"Hidrotexniki qurğular"
kitabı nəşr olunub
Bugünlərdə
Memarlıq və İnşaat Universitetinin alimləri Zakir
Musayev, Kamran Məmmədov, Tofiq Mahmudov, Fail İsmayılov və
Mansur Zərbəliyevin müəllifi olduqları 10 fəsildən
ibarət "Hidrotexniki qurğular" dərsliyi işıq
üzü görüb. Dərslik universitetin tələbələri,
o cümlədən bu yöndə tədqiqat və layihə
institutlarının əməkdaşları üçün
nəzərdə tutulub. Dərslikdə hidrotexniki qurğulara
təsir edən qüvvələr və qurğunun əsasından
suyun sızması, sızmaya qarşı yaradılan konstruksiyaların
hesablanma metodikaları, beton və torpaq bəndlərin
konstruksiyaları, onların dayanıqlığı, suqəbuledici,
sutullayan hidrotexniki qurğular, kanal üzərindəki
qurğuların konstruksiyası və onların
hesablanması, durulducuların konstruksiyası və hesablanma
metodikası barədə geniş məlumat verilib.
Dərsliyin müqəddiməsində
hidrotexniki qurğular kursunun mühəndis-inşaatçı
mütəxəssislərin hazırlanmasında rolu,
hidrotexnika və hidromeliorasiya sistemlərinin layihələndirilməsində
tətbiqinin əsaslandırılmış izahı verilib. Kursun
öyrənilməsi üçün Təhsil Nazirliyi tərəfindən
təsdiq olunmuş proqramda isə nəzərdə
tutulmuş mövzuların qısaca xülasəsi, onların
öyrənilmə ardıcıllıqları və istifadə
olunacaq ədəbiyyatlar öz əksini tapıb. Dərslikdə
həmçinin qeyd olunur ki, hidrotexniki tikinti təcrübəsində
çaylardakı sulardan müxtəlif məqsədlərdən
ötrü kompleks şəkildə istifadə etmək
üçün çay məcrasında su anbarının
layihələndirilməsi tələb olunur. Su anbarını
yaratmaq üçün səviyyə qaldıran hidrotexniki
qurğulardan beton və torpaq bəndləri göstərmək
olar. Qeyd etmək lazımdır ki, bu hidrotexniki qurğulardan
torpaq materiallarından layihələndirilmiş və inşa
edilmiş bəndlər respublikamızda geniş
yayılıb. Belə konstruksiyalı səviyyə
qaldıran bəndlər sadə olmaqla onun tikintisi ucuz başa
gəlir. Torpaq bəndlərin tikintisində istifadə edilən
materialların bazası respublikamızda çoxdur və onun
tikintisi istənilən iqlim şəraitində aparıla bilər.
Dərslikdə o da
vurğulanır ki, səviyyə qaldıran hidrotexniki
qurğularla müqayisədə torpaq bəndlər seysmik
qüvvələrə daha çox müqavimət göstərmək
gücündədir. Belə ki, bəndlərin tikintisi
texnoloji baxımdan aparılan işlərin hamısını
mexanikləşdirmək mümkündür. Torpaq bəndlər
məsaməli mühitə malik olması və onun
qarşısında yaradılmış basqının təsirindən
su anbarında toplanan su ehtiyatlarının bir hissəsi bəndin
gövdəsindən sızma nəticəsində azalır. Nəticədə
bəndin bünövrə və gövdə qruntunun
fiziki-mexaniki xassələri pisləşir və bəndin
ümumi dayanıqlığına mənfi təsir göstərir.
Bununla bağlı, bəndin gövdə və bünövrəsində
baş verən sızma prosesini nizamlamaq, depressiya səthinin səviyyəsini
aşağı salmaq, mexaniki suffoziya proseslərinin
inkişafını azaltmaq məqsədilə sızmaya
qarşı qrunt materiallarından bəndlərdə
xüsusi konstruksiyaya malik olan quruluşlar (ekranlar, ponurlar,
özəklər, sərt dəmir-beton diafraqmalar, şpunt sipərləri,
sement divarlar, dişlər və sair) tətbiq olunur.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.- 2009.- 9 iyun.- S.6.