.- 2009.- 9 iyun.- S.7.