Mifdən gerçəkliyə yol...

 

İyun ayının 9-da Bakı Slavyan Universitetində tanınmış rus ədəbiyyatşünası və tarixçisi N.A.Kunun "Qədim Yunanıstanın mifləri və əfsanələri" kitabının Azərbaycan dilinə tərcüməsinin rəsmi təqdimetmə mərasimi keçirildi. Bu cür mərasimlərin təşkili BSU-da artıq ənənə halını alıb. Amma qeyd etmək lazımdır ki, bu, xüsusi bir mərasim idi. Burda kitabdakı obrazları, yəni əsərin qəhrəmanlarını "gözlə görmək" olardı. Belə ki, tədbir kitabın virtual prezentasiyası - əsərdə əsas obrazlar olan yunan mifologiyası qəhrəmanlarının şəkillərinin divara vurulan lövhədə göstərilməsi, onlar haqqında həm yunan, həm də Azərbaycan dillərində məlumatların verilməsi ilə başladı.

Kitabın virtual təqdimatından sonra çıxış edən BSU-nun rektoru,professor Kamal Abdullayev onun dəyərini xüsusi qiymətləndirdi: "Bu gün bizim universitetimizdə çox əlamətdar bir gündür. Biz sizlərə bir neçə illik əməyimizin məhsulunu təqdim edirik. Mən elə bilirəm ki, bu bir yox, bir neçə nəslə bizim hədiyyəmizdir. Amma bunu bizim gecikmiş hədiyyəmiz də saymaq olar. Bu hədiyyənin gecikməsinin də bəzi səbəbləri var".

Bu səbəbləri sadalayarkən K.Abdullayev kitabın tərcüməsi zamanı meydana çıxan tərcümə problemlərinə xüsusi toxundu: "Bu kitab bir çox dillərə, o cümlədən, keçmiş SSRİ respublikalarının demək olar ki, bütün dillərinə tərcümə olunub. Bəlkə də biz postsovet məkanında bu kitabı ən son tərcümə edənlərdənik. Bunu nəzərə alıb tələsmədik. Kitabın həm tərcüməsi, həm də tərtibatı üzərində ciddi işlədik. Və bunun nəticəsi olaraq gözəl bir tərcümə əsəri, vizual baxımdan nəfis bir kitab araya-ərsəyə gətirə bildik...

...Onu da qeyd edim ki, əsərin qəhrəmanlarının adlarının bizim dilimizdə necə səsləndiyini müəyyənləşdirmək xüsusilə vacib idi. Bu günə qədər bu adların səslənməsi və yazılışında onların rus dilinə tərcümələri əsas götürülürdü. Amma biz bir yenilik etdik. Yunan dili üzrə mütəxəssisləri, BSU-nun yunan dili müəllimlərini bu işə cəlb etməklə o adların orijinaldan tərcüməsinə nail olduq. Beləliklə, nə qədər qəribə görünsə və səslənsə də Azərbaycan dilində olan bir kitabda hətta "Ğ" hərfi ilə başlayan adlar yarandı".

Sonra çıxış edən kitabın redaksiya şurasının üzvü, professor Rəhman Bədəlov öncə bu dəyərli əsərin tərcüməçilərinə öz təşəkkürünü bildirdi və hamını bu əlamətdar hadisə münasibəti ilə təbrik etdi: "Redaksiya şurasının üzvü, eləcə də kitabın tərcüməçi kollektivinə rəhbərlik edən, məsləhətlər verən şəxslərdən biri kimi onu deyim ki, tərcümə prosesi zamanı xeyli çətinliklərimiz olub. Amma bu çətinlikləri dəf edə bilmişik. Bunda ilk növbədə gənc tərcüməçilərin əməyini qeyd etmək istərdim. Bu, hamımızın - bu kitab üzərində hətta ən kiçik əməyi olan şəxslərin belə uğurudur. İnanıram ki, onu valideynlər öz körpə uşaqlarına oxuyacaqlar".

Professor Qorxmaz Quliyev Rəhman Bədəlovun sözünə qüvvət verərək: "Kitab artıq oxunur. Özü də onu valideynlər övladlarına deyil, övladlar, nəvələr özləri oxuyur. Bu kitabı evə gətirən kimi balaca nəvəm onu tutub əlimdən aldı. Rus dilini bilsə də, evdəki kitabxanamızda əsərin orijinalı olsa da, məhz Azərbaycan dilində əsəri oxuyur" - dedi. Kitabın nəşrini Azərbaycanda böyük yenilik kimi dəyərləndirən Q.Quliyev BSU-dan yeni-yeni bu cür əsərlərin nəşrini gözlədiyini dilə gətirdi.

Bunun ardınca çıxış edən fəlsəfə elmləri doktoru Niyazi Mehdi belə bir dəyərli əsərin Azərbaycan dilinə tərcüməsini yüksək dəyərləndirdiyini söyləməklə yanaşı əsəri orijinaldan oxumağa üstünlük verənlərə və tərcüməni gərəksiz bir peşə sayanlara ismarıc da yolladı: "Tusi deyirdi: Maddi dəyərlər işləndikcə aşınır, mənəvi dəyərlər işləndikcə artır. Əvvəllər Hollivud filmlərinin Azərbaycan dilində tərcüməsinə baxanlar "ətlərinin töküldüyünü" deyirdilər. Amma tədricən buna öyrəşdilər. Bu tərcümə əsərinin dəyəri də ondadır ki, miflərlə bağlı Azərbaycan dili "işlədi". Azərbaycan dilində yeni bir qat açıldı". Bu münasibətlə hamını təbrik edən N.Mehdi BSU əməkdaşlarının bu cür çox sayda uğurlara imza atacağlarına inandığını söylədi.

Bakı Asiya Universitetinin rektoru, professor Cəlil Nağıyev 35 ildən artıq bir vaxtda ədəbiyyatı tədris etsə də, qədim yunan mifləri haqqında tələbələrə məlumat verərkən onlara Azərbaycan dilində olan mənbələr göstərməkdə çətinlik çəkdiyini dilə gətirdi: "Bu sahəylə bağlı əsərlər əsasən rus dilində idi. Amma bu əsərin tərcüməsi ilə bu qıtlıq müəyyən dərəcədə aradan götürüldü. Bu kitabın tərcüməsi və nəşri böyük bir işdir".

Tədbirdə eləcə də digər tanınmış ziyalılar, alimlər, "Qədim Yunanıstanın mifləri və əfsanələri" əsərinin Azərbaycan dilinə tərcüməçiləri Turac Teyyubqızı, Əzizə İsmayılova, tələbə və magistrantlar çıxış edib öz ürək sözlərini söylədilər.    

 

 

Günay ƏLİYEVA

 

525-ci qəzet.- 2009.- 11 iyun.- S.7.