İğdırda Soyqırım abidəsi
necə yarandı...
MÖHTƏŞƏM SƏNƏT NÜMUNƏSİNİN
MÜƏLLİFİ CƏFƏR QİYASİ İLƏ
SÖHBƏT
Azərbaycan ədəbiyyatı
və mədəniyyətinin yaxın dostu, yazar-tərcüməçi
Yasemin Bayerin görkəmli memar Cəfər Qiyasi ilə bu
müsahibəsi Türkiyənin "Ataköy" qəzetində
bir müddət əvvəl dərc olunub. Maraq
doğuracağını düşünərək,
müsahibəni oxucularımıza təqdim edirik.
İğdırda
Türkiyənin ən uca abidəsini ninşasını həyata
keçirən memar professor Cəfər Qiyasi həm
memarlıq, həm də tarixi baxımdan görkəmli bir
layihəyə imza atıb. O, doğma vətəni Azərbaycanda
memarlıq fakültəsində uzun müddət dərs
deyib, həm də tarixi əhəmiyyətli binaların bərpasını
uğurla həyata keçirib. Hazırda professor Cəfər
Qiyasi Azərbaycanda Tarixi Abidələrin Qorunması Komitəsinin
Elmi-Tədqiqat Layihə İnstitutunda müdir vəzifəsində
çalışır. Memarlıqla bağlı bir çox dəyərli
elmi kitab və məqalələr yazıb. Onunla
İğdırda şəhid türklərin adına inşa
edilən abidənin layihəsi ilə bağlı söhbətləşdik.
- "Soyqırım
abidəsi" kimi bir layihənin necə yaranması
haqqında məlumat verə bilərsinizmi?
- 24-27 aprel 1995-ci ildə
"Tarixi həqiqətlər və ermənilər" Millətlərarası
Simpoziumuna ermənilər tərəfindən qətlə
yetirilən türklərin xatirəsinə bir abidə layihəsi
ilə qoşulmağım təklif edildi. Simpoziuma təqdim
etdiyim "Şəhidlər abidəsi" bəyənildi.
Simpoziumun bəyanatında
deyilirdi: "Xüsusilə şərqi Anadoluda
keçmişdə itirdiyimiz bir milyondan çox şəhidimizin
xatirəsinin gələcək nəsillər tərəfindən
əziz tutulması və 24 apreli soyqırım günü
kimi qəbul edənlərə və dünyanın bir
çox yerində gündəmə gələn sözdə
soyqırım abidələrinə cavab verən bir Şəhidlər
abidəsinin İğdırda açılması və Oba kəndində
də Şəhidlər Xiyabanının hazırlanması qərarlaşdırılıb.
İğdırda inşa ediləcək bu abidə,
keçmişdəki acı günlərin və bizlərə
düşmən münasibət bəsləyən
işğalçı dövlətlərin
yaddaşımızda əbədi həkk olunmasına kömək
olacaq, gələcəyimizə, dostluq, yaxşı
qonşuluq və həmrəyliyin bünövrəsinə
işıq salacaqdır".
- Abidənin yerləşəcəyi
sahə hansı meyarlara görə seçildi və bu sahənin
seçilməsində məqsəd nə idi?
- İğdır və
onun kəndləri 1915-1920-ci illərdə erməni təcavüzünə
daha çox məruz qalan bölgələrdəndir. O
dövrdə İğdır əhalisinin böyük qismi (səksən
mindən çox) qətlə yetirilmiş, sağ qalanlar isə
öz yurdlarını tərk etmək məcburiyyətində
qalmışlar. Bu məqsədlə də soyqırım abidəsinin
İğdırda ucaldılması tamamilə təbii bir tələbatdən
irəli gəlir. Soyqırım abidəsinin yerləşəcəyi
sahə İğdır şəhərinin şərq
girişində, yəni Azərbaycan, İran, Ermənistandan gələn
yolların qovşağında seçildi. Formasına görə
üçbucağa bənzər ərazinin sahəsi 1.3
hektardır. Bu yeri abidənin inşası üçün
seçməkdə məqsədimiz qonşu ölkələrdən
gələn qonaqları ilk olaraq belə bir abidə ilə
qarşılaşdırmaq və düşündürməkdir.
Həm də abidənin ərazisi elə seçilib ki, möhtəşəm
Ağrı dağı onun fonunu təşkil edir. Bu
aydındır ki, ermənilərin türk torpaqlarının
bir çox ərazisinə olduğu kimi bu müqəddəs
dağa da iddiası var. Və onu Ararat adı ilə dövlət
simvollarına daxil etmişlər. Danılmazdır ki, türk
ordusu yalnız indiki Türkiyə sərhədlərində
yaşayan müsəlmanları deyil, eyni zamanda 1918-ci ildə
Şimali Azərbaycan türklərini də, ermənilərin
törətdiyi soyqırımdan xilas etmiş, Cənubi Azərbaycanın
Xoy, Urmiya və Təbriz şəhərində erməni vəhşiliyinin
qarşısını almışdır. Abidədə
türk ordusunun bu böyük tarixi zəfəri mütləq
nəzərə alınmalıydı və nəzərə
alındı da. Abidənin qülləsi formaca
üçbucağa bənzər sahənin mərkəzində
ucalır və bünövrəsi yüksək bir təpə-kurqandır.
- Bu abidənin
memarlıq baxımından özünəməxsus cəhətləri
hansılardır?
- Türklərin
yaşadığı geniş coğrafi ərazilərdə
hökmdarların, ordu başçılarının şərəfinə
yüksədilmiş süni təpələr - kurqanlar bu
günə qədər qalmaqdadır. Kurqanların içində
dəfn otağı vardır. Bu qədim ənənə
İğdır abidəsində qorunub
saxlanılmışdır. Süni təpənin ortasında
yerləşən dairəvi salonun içərisində ermənilərin
qətlə yetirdiyi şəhidlərin simvolik məzarı
yerləşir. Şəhidlərin simvolik məzar
daşı olan bu salon təpə içərisində yerləşən
soyqırım muzeyinin də mərkəz hissəsidir. Dairəvi
salonda erməni vəhşilikləri sənəd və dəlillərlə
nümayiş olunur. Dairəvi muzey salonu (simvolik məzar)
yuxarıdan işıqlandıran beşguşəli baca,
qılınclar arasındadır. Bacanın örtüyü
balaca şüşə piramida olub, çadıra bənzədilmişdir.
Qızılı rəngli çərçivələr və
rəngli şüşələrdən hazırlanmış
bu çadır, türk köçəri memarlarının
şah əsəri olmuş qızıl çadırı
xatırladır. Bu salondan bayıra uzanan dəhlizin
yanlarında muzey otaqları yerləşir. Muzeyə giriş
qapısı, Türk-Səlcuq memarlıq ənənələrinə
uyğun daş qapı şəklindədir. Tac qapının
layihəsinin kompozisiya cəhətdən Osmanlı məscidlərindəkinə
oxşarlığı var. Bu şəkildə inşa edilən
tac qapı müqəddəs bir məkana açılır. Muzeyin
giriş qapısının ətrafındakı şəkillərdə
zoğalı qara rəngli qranit örtüklər, seyrək və
olduqca dar pəncərələrdən soyqırım hadisəsinin
ağırlığı və faciəsindən xəbər
verir. Beləcə, bu abidədə memarlıq
baxımından tarixin lap ilk çağlarından gələn
Türk xatirə memarlığının üç
böyük ənənəsini (Kurqan, Səlcuqi türbəsi
və Məzar daşları) birləşdirib, yeni mövzuya
və müasir memarlıq tələblərinə uyğun
bir kompozisiya yaratmağa çalışmışıq.
- Süni təpə-kurqanın
ortasındakı 5 qılınc topası nəyi əks
etdirir?
- Qılınc topası
günahsız müsəlman xalqını soyqırımdan
xilas etmiş türk ordusunun şərəfinə, onun şəhid
və qazilərinin xatirəsinə
ucaldılmışdır. Bu qılınclar planda
beşbucaqlıya, yuxarıdan baxdıqda qılınc
topasına bənzəyir. Türkiyənin dövlət
nişanı və bayrağında olan beşguşəli
ulduz kimi görünür. Təpədə bu beşguşəli
ulduzun hər ucundən bir türk qılıncı yüksəlir
və onların ucları yuxarıda birləşib bir
bütöv yaradır. Sıyrılmış qılınclar
barış nişanı olduğu kimi, eyni zamanda düşmənə
heç bir xoş rəftar göstərməmək, vətən
və millət üçün hər zaman müharibəyə
hazır olmaq kimi bir məna da daşıyır.
- Bütün türk
milləti adından, belə möhtəşəm və
tarixi əhəmiyyətli bir abidə üçün sizə
sonsuz təşəkkürlərimizi bildiririk.
Azərbaycan dilinə Tovuz TEYMUROVA
uyğunlaşdırdı
525-ci qəzet.- 2009.- 10 iyun.- S.2.