Millətin xilaskar obrazı səhnədə
C. Cabbarlı adına
İrəvan Dövlət
Azərbaycan Dram Teatrı
ötən ay Teatr Xadimləri İttifaqının
tamaşa salonunda Aqşin Babayevin "Xilaskar" tamaşası
ilə tamaşaçıların
görüşünə gəldi.
Tamaşa 1990-cı illərdə Respublikamızda
yaranmış ziddiyətli
hadisələrdən, Gəncədə
baş vermiş qardaş qırğınından,
müxtəlif satqınlıqlardan
və Ulu Öndərin xilaskarlıq
missiyasından bəhs
edir.
Onu da qeyd etməliyik ki,
Heydər Əliyevin 86-cı ildönümünə həsr
olunmuş bu tamaşa Mədəniyyət və Turizm
Nazirliyinin tövsiyəsi və Binəqədi Rayon İcra
Hakimiyyətinin təşəbbüsü ilə
hazırlanıb. Sənədli-publisistik dram janrında
hazırlanmış tamaşanın quruluşçu rejissoru
Oruc İzzətoğludur (Qurbanov). Tamaşada hadisələrin
cərəyan etdiyi əsas məkanlar Milli Məclisin iclas
salonu və sədrin kabinetidir. Tamaşanın
iştirakçılarına gəlincə, əsas obraz Ulu
Öndərimiz Heydər Əliyevin bədii obrazıdır. Milli
Məclisin deputatları, sədr, köməkçi və Ulu
Öndərimiz olmaqla tamaşada daha bir obraz ara-sıra diqqətimizi
cəlb edir. Bu səhnənin arxasından və müxtəlif
bucaqlarından baxışları bizə tuşlanan kütlədir.
Sanki tamaşada cərəyan edən hadisələrin daha bir
iştirakçısı kütlə və xalqdır. Hadisələrin
inkişafı boyunca kütlə bəzən öz
sözünü desə də, daha çox hallarda susur,
müşayiətedici funksiyasını daşıyır. Hadisələri
izləyən və hər şeyi yaddaşına yazan
kütlədir. Əsər janrı etibarilə sənədli-publisistik
dramdır və stenoqrafik sənədlər əsasında
yazılıb. Təsvir olunan hadisələr yaxın
keçmişimizdə baş verdiyi üçün
hamımızın yaxşı yadındadır. Tamaşada XX
əsrin 90-ci illərində baş vermiş hadisələr təsvir
olunur. Quruluşda kütlənin rəsmi verilmiş dəzgahlardan
istifadə olunmaqla, rejissor həm də Milli Məclisin iclas
salonunu səhnədə verir. Bu işlənmiş üsul
olsa da, bu tamaşa üçün yerinə düşür.
Ölkədə qarmaqarışıqlıqdır, Milli Məclis
və onun sədri vəziyyətdən çıxış
yolu tapa bilmirlər. Deputatların əksəriyyəti şəxsi
mənafeləri haqqında düşünürlər və
bu zaman Gəncədə qarışıqlıq
düşür. Xanım sədr (İsmayılova Elmira)
çaşqın nəzərlərlə,özünü itirmiş
vəziyyətdə qarşımızdadır. Aktrisa təqdim
olunan obrazın xarici rəsmində dəqiq cizgilərə
nail ola bilib. Burada çaşqın hərəkətlərlə
birlikdə eynək arxasından baxan narahat baxışlar, ləngərvari
yeriş və bütün xarici rəsmi tamamlayan daxili rəsmə
keçid olan nitqdir. Obraz olduqca baxımlı və rəngarəngdir.
Xanım sədr vəziyyətdən çıxış
yolu tapmayıb deputatları dinləmək istəyir. Deputatlardan
isə təbii ki, heç bir kömək görmür.
Deputatlardan ancaq bir nəfər vəziyyətdən
çıxış yolunu bilir. Milli Məclis vəziyyətdən
çıxış yolu axtarır. Milli Məclisin Ədalət
adlı bir əməkdaşı nə etmək lazım
olduğunu yaxşı bilir. Müəllif bilərəkdən
ədalətli çıxış yolunu tapan obrazın
adını Ədalət qoyub. Ədalətin ümid yeri,
inandığı şəxs ümummilli liderdir. Ədalət
obrazı müəllifin özüdür. Ədalət (Ə.Ərşadov)
obrazı dəqiq təsvir olunub. Aktyor hadisələr boyu
obrazın hərtərəfli açılışına
nail olur. Tamaşanın əsas obrazı ümumilli liderimiz
Heydər Əliyevdir. Xalqımızın yaxşı
tanıdığı, ən xırda xarakterik cizgilərinə
bələd olduğu, yerişi, davranışı,
mimikası, danışıq manerasını yaxşı
bildiyi Heydər Əliyev obrazını canlandırmaq olduqca
çətindir. Sanki Heydər Əliyev obrazı tanınan və
bilinən olduğu qədər, həm də olduqca mürəkkəb
xarakterli, qüvvətli və yenilməz bir insan idi.
İftixar Piriyev zəngin
xarakterli şəxsiyyətin obrazının təsviri
üçün əvvəl xarici rəsmin eyniliyinə
çalışır. Burada üz cizgiləri, saç
düzümü əsas deyil. Heydər Əliyevin
danışıq manerası, səsinin tonu daxili rəsmə
keçiddir. Lakin daxili rəsmə keçməzdən əvvəl
aktyor xarici rəsmi təqdim edir. Heydər Əliyevə məxsus
düz qamət, mətin addımlar, qolların aramlı hərəkəti
və son nöqtə olaraq inamlı baxışlar. Sədr
xanım E.İsmayılova artıq məcbur olub Heydər Əliyevi
(İ.Piriyev) tribunaya dəvət edir. Aktyor əyləşdiyi
yerdən qalxaraq mətin addımlarda tribunaya tərəf gəlir.
H.Əliyevə məxsus mətin və aram addımlar, qəti
və inamlı baxışlar bizə yaxın və
doğmadır. O, artıq mikrofonun yanındadır. Bir
anlıq özünü toplayıb, zalı seyr edir və bizə
tanış səs tonu və danışıq manerası ilə
nitqinə başlayır. Səsin tonu başlanğıcda
nisbətən aşağı olsa da tədricən yüksəlir.
Səsi əlin hərəkəti müşayiət edir. Artıq biz ümummilli liderin obrazını aktyorun ifasında tanıyırıq.
Milli Məclisin da bir əməkdaşı
Saqal Həmzədir. (S.Nəcəfov). O, satqındır, daim dəyişəndir,
vəziyyətə uyğunlaşandır. O, kimin hakimiyyətdə
olmağından asılı olmayaraq, ancaq var-dövlət
qazanmağı düşünür. Bu qorxaq tipin
ifasını aktyor xarici təsvirdə yastı yerişi və
hərəkəti, gözlərini qırpa-qırpa baxıb kəkələyən
danışığı ilə yaradır. Belələri həmişə
qorxulu olurlar. Aktyorun ifası maraqlı və
baxımlıdır. Milli Məclisin sədr əvəzi (N.Səfərəliyev)
obrazı da aktyorun ifasında maraqlı və
inandırıcıdır. O, da xanım sədr kimi vəziyyətdən
baş çıxara bilmir. Aktyor ifanı dəqiqliklə
çatdırmağa çalışır və buna nail
olur. Lakin vəziyyət nəzarətdən
çıxdığı üçün onu dərk etmək,
anlamaq və çıxış yolu tapmaq heç hər
sıravi siyasətçinin işi deyil. Deputatların özlərinin
etiraf etdikləri kimi belə vəziyyəti ancaq H.Əliyev
fenomeni çözə bilər və belə də olur. Milli
Məclisin daha bir obrazı sədrin müavini (M.Rzayev)
obrazıdır. O da, çaşqındır. Ümumiyyətlə,
belə çaşqınlıq o dövrün siyasətçilərinə
xas olan keyfiyyət idi. O da, bir çoxları kimi H.Əliyev
dövrünün keçib getdiyini və bir daha təkrar
olunmayacağını düşünür. Aktyor vəziyyəti
doğru-dürüst çatdırmağa cəhd edir və
buna nail olur. Milli Məclis sədrinin köməkçisi
(E.Heydərova) obrazı bir növ sədr ilə əməkdaşlar
və deputatlar arasında əlaqələndiricidir. Bütün
gizli və açıq xəbərlər ancaq ondan
çıxır. O, əməkdaşları və
deputatları bir növ yaranmış vəziyyətə
kökləyir. Onun özünün daimi fikri, mütləq qərarı
yoxdur. Aktrisa obrazın təsvirində rəngarəng cizgilərdən
istifadə edir. O, lazım olanda dalaşqan, lazım olanda isə
həlimdir. Təqdimatda aktrisa o dövrün əsl məmur
tipidir. Milli Məclisin əməkdaşlarından başqa
tamaşada diqqəti cəlb edən xalqın seçdiyi
deputatlardır. Bu deputatları fərqləndirən cəhətlər
az olsa da, ümumi cəhətləri xeylidir. Onların əksəriyyəti
Heydər Əliyev fenomeninə inanmır. I deputat V.Kərimov
xalqın sevimli şairidir. Obraz aktyorun ifasında maraqlı və
baxımlıdır. O, şairdir, şeir, sənət
adamıdır. Vaxtilə Heydər Əliyev ona və onun kimilərə
həmişə qayğı və diqqətlə
yanaşıb. Ona görə də şair ümumilli liderin
yaxşılıqlarını unutmur. Onun siyasət aləmində
inandığı yeganə şəxsiyyət Heydər Əliyevdir.
İfa baxımlı, inandırıcı və
tanınandır. Daha bir deputat (M.Rzayev) o dövrün
asanlıqla tanınan siyasətçi obrazıdır. O da,
başqaları kimi çaşqındır. İfa
maraqlıdır, baxımlılığı ilə diqqəti
cəlb edir. II deputat (N.Rüstəmov) hansı halda, hansı
vəziyyətdə, necə hərəkət etməyi əvvəlcədən
hesablayandır. O, çığırır,
bağırır, lazım gələndə isə susmağa
üstünlük verir. Bu ifa da ümumi ansambldan
ayrılmır. Daha bir deputat obrazı (P.Gülməmmədov)
maraqla baxır. Bu obraz ümumi ansamblda seçilir və diqqəti
cəlb edir. V deputat obrazını yaradan S.Bayramov daha çox
çığır-bağırı ilə diqqəti cəlb
edən, tez coşub, tez özündən
çıxandır. Hər iki obraz az fərqli və daha
çox ümumidirlər. Dörd qadın deputat obrazları da
diqqəti cəlb edir. T.Abdullayeva, N.Niftəliyeva, L.Lalayeva, E.Əliyeva
müxtəlif tipli qadın deputat obrazları yaradırlar. Obrazlardan hər biri maraqlıdır və inandırıcıdır.
Lakin bu tamaşa rejissor
tərəfindən Heydər Əliyev obrazı üzərində
qurulub. Burada deputatlar ayrı-ayrı fərdlər olsalar da, əslində
ümumiləşdirilmiş obrazlardır. Kütlə bir
görüm bucağı, deputat qrupu və Milli Məclis
başqa görüm bucağıdır, III tərəfdə
isə, ümummilli liderdir. Deməli, bir tərəfdə
kütlə, o biri tərəfdə Milli Məclis, III tərəfdə
isə ümumilli liderdir. Tamaşa titanik qüvvələrin
mübarizəsidir. Hər xalqın, hər millətin bir
xilaskarı olur. Tarixən bu belədir.
Bizim xalqın, bizim millətin
xilaskarlıq missiyası Heydər Əliyevin üzərinə
düşür. Məhz bu səbəbdən Heydər Əliyev
ümumilli lider adına layiq görülüb. Tamaşanın
musiqi tərtibatı hadisələrə uyğun seçilərək
tamaşanın tempo-ritmini verə bilir.
A.Babayevin
"Xilaskar" tamaşası C.Cabbarlı adına İrəvan
Dövlət Azərbaycan Dram Teatrının uğurlu işi
sayıla bilər.
Çingiz ƏLƏSGƏRLİ,
teatrşünas dramaturq