Əbədiyaşar xalq yazıçısı
Mehdi Hüseyn qədim və
zəngin tarixə malik Azərbaycan ədəbiyyatının
yaradıcılarından biridir. O, ədəbi prinsipləri
müdafiə edən mübariz nasir, dramaturq, publisist və
ictimai xadimdir.
Mehdi Hüseynin mənalı
ömür yolu mürəkkəb tarixi hadisələrlə
bağlıdır.
Mehdi Əli oğlu
Hüseynov 1909-cu il 22 martda Qazax rayonunun II Şıxlı kəndində
ziyalı ailəsində anadan olub. Atası Əli müəllim
Qori müəllimlər seminariyasını bitirib, gənc nəslin
təlim-tərbiyəsi ilə məşğul olub, görkəmli
maarif xadimi kimi şöhrət qazanıb. Mehdinin
uşaqlıq illəri ağır keçib. 1912-ci ildə
atası ilə anası ayrılırlar. Mehdi nənəsinin
himayəsində böyüyür. Mehdinin nənəsi
Qazaxın aşıq məclislərində fəal iştirak
edib, aşıq poeziyasını, nağıl və
dastanları öyrənib, sinədəftər xanım kimi
tanınıb, nəvəsi Mehdiyə də bu zəngin xəzinədən
öyrədib.
Mehdi Hüseyn 1916-cı
ildə Şıxlı məktəbində oxumağa
başlayır, məktəbdə Bilal müəllimdən bədii
ədəbiyyatı öyrənir. Mehdi Hüseyn mütaliə
etməyi sevmir, məktəbin və atasının kitabxanasında
klassiklərin əsərlərini mütəmadi oxuyurdu.
Mehdi Hüseyn 1921-ci ildə
Qazax müəllimlər seminariyasında oxuyur, atası burada
işləyirdi. Seminariyada Mehdi Hüseyn Səməd Vurğun
və Osman Sarıvəlli ilə tanış olur. Ancaq Mehdi
Hüseyn Qazax seminariyasını bitirə bilmir. Ona görə
ki, atası 1925-ci ildə Bakıya köçür. Mehdi
Hüseyn Bakı darülmüəllimində oxuyur və
buranı 1926-cı ildə bitirir.
Mehdi Hüseyn 1926-cı
ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə
qəbul olur. Universitetdə təşkil olunmuş dram dərnəyində,
mədəni tədbirlərdə fəal iştirak edir, əlaçı
oxuyur, fərdi təqaüd alır və 1931-ci ildə
universiteti fərqlənmə diplomu ilə bitirir.
Mehdi Hüseyn 1930-cu ildə
Azərbaycan Proletar Yazıçılar İttifaqına məsul
katib seçilir. Bununla da Mehdi Hüseyn ədəbiyyatla ciddi
məşğul olmağa başlayır. Bu dövrün ədəbi
polemikalarında Mehdi Hüseyn fəal iştirak edir, mütərəqqi
fikirlər söyləyir və 1931-ci ildə
"Hücum" məcmuəsində "Sol maska altında
opportunizm", "İnqilab və mədəniyyət"
jurnalında "Proletar ədəbiyyatının baş xətti
uğrunda", "Menşevik-mexanist ədəbiyyatşünaslıq
əleyhinə" adlı məqalələr çap etdirir.
Mehdi Hüseyn mürəkkəb
bir həyat yolu keçib, ziddiyyətli hadisələrlə
qarşılaşıb, müxtəlif cərəyanlar
arasında günahsız müqəssir olduğunu təsdiqləyib.
Ancaq hədsiz və ədalətsiz məsələlərlə
qarşılaşıb, cinayətkar, quldur və
böhtançılara qarşı amansız mübarizə
aparıb, həmişə qalib gəlib.
Mehdi Hüseyn ədəbiyyat
və mədəniyyətimizi mükəmməl bilən, ədəbiyyatımızı
sənət inciləri ilə zənginləşdirən, əsərlərində
bəşəri fikir və ideyaları əks etdirən
istedadlı sənətkardır. Ədib tarix və xalq
qarşısında səmərəli
çalışıb, öhdəsinə aldığı
bütün işlər şərəflə həyata
keçirib, bacarığını və qüvvəsini əsirgəməyib,
vətənə və xalqa parlaq uğurla xidmət edib,
ümumxalq məhəbbəti qazanıb.
Mehdi Hüseyn
mübariz, ictimai dövlət xadimi, mənalı həyatını,
şərəfli ömrünü vətəninə və
xalqına həsr edən əbədiyaşar xalq
yazıçısı olub.
Mehdi Hüseyn məqalələr
yazmaqla kifayətlənmir, 1931-ci ildə "Ədəbi
döyüşlər", 1932-ci ildə "M.P.Vaqif"
adlı kitablar yazıb çap etdirir. Bu kitablarda toplanan tənqidi
məqalələrində yeni yaranan ədəbiyyatın əsas
prinsiplərini müdafiə edir və inkişafını zəruri
bilir.
Mehdi Hüseyn bu
dövrdə bədii nəsrlə səmərəli məşğul
olur, ilk qələm təcrübələri olan hekayələrini
1930-cu ildə "Xavər" və "Bahar suları"
adlı kitablarında çap etdirib, oxuculara ərməğan
verir.
Mehdi Hüseyn Moskvada
Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli
kinossenariçilər kursunu 1938-ci ildə bitirib, bu sahədə
mütəxəssis kimi fəaliyyət göstərib. Mehdi
Hüseyn 1954-1958-ci illərdə Azərbaycan
Yazıçılar İttifaqı idarə heyətinin katibi,
1958-1965-ci illərdə isə birinci katib vəzifəsində
şərəflə işləyib.
Mehdi Hüseyn SSRİ
Ali Sovetinin V-VI çağırış, Azərbaycan Ali
Sovetinin V çağırış deputatı olub. Mehdi
Hüseynə 1964-cü ildə Azərbaycan xalq
yazıçısı adı verilib, 1950-ci ildə isə o,
Dövlət mükafatı laureatı adı alıb.
Xalq
yazıçısı Mehdi Hüseyn Sovet Sülhü
Müdafiə Komitəsinin Fəxri Fərmanına layiq görülüb,
"Qırmızı əmək bayrağı" ordeni və
medallarla təltif edilib.
Xalq
yazıçısı Mehdi Hüseyn 1965-ci il mart
ayının 10-da vəfat edib, Bakıda Fəxri Xiyabanda dəfn
olunub, adı əbədiləşdirilib, məzarı
milyonlarla insanın ziyarətgahına çevrilib, əsərləri
çap olunaraq ona ümumxalq məhəbbəti
qazandırıb.
Mehdi Hüseyn
yaradıcılığa "Şərq qadını"
jurnalında 1927-ci ildə çap etdirdiyi "Qoyun
qırxını" hekayəsi ilə başlayıb. O,
ikinci mətbu "Tunel" hekayəsini də həmin ildə
çap etdirib. Mehdi Hüseyn 1930-cu illərdə müntəzəm
surətdə ədəbi-tənqidi məqalələr, nəsr
və dram əsərləri yazmağa başlayıb, və
istedadlı sənətkar kimi tanınıb və sevilib.
Mehdi Hüseynin
ictimai-siyasi dövlət xadimi, görkəmli sənətkar Nəriman
Nərimanov haqqında yazmaq istədiyi "Azadlıq" romanı
və xalq şairi Səməd Vurğun haqqında
monoqrafiyası yarımçıq qalıb, amansız
ölüm sənətkara bu sənət incilərini
yazıb qurtarmağa imkan verməyib.
Mehdi Hüseynin
üç hissədən ibarət "Daşqın"
(1933, 1934, 1936) romanı vətəndaş müharibəsi
hadisələrinə həsr edilib. Romanda bir partizan dəstəsinin
fəaliyyəti, gürcü menşeviklərinin
Şıxlı kəndinə basqını, Qarayazı
meşəsindəki vuruşmalar, bir sıra həyat hadisələri
əsas mənbə olub.
Mehdi Hüseyn rus
yazıçılarından Serafimoviçin "Dəmir
axın" Furmanovun "Çapayev", Fadeyevin
"Tarımar" adlı vətəndaş müharibəsi
mövzusunda yazdıqları romanlardan səmərəli
faydalanıb.
Mehdi Hüseynin ictimai ədalətsizliyi
kəskin tənqid atəşinə tutduğu
"Daşqın" romanını Əli Sultanlı, Məmməd
Cəfər, Maqsud Əlioğlu yüksək dəyərləndirir,
ədəbi-tarixi salnamə adlandırırdılar. Bir
sıra dillərə tərcümə edilib çap olunan bu
roman oxuculara dərin təsir bağışlayıb.
Mehdi Hüseyn
"Kin" (1935) povestində canlı obrazlar yaradıb,
ictimai-tarixi hadisələrin bədii təsvirini, real, təbiət
lövhələrini və məhəbbət tarixini vəhdətdə
cilalayıb oxucuya hədiyyə verib. Povestdə
Laçınla Gülgəzin məhəbbəti, Sadıqla Səmədin
timsalında kənddə gedən sinfi mübarizə canlı
və təsirli bədii ifadəsini tapır.
Mehdi Hüseyn "Tərlan"
(1936-1937) romanında kollektivləşmə uğrunda gedən
mübarizələrdən bəhs etdiyini tərcümeyi-halında
xüsusi qeyd edir.Mehdi Hüseyn dram
yaradıcılığına 1939-cu ildə
yazdığı "Şöhrət"adlı pyeslə
başlayıb, bundan sonra "Şamil" (1940-1941),
"Nizami" (1942), "Cavanşir" (1957) adlı tarixi
dramlarını və "Alov" (1961), "İntizar"
(1944), "Qardaşlar" (1948) pyeslərini yazıb.
Mehdi Hüseyn
"Şeyx Şamil" dramını real və zəngin
tarixi hadisələr əsasında yazıb, Şeyx
Şamilin canlı bədii obrazını yaradıb, tarixi
hadisələri müasirliklə vəhdətdə verib, vətənpərvərlik
və insansevərlik duyğularını təsirli
yaradıb.
Mehdi Hüseynin zəngin
məzmunlu və ideyalı əsərində Şeyx
Şamilin Hacı Murada dediyi söz oxucunun qəlbini təlatümə
gətirir, ona yüksək əxlaqi keyfiyyətlər
aşılayır. Şeyx Şamil Hacı Murada deyir:
"İnsan adlanan məxluq üçün birinci şərt
- igidlikdir. Nifrətə layiq olan birinci şey -
qorxaqlıqdır. Get ya ölüm, ya qalibiyyət. Başqa
yolumuz yoxdur. Zəiflik və qorxaqlıq heç bir zaman
heç kimi xilas etməyib".
Mehdi Hüseynin tənqidi
də bədii yaradıcılığı əhatə etdiyi
mövzuları və janrları baxımından genişdir, əhatəlidir,
rəngarəngdir. Onun tənqidi əsərlərində ədəbiyyat
tarixinə, müasir ədəbi problemlərə, teatr tənqidinə,
aktyor sənətinə dair mülahizələrə,
dünya ədəbiyyatı haqqında qiymətli elmi-nəzəri
və təlim-tərbiyəvi mahiyyətli fikirlərə
geniş yer verilir, oxucunun tələbi ödənilir, müəllifə
dərin sevgi bəslənilir.
Mehdi Hüseyn yazır
ki, bu sənətkarların yazıçılığı
və müəllimliyi xalq kütlələrini və gənc
nəsli azadlıq və tərəqqipərvər ideyalar
uğrunda mübarizəyə hazırlamaqdan ibarət olub. Bədii
ədəbiyyatı qüvvətli tərbiyə silahına
çevirməyi və bu silahı düzgün işlətməyi
bacarmaq xalq müəlliminin müqəddəs borcu, şərəfli
vəzifəsidir.
Mehdi Hüseyn eyni zamanda
yazır ki, məzmun və ifadə gözəlliyinin vəhdətindən
ibarət olan, nöqsansız, mükəmməl, xoşagələn,
təlim-tərbiyəvi mahiyyətli əsərlər gənc
nəslə ərməğan verilməlidir. Bu kimi əsərlər
yadigar qalan bədii xəzinədir.
Mehdi Hüseynin 100 illik
yubileyinin keçirilməsi haqqında Azərbaycan
Respublikasının prezidenti İlham Əliyevin 6 fevral 2009-cu
il tarixli Sərəncamında deyilir: "Yeni dövr Azərbaycan
ədəbiyyatının inkişafında istedadlı nasir,
dramaturq və tənqidçi Mehdi Hüseynin özünəməxsus
yeri vardır. O, tarixi və müasir mövzulu bədii əsərlərin
bir çox dəyərli nümunələrini meydana gətirməklə
yanaşı, peşəkar ədəbiyyatşünas kimi sənətkarlıq
və yaradıcılığın nəzəri məsələlərinə
dair aktual mülahizələri ilə ədəbi prosesə
istiqamət verib".
Respublikanın prezidenti
İlham Əliyevin Azərbaycan ədəbiyyatının
inkişafı sahəsində təqdirəlayiq xidmətlər
göstərmiş yazıçı Mehdi Hüseynin 100 illik
yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi
ilə verdiyi Sərəncam Respublikada böyük məhəbbətlə
qarşılanıb.
Abbas SƏMƏDOV,
Filologiya elmləri doktoru
525-ci qəzet.- 2009.- 12 iyun.- S.6.