"Sevən qadın"ın təqdimatı uğurla keçib

 

AZƏRBAYCAN SƏHNƏSİ DAHA BİR MARAQLI TAMAŞA QAZANIB

 

Görkəmli yazıçı-dramaturq Əli Əmirlinin "Sevən qadın" pyesi əsasında hazırlanan tamaşanın bugünlərdə premyerası keçirilib. Əsər tanınmış əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda səhnə həllini tapıb. Ədəbiyyatın ən çox müraciət edilən mövzularından olan qadın həmişə yazıçı və şairlərin diqqət mərkəzində dayanıb. Ə.Əmirlinin əsəri üzrə B.Osmanovun təqdim etdiyi qadının ən başlıca özəlliyi də onun sevməsidir. Tamaşanın baş obrazı dəlicəsinə sevən, həm də kimi, necə, niyə sevdiyinin fərqinə varmadan aşiq olan məşhur və gözəl aktrisa Elminadır. Əri və bir oğlu olan Elminanın həyatında zəngin iş adamı Qalib də görünəndə və qadın dəlicəsinə ona aşiq olanda tamaşada hadisələr gərginləşir. Əvvəlcə Qalibin zənginliyinə, puluna vurulan Elmina sonralar onun özünə də bağlanır. Bu bağlılıq hətta itaət səviyyəsinə çatır. Onu həqiqətən sevən Elmina həm də başa düşür ki, onun sevgisini pula satın alıblar. Ancaq məhəbbətinin dərəcəsi ona bu barədə dərindən düşünməyə imkan vermir. Aktrisa öz itaətindən, bağlılığından həzz ala-ala beş il beləcə ömür sürür. Dörd dəfə ərə gedən anasının yolunu davam etdirən Elmina bu dəfə həqiqətən vurulsa da, Qalibin hissləri ötəri olur. Və o, Elminanın həyatından gəldiyi kimi də çıxıb gedir...

Ə.Əmirlinin müraciət etdiyi mövzunun əbədi aktuallığı maraqlı süjetlə, hadisələrin ardıcıllığı ilə uyuşaraq, maraqlı səhnə əsərinin meydana çıxmasına səbəb olub. B.Osmanov bu dəfə də rejissor məharətini ortaya qoyub və "Sevən qadın" maraqlı yozumda ərsəyə gəlib. Tamaşada Elminanı canlandıran Sənubər İsgəndərovanın canlı plastikası, təbii oyunu, yumoristik ifa tərzi tamaşanı daha da baxımlı edib. Cəmi 4 aktyorun ifasında təqdim olunan tamaşa az sayda obrazın iştirakına baxmayaraq, çox canlı və maraqlı alınıb. Elminanın rəfiqəsini oynayan Mehriban Xanlarova, Qalib və müxbir rollarını ifa edən Füzuli Hüseynov, aktrisanın anasını təcəssüm etdirən Laləzar Mustafayevanın ifası da dolğun və baxımlıdır. Qeyd olunan məziyyətləri və digər müsbət cəhətləri deməyə əsas verir ki, "Sevən qadın" hələ uzun müddət tamaşaçıların rəğbətini qazanmaqla repertuarda üstün mövqeyini qoruyacaq.

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 11 iyun.- S.7.