Azərbaycanda Qətər Mədəniyyəti Günləri başa çatır

 

Qətər Dövlətinin Azərbaycanda keçirilən Mədəniyyət Günləri çərçivəsində M.F.Axundov adına Milli Kitabxanada doktor Xalid Yusif Ər-Dərbəşti ölkəsinin investisiya imkanları barədə mühazirə ilə çıxış edib. Qətərin tarixi bu günü haqqında ətraflı məlumat verən doktor Xalid Yusif ər-Dərbəşti ölkəsinin coğrafi mövqeyinin əhəmiyyəti barədə söz açıb: "Körfəz ölkələri arasında ərazisi ən kiçik olan Qətər hazırda dünyanın inkişaf etmiş ölkələrindən biridir. İqtisadiyyatın əsas hissəsini neft qaz hasilatından gələn gəlirlər təşkil edir. Hazırda dünya birliyinə sürətlə inteqrasiya edən, bir çox beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq aparan Qətər Dövləti müasir texnologiyaların mənimsənilməsində tətbiqində olduqca maraqlıdır". Xalid Yusif ər-Dərbəşti Qətərin illik maliyyə dövriyyəsi, investisiya imkanları, həyata keçirdiyi irimiqyaslı layihələr haqqında geniş məlumat verərək xarici ölkələrlə mövcud əlaqələrin istiqamətinə aydınlıq gətirib. Qətərdə milli-mənəvi dəyərlərin qorunmasına, gənclərin elmlərə yiyələnib savadlanmasına xüsusi önəm verildiyini deyən alim ölkəsində dünyanın 35-dən çox dövlətindən gənclərin təhsil aldığını çıxışında önə çəkib.

Kitabxananın direktoru Kərim Tahirov çıxışında respublikamızda keçirilən mədəniyyət günlərinin Qətər ilə Azərbaycan arasında əlaqələrin inkişafına yeni təkan verəcəyini vurğulayıb: "Bu günlər ərzində baş tutacaq görüşlər və digər tədbirlər xalqlarımızı yaxınlaşdıracaq, turizm, tarixi abidələrin qorunması, bərpası istiqamətində ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsinə töhfəsini verəcək".

Mədəniyyət günləri çərçivəsində Mərdəkan qəsəbəsində də tədbir keçirilib. Qəsəbə sakinləri Qətər mədəniyyətinin müxtəlif forma və üslublarını əks etdirən nümunələrlə tanış olublar, dost ölkənin şirniyyatlarından dadıblar. Tədbirdə müxtəlif mövzuları əks etdirən kitab və tətbiqi incəsənət sərgisinin açılışı olub, xınaçılıq, gəmidüzəltmə sənətləri haqqında məlumatlar verilib. Qətərin adət-ənənələri haqqında qısametrajlı sənədli filmin nümayişindən sonra həmin ölkənin folklor rəqs qrupu Mərdəkan sakinləri qarşısında milli musiqi nümunələri ilə çıxış edib. Nümayəndə heyəti eyni proqramla ötən gün Suraxanı rayonunda da qonaq olub. Qətər mədəniyyətilə bağlı tədbirlər bu gün - iyunun 12-də yekunlaşır.

 

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 12 iyun.- S.7.