Canavarlığın anatomiyası
ELÇİNİN
"CANAVARLAR" HEKAYƏSİNİN TƏSİRİNDƏN
YARANAN DÜŞÜNCƏLƏR
Xalq
yazıçısı Elçinin əsərlərinin
mündəricəsinə diqqət yetirsək,
mövzu-ideya-problem cəhətdən davamlı rəngarəngliyin
şahidi olarıq. Qeyd etdiklərimiz bu sənətkarın yaradıcılığının
danılmaz xüsusiyyəti olsa da, düzü, onun son vaxtlarda
çap etdirdiyi "Canavarlar" hekayəsi öz üslub və
sintaksisi, hadisələrə tamamilə bənzərsiz
münasibətilə bizimçün gözlənilməz
oldu. Bu hekayə sözün əsl mənasında Elçin əsərləri
arasında tamamilə fərqli - modern dəst-xətlə qələmə
alınması ilə seçilir.
Elçin bu əsərində
canavarın təbiətini bədii-fəlsəfi və
sosioloji yozumda nəzərdən keçirir. Canavarın bu və
ya digər tərəf və xüsusiyyətlərini təfərrüatı
ilə işləyən yazıçı burada dərin
müşahidəçi təsiri bağışlayır.
Heç şübhəsiz ki, bu da onun təfəkkürünün
zənginliyi, hadisələrə praqmatik baxışı,
öyrəndiyi predmetin mahiyyətinə nüfuz edə bilmə
istəyilə əlaqədardır. Elçin
"Canavarlar"da etnogenetik problemləri, mifologiyanı,
folkloru həm bədii şəkildə, həm də filosof,
sosioloq kimi təqdim edir.
Canavardan
danışdıqda ilk növbədə göz
qabağında güc, qüvvət, dözümlülük,
qoçaqlıq simvolu canlanır. Yəqin elə buna görə
də dünya xalqlarının mifoloji təfəkküründə
canavar əski dövrlərdən daha geniş yer tutub. Təsadüfi
deyil ki, tarixi mənbələrdə canavar (türklərdə,
iranlılarda, xəzəryanı skiflərdə, hind-Avropa
xalqlarında) etnonimi ilə bağlı xeyli maraqlı məlumatlar
mövcuddur. Bəzi müəlliflər "dahae"
latın və "daai" yunan sözlərinin
"canavar"a uyğun gəldiyini iddia edirlər. Kiçik
Asiyada uzun zaman kəsiyində mövcud olmuş Hett
padşahlığında, onun paytaxtı Hattusilidəki gil
lövhələrdə e.ə.XVII əsrə aid yazılarda,
Hattusilinin əmrlərində əsgərlərə "bir
dəstədə canavar kimi birləşmək",
"canavarlar kimi olmaq" göstərişlərinin verildiyi
bildirilir. Qədim iranlılar əfsanəvi Kirin canavarlar tərəfindən
yedizdirildiyini söyləmişlər.
Canavar obrazı xeyli xalqın mifoloji təfəkküründə Müharibə allahlarının və qəbilə başçısının adı ilə assosiasiya olunur. Belə miflərin totem mənbələri əksər xalqlarda tipoloji cəhətdən də uyğun gəlir. Məsələn, Mərkəzi Asiyada mövcud olan miflərdən birində canavarın bir xanımla evlənməsindən ya bütöv bir etnosun, ya da bir sülalənin yarandığı vurğulanır. Çingiz xanla bağlı olan geneoloji mifi buraya aid etmək olar. Bu əsatirə görə, onun valideyni göydən yerə enib ceyranla cütləşən canavar olmuşdur. Bir çox xalqlarda qəbilə başçısının tərbiyəsi ilə də dişi canavarın məşğul olduğu barədə miflər var. Kir, Romul və Rem-Mars Allah-canavarın övladları kimi göstərilməklə, onların canavar tərəfindən yedizdirdikləri bildirilir. Canavarlarla bağlı miflər İngiltərədə, İspaniyada, İrlandiyada, german xalqlarında da istənilən qədər var. Slavyan mifologiyasında da insanla canavar arasında xeyli yaxınlıqlar göstərilir. Məsələn, slavyanlarda insan gah canavara, gah da itə çevrilir. German xalqlarında iki canavar müharibə Allahını müşayiət edir. Hind-Avropa xalqlarında canavarın itlə cütləşməsi də mifik çalarda verilir. Yunan mifologiyasında, orta əsr tarixşünaslığında qəbilələrdən söhbət getdikdə canavarla itin yaxınlığı vurğulanır. Beləliklə, aydın olur ki, canavar bəzi xalqlar üçün totem sayılan heyvandır. Burada xalqın öz etnonimini canavarlardan götürməsi dini məna kəsb etdiyindən bunu arxaik dini konsepsiya kimi də dəyərləndirmək olar. Hərbi yürüş və ittifaqlarda germanlar, iranlılar, keltlər, romalılar və yunanların canavar adından istifadə etdikləri də etnoqrafik-folklor ədəbiyyatında çoxdan məlumdur.
Canavar
totemi türk mifologiyasında daha əhəmiyyətli rola
malikdir. Türklər daim özlərini Boz canavarın
övladları hesab etmişlər. Rəvayətlərin
birində qeyd olunur ki, düşmənlər doqquz
yaşlı bir hun uşağının əl-ayağını
kəsib bataqlığa atırlar. O, yalnız möcüzə
nəticəsində salamat qalır. Oğlan
böyüyür. Sonra dişi canavarla evlənir, canavar ondan
doqquz uşaq doğur, uşaqlar böyüyüb türk
tayfasına çevrilirlər. Yeri gəlmişkən,
türklərin Aşina, yəni canavar sülaləsinə məxsusluğunu
da mənbələr yerli-yataqlı saxlamış və qədim
türklər bunun rəmzi olaraq bayraqlarında daim canavar
başı əks etdirmişlər. Digər qədim bir
türk rəvayətində türklərin əcdadlarına
Şimal-Qərbi Çindəki Qaoçan kəndi
yaxınlığında düşmənlərin hücum
etdiyi bildirilir. Bu döyüşdə əl-ayaqları dibindən
kəsilmiş on yaşlı bir oğlandan başqa hamı məhv
olur. Bu oğlanı da dişi canavar yedizdirir. Canavarın
qayğısı nəticəsində, çətinliklə
də olsa, oğlan böyüyür. O, canavarla evlənir,
ondan on oğlu olur. Onlardan biri, daha bacarıqlısı elə
Aşinadır. Aşinanın övladı Asin-Şad da onun
özü kimi qoçaq olur. O, öz qəbiləsini Turfan
düzənliyindən Altaya çıxarır.
Bu türk rəvayətinin
dürüstlüyünə sübut kimi Baqutda (581-587-ci illər)
daş plitə üzərində canavar və qarnının
altında kiçik insan fiquru təsvir edilmişdir. Qədim
xakas dastanı "Albınji"də qəhrəmanın
"Ax-Puur" adlı boz canavarı yəhərləyib-yüyənlədiyi
qeyd olunur. Poloves xanları Qzak və Konçak boz canavarla
müqayisə olunurlar və s.
Söylədiklərimiz
canavarın digər vəhşi heyvanlardan insanlarla daha
çox təmasda olduğunu göstərir. Bu faktın
özü də canavarın şifahi, folklor, etnoqrafik ədəbiyyatda
olduğu kimi, yazılı ədəbiyyatda da nəzərdən
keçirilməsi üçün münbit şərait
yaradıb. Odur ki, Cek London, Çingiz Aytmatov, Farli Mouet, Alfredo
Konde, Xoli Layl, Anna Li, Eliade Mirça, L.Vayzer, O.Xyofler,
Ş.Vikander, Q.Videnqren, X.Janmer, J.Dümezil və
başqalarının canavarlar haqqında əsərlər
yazması, onların obrazlı xüsusiyyətlərinə
geniş nəzər salması da təsadüfi deyil.
Adlarını çəkdiyimiz
müəlliflərdən fərqli olaraq, Elçin, deyərdim
ki, canavarları daha dərindən - həm maraqlı heyvan, həm
də sosium həyatında oynadığı rola, tutduğu
mövqe baxımından bizə daha dərindən tanıda
bilir. "Qancıq böyrü üstə uzanıb, həmin
an elə bil ki, bütün bu Şərq yolçuluğunun
işgəncəsindən zinhara gəlib, heç nə ifadə
etməyən gözlərini Boza zilləmişdir. Boz...
uzaqdakı quru kolluğa baxırdı. Orada - o quru kolluğun
arxasında... nəsə vardı və Boz bilirdi ki, o kölgə...
onları izləyən ac və kimsəsiz çaqqaldır.
Boz canavar... burasını da bilirdi ki, o ac və yalqız
çaqqal onlardan, yəni Bozun ailəsindən hansınınsa
ölməyini gözləyirdi, gözləyirdi ki, sağ
qalanlar gedəndən sonra o cəsədlə qarnını
doydura bilsin. Amma canavarlar dünyasının öz
qanunları var idi. Bu qanunları hətta o dəhşətli
quraqlıq, o ac yolçuluq da poza bilməzdi..."
“Canavarlar" hekayəsində
müəllifin Şərqlə Şimalı (Şimal burada bəlkə
də şərti olaraq, bu, elə Qərb deməkdir - N.T.)
bir kontekstdə birləşdirməsi, yaxud ayırması da
mühüm simvolik əhəmiyyət kəsb edir. Belə
ki, Elçin dünya sivilizasiyasının inkişaf istiqamətlərini
və mərhələlərini dərindən bilən
yazıçı-filosof və etnoloq-sosioloq kimi, Şərqlə
Qərbin öz yolu, öz koloriti, öz xüsusiyyəti
olduğunu vurğulamaq istəyir. Kiplinqin "Şərq
Şərqdir, Qərb isə Qərbdir, onlar heç zaman birləşməyəcək"
fikrini də özünəməxsus şəkildə
açır.
Canavarlar
dünyasının qanunlarını dərindən
açmağa və simvolikalardan yerli-yerində istifadə etməyə
müvəffəq olan yazıçı onların xüsusiyyət,
xislət və davranışlarını heç bir halda
diqqətdən kənarda qoymur. Yazıçı əsərdə
canavarın ikili mövqeyini bütün elementləri ilə
açmağa daha çox yaxınlaşır. Bədii təsvir
güclənir.
Elçin analitik təfəkkürü
nəhayətsiz yazıçı-filosof və etnoloq-sosioloq
kimi əsəri son dərəcə
düşündürücü sonluqla başa vurur:
"...yemiş, doymuş, güc toplamış iki canavar
küçüyü bir-birinin dalına düşüb
gedirdi. Sövq-təbiiləri, onları Şərqdən gələn
rütubət qoxusuna doğru aparırdı".
Elçin hekayədə
canavarların taleyinin xüsusi faciəviliyini göstərir. Canavar
doğrudan da vəhşidir. Biz əsərdə onların bu
xisləti ilə dərindən
Analoji xislət,
oxşar xüsusiyyət elə insanları, bəşər
övladını da xarakterizə edir. Əsərdən
belə bir qənaətə gəlmək olur ki, hər bir
insan içində gedən mübarizəni də elə iki
canavar arasında gedən mübarizəyə bənzətmək
olar. Canavarlardan biri ambisiyası, xudpəsəndliyi, eqoizmi,
paxıllığı, bədliyi, riyakarlığı ilə
seçilirsə, digəri xeyiri, sevgisi, hörməti,
insanlara sədaqəti, həyata inam hissi ilə fərqlənir.
Deməli, kim içində hansı canavarı bəsləyib
yedizdirsə, o canavar da qalib çıxır.
Elçin "Canavarlar" hekayəsində məhz belə bir bəşəri problem qoymaqla, onu bioloji, fəlsəfi, sosioloji, psixoloji aspektlərdə müvəffəqiyyətlə həll edir. Bu və digər cəhətlərinə görə "Canavarlar" hekayəsi Elçinin böyük yaradıcılıq uğuru kimi dəyərləndirilməlidir.
Nizami TAĞISOY