Heydər və
Heydəgər
Söhbət XX əsrin
iki görkəmli filosofundan, azərbaycanlı Heydər
Hüseynovdan (1908-1950) və alman Martin Heydəgərdən,
orijinalda - Heidegger (1889-1976), gedir.
Yaşadıqları əsrdən
və adlarındakı bənzəyişdən başqa bu iki
filosofu nə birləşdirir, görəsən? Amma bizi bu
müqayisəni aparmağa vadar edən Azərbaycanın bəzi
gənc fəlsəfə tədqiqatçılarının
öz mədəni-mənəvi irsimizə, elmi-fəlsəfi
fikir tariximizə pessimist və hətta inkarçı
münasibət bəsləməsidir. Bu, həm də ona
görə önəmlidir ki, belə əhval-ruhiyyə təkcə
ayrı-ayrı şəxslərdən deyil,
bütövlükdə fəlsəfi mühitimizdə, hətta
ümumiyyətlə düşüncə tərzimizdə qərarlaşmış
olan müəyyən tendensiyadan xəbər verir.
"Dahilərin divanı"
Artıq bir ildir ki, Azərbaycanda
prezidentin sərəncamı ilə akademik Heydər
Hüseynovun 100 illik yubileyi qeyd edilir və bu münasibətlə
müxtəlif konfranslar, müzakirələr keçirilir. ANS
TV-də də "Dahilərin divanı" verilişinin
növbəti buraxılışı Heydər Hüseynova həsr
olunmuşdu.
Heydər Hüseynov
irsinə kifayət qədər bələd olduğuma görə,
mən bu verilişə onun haqqında hansı isə əlavə
bilgi almaqdan daha çox, sadəcə müasirlərimizin onu
nə dərəcədə mənimsəyə və dəyərləndirə
bildiklərini öyrənmək üçün baxdım. Baxdım
və xeyli məyus oldum. Çünki mütəxəssis
qismində dəvət olunmuş şəxslər Heydər
Hüseynovun xidmətlərindən bu dərəcədə
bixəbərdirlərsə, deməli, geniş ictimaiyyət
daha çox xəbərsizdir.
Yeri gəlmişkən,
"Dahilərin divanı" barədə. Xalqımızın
mədəniyyət, fikir və qəhrəmanlıq tarixindən,
böyük şəxsiyyətlərindən söhbət
açan bu veriliş efiri bürüyən şoular
kontekstində, heç şübhəsiz, müsbət təsir
bağışlayır. Daha doğrusu, ideya özü
müsbətdir. Amma təəssüf ki, bu ideyanın
realizasiyası yenə də şou elementlərinə söykənir.
Əlbəttə, "həqiqət mübahisələrdə
üzə çıxır", dialoq monoloqdan daha effektlidir.
Bunları mən də qəbul edirəm. Efirdə geniş
yayılmış yeknəsəq düşüncəni, hər
şeyin ancaq çəhrayı rəngdə təqdimatını,
monotonluğu bir tamaşaçı kimi mən də sevmirəm.
Amma söhbət görkəmli şəxslərdən gedəndə
fikir müstəvisində hərrac elementləri xoş təsir
bağışlamır. Yəni bir ifratdan uzaqlaşıb
başqa ifrata keçmək də arzuolunmazdır. Mübahisələr,
əlbəttə, olmalıdır, lakin sanki ssenari üzrə
quraşdırılmış şəkildə, həm də
səthi yanaşmaların sayəsində deyil, dərinə
getdikcə üzə çıxan fərqlərdən
doğmalıdır.
Görünür,
tamaşaçıların səviyyəsi haqqında pessimist
münasibət o dərəcədə kök
atmışdır ki, qarşıdurma, intriqa, dedi-qodu olmasa
tamaşaçı baxmaz, - deyə ehtiyatlanmaq üzündən
bu veriliş mahiyyətinə uyğun gəlməyən bir
formada təqdim olunur. Buraya aparıcı diktatını, onun
söhbətləri məhz öz istədiyi səmtə
çəkmək və dəvət etdiyi şəxslərdən
bir baş yuxarı olduğunu göstərmək cəhdlərini
də əlavə etsək, bu gözəl ideyanın əslində
bir qədər təhrif olunduğu daha çox nəzərə
çarpar. Düzdür, haqqında bəhs etdiyimiz
verilişdə aparıcı həqiqətən dəvətlilərdən
daha hazırlıqlı idi, lakin bu, aparıcınınmı
üstünlüyündən, yoxsa dəvətlilərinmi
hazırlıqsız gəlməsindən doğurdu, - deyə
bilmərəm. Bircə şey aydın idi ki, Heydər
Hüseynov nəinki dahi, heç ümumiyyətlə ciddi bir
tədqiqatçı və təşkilatçı kimi də
təqdim oluna bilmədi. Verilişdə onun Heydəgərlə,
oxunduğu kimi desək, Haydeggerlə haqsız bir müqayisəsinə
isə münasibət bildirməmək mümkün deyil.
Əgər dünya fəlsəfəsində
Aristotel varsa, Dekart varsa, Kant varsa, Haydegger varsa, biz öz
görkəmli fəlsəfə tədqiqatçılarımızı
aşağılamalıyıqmı, yaxud öz milli fəlsəfi
fikrimizə biganəlikmi göstərməliyik? Bu gün Qərb
dünyası yeni ideyalardan kasadlıq çəkirsə və
üzünü yenidən Şərq fəlsəfəsinə
tutursa, bizsə tərsinə, özümüzü öyrənməkdən
imtinamı etməliyik? Bu başqa məsələ ki, biz gərək
özümüzə qapanmayaq və dünya fəlsəfi
fikrini də öyrənək. Elə Haydeggeri də.
Haydegger dühası
Bəli, Haydegger
böyük filosofdur. Fəlsəfənin elmi-fəlsəfi
sistem kimi formalaşmasında böyük xidmətləri
vardır.
Lakin mən sual edirəm.
Haydegger dünya fəlsəfəsi bir yana dursun, alman fəlsəfəsində
nəyin başlanğıcını qoyub? Hansı
böyük fəlsəfi məktəbin təməlində
dayanır? Hansı xalqı qəflət yuxusundan oyatmağa
çalışıb? Hansı xalqın öz
keçmişi nümunəsində ona milli özünütəsdiq
impulsu verib? Yaxud bütövlükdə düşüncə
tərzində bir inqilab sayıla biləcək ictimai təbəddülat
yaradıbmı? Xalqı fəlsəfi və ictimai-siyasi
özünüdərk səviyyəsinə yüksəltmək
kimi ağır bir yükün altına giribmi? Öz əqidəsi
yolunda ölüm şərbəti içibmi, yoxsa faşizm
rejimi ilə rahatca əməkdaşlıqmı edib? Bunları
ona görə soruşuram ki, dahilik təkcə fəlsəfə
yazmaqla olmur, həm də əqidə qəhrəmanlığı
tələb edir.
Digər tərəfdən,
Haydegger Leybnitsi olan, Kantı olan, Hegeli olan bir xalqın
nümayəndəsidir. Və adlarını çəkdiyim
və çəkmədiyim neçə-neçə
böyük filosofun sırasında dursa, heç də həmişə
birinci olmayacaq. Hətta öz dövründə də mənsub
olduğu fenomenoloji təlimi də o yaratmayıb və öz
müasiri E.Husserlin tələbəsi kimi tanınır. Dil fəlsəfəsi,
linqvistik analiz, hermenevtika kimi sahələrdə də ya
Vitqenşteyndən, ya Şleyermaxerdən sonra gəlir. Hətta
ekzistensializmi də Haydegger yaratmamışdır. Burada
böyük bir filosoflar dəstəsinin; K.Yaspersin, Q.Marselin,
J.P.Sartrın və s.nin birgə səyləri nəzərə
alınmalıdır.
Və nəhayət,
Haydegger onu yetişdirən böyük alman xalqının
böyük fəlsəfi ənənələrinə
söykənməkdən əlavə, onu qiymətləndirə
bilən, ona dəstək verən yüzlərcə
böyük filosofun əhatəsində və "əlləri
üzərində" bu mərtəbəyə
qalxmışdır.
Haydegger ona qədər
yüksək səviyyədə qurulmuş olan hazır fəlsəfə
mühitində yazıb yaratmış və ancaq
yaradıcılıqla məşğul olmuşdur. 87 il
ömür sürən həyatının 65 ilini məhz fəlsəfi
tədqiqata həsr edə bilmişdir. Heydər Hüseynovun
isə belə rahat, məqsədyönlü tədqiqat
üçün heç bir ay da sərbəst vaxtı
olmamışdır. O, fəlsəfə sahəsində nə
yazıbsa, ancaq iki daş arasında yazmışdır.
Yadımdadır,
böyük Azərbaycan riyaziyyatçısı Lütfi Zadənin
75 illiyini qeyd etmək üçün Bakıda bir toplantı
keçirilirdi. İştirakçılar onun haqqında
ürəklərindən gələn gözəl sözlər
dedilər. Mən isə sadəcə bir sual verdim: - Necə
düşünürsünüz, əgər o, Amerikaya
köçməsə idi, ya Azərbaycanda, ya İranda qalsa
idi, Zadə ola bilərdimi? Təbii ki, yox. Onda heç olmazsa,
bir onun etnik mənşəyindən danışanda, bir də
ona şərait yaradan, onu bu mərtəbəyə
qaldıran mühitdən, Amerikadan danışaq.
Bəli, alimin də
öz genetik potensialını reallaşdıra bilməsi
üçün münbit mühit lazımdır. Haydegger
üçün bu mühiti yarandanlar var idi. Heydər isə
mühitin özünü yaradan idi.
Heydər Hüseynov dühası
Bəli, 37-ci ildən
sonra Azərbaycanda mədəni-mənəvi mühit də, fəlsəfi
fikir məkanı da xışlanmış,
şumlanmış bir sahəni xatırladırdı. Bu məkanı,
bu mühiti Cavidlərdən, Cavadlardan təzəcə "təmizləmiş",
başqalarına da görk etmişdilər. Belə bir vaxtda
millətə xidmət olsa-olsa, bədii obrazlara, notlara
bürünərək, labirintlərdən keçərək,
dolayısı ilə söylənə bilərdi. Necə ki,
bunu Üzeyir bəylər, Səməd Vurğunlar edirdi. Amma
Heydər Hüseynov şair yox, bəstəkar yox, filosof idi. O,
fikirlərini daha aşkar şəkildə demək məcburiyyətində
idi.
Bu gün ancaq
ictimai-siyasi fikir tarixinin öyrənilməsi ilə və fəlsəfədən
sadəcə bir dünyagörüşü kimi bəhs etməklə
kifayətlənməyərək, müasir fəlsəfənin
mürəkkəb problemlərindən, elmiləşmiş fəlsəfədən
yazan tədqiqatçılar da var. Lakin onların heç biri
nəyi isə sıfırdan başlayaraq yaratmır.
İndiki fəlsəfəçilər nə vaxtsa məhz
Heydər Hüseynov tərəfindən əsası
qoyulmuş fakültələrdə, institutlarda, az-çox dərəcədə
formalaşmış bir mühitdə yazıb-yaradırlar.
Heydər Hüseynovun
dövründə, marksist-leninçi fəlsəfənin
hakim olduğu bir şəraitdə və hər hansı bir
millətçilik təzahürünə görə
insanların təqib edildiyi bir mühitdə milli-fəlsəfi
fikirdən danışmaq və onu sanki marksizmə alternativ
bir dünyagörüşü kimi təqdim eləmək, təbii
ki, Kremlin maraqlarına uyğun ola bilməzdi.
Heydər Hüseynovun
faciəsi nə üçünsə və kimlər tərəfindənsə
Şeyx Şamillə, onun apardığı milli-azadlıq hərəkatına
münasibətlə əlaqələndirilir. O vaxt bunu Mircəfər
Bağırov belə edirdi. Bəs bu gün biz nə
üçün bu amilin əsas səbəb kimi göstərilməsi
ilə razılaşırıq? Axı, bu, daha çox dərəcədə
bəhanə idi. Əsas səbəb isə Heydər
Hüseynovun açılmış imkanlardan əlahiddə dərəcədə
istifadə etməsi idi. Bəli, Mərkəzin məqsədi
şumlanmış, yerlə-yeksan edilmiş bir mədəni-mənəvi
məkanda bir millilik görüntüsü yaratmaq naminə
üzdən gedən işlər idi. Lakin Heydər Hüseynov
verilən fürsətdən "sui-istifadə" edir,
millilik görüntüsü yaratmaq, hakim ideologiyanı sadəcə
milli rənglərə boyamaqdansa, sözün həqiqi mənasında
milli ruhun oyanışına xidmət edirdi. Milli fəlsəfi
fikir tarixini önə çəkməklə və üstəlik
bu sahədə kadrlar ordusu yaratmaqla milləti özünə
qaytarırdı. (Bax, bu, alt qatdakı, ilk baxışda
görünməyən səbəbdir.) M.Bağırovun
Moskvanı qabaqlaması və xüsusi canfəşanlığı
isə əvvəlki fəaliyyətinə və yüksək
ideoloji hazırlığına görə Mərkəzin
etimadını qazanmış bir şəxsin eyni zamanda millətin
etimadını qazanması faktına qısqanclıqla
yanaşmasından irəli gəlirdi. Şeyx Şamil əhvalatı
çoxdan olub getmiş və həmin dövrdə artıq təhlükə
doğurmayan bir söhbət idi. Bu baxımdan, Heydər
Hüseynova münasibətin bir epiqrafla bağlanması onun
rolunu və çoxşaxəli fəaliyyətinin əhəmiyyətini
qat-qat aşağı salır.
Bu yazıda bizim məqsədimiz
Heydər Hüseynovun xalq qarşısında xidmətlərini
işıqlandırmaq deyil. Bu barədə öz fikirlərimizi
biz əvvəllər də şərh etmişik.
Narahatlıq yaradan odur ki, gənclərimiz nə Heydər
Hüseynovun öz əsərlərini, nə də onun
haqqında yazılmış olanları oxumadan fikir
yürüdürlər. Fəlsəfi tədqiqat işi
aparmazdan öncə bu fəlsəfə üçün bir məkan
və mühit hazırlanması zərurətini, elmin
institutlaşmasına olan ehtiyacı, elm təşkilatçılığını
dəyərləndirə bilmirlər. Haydeggerləri
yetişdirə bilmək üçün əvvəlcə
onların mühitini yetişdirmək lazımdır. Elmi-fəlsəfi
mühit formalaşdırmaq və milli fəlsəfi
düşüncə yolunu işıqlandırmaq isə yeni fəlsəfi
təlim yaratmaqdan az iş deyil.
"İşə
başlamaq işin yarısıdır". Heydər
Hüseynov işin ən azı yarısını
gördü, həm də böyük əzmlə, bir
xalqın milli qüruru üçün, özünü dərk
etməsi üçün və irəliyə baxa bilməsi
üçün nə lazımdırsa, hamısını
etdi. Sonrakı işi isə biz görməli idik. Əgər
hələ indiyədək Haydeggerlərin fəlsəfəsinə
alternativ təlimlər yarada bilmiriksə və hətta
onları bütləşdiririksə, buna Heydər Hüseynov
neyləsin?!
Heydər
Hüseynovları dəyərləndirməyin və
yaşatmağın yeganə yolu isə bu gün ölkəmizdə
müasir fəlsəfi fikrin varlığını təmin
etməkdir.
Səlahəddin XƏLİLOV
525-ci qəzet.- 2009.- 12 iyun.- S.2.