"Qəbul imtahanlarının
proqrama uyğun olub-olmaması ilə bağlı heç kəs bizə irad tutmur"
TQDK SƏDRİ MƏLEYKƏ
ABBASZADƏ: "BÜTÜN BU PROSES İCTİMAİYYƏT
ÜÇÜN TAMAMİLƏ AÇIQ HƏYATA
KEÇİRİLİR"
Qəzetimizin
ötən saylarında qeyd etdiyimiz kimi, UNESCO və Dünya
Bankının ekspertləri təhsildə qiymətləndirmə
üzrə çoxillik təcrübə və elmi təhlillər
əsasında "Yaxşı imtahan sisteminin
xarakteristikası" adlı standartları
açıqlayıblar elan ediblər. Azərbaycanda qəbul
imtahanlarının qeyd olunan standartlarla müqayisəsini
araşdırmaq məqsədilə Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə
xanım Abbaszadə ilə ilk müsahibəni təqdim edirik.
Bu müsahibə
"Yaxşı imtahan sisteminin xarakteristikası"na daxil
olan birinci bölməyə həsr olunur. Həmin bölmə
"Məqsədə müvafiqlik" adlanır. Beynəlxalq
ekspertlər bu bölməyə daxil etdikləri
standartların təsvirini bu cür ümumiləşdirmişlər:
"İmtahan materialları və qiymətləndirmə
sistemi etibarlı və əsaslı qiymətləndirmə
aparmağa imkan verməlidir." Bu zaman nəzərə
alınan göstəricilər isə bunlardır: Müəllimlər
və tələbələr tərəfindən
imtahanların tədris proqramlarına uyğun keçirilməsinin
qəbul edilməsi, yəni narazılıq hallarının az
olması; İmtahanların texniki cəhətdən keyfiyyətli
olmasına (etibarlılığına, çətinlik səviyyəsinə)
dair statistik dəlillər; İmtahan materiallarında səhvlərin
minimuma enməsinə səbəb olan adekvat keyfiyyətə nəzarət
tədbirlərinin görülməsi.
- Məleykə
xanım, imtahanların məqsədəmüvafiq olması
dedikdə hansı parametrlər nəzərdə tutulur?
-
Aydındır ki, hər imtahanın öz məqsədi var. Optimal
imtahan keçirmək üçün həmin imtahanla
bağlı bir məqsəd olmalıdır. Məsələn,
bir imtahan keçirilirsə və qarşıya iki,
üç məqsəd qoyulursa, o imtahana görə daha
optimal nəticə almaq mümkün olmur. Riyazi nəzəriyyə
əsasında bunu belə şərh etmək olar: Məsələ
həlli zamanı ona aid kriteriyaları optimallaşdırmaq
lazımdır. Həmin kriteriyalar bir neçə olanda məsələnin
həlli mürəkkəbləşir və optimal nəticəyə
varmaq olmur. Buna görə imtahanlara qoyulan başlıca tələblərdən
biri məqsədəmüvafiqlikdir və çalışmaq
lazımdır ki, hər bir imtahanın konkret məqsədi
olsun. Bildiyiniz kimi, təhsil sistemində müxtəlif növ
imtahanlar var. Məsələn, buraxılış
imtahanları attestasiya xarakteri daşıyır, imtahan verənlərin
təyin olunmuş bilik standartlarının minimum tələblərini
ödəyib-ödəmədiyi yoxlanılır. Yəni orta
məktəbi başa vuran şagird minimal tələbi ödəyir,
ya yox. Ali məktəblərə qəbul imtahanının
xarakteri isə tamamilə fərqlidir. Bu, seçim məqsədilə
aparılan imtahandır. Seçmə isə o zaman
aparılır ki, həmin müsabiqə üzrə təqdim
olunan yerlər və yerlərə yerləşdirilmək istəyən
insanların sayı arasında çox böyük fərq
olsun. Universitetlərə tələbə qəbulu zamanı
imtahan verənlərin ali məktəbdə tədris olunan fənləri
əziyyət çəkmədən, asanlıqla mənimsəmə
bacarığı yoxlanılır. Müəyyənləşdirilir
ki, onun öyrənmə, yeniliyi qəbul etmə qabiliyyəti
nə dərəcədə yetərlidir. Bu xüsusiyyətlər
hər bir abituriyentdə müxtəlifdir. Ona görə də
onları sıralamaq, onlar arasında seçim aparmaq
lazımdır.
- Beynəlxalq
ekspertlərə görə, imtahan materialları və qiymətləndirmə
sistemi etibarlı və əsaslı qiymətləndirmə
aparmağa imkan verməlidir. Həmçinin müəllimlər
və tələbələr tərəfindən
imtahanların tədris proqramlarına uyğun keçirilməsi
qəbul edilməli, narazılıq halları az olmalıdır.
Azərbaycanda TQDK tərəfindən həyata keçirilən
qiymətləndirmə sistemində bu standarlar öz əksini
hansı formada tapır?
- Riyazi
nöqteyi-nəzərdən imtahanın mahiyyətinə aid
olan bütün materiallar etibarlı olmalıdır və bunu
hesablamaq mümkündür. Biz bununla əlaqədar
araşadırmaları, artıq 15 ildir ki, aparırıq.
Bilirsiniz ki, imtahan materialları ekspertlər tərəfindən
formalaşdırılır. Ekspertlər öz təssəvvürlərində
gələcəkdə ali məktəbdə müvəffəqiyyətlə
oxuya bilən tələbənin keyfiyyətlərini müəyyənləşdirirlər.
Həmin təsəvvürə uyğun olaraq ayrı-ayrı
fənlər üzrə yoxlama-ölçmə
materialları - testlər tərtib olunur. Ekspertlərin nəzəri
bilikləri əks etdirən bu təsəvvürləri real
imtahan keçiriləndən sonra statistik rəqəmlərlə
yoxlanılır. Bir haşiyə çıxım: 70 il ərzində
bizim də yaşadığımız Sovetlər Birliyində
kommunizm quruculuğundan bəhs olunurdu. Təbii ki, bunlar
gözəl ideyalar idi, ancaq reallıqda ona nail olmaq
mümkün idimi? İdeal, utopist bir cəmiyyəti yalnız
xəyalda qurmaq olar. İnsanların həyatını
yaxşılaşdırmaq üçün konkret addımlar
atanda insanlar görürlər ki, real mexanizm nədir? Real
mexanizm iqtisadiyyatda bazar iqtisadiyyatı prinsiplərinin, idarəetmədə
isə demokratiyanın tətbiq edilməsidır. Bu zaman
insanlar sərbəst inkişaf edə və özləri haqda
fikirləşib həyatlarını düzgün qurmaq
imkanı qazanırlar. Ekspertlərin də imtahanlarla əlaqədar
fikirləri real nəticələrlə müqayisə olunur.
İlk vaxtlar TQDK-ya ali məktəbə qəbul olunan tələbələrin
nə üçün məhz müəyyən keyfiyyətlərə
malik olması ilə bağlı iradlar tutulurdu. Bizsə onlara
deyirdik: Ali məktəbə qəbul olunan abituriyent öncə
orta məktəbi bitirib. Qəbul imtahanı isə seçmədir
və burada müəyyən edilmiş xüsusiyyətlərə
yaxınlaşanlar tələbə adını qazanır. Biz
ayrı ölkələrdən abituriyent gətizdirə bilmərik.
Ona görə xəyallarla yaşamaq lazım deyil. Müəllim
və tələbələr tərəfindən
imtahanların tədris proqramlarına uyğun keçirilməsinin
qəbul edilməsi, yəni narazılıq hallarının az
olması ilə bağlı isə qeyd edim ki, 1994-cü ildən
TQDK tərəfindən bu istiqamətdə çox ciddi
işlər aparılır. Komissiyanın nəzdində fənlər
üzrə elmi-metodiki seminarlar fəaliyyət göstərir.
Seminarların işi açıq müzakirələr şəklində
qurulur. Bütün fənlər üzrə qəbul
proqramları tərtib olunur, dərsliklər və imtahan nəticələri
təhlil edilir. 1994-cü ildəki vəziyyətlə
2009-cü ildəki vəziyyət arasında olduqca
böyük fərq var. Biz bu illər ərzində müxtəlif
mərhələləri arxada qoymuşuq. 1994-cü ildə
Sovetlər dövrünün dərslikləri qüvvədə
idi və qəbul imtahanlarında iştirak edən abituriyentlər
8-ci, hətta 10-cu sinfə qədər sovet dərslikləri
ilə oxuyan gənclər idi. Tədricən bu dərsliklər,
tədris proqramları dəyişildi. Mən hazırki dərsliklərin,
orta məktəb proqramlarının səviyyəsi ilə əlaqədar
müzakirə aparmaq istəmirəm. Amma biz onları kor-koranə
də qəbul edə bilmirik. Çünki hər bir
reallıqda yaxşı dərslik də var, pis dərslik də.
Dərsliklərdə səhvlərə, tədris
proqramlarında mübahisəli məqamlara kifayət qədər
rast gəlmək olar. Amma imtahana biz yalnız o materialı
çıxara bilərik ki, o həm elmi, həm də metodiki
cəhətdən tam düzgün olsun. Dərsliklərdəki
səhvlər imtahan materiallarında təkrar oluna bilməz.
Buna görə, TQDK-nın nəzdində fəaliyyət
göstərən fənlər üzrə elmi-metodiki
seminarlarda hər il yeni dərsliklərin, orta məktəb
proqramlarının müzakirəsi aparılır. Nəticədə
ali məktəblərə ixtisas qrupları üzrə qəbul
proqramları tərtib olunur, bu proqramlar əsasında
hazırlaşmaq üçün mənbələrin
siyahısı müəyyənləşdirlr. Dərsliklərdə
olan səhvlər isə hər il ayrıca kitabçalar
halında çap olunur. Təbii ki, aparılan bütün bu
işlər yalnız abituriyentlərin deyil, orta məktəb
müəllimlərinin, təhsil və elmi işçilərin
də maariflənməsinə yardım edir.
Bir şeyi
unutmaq olmaz ki, müasir dövrün tələblərinə
uyğun elə biliklər var ki, hazırda buraxılış
sinfində oxuyan məktəbli gərək onları 5-ci sinifdən
mənimsəyəydi. Amma o 5-ci sinifdə oxuyanda bu biliklər,
yeniliklər əldə olunmamışdı. Bu cür yenilikləri
biz qəbul proqramına daxil edirik. "Abituriyent"
jurnalında həmin mövzulara aid məqalələr dərc
olunur. Ola bilsin ki, orta məktəblərdə bu proqram
keçilməyib amma bu yeniliklər mövcuddur. Məsələn,
şagird aşağı siniflərdə oxuyanda tədris
proqramına əsasən ona elə dərslər keçilib
ki, indi elm tərəfindən inkar edilir. Biz şagirdə tədris
olunub deyə, həmin mövzunu qəbul proqramında saxlaya
bilmərik. Qəbul proqramı həm orta məktəb
proqramını, həm də yenilikləri özündə əks
etdirilməlidir. Məsələn, iqtisadi böhranla əlaqədar
iqtisadi coğrafiyaya aid olan rəqəmlər bu il dəyişib
və dərsliklərə hələ salınmayıb, amma
biz onları proqrama daxil edirik. Bundan başqa, ölkəmizdə
regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar
dövlət proqramı üzrə görülən işləri
əks etdirən faktlar qəbul proqramına əlavə
olunub. Magistratura aid olan imtahanlarda da bu proses həyata
keçirilir. Biz 2005-ci ildə magistratura pilləsinə ilk dəfə
imtahan aparanda ali məktəblərdən xahiş etdik ki,
öz tədris proqramlarını, hansı ədəbiyyat əsasında
dərs keçdiklərini təqdim etsinlər. Təqdim
olunan tədris proqramları və ədəbiyyat
siyahısı bizim tərəfimizdən olduğu kimi
çap olundu. Bundan sonra məlum oldu ki, ali məktəblərdə
müəyyən dərslər 1934-cü ildə buraxılan
dərsliklər əsasında tədris olunurmuş. Magistraturaya
qəbul 1998-ci ildən 2004-cü ilə qədər ali məktəblər
tərəfindən aparılanda ictimaiyyət bu faktlardan xəbərsiz
idi. Artıq 4 ildir ki, biz magistr pilləsinə dair qəbul
proqramları tərtib edir və dərc edirik. İldən-ilə
ali məktəblərin tədris proqramlarında, ədəbiyyat
siyahılarında dəyişiklikləri, təkmilləşməni
hiss edirik. Faktlar ictimaiyyətə məlum olan kimi bu dəyişikliklər
baş verdi, təkmilləşmə prosesi getməyə
başladı.
Mən
xüsusi vurğulamaq istərdim ki, TQDK tərəfindən qəbul
imtahanlarının proqramı, yəni imtahanda abituriyentlərə,
eləcə də bakalvrlara təqdim etdiyimiz suallar üzrə
materiallar "Abituriyent" jurnalının müvafiq
saylarında əvvəlcədən dərc olunur. Ona görə
də qəbul imtahanlarının proqrama uyğun
olub-olmaması ilə bağlı heç kəs bizə irad
tutmur. Bütün bu proses ictimaiyyət üçün
tamamilə açıq həyata keçirilir.
- UNESCO və
Dünya Bankının təhsil üzrə ekspertlərinin
yaxşı imtahan sisteminə dair müəyyənləşdirdikləri
parametrlərdən biri də imtahanların texniki cəhətdən
keyfiyyətli olmasına (etibarlığına, çətinlik
səviyyəsinə) dair statistik dəlillərin olması ilə
bağlıdır. TQDK-nın bu istiqamətdə fəaliyyəti
barədə məlumat verməyinizi istərdik..
-
İmtahanların texniki cəhətdən keyfiyyətli
olmasına dair statistik dəlillər TQDK-da mövcuddur və
biz bu dəlilləri prosesdə iştirak edənlər, eyni
zamanda bütün ictimaiyyət üçün
"Abituriyent" jurnalının 12-ci sayında dərc
edirik. Bundan başqa www.mekteb.edu.az internet saytında 1994-cü
ildən bu günə kimi hər bir orta məktəb məzununun
nəticələri, təhsil müəssisələrinin
müxtəlif fənlər üzrə göstəriciləri
öz əksini tapıb. TQDK tərəfindən ali məktəblərə
qəbul prosesinin gender aspektləri, qadınların bu prosesdə
iştirakı və bilik səviyyəsi məsələlərinə,
neft ixtisaslarına qəbula dair araşdırmalar da
aparılır. TQDK-nın bu araşdırmaları aparan
struktur bölməsi bu prosesi çox yüksək səviyyədə
icra edir. Aparılan araşdırmaların nəticələri
mütəxəssislərə təqdim olunur. Müxtəlif
təşkilatlar tərəfindən TQDK-ya sorğular göndərilir
və biz bu sorğular əsasında da araşdırmalar
aparırıq. Testlərin etibarlılığına gəlincə,
iki məqama xüsusi toxunmaq istərdim. Bunlardan biri test
tapşırıqlarının valentliyi ilə
bağlıdır. Hər bir test məzmunca valent
olmalıdır, yəni orta məktəbdə qüvvədə
olan tədris proqramını əhatə etməlidir, bundan kənara
çıxmamalıdır. Ancaq eyni zamanda məktəbdə
tədris olunan bütün mövzuları da oraya əlavə
etmək olmaz. Bu, məktəb proqramının alt
çoxluğudur, yəni onun bir hissəsidir. Ancaq test
tapşırıqlarına daxil olan suallar orta məktəb
proqramının bütün mövzularını əhatə
edir. Həm aşkar həm də qeyri- aşkar şəkildə.
Suallar müxtəlif mövzuları əhatə etməklə
yanaşı, abituriyentin bacarıq və vərdişlərini
də yoxlamalıdır. Ona görə də testlər
yalnız faktoloji suallardan ibarət olmur. Qəbul
imtahanlarında abituriyentin ümumiləşdirmə, səbəb-nəticə
əlaqələrini müəyyənləşdirmək
bacarığını, izahedici, həm də
proqnozlaşdırma xarakterli, bir sözlə müxtəlif
keyfiyyət parametrlərini yoxlayan test
tapşırıqları tətbiq olunur. İkinci məqama gəlincə,
bilmək lazımdır ki, test
tapşırıqlarının hamısı müəyyən
bir məqsədə xidmət etməlidir. Abituriyentin müəyyən
istiqamətdə biliyinin müxtəlif çalarlarını
izah etməyə yönəlməlidir. Əgər eyni səviyyəli
test tapşırıqlarını iki yerə bölsək,
onların əsasında iki müxtəlif sual
kitabçası tərtib etsək abituriyentin hər iki test
üzrə cavabları bir-birinə mütləq yaxın
olmalıdır. Ona görə təkcə testləri tərtib
etməklə iş bitmir. Öncə testlərin keyfiyyət
göstəriciləri yoxlanılmalıdır, onlar müəyyən
parametrlərə cavab verməlidir. Bunların arxasında
çox ciddi tədqiqat işləri dayanır və
imtahanlarda istifadə olunan hər bir variant üzrə cavablar
yoxlanılır, testlərin etibarlılığı təsdiq
olunur. TQDK-da bu sahə üzrə məşğul olan
şöbənin işi beynəlxalq ekspertlərin
iştirakı ilə müzakirə olunanda onlar bizim
apardığımız işi təqdirlə
qarşıladılar. Həmin ekspertlər təəccüblərini
gizlətmirdilər ki, TQDK hələ 1994-cü ildə,
müasir texnologiyaların indiki qədər inkişaf etmədiyi
bir şəraitdə bu işi necə həyata keçirib. Biz
1994-cü ildə bu ölçmələri adi riyazi
üsullarla, bizə məlum olan standart klassik metodlarla
aparırdıq. Bilirsiniz, bunlar elə fəaliyyət sahəsidir
ki, onları geniş ictimaiyyətə təqdim etmək
mümkün olmur, çünki hər kəs bu cür elmi
araşdırmaları anlamaq iqtidarında deyil. Bunlar yalnız
mütəxəssislər arasında müzakirə olunan
riyazi məsələlərdir. Biz istərdik ki, Azərbaycanda
aparılan bütün test imtahanları, imtahan nəticələri
belə təhlil edilsin və onun ətrafında müzakirələr
aparılsın. Çünki bu müzakirələr
üçün bizim kifayət qədər materialımız
var. TQDK-dan başqa da kütləvi test imtahanları
keçirən müxtəlif təşkilatlar var. Biz onlara bu
tip araşdırmalarla bağlı sual verəndə, test tərtibi
ilə əlaqədar xarakteristikaları soruşanda təssüflər
olsun ki, bu suallar qarşısında aciz qalırlar. Çünki
belə təhlilləri hələ ki, apara bilmirlər. Bunu
müəyyən qədər başa düşmək olar,
çünki bu cür təhlilləri aparmaq
üçün çox ciddi qüvvə lazımdır. Ancaq
biz müxtəlif təşkilatlara belə təhlillər
aparmaqda köməklik göstərməyə hazırıq. Bizim
Komissiyanın mütəxəssisləri tərəfindən
xüsusi proqramlar yaradılıb ki, biz o proqramları
bütün imtahanların nəticələrinə tətbiq
edə və keçirilən kütləvi imtahanların
peşəkarlıq baxımından etibarlı
olub-olmadığı barədə rəy verə bilərik.
- İmtahan
materiallarında səhvlərin minimuma enməsi
üçün hansı tədbirlər görülür? Adekvat
keyfiyyətə nəzarət tədbirlərinin görülməsi
istiqamətində hansı işlər nəzərdə tutulub?
- Müəyyən
imtahanlar olub ki, biz orada təqdim olunan test
tapşırığının doğru olmadığı
barədə qərar qəbul etmişik. Bu cür hallara
bütün ölkələrdə rast gəlmək
mümkündür. Ancaq elə etmək lazımdır ki, bu
hal hüquqi cəhətdən abituriyentlərin imtahan nəticələrinə
təsir etməsin. Bizdə belə qayda mövcuddur ki, əgər
sualda səhv varsa, həmin sual bütün abituriyentlər
üçün düzgün hesablanır. Çünki
abituriyent həmin sualı cavablandırmaq üçün
vaxt sərf edib. Texnoloji cəhətdən səhvlərin
qarşısını almaq üçün TQDK tərəfindən
çox ciddi işlər görülür. Testlər tərtib
olunanda bir neçə dəfə ekspertizadan keçirilir. Bu
proses avtomatlaşdırılmayıb, çünki ekspertiza
prosesində insanın iştirakı mütləqdir. Amma bu
ekspertizanın nəticələri test bankına daxil olandan
sonra artıq biz bilirik ki, nəticələr necə ola bilər.
İmtahanlara suallar hansısa bir ekspertin, yaxud hüquqi, fiziki
şəxsin istəyinə görə deyil, avtomatik olaraq,
kopmpyuter vasitəsilə seçilir. Bu prosesə başlamaq
üçün təsadüfi ədəd verilir və
xüsusi proqramla avtomatlaşdırılmış şəkildə
aparılır. Testlər çıxarılandan sonra bunker
şəraitində ekspert-müəllimlərə təqdim
olunur və onlar bir mütəxəssis kimi testləri oxuyub səhvlərin
olub-olmadığına baxırlar. Bunker şəraiti deyəndə
biz müəyyən müddətə müəllimlərin ətraf
mühitdən təcrid olunmasını, heç kəslə
təmasda olmamasını nəzərdə tuturuq. Bəzən
ictimaiyyətdə belə fikir formalaşdırılır ki,
testləri həmin müəllimlər seçir. Bunker şəraitində
müəllimlər test seçmirlər, test yazmırlar,
testin formalaşmasına onlar təsir göstərə bilməzlər.
Testlərdə müxtəlif səhvlər ola bilər.
Texniki, rəqəm, yığma, metodiki səhv və sair. Müəllimlər
yalnız o səhvləri yoxlayırlar. İmtahan başa
çatdıqdan sonra biz TQDK-ya yeni, heç bir zaman imtahan
suallarını ekspertizadan keçirməyən ekspertləri
dəvət edirik və test tapşırıqları onlara təqdim
olunur. Bu test tapşırıqlarının cavablarını
onlar bilmirlər. Bu ekspertlər oturub təzədən
ekspertiza keçirir və yeni cavabları təsdiq edirlər.
Bunkerdəki ekspertlər çıxanda isə biz onlar tərəfindən
təqdim olunan cavablarla müstəqil ekspertlərin nəticələrini
müqayisə edirik. Bu nəticələr üst-üstə
düşməlidir. Nəticələr üst-üstə
düşmədiyi təqdirdə biz yenə də ekspert dəvət
edirik və araşdırırıq ki, niyə bu nəticələr
bir-birinə uyğun gəlmir. Ola bilsin ki, hansısa ekspert səhv
edib, istinad edilən mənbə artıq ləğv edilib. Biz
nəticələr tam üst-üstə düşənə
qədər cavabları təsdiq etmirik. Qəbul imtahanı
başa çatandan bir neçə saat sonra imtahan nəticələri
"Space" telekanalının canlı efirində ekspertlər
tərəfindən izah edilir. TQDK-nın ekspertizası
çox etibarlı bir ekspertizadır. Bu açıqlamalarla əlaqədar
polemika aparmaq və sadalananlarla bağlı bizə sual vermək
istəyən mütəxəssisləri bu layihəyə cəlb
etməyə hazırıq.
Sevinc QARAYEVA