Gələcək Ankaradaydı...
Məşhur telejurnalist
Qulu Məhərrəmli "Türkiyəyə səfər
var" deyəndə ağlımdan "arayan
mövlasını bulurmuş" fikri keçdi. Nə
vaxtıydı ki, Türkiyəyə uçmağa girəvə
gəzirdim, oradan alacağım üç-beş kitab
vardı və həmin kitabları oxumadan növbəti
metaromana başlaya bilməyəcəyimin vahiməsi məni
gündən-günə daha çox basırdı. Ürəyimdən
keçənləri Qulu müəllimdən gizlətmədim
və mənim mötəbər bir heyətə
qatılmağıma təkan da bəlkə elə onun kitaba
verdiyi dəyər oldu. Tərslikdən ertəsi gün babam rəhmətə
getdi. O babam ki, içimizdə laçınlı məhz o
idi, hamıdan çox o idi və mən indidən
"Çıraq daşı" adlandırdığım
növbəti metaromanı onun adına bağlamaq istəyirdim.
Qara xəbəri alınca səfərə gedə bilməyəcəyimi
zənn etdim, lakin kişini torpağa tapşırandan sonra məhz
ona ithaf etmək istədiyim romanın cazibəsi məni yenidən
Türkçəyə - Türkiyəyə yox,
Türkçəyə, o dilə tərcümə olunan
metaromanlara dartdı və yol yoldaşlarımın səfər
ovqatını korlamamaq üçün başıma gələn
qəzavü qədəri "525-ci qəzet"in baş
yazarı Rəşad Məciddən savayı kimsəyə
demədim...
Adəm bəy - Azərbaycandakı
türk liseylərinin genəl başqanı biletlərimizi
hava limanında payladı. Bakıdan Ankaraya birbaşa
uçuş olsa da, İstanbuldan Ankaraya başqa bir reyslə
getmək şərtiylə biz son zamanlar dünyanın ən
yaxşı aviaservislərindən sayılan Türk Hava
Yollarının uçağına mindik. Səfərin təşkilatçıları
bunu heyətimizin qayğısına qalmaqla izah etsələr
də, ortada xalis bir türk patriotluğu var idi. Bir az çox
vaxt aparsın, yol azacıq uzansın, qiymət nisbətən
bahalaşsın, təki türk hava yollarına xeyir verək!
- meyar bu idi. "Bundan sonra dünya dağılsa da, imkan olan
yerdə AZAL-dan başqasına minmərəm" deyə
özümə söz verib pasport yoxlanışından
keçdik...
Esenboğa hava
limanından xüsusi kirayələnmiş avtobus Ankaranın
Bağlat bölgəsindəki beşulduzlu otelə
varıncaya qədər Adəm bəy əlində mikrofon bizə
bələdçilik etdi. Yolumuzun üstündə olan rəsmi
binaları və digər məşhur yerləri
tanıtdı. Mən daha öncələr bir neçə dəfə
Ankarada olduğumdan MHP-nin binasını Türkiyəyə
ilk dəfə gedən, ümumiyyətlə təyyarəyə
birinci dəfə minən "Şərq" qəzetinin
baş redaktor müavini Yusif Nəzərliyə və Ankarada
heç zaman olmamış gənc qələm əhli Qan
Turala göstərməyə fürsət gəzirdim. "Baxın!"
- az qala qışqırdım və MHP-nin damında helikopter
meydançası inşa edilmiş çoxmərtəbəli,
əzəmətli binasını yol yoldaşlarıma
nişan verdim. Qan Tural eynəyini düzəldib binanı
süzdü və dərhal nihilist bir sual verdi: "Bu boyda qərargahları
var, bəs niyə iqtidar ola bilimirlər"?
Axşam Ankaranın ən
məşhur paxlavaçısı sayılan (nədənsə
yadıma "Yabançı damat" dizisini saldı o məkan)
"Hacıbaba"da şam etdik. İnsafən, əldən-ayaqdan
getdilər. Bizə göstərilən böyük diqqət
fonunda süfrəyə şərab verilməməsindən
duyduğumuz üzgünlük və "nurçular"a
qarşı önyarğılarımız tamamən
alt-üst oldu. Fətullah Gülən camaatının
Türkiyədəki və dünyadakı mövqelərinin
gündən-günə güclənməsinin səbəblərini
də məhz orada anlamağa başladıq. Sən demə,
"adamı geyiminə görə qarşılayıb,
ağlına görə yola salırlar" Azərbaycan atalar
sözündəki hikmətin fərqinə Gülən
camaatı çoxdan varıbmış. Hamısı səliqəli,
gülərüz və bilikli... İkrah doğurmurlar. Bu arada
pulsuz kişinin üzünün qaralığını da
yaxşı bildiklərindən, əlləri qoynunda oturmaqla cənnət
sevdasına düşməyiblər, bir-birlərinə dəstək
olmaqla biznes sektorunda mühüm uğurlar qazanıblar. Gülən
camaatını bir növ "islam protestantları" hesab
etmək olar; sadəcə onlar daha dinc və uzun vədəli
xətt seçiblər... AK Partini cani-dildən dəstəkləyirlər.
Uluslararası
Türkçə Olimpiadasının bağlanış
törənində kürəyimizə vuran kondisionerin dərdindən
salonda çox otura bilmirdik. Tədbirə böyük maraq
göstərərək açıq havada iri ekranların
başına yığışmış sadə xalqın
arasına qatıldıq. Azərbaycan adını eşidəndə
ara-sıra tanış olduğumuz insanların hər birinin
gözü güldü. Bizim də gözlərimiz az
yaşarmadı. Afrikadan, Asiyadan, Şərqi Avropadan gəlmiş
lisey şagirdlərinin söylədiyi şərqilər,
xüsusən də Türkiyə Cümhuriyyətimizin
himninin oxuyan körpələr bizi əməlli-başlı
duyğulandırdı. Gürcü balası Vano öz səsi
və səhnə mədəniyyəti ilə hamını
valeh etdi. Arada törənin ssenarisində öləziyən
dinamikanı Baş bakan Rəcəb Tayyib Ərdoğanın
qısa nitqi qaldırdı. Kütahyadan yorğun
döndüyü hiss olunsa da, illərin natiqi tədbirin
ovqatını yaxşı tutmuşdu.
İndi bu sətirləri
yazarkən fərqinə varıram ki, zamanca qısa, yolca uzun
olmasına baxmayaraq, Ankara səfəri mənə çox
şey verib. Ankara ətrafındakı Kardelen
lokantasındakı ala balıq qonaqlığı və
küpünə girdiyim şalğam içkisi (spirtsizdir) fərqli
bir xatirəyə çevrilib, Arif Əliyevi, Zeynal Məmmədlini,
Rəşad Məcidi, Yadigar Məmmədlini, Bahəddin Həziyevi,
Yusif Nəzərlini yolda yenidən kəşf etmişəm;
Qulu Məhərrəmlinin timsalında özümə,
türklər demiş, "abi" qazanmışam; MTRŞ sədri
Nuşirəvan Məhərrəmlinin də türk dilini
ürəkdən sevdiyinə şahid olmuşam; cəmi-cümlətanı
bir sutkada Qan Turalın aylarla danışsam bitməyəcək
lətifəlik sərgüzəştlərinə şahid
olmuşam... Ən başlıcası, qayıdanda
çantamda xeyli kitab vardı və Türkiyədə tarixi
metaroman janrının banisi Oktay Anarın əsərləri də
o kitabların arasında idi...
Taleh ŞAHSUVARLI