Aldadılmış bir nəslin kədərli hekayəsi:
"Son cənnət"
Orxan Arasın "Son cənnət"
romanı ən son oxuduğum, ədəbi dəyəri olan,
xoşuma gələn bədii nümunələrdən
biridir. Romanı bitirdikdən sonra əsər haqqında
düşüncələrimi yazmaq qənaətinə gəlsəm
də, vaxt qıtlığı bu fikrimi
reallaşdırmağı bir qədər uzatdı. Hər dəfə
"sabah yazaram" deyə düşündüm. Sizdə də
belə olurmu bilmirəm, amma mən sevdiyim kitablar bitməsin
deyə onu sona qədər oxumağı həmişə ləngidirəm.
Romandakı bəzi maraqlı epizodları oxumaqdan
özümü saxlayıram. Müəllifin roman vasitəsilə
mənə verdiyi zövqü gündəlik həyatıma da
daşıyıram. Mən bir oxucu kimi kiçik həcmli
yazılarla böyuk yazıları fərqli oxuma texnikası
ilə başa vururam. Hekayəni tez oxuyub qurtarmaq, sonuna
çatmaq istəyirəm. Təxminən dadından doyulmayan
şirniyyat kimi tez yeyib bitirməyə
çalışıram. Amma mənim roman oxuma tərzim bir qədər
fərqlidir. Necə deyərlər, əsəri oxumaq mənim
üçün bir çay dəstgahıdır,
çayı dəmləyir, sonra onun yaxşı dəm
almasını gözləyirəm.
Roman, mənim
üçün, ədəbiyyatın həyatla əlaqəsinin
vermək baxımından ən uyğun bir janrdır. Romanı
oxuyarkən sanki orda həyatımın əksini tapır,
özümü yazının yaratdığı isti
mühitin axarına buraxıram. Mənim üçün
roman oxumaq macəralarla dolu bir yola çıxmaqdır. Onu
yaşamayan bilməz.
Orxan Aras
İqdırın Quzugüdən kəndində dünyaya gəlib.
Türkiyədə Ərzurum Pedaqoji məktəbini bitirib,
sonra Almaniyaya köçüb. Burda Bohum Universitetində
türkologiyadan dərs alıb. İndiyə qədər səkkiz
kitabı nəşr olunub.
Şeir, hekayə, roman
və publisistik yazıları var. Müxtəlif qəzet və dərgilərdə yazıları
dərc olunub. Teatrşünaslıqla bağlı araşdırmaları
da var. Bir sözlə, ədəbiyyatın
hər sahəsində
külüng çalan
peşəkar yazardır.
Romanın uzun və ya qısa olmasını
bir kriteriya kimi əsla qəbul etməməsi bu sahədə də uğur qazanacağına dəlalət
edir.
"Son cənnət"
romanında 1980-ci ildən əvvəlki Türkiyənin
sosial-siyasi həyat həqiqətləri çox gözəl
bir üslubda, hadisələr şişirdilmədən və
ideoloji baxımdan təhrif olunmadan qələmə
alınıb. Bir kənddən çıxmış, eyni məhlədə
böyümüş, hər ikisi yoxsul olan iki uşaqlıq
dostu Can və Yusif universitetə qəbul olunduqdan sonra fərqli
ideoloji yolu seçir və beləliklə də bir-birlərinin
düşməninə çevrilirlər. Tələbə hərəkatında
yaranan qarşıdurmada Can Yusifi öldürür və taksi
ilə kəndlərinə qaçır. Ordan da əvvəlcə
atasının dostunun yanına, daha sonra İrana gedir.
İranda tələbə
hərəkatında böyük rol oynamış,
Amerikanın əleyhdarı olması ilə diqqəti çəkən,
Xomeyniyə nifrət edən, Tehranın ən gözəl
universitetlərindən birini bitirmiş, xarici dildə mükəmməl
danışan Aliyə adlı bir qızla istəmədiyi
halda evlənməyə məcbur olur. Sonra birlikdə SON CƏNNƏT
kimi qəbul etdikləri Almaniyaya yola düşürlər. Saxta pasportla Almaniyaya gəldiyi üçün
Can mühacir statusu
ala bilmir. Aliyənin status almaq məsələsində
problem yaransa da, bir müddət sonra hər şey qaydasına düşür. Can isə
ömrünün sonuna
qədər Almaniyada qaçaq həyatı yaşayır. Pis və əlverişsiz
həyat şərtləri
Canın cənnət
kimi gördüyü
ölkədə həkimə
belə getmək imkanı olmadan həyatını başa
vurmasına səbəb
olur.
"Son cənnət"
dünyanı cənnətə çevirməyə and
içən, imperializmə müharibə elan edən, bunun
üçün qardaş qanı tökməkdən belə
çəkinməyən aldadılmış bir nəslin kədərli
hekayəsidir. Onlar aldadılsalar da,
saf və təmiz duyğulu insanlardır. Ölüm saçan
silahlarla öz ölkəsini dəyişdirmək,
xarici ideologiyalara yelkən açmaq istəyən gənc bir nəsil romanda ustalıqla canlandırılıb.
Romanda hadisələr birinci şəxsin təkində
nəql edilir. Birinci hissə Canın, ikinci hissə isə Aliyənin dililə oxucuya çatdırılır. Həm Can, həm də Aliyə öz xatirələrini danışarkən eyni taleyə mənsub insanlar olduqları ortaya çıxır. Bəzən hətta oxucu onları dəyişik salır. Yazıçı bununla da hər ikisinin duyğularındakı ortaqlığı
verməyə çalışır,
hadisələri Can danışmağa
başlayır, sonra Aliyə davam etdirir. Bu oxucunun əsəri oxumasını
maraqlı edən bir texniki priyomdur...
Romanın axıcılığı və
canlılığı son nöqtəyə
qədər davam edir. Romandakı obrazlar çox
səmimi, həyata bağlı, öz daxili dünyaları ilə saxta duyğu və fikirlərdən uzaqdırlar.
Əsərin dili usta bir yazıçının
qələmindən çıxıb.
Ölkədəki
çatışmazlıqlar, insanların həyata
baxışları, onların sevgilərində təbii
olmaları, qənaətcilliyi kimi Anadolu həqiqətləri
romanda bir aparıcı xətt kimi keçir. Bütün bunları peşəkar şəkildə verməyi
bacaran romançı
taleyini dəyişmək
üçün fərqinə
varmadığı yabançı
idealogiyalardan dördəlli
yapışan gəncliyi
oxucunun gözləri önündə ustalıqla
canlandırır. Romandakı hadisələr
yalnız keçmişin
sosial hadisələrini
canlandırmaq baxımından
deyil, həm də müasir gəncliyin düzgün yolu seçməsi nöqteyi-nəzərindən çox
ibrətamizdir. "Son
cənnət" oxunması
çox gərəkli
olan bir romandır.
Mütaliə etmək, bir macəra içinə atılmaqdır. Oxucu (o istər təcrübəli olsun, istərsə də təcrübəsiz) bir neçə roman oxuduqdan sonra onda mütaliə vərdişi yaranır. Oxucunun oxumağa həvəsi artır ki, bu da onu sonu görünməyən bir macəra axtarışına sürükləyir. Bu mənada "Son cənnət" romanını oxuyanda da özünüzü macəralar diyarındakı kimi hiss edəcəksiniz.
Mustafa Can,
Almaniya Yunus Əmrə İnstitutunun baş direktoru
525-ci qəzet.- 2009.- 10 iyun.- S.7.