Şair ocağının alim övladı

 

Şair övladının alim, alim övladının şair olması təbiidir.Yaradıcılığın qarşı-qarşıya dayanan və əslində bir-birini mükəmməl şəkildə tamamlayan bu iki sahəsi Allahın insana verdiyi qeyri-adiliklərdəndir.

Azərbaycanın bu qeyri-adi ailələrindən biri də böyük şairimiz, ədəbi dilimizə xalq nəfəsini gətirənlərdən biri və bir də ədəbiyyat tariximizə böyük Səməd Vurğunun mənəvi qardaşı, etibarlı sənət dostu kimi daxil olmuş gözəl insan, mərhum xalq şairimiz Osman Sarıvəllinin ailəsidir.

Allah sənətkarların hamısına xoşbəxt ailə qismət eləməyib. Osman Sarıvəllinin ailə xoşbəxtliyinin isbatı onun üç övladıdır. Həyatda yaradıcılıq, ictimai mövqe, ləyaqət, şərəf, namus çox mühüm göstəricilərdir. Fəqət bu göstəricilərin sənədi, pasportu övladdır. Bu sənəd insan həyatının, zəhmətinin, mücadiləsinin göstəricisidir. Osman Sarıvəllinin keşməkeşli rejim dövrü həyatında göz bəbəyi kimi qoruduğu üç övlad - üç türk kişisi yalnız onun deyil, Qazax mahalının deyil, bütün Azərbaycanın şərəfli, ləyaqətli övladlarıdır.

Qismət elə gətirib ki, mən Moskvada tanış olduğum rəhmətlik Rafiq müəllimlə - Osman kişinin böyük oğlu ilə dəfələrlə görüşmüş, Yazıçılar Birliyinin Moskvadakı restoranında, kafesində dəfələrlə oturub çox səmimi söhbətlər etmişik. Gənc ikən həlak olan istedadlı ədəbiyyatşünas, yazıçı Samir Tağızadənin də iştirak etdiyi xudmani məclislərdə söhbət ədəbiyyatımızdan, mənəviyyatımızdan, Azərbaycanımızdan, gələcəyimizdən, keçmişimizdən, elmimizdən, problemlərimizdən, vəzifələrimizdən gedərdi. Mən ixtisasca filosof olan və Moskvanın elmi mərkəzlərində böyük hörmət sahibi olan Rafiq müəllimin ziyalılığına, elminə, sadəliyinə, səmimiyyətinə heyran qalmışdım. Moskva mühitində tanıdığım və heyran qaldığım iki ziyalını heç vaxt unuda bilmirəm. Onlardan biri Rafiq müəllim, o birisi də riyaziyyatçı alim Rauf Hüseynovdur. Bu insanlarda həm təcrübədən, həm dərinlərdən, həm də şübhəsiz ki, vətəndaşlıq yanğısından gələn qeyri-adi yaxınlaşma tərzi, dəyərləndirmə üslubu, uzaqgörənlik məni heyran etmişdi.

O vaxtlar Moskvada yetişən Azərbaycan elm məktəbinin nümayəndələri - Fərhad Hüseynov, Hamlet İsaxanlı, mərhum Aydın Məmmədov, Asif Hacıyev, Aqil Hacıyev, Cəlil Nağıyev, Raqib müəllim, Samir Tağızadə... mənimlə eyni fikirdə idilər.

Moskvada yaşayıb yaradan görkəmli yazıçımız Çingiz Hüseynov Rafiq müəllimin elmi və şəxsiyyəti haqqında yüksək fikirdə idi.

Bu gün haqqında danışmaq istədiyim və onu 70 yaşı münasibətilə təbrik etmək məqsədiylə bu kiçik yazını yazdığım fəlsəfə elmləri doktoru, professor Babək Qurbanov Osman Sarıvəlli ocağının və bütün Türk Dünyasının ləyaqətli övladlarından biridir. Tale elə gətirib ki, Bakıda ali təhsil alan və Moskvada yüksək elmi dərəcəsini alan Babək Qurbanov həyatını və yaradıcılığını Türkiyə ilə bağlamış, uzun illər Ərzurum Atatürk universitetində və hazırda Qaziantep universitetində musiqi sənət tarixi və estetikadan dərs verməyə, elmi əsərlər yazmağa istiqamətlənmişdir.

Mən Türkiyə universitetində dərs deyən ilklərdənəm. Hal-hazırda da Türkiyədə İstanbul Yedditəpə Universitetində dərs deyirəm. Və Türkiyədə dərs deyən alimlərin də böyük əksəriyyətini yaxından tanıyıram. Doğrusunu deyim ki, Türkiyədə işləyib Azərbaycanı unudanları da, Türkiyənin hər işinə naşı-naşı baş qoşanları da, hörmətliləri də, hörmətsizləri də yaxşı tanıyıram.

Tam səmimiyyətlə deyirəm ki, alim ləyaqətini vətəndaş qeyrətini, qardaşlıq cizgisini gözəl bilən, elmi, davranışı, əsərləri, təcrübəsi ilə ad-san qazanan müəllimlər içində Babək Qurbanovun adını xüsusilə qeyd etməyi özümə borc bilirəm. Türkiyəni Hakkaridən Ədirnəyə, Trabzondan Qaziantepə qədər az qala şəhər-şəhər gəzmişəm, elm-sənət, ictimai-mədəni tədbirlərdə olmuşam. Və açıq deyim ki, bu ölkənin vurğunuyam. Vətənpərvərliyinə, vətəndaşlığına, mədəniyyətinə, insanpərvərliyinə heyran olduğum və doğma Azərbaycandan əsla ayırmadığı Türkiyədə də təmiz adla, elmi ləyaqətlə yaşamaq, işləmək o qədər də asan iş deyil. Mən sevinirəm və fəxr edirəm ki, Babək Qurbanov kimi hörmət qazanan Fərhad Hüseynov, Azər Kərimov, Abbas bəy, Novruz bəy, Məzahir Avşar, Teymur bəy, Nərgiz İbadullayeva, Qeybulla Qeybullayev, İlqar müəllim, Fikrət Hacıyev, İlqar bəy, Naibə Hacıyeva, Ələddin Əliyev, Xaliq Hüseynov, Tamella xanım yalnız Türkiyə elmi və tədrisi üçün deyil, Türkiyədən uzaqlarda da məşhurdur.

Babək Qurbanovun Bakıda, Moskvada, Türkiyədə çap olunmuş "Musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqələri", "Estetik aləmə səyahət", "Azərbaycan ədəbiyyat və incəsənətinin ideya-estetik problemləri", "Kütləvi mədəniyyət və Qərb sovetologiyası", "Azərbaycan musiqi mədəniyyəti və xarici mətbuat", "Proqramlı musiqinin estetik prinsipləri", "Musiqi ilə estetik tərbiyənin problemləri", "Bədii-estetik tərbiyənin bəzi problemləri", "Sənətin ictimai fəallığı", "Mənəvi saflıq dünyası", "Ev teatrı, televiziya oyunu", "Musiqinin bədii-estetik məsələləri", "XIX-XX əsrin əvvəllərində Azərbaycan sənəti" (Tükriyə türkcəsinə tərcümə), "Musiqinin bəzi bədii-estetik məsələləri", "Bəstə məcmuəsi" və s. 30-a yaxın kitabı rus, Azərbaycan və türk dillərində Moskvada, Bakıda, Ankarada, Ərzurumda çap olunub. Müəllifin yüzdən yuxarı məqaləsi, ön sözü də türk musiqisinin nəzəri və təcrübi məsələlərinə, fəlsəfə, estetika problemlərinə həsr olunub.

Bu kitab və məqalələrin nəzəri əhəmiyyətini və praktik dəyərini qiymətləndirməmək olmaz. Onlarca müəllifin - araşdırıcının Babək Qurbanova istinad etməsi heç də təsadüfi deyil.

Nə qədər doğma, qardaş olsa da, xaric xaricdir. Və xaricdə çalışan hər kəs yalnız özünü deyil, mənsub olduğu xalqı təmsil edir. Mən əminəm ki, Babək müəllimi tanıyan, hər kəs Azərbaycan haqqında ən yüksək fikirdə olub. Alim üçün, müəllim üçün bundan xoşbəxt nə ola bilər ki?..

Mən buna da inanıram ki, Babəkdən razı olanlar içərisində Osman Sarıvəllinin və Rafiq Qurbanovun ruhu da var.

Ruhlar da həyatdakı insanlar kimi bədbəxt və xoşbəxtdirlər. Buna da inanıram ki, Babək müəllimin əzizlərinin ruhu qutlu ruhlardır. Allah onlara rəhmət eləsin, Babək müəllimə də sağlıq-salamatlıq versin.

70 yaş ahıllığın gəncliyidir. Qələm dostu və həmkarı kimi mən də Babək müəllimə cansağlığı, səadət və yeni-yeni yaradıcılıq uğurları arzulayıram!

Ot kökü üstə bitər.

Böyük şair atanın böyük alim oğlunun əsərləri, fəaliyyəti ilə bizləri hələ çox sevindirəcəyinə inanıram.

Tanrı Sizi qorusun, Babək müəllim!    

 

 

Kamil VƏLİ

 

525-ci qəzet.- 2009.- 9 iyun.- S.6.