Vaqif, "Vaqif"
və üç Vaqif
Bugünlərdə 70
yaşı tamam olan xalq şairi Vaqif Səmədoğlu bir
jurnalistə verdiyi müsahibəsində qeyd etdi ki, ona qədər
iki Vaqif olub. Düzdür, Vaqif Səmədoğlu, deyəsən,
başqa adlar çəkdi. Amma mən belə başa
düşdüm ki, bunlardan biri Molla Pənah, o biri
"Vaqif"dir. Bu pyesdən sonra ilk Vaqif adını da
Şair öz oğluna verib. Bu sıralamada Vaqif Səmədoğlu
üçüncüdür. Amma müasir Azərbaycan
poeziyasında digər Vaqif üçlüyü də var
(Vaqif Səmədoğlu, Vaqif Bayatlı Odər və Vaqif Bəhmənli)
ki, bu sırada o birinci gəlir.
Bu ardıcıllıq təsadüfi
bir şey olsa idi, yəqin bir fəlsəfə tədqiqatçısı
bu barədə yazmaq qərarına gəlməzdi. Amma burada
sanki Azərbaycan poeziyasının inkişaf mərhələləri
öz əksini tapıb.
Əvvəla, Molla Pənah
həqiqətən birincidir; zamanca təkcə Vaqiflərin
yox, həm də müasir Azərbaycan poeziyasının
birincisidir.
Tarix çox qədimlərə
gedib çıxa bilər. Lakin elə dövrlər və
hadisələr olub ki, onların müasir həyatımızla
bilavasitə əlaqəsi yoxdur. Əbu Turxanın "kəsilməyən
tarix" təliminə görə, arada həm məkanca, həm
zamanca, həm də dil baxımından qırılmalar varsa,
bu artıq müasir tarixə aid deyil. Yəni bizim
bugünümüz sonuncu dəfə haradan başlayır və
hansı bütöv prosesin kəsilməz davamıdır? Bu
ideyanı poeziya müstəvisinə keçirsək,
müasir Azərbaycan dilində hamının rahatlıqla
oxuya bildiyi poeziyanın M.P.Vaqiflə başlanmasını daha
aydın başa düşmək olar; zatən bunu çox
vaxt belə də qəbul edirlər.
Amma "Vaqif" bu
müasir poeziyanın inkişafında xüsusi bir mərhələdir.
Bir tərəfdən baxanda, əslində zirvədir. Hər
zirvədən sonra isə yeni mənzərələr
açılır.
Hegel Şərq ədəbi-bədii
yaradıcılığında epik-dramatik düşüncənin
çatışmazlığını
vurğulayırdı. Amma XIX əsrin axırları - XX əsrin
əvvəllərində Azərbaycanda dramaturgiya geniş
vüsət aldı. H.Cavid bədii düşüncənin bu
təkamülünü poeziya müstəvisinə
keçirdi. Və Səməd Vurğun poeziya ilə dramatik
düşüncənin vəhdətini həmin dövrdə
daha müasir, daha doğma bir dildə və anlamda xalqa
çatdırdı. Başqa sözlə, fəlsəfi
düşüncəni və poetik vüsəti xəlqiliklə
birləşdirdi.
"Vaqif"
haqqında çox yazılıb və biz onları təkrarlamaq
istəmirik. Sadəcə olaraq, "Vaqif"in müasir Azərbaycan
poeziyasının müəyyən dövründə yeni mərhələ
olduğunu, hansı proseslərinsə zirvəsi, yekunu,
hansılarınsa başlanğıcı olduğunu diqqətə
çatdırırıq.
"Vaqif"
Bəli, "Vaqif"
bir sənət əsəridir. İştirakçılar da məhz
bədii obrazlardır. Ədəbiyyatşünaslıqda
yayılmış qüsurlu baxışlardan fərqli olaraq,
bu pyes nə tarixi əsərdir, nə də realizm
üslubunda yazılmışdır. "Vaqif" romantizmin ən
parlaq nümunələrindən biridir. Burada nə tarixi Molla
Pənah var, nə də tarixi Ağa Məhəmməd
şah. Burada bir hökmdar və bir də şair obrazı
yaradılmış, ədəbiyyat və mədəniyyətin
gücü rəyasət və ordunun gücü ilə
qarşı-qarşıya qoyulmuşdur. Burada şair milli
ruhun ifadəçisi kimi təqdim olunur. O şair ki,
Cübran onu belə təqdim edir: "Şair - xalqın
yaradıcı gücünün ifadəçisi, ruh aləminin...
bələdçisidir".
Əlbəttə, bu
cür başa düşülən şair sadəcə
şeir yazan, yaxud baxılan halda tarixi nəzmə çəkən
şəxs yox, milli düşüncəni poetik zirvəyə
qaldıran bir şəxsdir. Aristotel də təsadüfən
poeziyanın tarixdən daha yüksək olduğunu
vurğulamır. Amma biz nə edirik? Səməd Vurğunun
yaratdığı böyük Şair obrazından tarixi
detallar və "obyektivlik" tələb edirik.
Azadlığa
çıxmış tarix prizmasından "Vaqif"ə
baxıb burada Ağa Məhəmməd şah Qacarın tarixi
təfsilatlarını tapa bilməyənlər görəsən
Molla Pənah Vaqiflə bağlı tarixdən bəlli
detalları nə əcəb axtarmır və M.P.Vaqifin də
bir siyasi sima kimi səhvlərinin qələmə
alınmasını və üzə
çıxarılmasını tələb etmirlər? Və
nə əcəb qeyd etmirlər ki, niyə burada Vaqif
obrazı Rusiyanın ancaq ədəbiyyatını, mədəniyyətini
qiymətləndirir, Rusiya padşahından isə bir
zülmkar olaraq bəhs edir, ona nifrətini bəyan edir, amma əslində
belə olmayıbmış?...
Səməd Vurğun
öz "Vaqif"ini, öz əzəmətli şair
obrazını tarixi detallar üzərində qurmur. Əksinə,
şair obrazına hər hansı bir kölgə salacaq
detalları bilə-bilə inkar edir. Çünki şair bizə
kölgəsiz, ləkəsiz şəkildə - milli ruhun
timsalı kimi lazımdır.
Amma kim ki,
"Vaqif"dən tariximizin mənimsənilməsi
üçün yardımçı vasitə kimi istifadə
etmək istəyir, bu əsər həqiqətən çox
gözəl bir nümunə ola bilər. Lakin çiynində
fotoaparat daşıyan təsvirçi tarixçilər
üçün yox, tədqiqatçı tarixçilər üçün.
Sadəcə bir məsələni qarışıq salmamaq
şərti ilə: "Vaqif" XVIII əsrin
axırlarının üçün deyil, XX əsrin 30-cu illərinin
tarixi üçün qiymətli material ola bilər. Hər
addımı bir təhlükə olan həmin dövrün
tarixini yazarkən şairlərimizdə satqınlıq
nişanələri aramaq əvəzinə, həqiqi qəhrəmanlıq
nümunəsinə göz yummamaq şərti ilə. Belə
çətin bir məqamda əyilməz şair obrazı
yaratmaq və onu hökmdara qarşı qoymaq, - bax, budur 30-cu
illərin mənəviyyat tarixi! Yeri gəlmişkən, bu
yaxınlarda "525"-də çıxan bir oçerkdə
(Adilxan Bayramov) bu məqam çox gözəl təhlil
edilmişdir.
Səməd Vurğunun
dahiliyi özünü bunda da göstərir ki, o, belə
çətin bir dövrdə sanki ideologiyanın da tələblərinə
cavab verərək və sanki onun şərtlərinə
uyğun bir tarix yazaraq, əslində ortaya tarix deyil, fəlsəfə
qoyur. 37-ci ilin ölüm qorxusunu daxilən dəf edərək
milli ruhun himnini yazır, "əyilməz vicdanın
böyük heykəli", - deyir.
Üç Vaqif
Səməd Vurğunun
böyük daxili enerjisi ilə Vaqif sanki yenidən
qayıtdı və "Vaqif"ə çevrildi. Bu əsərlə
təkcə ədəbi-bədii mühitə deyil,
bütövlükdə mədəni-mənəvi həyata,
tükədilməkdə olan ruhani həyata böyük
energetik potensial, yeni bir ruh, ruhun mübarizlik əzmi
qatıldı. Azərbaycanda şair ruhu məhz Vaqif obrazı
ilə yaşadıldı. Amma təbiətin öz qanunu var,
artıq enerji mütləq şüalanmalıdır... Şüalandı
və üç Vaqif yarandı. O da parçalandı və
şeirimizə çoxlu-çoxlu yeni vaqiflər və vaqif
olmayanlar gəldi...
Lakin Vaqif Səmədoğlu
sözün geniş mənasında vaqifliyi, poeziya yolunu
seçsə də, yaradıcılıq üslubu baxımından
"Vaqif" yolu ilə getmədi. Onu davam etdirmək, daha da
yüksəltmək zatən mümkün deyildi. Zirvənin
davamı olmur, enişi olur. Genetik potensialı,
görünür, başqa bir səmtdə sınaqdan
çıxarmaq lazım idi.
Təkcə Vaqif Səmədoğlu
deyil, Vaqiflər hamısı böyük mənada Səməd
Vurğun yolunu tutsalar da, yeni cığırlar axtardılar. Düzdür,
istedadlı gənc tənqidçi Cavanşir Yusifli Səməd
Vurğunun poetik enerjisinin davam etdirilməsindən
danışarkən Vaqif Bayatlının da adını bu
sırada çəkir, lakin bu fikirlə ancaq böyük
poeziya yolçuluğu mənasında razılaşmaq olar. Daha
konkret götürüldükdə isə o da öz
adaşları kimi, Nazım Hikmət və Rəsul Rza xəttinin
davamçısıdır. Vaqif Bəhmənli isə sələflərindən
ən çox Bəxtiyar Vahabzadə ilə müqayisə
oluna bilər. Əlbəttə, Bəxtiyar Vahabzadənin
özü də xeyli dərəcədə Vurğun
poeziyasından bəhrələndiyindən, onun
davamçılarındandır. Amma o, daha çox
intellektual-didaktik şeirlər müəllifidir; yəni onun
yaradıcılığında formaca yaxınlıq hiss olunsa
da, ideyalar dilin öz daxili potensialından daha çox,
düşüncədən hasil olur. Vaqif Bəhmənli də
gerçək həyatın real problemləri haqqında
düşünür və düşündürməyə
çalışır.
Səməd Vurğun
poeziyası ona görə əlçatmazdır ki, o,
düşünmədən düşündürür. Və
bəzən hətta düşündürmədən təsir
edə bilir ki, bu da ruhun bilavasitə yüksəlişidir.
Səməd Vurğunun
genetik potensialı Yusif və Vaqif Səmədoğlularda davam
etsə də, yaradıcı potensialı iki xəttə
ayrılaraq söz sənəti baxımından Hüseyn Arif
və Zəlimxan Yaqubda, ideya və poetik vüsət
baxımından isə daha çox dərəcədə Məmməd
Araz və Ramiz Rövşəndə davam etdirildi.
Bu üç
potensialın, genetik və hər iki istiqamətdəki
yaradıcılıq potensiallarının bir şəxsdə
birləşməsinə isə rast gələ bilmirik. Bu - Səməd
Vurğun zirvəsi idi!
Gələcək o zaman
bizimkidir ki, keçmişimizin davamıdır!
Səlahəddin XƏLİLOV