Hamlet İsaxanlının Çində şeirlər kitabı çıxıb

 

Bu ilin aprel ayında Çin Xalq Respublikasında, Pekin "Central Compilation and Translation Press" nəşriyyatında şair Hamlet İsaxanlının şeirlər kitabı çin (mandarin) dilində çapdan çıxıb. Kitaba şairin Azərbaycanda nəşr edilmiş "Təzadlar" və "Bu da bir həyatdı" kitablarında olan bütün şeirləri və "Köhnə çiraq" poeması daxil edilib. Maraqlıdır ki, Pekin Dillər və Mədəniyyətlər Universitetində təhsil alan azərbaycanlı tələbələr ədəbiyyat və mədəniyyətə aid müxtəlif tədbirlərdə Hamlet İsaxanlının poeziyası haqqında danışarkən şairin fəlsəfi şeirləri və sevgi lirikası mütəxəssislərin, o cümlədən tərcüməçilərin diqqətini cəlb edib. Onlar həmçinin Hamlet İsaxanlının ingilis dilinə tərcümə edilmiş şeirləri ilə tanış olub və onun iki şeirlər kitabını bütövlükdə Çin dilinə tərcümə etməyi qərara alıblar. Çində xarici ədəbiyyatın tərcüməsi və nəşri üzrə ixtisaslaşmış mərkəzi nəşriyyat tərcümələrin ilkin sınağından sonra müəllifə rəsmi müraciət edib və bu önəmli layihə sonda gerçəkləşib.

Qeyd edək ki, Çinin mərkəzi nəşriyyatında Azərbaycan şairi və aliminin kitabının nəşr olunması iki ölkə arasında elmi-mədəni əlaqələrin inkişafı baxımından da əhəmiyyətlidir.

 

 

525-ci qəzet.- 2009.- 10 iyun.- S.7.