Mikayıl Müşfiq
poeziyasında satirik məqamlar
M.Müşfiq (1908-1938)
XX əsr Azərbaycan poeziyası tarixinə istedadlı lirik,
qüvvətli romantik, qüdrətli söz ustası kimi daxil
olub. Bununla yanaşı, şairin lirikasında öz satirik kəskinliyi,
istehza və ironiya gücü ilə seçilən şeir və
bəndlərə də rast gəlmək olur. Ümumən
qeyd etmək lazımdır ki, M.Müşfiq klassik ədəbiyyatımızın
mahir bilicisi, həqiqi varisi və davamçısı idi. O, Nəsimi,
Füzuli, Vaqif, Sabir irsini yaxşı bilir və sevirdi.
Təsadüfi deyil ki, hələ
30-cu illərdə, Füzuliyə inkarçı və
vülqar-sosioloji münasibətin mövcud olduğu dövrdə
Müşfiq böyük şairə laqeydliyi belə
damğalayırdı:
Yazalim,
özümüzü öyməyəlim
Füzuliyə
dəyməyəlim!
Müşfiqin tədqiqatçısı
G.Hüseynoğlu şair haqqında kitabında yazırdı:
"Müşfiq şifahi xalq ədəbiyyatını
sevdiyi kimi, klassik ədəbiyyatımıza da böyük məhəbbət
bəsləmiş, onun yaxşı ənənələrindən
həmişə öyrənmişdir"
"Şən teyflər"
əsərində müəllif Ömər Xəyyamın,
Mirzə Ələkbər Sabirin və "Ölülər"
komediyasının qəhrəmanı kefli İsgəndərin
teyflərini (yəni xəyali obrazlarını -müəllif)
görüşdürür. Xüsusilə kefli İsgəndərin
dililə göstərilmiş həyat əslində Mirzə
Cəlilin və Sabirin kəskin tənqid etdikləri gerçəklik
idi.
Doğulduq
"Ölülər" diyarında biz,
Solduq
ömrümüzün baharında biz.
Ürək
bulandıran qara bir mühit,
Hər kəs
meymun kimi etmədə təqlid.
"Ölübə",
deyərək qışqırar cahan,
Qalxmaz Fərhad
kişi ağır yuxudan.
Ac
başım-dinc başım, səbr, təvəkkül,
Çırpınmaq
bilməyən, xəstə bir könül..
Qaranlıq
qəlbimiz günəşə həsrət
M.Müşfiqin
yaradıcılığında satiranın əhəmiyyəti
Sabir yaradıcılığına münasibətdə ifadə
olunur. "Şən teyflər" Müşfiqin son əsərlərindəndir.
1937-ci ildə çap olunmuş bu əsər keçmişlə
indini, müxtəlif xarakterli obrazları qarşılaşdırır.
Belə ki, əsərdə həm min il bundan qabaq
yaşamış şair Ömər Xəyyamın, həm
"Ölülər" əsərinin qəhrəmanı
kefli İsgəndərin, həm də Mirzə Ələkbər
Sabirin teyfləri satirik obrazlar kimi yenidir, hər biri gerçəkliyə
və gələcəyə öz münasibətini bildirir.
Şairin keçən əsrin
20-30-cu illərində qələmə aldığı bəzi
şeir və poemalar da satira xarakterlidir. "Mənim
dostum" və "Dezertir" poemaları,
"Qaçaqçı", "Bizim otaqda",
"Daş qartal" və s. şeirləri belə əsərlərdəndir.
"Mənim dostum" poemasında məsləksiz, vahid bir həyat
mövqeyinə xidmət etməyən ziyalılar ifşa
olunur. Poemanın qəhrəmanı Saday həyatının mənasını
yeyib-içməkdə, eyş-işrətdə, kef çəkməkdə
görən bir müəllimdir. Dünyada hər şeyi
"rəng" (S.Mənsurun dediyi kimi) hesab edən
Sadayın əyyaşlığı onun öz dili ilə belə
ifşa olunur:
Müəllim
babayam, mənə nə firqə,
Mənim
yolum başqa, məsləkim başqa.
Rəngdir
bu dünyada hər firqə, hər şey,
Əlinə
keçəni ordaca bas, ye!..
Sadayı işdən
çıxarsalar və nə qədər tənbeh etsələr,
hara göndərsələr də əyyaşlığından,
tüfeyli həyat tərzindən əl çəkmir,
özünü islaholunmaz bir surət (tip) kimi göstərir.
Vaxtilə
Müşfiqin poemalarından bəhs etmiş akademik Məmməd
Arif "Mənim dostum" haqqında geniz söz
açmış və onu yüksək qiymətləndirərək
yazmışdı: "Müşfiq "dostu" Sadayı hərtərəfli
göstərməyə çalışmışdır. İşdə,
ovda, qonaqlıqda təsvir etmişdir. Müşfiq bu parazit
"müəllim"in bütün daxili aləmini meydana
qoymuşdur".
M.Müşfiqin tədqiqatçısı
G.Hüseynoğlu da "Tüfeyli həyat keçirən,
müəllimliyin şərəfli adına ləkə gətirən
alçaq təbiətli bu adamın bütün eybəcər
hərəkətlərini müəllif bacarıqla və təmkinlə
oxucuların gözləri qarşısında
canlandırmağa səy edir" deməklə, əsərin
qəhrəmanı Sadayın mənfi tip olduğunu təsdiq
etmiş olur. M.Müşfiqin satirik əsərlərindən
biri də onun 1934-cü ildə çap etdirdiyi
"Dezertir" poemasıdır. Vətənpərvərlik və
təəssübkeşliklə aşılanmış bu
poemada ordudan fərarilik təhlükəli bir meyl kimi pislənir,
xalqın, vətənin müdafiəsinə təxribat kimi
qiymətləndirilir. Əsərin qəhrəmanı
Şöhrət mənəvi cəhətdən zəif, mənəvi
dəyərlərə etinasız münasibət bəsləyən
bir gəncdir. O, məhz etinasızlığı üzündən
hərbi bületini itirib, ruhi çırpıntılar
içərisində qalıb...
Öz qələm
dostları S.Vurğun, S.Rüstəm, M.Rahim və
başqaları kimi Sabir ənənələrinin xəlqiliyindən,
zəngin ideya məzmunundan, eləcə də klassik vəzn və
formalardan bəhrələnən M.Müşfiq ara-sıra bu
böyük sələfinin satirik üslubuna da müraciət
edib, onun sərt gülüş doğuran ədəbi təcrübəsinə
novatorcasına münasibət bəsləyib:
Dünən
bir şairin keçdim yanından,
İldə
bir söz çıxmaz xəsis canından.
Eşqi,
ehtirası olmayan, yetər,
Çıxsın
birdəfəlik söz meydanından.
Şairə
ilhamdan maya gərəkdir,
Anasız
cocuğa dayə gərəkdir,
"Şairəm"
söyləyir yerindən duran,
Adamın
üzündə haya gərəkdir.
S.Vurğunun
"Şeir və xaltura" əsərində olduğu kimi,
bu şeirdə də zahirən satirik ünsürlər yox dərəcəsindədir.
Lakin tənqid olunan hədəflərə qarşı qəzəb
və nifrət hissləri istər-istəməz daxili bir
gülüş doğurur ki, bu da güclü kinayə və
istehza kimi özünü biruzə verir.
"Duyğu
yarpaqları" silsiləsindən nümunə gətirdiyimiz
bu bəndlərdə Sabirin həqiqi poetik istedad haqqında
demək istədiyi fikirlər yeni forma və yeni məzmunda təcəssüm
edir. Bəndlərin birində faşizmə münasibət
bildirilir, işğalçılıq planları, torpaq və
ərazi iddiaları Mussolini və Hitlerin simasında satirik tip
səviyyəsinə qaldırılır.
Faşizm
qışqırtaraq sümsük itləri,
Dalayır,
talayır məmləkətləri.
Bu gün
barışsa da, yarın qapacaq
Quduz
Mussolini, quduz Hitleri!
M.Müşfiq
lirikanın böyük ustası olsa da, öz qələmini
daim həyat eşqinə, ailəyə və anaya, gəncliyin
arzu və istəklərinə, yeniliyə və quruculuğa
həsr etsə də, sözarası, fikirarası tənqid
etməyə, neqativ proseslərə öz münasibətini
bildirməyə də macal tapır.
"Duyğu
yarpaqları"nda müəllif üzünü şair və
yazıçılara, öz sözü ilə desək,
"insan qəlbinin mühəndisləri"nə tutaraq
deyirdi:
Dağıdın
dünyanı soran sisləri,
Bu müxənnəsləri,
bu iblisləri.
Vuruşub
döyüşmək zamanıdır bu,
Ey insan qəlbinin
mühəndisləri!
M.Müşfiqin
"Üç sağlıq" şeirində ailə
xoşbəxtliyindən, həyatın daim yeniləşməsindən,
uşaq səadətindən söz açılır. Ailə
məclislərindən birində ana-"əbədiyyət
çeşməsi", ata-"qüvvətli bağban"
kimi təqdim olunur. Birdən-birə müəllif öz tənqidini
ailə səadətini anlamayanların, sevgi və məhəbbətin
nə olduğunu dərk etməyənlərin, gözəlliyə
biganə adamların üzərinə yönəldir:
Vay o
gözəllərə açmaz gül kimi,
Vay o mərdlərə
ki, bir bülbül kimi
Bir
bağda gözünün yaşını tökməz,
Səadət
gülünün ətrini çəkməz!
Satirik ünsürlər,
priyom və vasitələr M.Müşfiqin təkcə lirik
şeirlərində deyil, poemalarında, mənzum hekayə və
nağıllarında da var. Şair çox vaxt şər
qüvvələri ifşa etmək üçün onu konkret
bir obrazda ümumiləşdirir. "Kəndli və ilan"
mənzum hekayəsində ilan və "Şəngülüm,
Şüngülüm, Məngülüm"
nağılında canavar belə bir şər qüvvənin
daşıyıcısıdır. Bütövlükdə,
Müşfiq poeziyası təkcə ictimai, tərbiyəvi, mənəvi-əxlaqi
cizgiləri ilə deyil, klassik ənənələrə həssas
münasibəti, orijinal sənətkarlıq xüsusiyyətləri
ilə də diqqəti cəlb edir.
Tərlan NOVRUZOV,
filologiya elmləri doktoru,
525-ci qəzet.- 2009.- 12 iyun.- S.6.