Padardan başlanan
yol
Hacıqabul rayonunun
inzibati ərazisində
Padar adlı stansiya var. İndi
stansiya böyüyüb,
hətta qəsəbə
statusu alıb. Əllinci illərdə isə burada cəmi 4-5 ev var idi və
həmin evlərdən
birində Əlicavad Qasımovun böyük külfəti yaşayırdı.
Gənc ailədə bir-birinin ardınca 5 oğlan, 3
qız uşağı
dünyaya gəlmişdi.
Mən həmin ailədən
çıxmış dünya şöhrətli alim, akademik,
Rusiyanın əməkdar elm və təhsil xadimi Ramiz
Qasımovdan yazmaq istəyəndə ilk öncə onun
böyük qardaşı, köhnə tanışım, fəxri
dəmiryolçu Rasimlə görüşdüm. Rasim
keçmiş günləri xatırlayıb ailənin üzləşdiyi
çətinliklərdən danışdı:
- Atam 40 yaşında ikən
dünyasını dəyişdi. Evin böyük oğlu mən
idim, cəmisi 15 yaşım var idi. Ramiz, Vaqif, Akif, Yavər məndən
kiçik idilər. Ailə qayğısı bütünlüklə
anam Durnanın çiyninə düşdü. Məndən
böyük bacımla mənim əlim iş tutsa da anam
bütün çətinlikləri öz öhdəsinə
götürdü. Ən böyük arzusu bizi oxutmaq, bizə
sənət vermək idi. Şükürlər olsun ki,
xanım anam bütün arzularına çatdı.
Rasim daha sonra məsləhət
gördü ki, imkan olsa Padar qəsəbəsinə gedim,
ordakı orta məktəbdə Ramiz haqqında ayrıca
guşə var. Guşə ilə tanışlıq
maraqlı olar.
Budur, məktəbin
direktoru Ələskər Ələkbərovla həmin guşənin
qarşısında dayanıb söhbət edirik. Guşədən
üzündə təbəssüm olan yaraşıqlı bir
kişi şəkli bizə tərəf gülümsəyir. Bu,
odur. Azərbaycana Rusiyada başucalığı gətirənlərdən,
azərbaycanlıları böyük, ulu bir millət kimi
ruslara qeyd-şərtsiz təsdiq etdirənlərdən
biri-akademik Ramiz Əlicavad oğlu Qasımov. Məşhur
Rusiya azərbaycanlılarından Kərim Kərimov, Fərman
Salmanov, Vahid Ələkbərov, Araz Ağalarov kimi insanlarla
bir cərgədə dayanan daha bir həmyerlimiz.
Ələskər müəllim
mənə Ramiz Qasımovun bir neçə cümləlik tərcümeyi-halı
yazılmış bir vərəq də verdi. Ancaq məndə
beynəlxalq şəbəkəyə qoşulmuş internet
vasitəsilə "Rusiyanın görkəmli
adamları" Ensiklopediyasından Ramiz Əlicavad oğlu
Qasımova həsr olunmuş geniş məlumatlar var idi.
Ramizin tərcümeyi-halı
demək mümkünsə, parlaq, cəzbedici notlara köklənib.
"Xüsusi Ünvan" nəşriyyatı tərəfindən
ildə bir dəfə 100 min tirajla nəşr olunan
"Rusiyanın görkəmli adamları"
Ensiklopediyasının 2008-ci il nəşrində Vladimir Putin,
Konstantin Pulikovski, Yuri Lujkov, Anatoli Pristavkin kimi
tanınmış şəxsiyyətlərlə
yanaşı Ramiz Əlicavad oğlu Qasımova da ayrıca məqalə
həsr olunub. Məqalənin giriş hissəsi bu sözlərlə
başlayır:
"Ramiz Əlicavad
oğlu Qasımov"
Şimali Qafqaz Təbii
Qazlar Elmi Tədqiqat layihə institutunun Baş direktoru, idarə
heyyətinin sədri, texnika elimləri doktoru, professor, Rusiya
Texniki Elimlər Akademiyasının, Rusiya Mədən
Akademiyasının, Texnoloji Elmlər Akademiyasının,
Rusiya və Beynəlxalq Təbiətşünaslıq
Akademiyalarının həqiqi üzvü, RF-nın əməkdar
elm və təhsil xadimi, Qaz sənayesinin fəxri
işçisi, Rusiya sosial-iqtisadi inkişafının problemləri
üzrə Ali Əlaqələndirmə Şurasının
üzvü, V.İ. Vernadski, Alfred Nobel adına medallarla,
"Rusiya iqtisadiyyatının inkişafında xidmətlərinə"
görə orderi ilə təltif edilmişdir.
Daha sonra Ramiz
Qasımovun tərcümeyi-halını oxuyuruq:
Ramiz Qasımov 1958-ci ildə
Hacıqabul rayonunun Padar kəndində anadan olub. 1976-cı ildə
M.Əzizbəyov adına Neft və Kimya İnsitutunun
"Neft-Qaz-Mədən" fakültəsinə qəbul
olunub. 1979-cu ildə SSRİ Təhsil Nazirliyi tərəfindən
ölkənin ən yaxşı tələbələri sirasında
istehsalat təcrübəsi keçmək üçün
Yaqoslaviyaya göndərilib. 1981-ci ildə institutu fərqlənmə
diplomu ilə bitirib, Cərco Qazma Kəşfiyyat idarəsinə
təyinat alıb. Burada 10 il işləyib. Bu illər ərzində
sıravi texnoloqdan, istehsalat birliyinin baş texnoloqu vəzifəsinə
qədər yüksəlib. Türkmənistanda Ramiz Əlicavad
oğlunun qeyri-adi talant sahibi olduğuna hamıda əminlik
yaranıb. Dərin zəka, istehsalat problemlərinin
qeyri-standart həllini tapmaq o dövrdə, elə indinin
özündə də hər mühəndisə nəsib olan
xoşbəxtlik deyildi. Həmin illərdə Ramiz Türkmənistan
Səmərələşdiricilər Cəmiyyətinin fəal
iştirakçısına çevrildi. 1987-ci ildə
Ümumittifaq ixtiraçılar və səmərələşdiricilər
Cəmiyyətinin, SSRİ ELM və Texnika Komitəsinin və
Gənclərin Elmi-Texniki Yaradıcılığı Birliyinin
mükafatları laureatı olub. Daha sonralar Ramiz Əlicavad
oğlu üçün il ildən uğurlu gəlir. 1991-ci
ildə o, müsabiqə yolu ilə Şimali Qafqaz Təbii
Qazlar Elmi-Tədqiqat institutuna baş elmi işçi vəzifəsinə
qəbul olunur. Burada "Quyuların qazılması və əsaslı
təmiri üçün Texnoloji Mayelər
Laboratoriyası" yaradır və ona rəhbərlik edir. Ramiz
Qasımov sonrakı fəaliyyəti dövründə
Rusiyanın neft-qaz sənayesinin inkişafına böyük
töhfələr verir. Onun rəhbərliyi altında neft-qaz
mədənlərində debitin bərpası və qorunmasına,
təmir və bərpa işləri zamanı ətraf
mühitin, ekologiyanın təhlükəsizliyini təmin edən
iri həcmli texnologiya işlənib
hazırlanmışdır. Ramiz Qasımovun tədqiqatlarından
çoxu Rusiyanın və xarici ölkələrin neft-qaz sənayesində
geniş tətbiq olunur. Neft-qaz quyularının
qazılması və əsaslı təmiri sahəsində
qazandığı uğurlar və zəngin təcrübə
onun dissertasiya işlərində ümumiləşdirilib. Ramiz
Əlicavad oğlu 1995-ci ildə texnika elmləri namizədi, cəmisi
4 il sonra, 1999-cu ildə texnika elmləri doktoru elmi dərəcəsi,
2004-cü ildə "Quyuların qazılması və
istismarı texnologiyası" ixtisası üzrə professor
elmi rütbəsi alıb. O, Rusiya və xarici nəşrlərdə
dərc olunan 370-dən artıq elmi işin, 6 monoqrafiyanın,
89 müəlliflik şəhadətnaməsinin, patent və kəşfin
müəllifidir. Həmyerlimiz "Qazprom" Səhmdarlar Cəmiyyəti
Birliyinin elm və texnika sayəsində mükafatının
(2001-ci il) və N.K. Baybakov adına mükafatın (2006,
2008-ci illər) laureatıdır. Ramiz Qasımov görkəmli
alim kimi öz elmi məktəbini yaratmışdır. Onun rəhbərliyi
altında 20 elmlər namizədi və elmlər doktoru
hazırlanıb. Görkəmli alim hazırda Kuban Dövlət
Texnologiya Universteti "Mədən maşınları və
avadanlıqları", Şimali Qafqaz Dövlət Texniki
Universititeti "Neft qaz quyularının qazılması"
kafedrasının professorudur.
Ramiz müəllim
2005-ci ildən Şimali Qafqaz Təbii Qazlar Elmi-Tədqiqat
Layihə İnstitutuna rəhbərlik edir. 3 illik fəaliyyəti
ərzində sübut edib ki, o, istedadlı təşkilatçı
və təcrübəli rəhbərdir.
Həmyerlimiz 2006-cı
ildə "Qaz Sənayesinin Rusiyada yüz ən yaxşı
rəhbəri" Ümumrusiya müsabiqəsinin qalibi olub,
"Rusiyanın ən yaxşı sahibkarı" fəxri
adına layiq görülüb. O, Rusiya Qaz Sənayesinin Fəxri
işçisi, Rusiya Təbiət Elmləri
Akademiyasının müxbir üzvi (1999-cu il), həqiqi
üzvü (2002-ci il), Rusiya Federasiyası Mədən
Akademiyasının həqiqi üzvüdür (2003-cü il). Ramiz
Əlicavad oğlu Rusiyanın əməkdar elm və təhsil
xadimi və Fəxri Akademik kimi yüksək adlara layiq
görülüb.
Ramizin qeyri-adi dərəcədə
parlaq həyat yolundan təsirləndiyimi görən Rasim təbii
olaraq doğma qardaşının müvəffəqiyyətləri
ilə sevindiyini bildirdi:
- Qardaşım
olduğuna görə demirəm, Ramiz sözün əsl mənasında
Azərbaycanın fəxridir. Dəfələrlə söhbət
əsnasında bildirib ki, Rusiyada yaşayan biz azərbaycanlılar
ilham mənbəyimizi doğma vətəndən
alırıq. Ümummilli liderimiz Heydər Əliyevin daxili və
xarici siyasətini uğurla davam etdirən prezident İlham Əliyevin
respublikada apardığı geniş miqyaslı abadlıq və
quruculuq işləri, elm-texnika, iqtisadiyyat, mədəniyyət
sahəsində həyata keçirilən inkişaf
proqramı bütün dövlətlərə əsl
nümunədir. Biz azərbaycanlılar doğma
diyarımızla fəxr edirik.
Ramiz Əlicavad oğlunun şəkildən mənə dikilən mənalı baxışlarına bir daha nəzər yetirir və sinirlərimdə xoş duyğu hiss edirəm, 40-45 il bundan əvvəl bir uşaq qəlbində baş qaldıran arzuya- kiçik stansiyanı burdan keçən qatarlara qoşmağa ehtiyac qalmayıb. Ramiz Qasımov öz ad-sanı, şöhrəti, qeyri-adi istedadı ilə doğulduğu Padar qəsəbəsinin, doğma Hacıqabulun, ana Vətəni Azərbaycanın adını Rusiyada, ondan da uzaqlarda qatar surətindən də iti surətlə məşhurlaşdıra, tanıda bilib. Sağ olsun!
525-ci qəzet.- 2009.- 10 may.- S.7.