"Hökmdarın taleyi" Şəkidə göstərilib

 

S.Rəhman adına Şəki Dövlət Dram Teatrında "Hökmdarın taleyi" filminin premyerası olub. Filmin ssenarisini İlyas Əfəndiyevin "Hökmdar qızı" faciəsinin motivləri əsasında xalq yazıçısı Elçin qələmə alıb. Mədəniyyət Turizm Nazirliyindən verilən məlumata görə, filmin nümayişindən öncə yaradıcı kollektiv tamaşaçılar qarşısında çıxış edib.

Filmin baş prodüseri Vaqif Əsədullayev çıxışında kinoya dövlət tərəfindən göstərilən qayğıdan danışıb: "Bu film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında çəkilib. Əsərin ekranlaşdırılmasına dövlət tərəfindən böyük diqqət göstərilib. BuÖ hazırkı dövrdə Azərbaycan kinosuna verilən yüksək dəyərin təzahürüdür".

Ekran əsərində baş rolu - Qarabağ hökmdarı İbrahim xanı canlandıran xalq artisti Fəxrəddin Manafov belə bir tarixi obrazı yaratmasından doğan məmnunluğunu dilə gətirib: "Özümü çox xoşbəxt hiss edirəm ki, belə böyük tarixi şəxsiyyəti ekranda canlandırmaq mənə nəsib olub". Çəkiliş prosesindən söz açan xalq artisti F.Manafov filmin əksər kadrlarının Şəki şəhərində çəkildiyini bildirib: "Əsas çəkilişləri Şəkidə apardığımız üçün yaradıcı heyət olaraq Bakı və Gəncədən sonra filmin növbəti təqdimatının burada keçirilməsini məqsədəuyğun hesab etdik".

Filmin nümayişindən sonra şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova ekran əsərilə bağlı təəssüratlarını bölüşüb: "XIX əsrin əvvəllərində Azərbaycanda baş vermiş tarixi hadisələrə həsr olunmuş bu filmdə həmin dövrdə xalqımızın başına gələn müsibətlər çox əhatəli və canlı şəkildə öz əksini tapıb. Filmdə cərəyan edən hadisələr bir daha onu göstərir ki, həmin dövrdə Azərbaycanda mərkəzləşmiş, vahid dövlətin olmamasından istifadə edən İran və Rusiya Azərbaycanı öz aralarında iki hissəyə bölüblər. Milli faciələrimiz də elə həmin dövrdən başlanıb". Z.Cavadova XX əsrin sonunda xalqımızın yenidən belə bir təhlükə ilə üzləşdiyini də çıxışına əlavə edib: "Həmin dövrdə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu faciənin qarşısı alınıb, Azərbaycan parçalanmaq təhlükəsindən xilas olub, dövlətimiz və dövlətçiliyimiz qorunub".

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 12 iyun.- S.7.