Sadə insan, sadiq dost
Vərəqləri saralıb-solmuş köhnə telefon dəftərçəmi nəzərdən
keçirirdim. Yaxın-uzaq dostların,
qohumların, tanışların
adı, familiyaları,
telefon nömrələri
olan dəftərçəmi.
Artıq
onlardan neçəsinin
hənirtisi gəlmir,
səsləri eşidilməz
olub. Yaradanın hökmü ilə
dünyalarını dəyişib,
bu parlaq gündüzlü, mavi səmalı, aylı-ulduzlu
həzin axşamlı,
dağlı-aranlı, çaylı-çeşməli
aləmi tərk edib əbədiyyətə
qovuşublar, görünməz
olublar. Ancaq telefon dəftərçəmin
solğun səhifələrində
adları qalıb.
Və bir də ki,
ağır niskilləri.
Ovqatım korlandı, mütəəssir
hisslər keçirdim.
Baxışlarım Rəşid Mahmudovun
adı və telefon nömrəsi üzərində donub qaldı. Sükuta daldım, qəlbimi kədərli hisslər çulğadı...
Xəyalım məni
ötən əsrin əllinci illərinə aparıb
çıxartdı. Qəlbimdə həmin günlərin
acılı-şirinli xatirələri baş qaldırdı.
Bakının Kaqanoviç küçəsindəki, üzərində
iri, səliqəli hərflərlə "Kommunist" qəzeti
redaksiyası" yazılmış 12 nömrəli
binanın ağır, sanballı qapısını
açdım. İlk dəfə idi ki, Respublika mətbuatının
"baş ibadətgahı" sayılan bu qədim
arxitekturalı binaya daxil olurdum. Nigaran, tərəddüdlü
addımlarla ikinci mərtəbəyə qalxdım. Üzləşdiyim,
lakin tanımadığım bir neçə nəfər
laqeydcəsinə yanımdan ötüb keçdi. Orta boyu,
sadəlik ifadə edən təbəssümlü
çöhrəsi, mülayim baxışları olan gənc
bir oğlan məni görüb ayaq saxladı, ehtiramla salam
verdi və həssas duyumu ilə buralara nabələd
olduğumu hiss edib soruşdu:
-
Bağışlayın, sizə kim lazımdır?
- Redaktorluqda
olmalıyam, Mərkəzi Komitədən göndəriblər.
- Adınız nədir?
- Müsahibimin marağı daha da artdı və təkrar
soruşdu.
- Əli. Qubadlı rayon
qəzetinin redaktoru. - Çəkinə-çəkinə
cavab verdim.
Onun xeyirxahlıq ifadə
edən gümrah çöhrəsində mənə
qarşı mərhəm bir hiss cilvələndi və
qaşlarını çataraq:
- Hə, bildim! Bildim! Əli müəllim! Hərdən bir respublika
qəzetlərinə də
yazırsınız, bizim
qəzetdə də bir-iki məktubunuz çıxıb. Yəqin ki,
məni imzamdan tanıyarsınız - Rəşid
Mahmudov. İdeoloji şöbədə
işləyirəm.
Biz köhnə
tanışlar kimi yenidən görüşüb bir-birimizin əlini
istiqanlıqla sıxdıq. Rəşid Mahmudov mənə
qayğılı nəzər salaraq:
- Sizin məsələdən
az-çox xəbərim var, - dedi. - Şöbə
müdirimiz Hidayət Bağırov mənə
danışıb. Hidayət müəllim redkollegiya
üzvü olduğundan redaktorluqda gedən söz-söhbəti
bilir. Mərkəzi Komitənin Təbliğat-təşviqat
şöbəsinin mətbuat üzrə müavini Nəsir
İmanquliyev sizin məsələ ilə əlaqədar
redaktora zəng vuranda Hidayət müəllim də orada olub.
Bu gün işin axırında redkollegiya iclası
keçirilməlidir, xüsusi müxbirliyə təsdiq
olunmalısınız.
Müsahibim redkollegiya
iclasında necə davranmağım barədə mənə
bəzi məsləhətlər verdi:
- Ola bilsin mətbuat
işinə dair bəzi suallar versinlər. Ona hazır olun,-
dedi. - Düzdür, Mərkəzi Komitə məsləhət
görəndən sonra nə deyəcəklər?! Xasay Vəzirov
da yaxşı yoldaşdı, təcrübəli redaktordur.
Ancaq hər ehtimala qarşı ehtiyatlı olmaq
lazımdır. - əlavə etdi.
Rəşid müəllim
qolumdan yapışıb, məni İdeoloji şöbənin
yerləşdiyi otağa apardı. Şöbə müdiri ilə
tanış etdi. Kimliyim barədə ona qısa məlumat
verdi. Dən düşmüş saçları, dolu bədəni,
ətli sifəti, nüfuzedici baxışları olan Hidayət
Bağırov məni ehtiramla qarşılayıb, əyləşmək
üçün yer göstərdi. Qısa
tanışlıqdan sonra üzünü Rəşid müəllimə
tutaraq məni işarə etdi:
- Bu yoldaşa xüsusi
müxbirlər şöbəsini göstərin, orada əyləşib
gözləsin. Mən də redaktora deyərəm. İclas
başlayanda çağırarıq.
... Hər şey
yaxşı qurtardı. Kollegiyada təsdiq olundum. Məni
birinci Rəşid Mahmudov təbrik etdi.
Bir neçə gündən
sonra xüsusi müxbir kimi Naxçıvana yollandım.
Bunlar öz yerində. Rəşid
Mahmudovla görüşümüzün ilk dəqiqələrindən
qəlbimin dərinliklərində məni narahat edən və
izahı çətin olan məchul bir sual
dolaşırdı. Bu insanla yoldaşlıq etməmişəm,
oturub-durmamışam, çörək kəsməmişəm...
ixtiyar-iqtidar sahibi olan yüksək səlahiyyətli bir arxa
duranım da yoxdu. Bəs Rəşid müəllim ucqar bir
rayonun püxtələşməmiş, mətbuat aləmində
o qədər də tanınmayan 27 yaşlı redaktoruna nə
münasibətlə iltifat göstərib, ona bu cür
qayğı ilə yanaşır?! Bu sual məni tərk
etmirdi. Daxilən özüm-özümü sorğu-suala
tuturdum. Və nəhayət, belə bir qənaətə gəldim:
Həyatda hər kəsin öz qisməti var. Və deyərdim
ki, ən böyük, qibtə edilən qismət sahibinə
hörmət gətirən xasiyyətdir. Mən belə bir
xasiyyəti Tanrı payı hesab edirəm. Müdriklər
demişkən, insanların rəğbətini qazanmaqdan
böyük səadət, onların nifrətinə məhkum
olmaqdan ağır cəza yoxdur. Müşahidələrim mənə
bunu deməyə haqq verir ki, Rəşid müəllim xasiyyət
xoşbəxti idi. Hər adama müəssər olmayan xasiyyət
xoşbəxti! O, nəinki dostlarına, tanışlarına,
mənsub olduğu kollektivin üzvlərinə, - hər kəsə
yaxşılıq etməyi, mərhəmət göstərməyi
özünə insani borc bilirdi və bu nəcib keyfiyyətləri
ilə özündə rahatlıq tapır, mənən
yüngülləşir, məmnun olurdu. Təkəbbürlük,
yüksək iddialarda olmaq, xəbislik, paxıllıq,
adamların heysiyyatına toxunmaq, mənəm-mənəmlik,
olduğundan artıq görünmək üçün
cürbəcür qiyafələrə bürünmək kimi
qeyri-insani keyfiyyətlər Rəşid müəllimin məninə,
mənliyinə yad və yabançı idi. Və təkrar-təkrar
deyərdim ki, bəli, Rəşid müəllim xasiyyət xoşbəxti
idi. Əzabkeş jurnalist idi Rəşid Mahmudov.
O, məhz bu cür sadəlik,
xeyirxahlıq, səmimiyyət, işgüzarlıq
cığırları ilə qısa müddət ərzində
"Kommunist" qəzetinin şöbə müdiri, redaktor
müavini, Mərkəzi Komitədə Mətbuat bölməsinin
müdiri, raykomun birinci katibi, ən nəhayət, vaxtilə ədəbi
işçi kimi fəaliyyətə başladığı
"Kommunist"in redaktoru kimi məsul vəzifələrə
yüksəldi.
Rəşid müəllimin
respublika ictimaiyyətinə məlum olan təqdirəlayiq həyat
və fəaliyyəti neçə-neçə sanballı əsərlərin
mövzusudur. Mən isə bu kiçik yazımda Rəşid
müəllimlə təmasda olduğum bəzi məqamlara
qısa da olsa toxunmaq istərdim.
Bir yay axşamı
Bakıdakı dostlarımdan birinin evinə getmişdim.
Altı ayı tamam olmayan və məsum yanaqlarında tək-tük
yara yerləri nəzərə çarpan körpənin əlləri
tənziflə sarınmışdı. Uşağın belə
bir halı məni təəccübləndirdi. Səbəbini
soruşanda anası gileyləndi ki, qapı-pəncərələri
nə qədər bağlı saxlasaq da, ağcaqanadın
öhdəsindən gələ bilmirik... Körpənin əlləri
açıq olanda ağcaqanadın sancdığı yerləri
qaşıyıb-qanadır, sonra da yeri yara olur. Ona görə
də...
Fikir məni
götürdü... Səhərisi Bakının müvafiq
idarə və təşkilatları ilə əlaqə
saxladım. Baksovetin, Baş sanitar-epidemioloji stansiyanın rəhbərlərinin
bu sahədəki fəaliyyətlərini açıb göstərən
"Ağcaqanad" başlığı altında felyeton
yazdım. Felyeton Rəşid müəllimin xoşuna gəldi
və yazını oxuya-oxuya:
- Lap camaatın
yaralı yerinə toxunmusunuz, - dedi.
Bu günün
özündə də aktual olan felyeton qəzetdə dərc
olundu. Bu satirik yazı nəinki şəhər camaatı tərəfindən,
aran rayonlarında belə rəğbətlə
qarşılandı, geniş əks-səda doğurdu.
Növbəti dəfə
Rəşid müəllimin kabinetinə daxil olanda, adət
etdiyi kimi sinəsini, üzərində
yığın-yığın qəzet-jurnal, müxtəlif
qovluqlar olan stola söykəyib nə isə yazıb-pozurdu.
Yazı masasının üstünə qoyulmuş armudu stəkandakı
çay buğlanmırdı və hiss olunurdu ki, içməyə
macal tapmadığından soyuyub. Rəşid müəllim
qarşısındakı yazıdan diqqətini ayırıb qələmi
yerə qoydu. Onun yorğun baxışlarında acı təbəssüm
dolaşdı və üzünü mənə tutaraq:
- Srağagünki
"İzvestiya" qəzetini oxumusan? - soruşdu.
- Xeyr.
- Tapıb oxuyarsan.
- "İzvestiya"da
nə yazılıb ki?! - Suala sualla cavab verdim.
- Moskvada müzürr-həşəratlara
qarşı mübarizə tədbirlərinin zəif olduğu
barədə eynilə "Ağcaqanad" felyetonu ruhda tənqidi
bir yazı gedib. - Rəşid müəllim bunu deyib, istehza ilə
gülümsündü: - Di gəl ki, bizim Mərkəzi Komitənin
katibi telefonda "Ağcaqanad" felyetonuna etirazını
bildirdi. Dedi ki, "Kommunist" Mərkəzi Komitənin
orqanıdır. Belə bir rəsmi qəzetdə, o cür
felyetonu verməyə dəyərmi? - Əlavə etdi.
Rəşid müəllim
narazı halda:
- Halbuki, onlarla hörmətli
yoldaş - nazir, Mərkəzi Komitənin öz işçilərinə
qədər neçə-neçə adam mənə zəng
vurub felyeton barədə razılıqlarını bildiriblər.
Sekanın birinci katibi isə...
Redaktor nəzakət
xatirinə incikliyini biruzə verib sözü
xırdalamadı və təəssüflə
başını bulayaraq:
- Heydər Əliyevin
yeri görünür, - dedi. - Bilirdi ki, mətbuat nədir, tənqid
nədir. Bəzən qəzetdə gedən tənqidi
yazılara görə redaksiyamıza zəng vurub, təşəkkürünü
bildirirdi... Bizə qol-qanad verirdi...
Rəşid müəllim
təmkinini pozmadan əlavə etdi:
- Həsən bəy Zərdabidən,
Mirzə Cəlildən bəri mətbuatın təqiblərə
məruz qaldığı az olmayıb. Ancaq kimliyindən
asılı olmayaraq tək-tük adamın yerli-yersiz
iradlarına görə qələmimiz kəsərdən
düşməməlidir. Qorxan gözə çöp
düşər.
Rəşid müəllim
mətbuat mücahidi idi, əzabkeş jurnalist idi. Qəzetdə
gedən materialları, baş məqalədən tutmuş
elanlara qədər hərf-hərf, cümlə-cümlə
oxuyurdu. O, həm redaktor idi, həm ədəbi işçi,
həm də korrektor.
Görüşlərimizin
birində sabah gedəcək materialları diqqətlə
oxuyub zərgər dəqiqliyi ilə redaktə edirdi və
etiraz mənasında hərdən sifətini turşudub qələmini
tez-tez dəyişirdi. Üzünü mənə tutaraq:
- Ucu nazik, qara mürəkkəbli
qələmlə işləməyə vərdiş etmişəm,
- dedi. - Sürücümü göndərdim, həmin qələmdən
tapa bilmədi. Başqaları da əlimə yatmır.
Çalışıram düzəlişlərim aydın
olsun, makinaçılar oxuyanda çətinlik çəkməsinlər....
Cibimdəki qələmi
çıxarıb ona uzatdım. Alıb yazanda xoşuna gəldi:
- Bax, bu cür qələm
deyirəm.
- Buyurun,
götürün, mənim üçün fərqi yoxdur. Hər
cür qələmlə yaza bilirəm, - dedim.
- Yox! Yox!- deyib verdiyim qələmi
inadla özümə qaytarmaq istədi.
- Bir nəfərə
demişəm, bu gün olmasa da, sabah tapıb gətirəcək,
- deyib, qələmi götürməkdən imtina etdi.
Qəti təkidimdən
sonra Rəşid müəllim sözümü
sındırmadı, verdiyim qələmi qəbul etdi və
gülümsəyərək:
- Eybi yoxdur, əvəzini
çıxarıq, - dedi.
Burada söhbət
heç də adi qələmdən, onun mahiyyətindən
getmir. Rəşid müəllim ümumiyyətlə, təmiz
-təmənnasız adam idi. Şahidi olduğum bir neçə
fakt mənə qəti bir inamla deməyə haqq verdi ki, Rəşid
Mahmudovun dünya malında gözü yox idi, qənimətçilikdən
xoşu gəlmirdi. Və onun qanuni zəhmət haqqından
başqa heç bir kənar... gəliri olmayıb. Zorla
verdiyim adi bir qələmə görə o, sanki
özünü mənə borclu hesab edirdi.
Növbəti
görüşlərimizin birində xoş əhval-ruhiyyə
ilə ayağa qalxıb, arxa otaqdan gümüş işləməsi,
zərif naxışları olan bir kəl buynuzu gətirib
şəstlə mənə uzatdı:
- Redaktorluğu da,
müxbirliyi də bir kənara qoyaq, bunlar müvəqqəti
şeylərdir. Neçə illərdir dostluq,
yoldaşlıq edib, çörək kəsirik. Zaqatalada katib
işləyəndə yaxın bir dostum bu kəl buynuzunu mənə
hədiyyə verib. Mən də sizə
bağışlayıram.
Üzərində Rəşid
müəllimin barmaq izləri olan həmin dağ kəli
buynuzunu evimin ən qiymətli əşyası, həm də
dost yadigarı kimi qoruyub saxlayıram.
Yuxarıda qeyd etdiyim
kimi, Rəşid müəllim iş yerini çox dəyişib.
Vəzifənin aşağısını da görüb,
yuxarısını da. Neçə-neçə
orden-medallarla təltif olunub. Lakin onun yerişi, duruşu, təmasda
olduğu dostları, yoldaşları ilə,
tanıdığı sadə adamlarla münasibəti əsla
dəyişməyib.
Ömrünün son
anlarında tez-tez telefonla danışıb, bir-birimizdən
hal-əhval tuturduq. Lakin səhhətinin pisləşdiyi
vaxtlar onu narahat etmək istəmirdim. Dizləri taqətdən,
gözləri nurdan düşmüşdü. Ancaq dost hənirtisinə
ehtiyac duyurdu. Gec zəng vuranda eyhamla incikliyini bildirirdi. Ona
görə əlaqəmi üzmürdüm. Telefona
yaxınlaşa bilmədiyi üçün həyat
yoldaşı ona kömək edirdi...
O dünya ilə əlləşdiyi
ağrılı-acılı anlarında:
- Əli müəllim,
bir məsələyə görə sizi narahat etmək istəyirəm,
- dedi.
Onun səsinin ehtizazında bir nigarançılıq,
narahatlıq hiss edirdim.
- Buyurun, Rəşid
müəllim, eşidirəm.
O, ağır nəfəs
ala-ala:
- "Xalq qəzeti"ndə
şöbə müdiri işləyən filankəs...
neçə ay bundan qabaq mənə zəng vurmuşdu. Ailə
vəziyyəti ağırdır. Oğlu ali məktəbi
bitirib, ancaq iş tapa bilmir. Bir az gileyləndi. Açıq
deməsə də, hiss etdim ki, naəlac qalıb, məndən
kömək gözləyir. Hər halda köhnə
işçi kimi yəqin məni ümid yeri bilib, üz
tutur... Ona bir söz demədim. Çox fikirləşəndən
sonra yadıma düşdün. Ərkim çatan bir dost kimi
sizdən xahiş edirəm, imkan daxilində onun oğluna
kömək edin. Neçə il ömür
sürdüyümüz o binadan gələn hər bir səs-səda
mənə əzizdir. O yoldaşın vəziyyəti xəstəliyim
qədər məni narahat edir.
Bizim bu söhbətimizdən
bir neçə gün sonra Rəşid müəllim
dünyasını dəyişdi. Onun vaxtilə
"Kommunist"in, indi isə "Xalq qəzeti"nin
şöbə müdiri barədəki xahişi məni tərk
etmirdi. Rəşid müəllimin ruhu qarşısında
özümü borclu bilirdim. Müəyyən mənada
çətin olsa da, nəhayət, mənim bu yazımdan on
gün əvvəl həmin məsələni həll etdim.
Şöbə müdiri mənə
razılığını bildirdi. Rəşid müəllimə
dönə-dönə rəhmət oxudu.
Rəşid müəllim
bax, belə bir insan idi. Xəmiri xeyirxahlıqdan yoğrulmuşdu.
Kimliyindən asılı
olmayaraq, hamının
karına gəlməyə çalışırdı.
Verdiyi sözü yerinə yetirməyincə rahatlıq
tapmırdı.
Yaxşı deyiblər,
heç nəyə yaramayan ən yaramaz adamdır. Rəşid
müəllim elinə-obasına, dostuna-tanışına
yarayan, kara gələn insandı.
Artıq Rəşid
müəllim yoxdur. Lakin onun adını, familiyasını,
telefon nömrəsini dəftərçəmdən silmədim.
Daha etibarlı yerə - qəlbimin unudulmazlığına
köçürdüm...
Əli İLDIRIMOĞLU