O, Vətənlə nəfəs alır

 

1949-cu ilin isti yay günləri idi. Xasay kişinin başı işə elə qarışmışdı ki, qonşu uşağın içəri girdiyini hiss etmədi. Uşağın səsi onu işdən ayırdı:

- Muştuluğumu ver, Xasay əmi, oğlun oldu!

Kişi sevincə yerindən qalxdı, uşağın ovcuna bir palazqulaq yüzlük basıb, qapıdan çıxdı. Evə yaxınlaşanda gözünü dünyaya indicə açmış oğlunun ağlayan səsini eşitdi. "Səsinə qurban, oğul" - deyib, Allahına şükür elədi. Adını da elə özü Surxay qoydu.

Onun gəlişi bütün nəsli sevindirdi, nəzir-niyaz paylandı, qurbanlar kəsildi, qonaqlıqlar verildi. Amma Xasay kişi ağlına da gətirmədi ki, bu gün qohumları gəlişilə sevindirən oğlu ömrünün 60-da bütün elin hörmətini qazanmış Vətən oğlu olacaq, onun qələmə aldıqları isə tarixləşərək bir yurdun salnaməsinə çevriləcək.

Şıltaq, macəralarla dolu məktəb illərini başa vurduqdan sonra sənədlərini ADU-nun filologiya fakültəsinə verdi və qəbul olundu. Elə bu vaxtdan da Azərbaycanın müstəqilliyini düşünən ziyalılarla tanış oldu, azadlıq hərəkatına qoşuldu.

1967-ci ilin dissident dalğasından təsadüf nəticəsində qurtuldu, amma azadlıq ideyalarını başından çıxarmadı.

Surxayı Ağdamda hamı təmiz ürəkli, sözünü şax üzə deyən, yeyib-içən oğlan kimi tanıyırdı. Nə onun içindəki Vətən sevgisini duyan vardı, nə də beynində, ürəyində gəzdirdiyi müstəqillik fikirlərini duyan. Axı onda Sovetin necə deyərlər, kəshakəs vaxtıydı, bu haqda düşünən də yox idi. Surxay da sonuncu iş yeri olan mədəniyyət və istirahət parkındakı kabinetində oturub, rəssam Alıya şüarlar yazdırır, bir də yelləncəklərini işlədirdi. Hərdən Bakıya gedəndə isə köhnə ideya dostları ilə görüşər, dərdləşər, ürəyini boşaldardı.

Beləcə, 1988-ci il gəlib yetişdi. Dağılmaqda olan SSRİ rəhbərlərinin apardığı uğursuz siyasətdən istifadə edərək Qarabağı Azərbaycandan qoparmaq niyyətinə düşən ermənilərin ayağa qalxmasıyla çalxalanan və coşub-daşan azadlıq hərəkatının geniş vüsət aldığı bir zamanda Surxayın qəlbini çoxdan narahat eləyən arzular da cücərməyə başladı. Ağdamda azadlıq hərəkatının öncüllərindən biri kimi böyük işlər gördü bu balaca boylu kişi. Rayonda Xalq Cəbhəsinin ilk özəyini yaradan da o oldu, ilk müstəqil mətbu orqanın təməlini qoyan da. Qorxu-ürkü içərisində "Ana torpaq" qəzetinin ilk nömrəsini çapa hazırlayanda dəfələrlə təzyiqlərlə üzləşdi, rayon komendatı tərəfindən xüsusi nəzarətə götürüldü. Ancaq bu təhlükələr onu çəkindirmədi və qəzeti gizli şəkildə çap etdirib yaza bildi.

Elə o vaxtdan da Azərbaycan mətbuatında bir imza peyda oldu - Surxay Əlibəyli. Onun qələmindən çıxan yazılardan qan qoxusu, barıt iyi gəlirdi həmişə. O dövrün bütün çətinliklərinə baxmayaraq, baş verən hadisələri obyektiv şəkildə qələmə alır, həm yerli, həm də respublika qəzetlərində dərcinə nail olurdu. Münaqişə müharibəyə çevrildikdən sonra isə o qələmi süngüyə döndərərək həm daxilimizi didib-parçalayan xəyanətkarları tənqid atəşinə tutur, həm də düşmənə qarşı igidliklə döyüşən, qəhrəman, Vətən övladlarına öz yazılarıyla ruh, qol-qanad verir, mənəvi dayaq olurdu.

...Ağdamın işğalından sonra Surxay Əlibəyli bir müddət pessimizmə uğradı, sarsıldı. Hər sözünün, hər cümləsinin başında Ağdam, Şuşa, Qarabağ dururdu. Vətənin dadına yetə bilməyən qələmindən də küsmüşdü sanki.

İçini didən, göynədən ağrıları boşaltmaq, reallığı açıb göstərmək üçün yenidən qələmə ehtiyac duydu Surxay. Və günlərin birində Surxay Əlibəyli imzası yenidən oxucuların diqqətini cəlb elədi. İmza da əvvəlki idi, dəst-xətt də.

Bu gün Surxay Əlibəylinin imzası respublikada yetərincə tanınan imzalardandır. Onun "Qarabağ", "525-ci qəzet", "Ədalət" və "Təzadlar" qəzetlərində dərc olunan məqalələrindən bu gün də qan qoxusu, barıt iyi gəlir. Bir də Vətən həsrətilə alışıb-yanan bir ürəyin döyüntüləri duyulur. Yenə də yaradıcılığının ana xətti Vətəndir - Ağdam, Şuşa, külli Qarabağdır. Bu gün də o, baş verən hadisələrə obyektiv münasibət bəsləməklə nöqsanlara, çatışmazlıqlara qarşı barışmaz mövqedən çıxış edir, insanların doğma Qarabağı unutmaması üçün əlindən gələni əsirgəmir.

Surxay tarixi kitabların müəllifi kimi də tanınır, onun üç hissədən ibarət 2500 səhifəlik "Ağdamım-qibləgahım" kitabı geniş oxucu marağına səbəb olub. Övladlarına "Mən öləndə üzü Ağdama tərəf dəfn edin" deyərək vəsiyyət edən Surxay Əlibəyli bu kitabda Ağdamın tarixi, mədəniyyəti, ədəbi mühiti, maarifi, incəsənəti, tanınmış adamları haqqında məlumat verməklə bu rayonun respublikanın ictimai-siyasi, iqtisadi, mədəni, elmi həyatında nə qədər önəmli yer tutduğunu açıb göstərməyə çalışır. Bir də Ağdamın işğalından sonra dünyaya gələn nəslə çatdırmaq istəyir ki, Ağdam - onların ata yurdudur, unudulası, atılası diyar deyil.

İyun ayının 10-da Surxay Əlibəylinin anadan olmasının 60 ili tamam olur. 60 illik ömrün 17 ilini Vətəndən uzaqda yaşamaq məcburiyyətində qalan dostumu yubiley münasibətilə təbrik edir, ona tezliklə qibləgahı Ağdama qovuşmasını arzulayıram!

Bu illəri havayı yaşamadın, əziz dost! Arxaya baxanda fəxr edəsi, qürur duyası əməllərini görürsən. Canından artıq sevdiyin Ağdam üçün gördüyün işlərin işığında nurlu sabahların təməlini qoymusan. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan mətbuatında Surxay Əlibəyli kimi jurnalistlər var. Oğlun Altay Əliyevi də özün kimi vətənpərvər yetişdirmisən. Hər dəfə onun səsini ekranda eşidəndə, üzünü görəndə gözlərimiz qarşısında doğma yurda qırılmaz tellərlə bağlı Surxay Əlibəyli canlanır. Sənin kimi atanın oğlu da məhz Altay kimi yurdsevər oğul olmalıdı. Bir də ona sevinirəm ki, 60-nı yelə verib ahıllığa doğru addımlayan Surxay hələ də gəncdir. Qoy bu şıxlıq, bu cavanlıq səni tərk etməsin! Ən azı, Ağdamımızı yenidən qurub-yaradan vaxtlarımızda o günləri qələmə almaq üçün qoru özünü!

 

 

Dərin hörmətlə:

Sarvan ŞAMİLOĞLU

 

525-ci qəzet.- 2009.- 10 iyun.- S.6.