Naxçıvan-mənim doğma diyarım
O, BU GÜN DƏ MİLLİ
DÖVLƏT QURUCULUĞU PROSESİNİN FƏAL
İŞTİRAKÇISIDIR
Naxçıvan bəşər
sivilizasiyasının ilkin mədəniyyət ocaqlarından
biri sayılır. Bu əsasən regionun relyefi, yerüstü
təbii sərvətləri, coğrafi mövqeyi olub. Tədqiqatçıların fikrincə, Arazboyu və
dağətəyi zonada əkinçiliyin və sənətkarlığın,
dağlıq ərazidə heyvandarlığın
inkişafı üçün yaranmış əlverişli
şərait, mövcud 11 iqlim qurşağından 9-nun
Naxçıvanda olması daş dövründən
başlayaraq insanların burada məskunlaşması ilə nəticələnmişdir.
Eradan əvvəl 4-cü minilliyə aid Kültəpə,
Qazma, Kilid, Oğlanqala, Govurqala, Daşqala
mağara-yaşayış yerləri Naxçıvanın qədim
sivilizasiyanın əhəmiyyətli mərkəzlərindən
biri kimi formalaşmasının canlı nümunəsidir. Burada aparılan arxeoloji qazıntılar nəticəsində
aşkarlanmış daş və metal dövrünün abidələri,
Nuh peyğəmbərlə bağlı olan Gəmiqaya təsvirləri,
mükəmməl sənətkarlıq nümunələri
kimi diqqəti cəlb edən boyalı qablar texnologiyası,
xalq sənətkarlıığının inkişaf
etmiş və dövrümüzə qədər gəlib
çatmış digər sahələri
Naxçıvanın ilkin şəhər mədəniyyətindən
xəbər verir.
Öz muxtariyyət
statusunun 85 illik yubileyini böyük təntənə ilə
qeyd etməyə hazırlaşan Naxçıvan
torpağı tarixinin heç bir vədəsində indiki qədər
sürətlə inkişaf etməyib. Bunu heç də gəlişi
xoş sözlər kimi demirəm. Mənim fikrimcə, bu
inkişafı tam duymaq və qiymətləndirmək
üçün ilk növbədə bir qədər ətraflı
məlumata və geniş düşüncəyə qabil olmaq
gərəkdir. Doğma Naxçıvanı, heç olmasa,
qonşu İranın, eləcə də Türkiyənin
yaxın vilayətlərinin mərkəzləri və
oradakı müasir inkişaf ilə müqayisə etmək
yerinə düşər. Onda məmləkətimizin bu
gün hansı iqtisadi gücə və qüdrətə
malik olmasını da aydın duyarıq. Görərik ki,
ölkəmizdə regionların sosial-iqtisadi
inkişafının Dövlət Proqramı çərçivəsində
inşa olunan obyektlər heç də müasir dünya
standartlarından geri qalmır. Muxtar respublikada da bir çox
geniş infrastruktur tədbirləri həyata keçirilib. Bu
dediklərimə misal olaraq Naxçıvan Müalicə-Diaqnostika
Mərkəzini, Duzdağ Fizioterapiya Mərkəzini, Şərur
və Culfa rayonlarında mərkəzi xəstəxana komplekslərini,
Naxçıvan Dövlət Universiteti üçün
inşa olunan tədris korpuslarını, orta təhsil
ocaqlarını, sənaye müəssisələrini və
sairəni misal göstərmək olar. Prezident İlham Əliyev
muxtar respublikaya səfəri çərçivəsində
burada görülən işləri, həyata keçirilən
tədbirləri yüksək qiymətləndirib. Şərur
rayon mərkəzi xəstəxanasının
açılış mərasimində "belə gözəl
xəstəxanalar dünyanın inkişaf etmiş ölkələrinin
iri şəhərlərində də tikilmir", - söyləyən
dövlətimizin başçısı Naxçıvan
Dövlət Universitetinin yeni tədris korpusu barədə isə
fikrini konkret olaraq belə açıqlayıb: "Bu gün
açılışına toplaşdığımız
yeni konservatoriya binası, deyə bilərəm ki,
dünyanın ən yüksək standartlarına cavab
verir".
Təməli Heydər Əliyev
tərəfindən qoyulan, Naxçıvanın xilasına və
inkişafına istiqamətlənən yeni həyat
quruculuğu xətti 1995-ci il 12 noyabr tarixindən - "Heydər
Əliyev Konstitusiyası" adlandırılan ilk müstəqil
Konstitusiyamızın qəbulundan sonra dönmədən və
ardıcıllıqla həyata keçirilməyə
başlanıb. Bu dövr müstəqil dövlətçilik
tariximizdə olduğu kimi, Naxçıvanın müasir
tarixində də yeni mərhələnin
başlanğıcını qoyub. Həmin ilin 16 dekabr
günü qədim diyarın sakinləri üçün həm
də onunla əlamətdar və yaddaqalan olub ki, onlar özlərinə
yenidən düzgün rəhbər seçimi imkanı əldə
ediblər, bu şansdan da doğru istifadə edə biliblər.
Məhz bu tarixdən bölgədə yeni həyat
quruculuğu xətti böyük istək və məhəbbətlə,
coşqun enerji ilə davam etdirilməyə
başlanılıb. Son on üç ildə istər sosial,
istərsə də iqtisadi inkişaf sahəsində
qazanılan uğurlar da ilk növbədə bu amillə
bağlı olub.
Muxtar respublika
iqtisadiyyatının inkişafı istiqamətində
aparılan məqsədyönlü siyasət hər il məhsul
istehsalının və əhalinin həyat səviyyəsinin
yüksəldilməsinə gətirib çıxarıb. Son
on ilin makroiqtisadi göstəriciləri də deyilənləri
sübutlayır. Bunun üçün bir neçə
statistik rəqəmə nəzər yetirmək kifayət edər.
Bu müddət ərzində iqtisadi inkişafı xarekterizə
edən ümumi daxili məhsulun həcmi 11,4 dəfə artıb.
1995-cı ilə nisbətən sənaye məhsulunun
artımı 12,7 dəfə, əsas kapitala yönəldilən
investisiyaların həcmi isə 64,1 dəfə
çoxalıb.
Bu müddət ərzində
muxtar respublikanın ictimai-siyasi həyatında qazanılan
böyük uğurlardan biri də hüquqpozmalara qarşı
mübarizə tədbirlərinin gücləndirilməsi,
kriminogen vəziyyətin normallaşması ilə
bağlıdır. Araşdırmalar belə bir nəticəni
də sübut edib ki, iqtisadi inkişafın yüksək templəri
ilə hüquqpozmaların sayı arasında həmişə
bir tərs-mütənasiblik hökm sürür. Aparılan məqsədyönlü
tədbirlər nəticəsində baş verən cinayət
hadisələrinin sayı xeyli aşağı
düşüb. Buna müqayisə üçün konkret bir
misal: Əgər 1995-ci ildə regionda 541 fakt üzrə cinayət
hadisəsi baş vermirdirsə, ötən il ərzində cəmi
17 hadisə qeydə alınıb. Ondan əvvəlki ildə
isə bu rəqəm 60-ı təşkil edib. Muxtar
respublikanın cinayətsiz region, Naxçıvan şəhərinin
isə təhlükəsiz şəhər olması istiqamətində
aparılan tədbirlər öz səmərəsini göstərir.
Cari ilin birinci rübünün yekunları da
uğurlu olub. Qış mövsümünün
çətinliklərinə baxmayaraq bir çox obyektlərdə
tikinti-quruculuq işləri sürətlə davam etdirilib.
Üç ay ərzində bölgədə 58,2
milyon manat həcmində investisiyadan, onun da 49,9 milyon
manatının tikinti quruculuq işlərində istifadə
olunması adi məsələ olmayıb. Əvvəlki ilə
müqayisədə bu sahədə 38,6
faiz artım qeydə alınıb. Sonrakı
aylarda isə tikinti-quruculuq işlərinin həcmi daha da
çoxalıb. O ki qaldı yeni iş yerlərinin
yaradılmasına, bu sahədə görülən tədbirlər
də üzağardıcıdır. 2003-cü ilin oktyabr
ayından başlayaraq 2009-cu ilin mart ayının sonunadək
muxtar respublikada 38276 yeni iş yeri
açılmışdır ki, onun da
24584-ü daimi iş yerləri olub. Muxtar
respublika Dövlət Statistika Komitəsindən
aldığımız məlumata görə hazırda 230-dan
artıq obyektdə tikinti-quraşdırma işləri
aparılır. Muxtar respublikanın
paytaxtı olan Naxçıvan şəhərində isə
daha böyük infrastruktur tədbirləri həyata
keçirilir.
Kiçik bir haşiyə:
Naxçıvan əhali sayı baxımından heç də
ölkəmizin ən iri şəhərlərindən
sayılmır. Bu mənada o heç ilk beşliyə də
daxil olmur. Onu nəinki Bakı, Sumqayıt, Gəncə şəhərləri,
heç Mingəçevirlə də müqayisə etmək
olmaz. Son vaxtlara qədər Şirvan şəhəri də
bir qədər irəlidə olub.80 min nəfərə
yaxın sakini olan bu şəhər ərazi baxımından
isə üçüncü sırada dayanır. O, 3305 hektar
sahəni əhatə edir. Son illər həyata keçirilən
genişmiqyaslı quruculuq tədbirlərinin müqabilində
ölkəmizin ən gözəl şəhərlərindən
birinə çevrilib. İndi o, təkcə memarlıq abidələri,
inciləri ilə öyünməyir. Son illər tikilib istifadəyə
verilən müasir tipli sosial obyektlər, salınan bağlar,
parklar da şəhərin görkəminə yeni çalarlar
gətirib.
Cari ildə
Naxçıvan şəhəri daha böyük quruculuq
meydanına çevrilib. Müasir layihə əsasında
inşa olunan obyektlərdən biri də Doğum Mərkəzidir.
Avropa standartları əsasında tikilən bu mərkəz
bölgədə anoloqu olmayan səhiyyə müəssisəsi
olacaqdır. Mərkəzdə inşaat işlərinin təməli
ölkə başçısı cənab İlham Əliyevin
ötən ilin iyun ayının əvvəllərində
Naxçıvana səfəri çərçivəsində
qoyulub. Dövlət başçısı təməlatma mərasimində
iştirak edərkən inşaat işlərinin yüksək
keyfiyyətlə aparılması barədə lazımi
tapşırıqlar da vermişdir. İş prosesində
verilən tapşırıqlara ciddi əməl olunub. "Gəmiqaya"
şirkəti bir il ərzində zirzəmi qatı ilə
birlikdə altı mərtəbədən ibarət olan
binanı yüksək keyfiyyətlə inşa edib. Artıq
obyektin həyətində son tamamlama işləri
aparılır.
Obyektin zirzəmi
qatı əsasən yardımçı sahələr
üçün ayrılıb. Burada kafe, mətbəx, yeməkxana
ilə yanaşı camaşırxana da fəaliyyət
göstərəcəkdir. 200 nəfərlik iclas salonu da
burada yerləşəcək. Mərkəzin birinci,
üçüncü mərtəbələri isə izalyator
doğuş, hamiləliyin patologiyası, uşaq
neonatalogiyası, perinatologiya şöbələri və
qadın məsləhətxanası üçün nəzərdə
tutulub. Şöbələr üçün hər biri 2
çarpayılıq olan 6 palata da ayrılıb. Qadın məsləhətxanasında
çalışanların ixtiyarına isə 4 otaq
ayrılacaq. Çirkli-fəsadlı doğuş şöbəsi
üçün isə 12 palata nəzərdə tutulub.
Obyektin
dördüncü mərtəbəsinin tən yarısı əməliyyat
bloku üçün nəzərdə tutulub. Onların
ixtiyarına da 12 palata veriləcək. Ginekoloji şöbə
də bu mərtəbədə yerləşəcək. Sonuncu-beşinci
mərtəbədə isə reanimasiya və intensiv terapiya,
anesteziologiya, fizioloji doğuş şöbələri fəaliyyət
göstərəcəkdir.
Heydər Əliyev
Sarayında aparılan əsaslı təmir və yenidənqurma
işləri də cari ilin ən böyük quruculuq tədbirlərindən
biri olacaqdır. Həmin obyekt 1984-cü ildə, muxtar
respublikanın 60 illik yubiley təntənələrində
istifadəyə verilsə də, ötən 25 il ərzində
burada əsaslı təmir və yenidənqurma işləri
aparılmayıb. Bu mənada bu dəfə 110 metr
uzunluğunda, 45 metr enində olan obyektdə görüləsi
işlər, həyata keçiriləsi tədbirlər daha
çox olub. İlk növbədə isə o müasir layihə
əsasında yenidən qurulub. Binanın fasad hissəsinə
müasir memarlıq üslubuna uyğun olaraq daş
üzlüklər çəkilib. Binanın giriş hissəsinin
dairəvi sütunlar üzərində yenidən qurulması
da mühüm yeniliklərdən biri olub. 1050 və 340 yerlik
iclas-tamaşa zallarının yenidən qurulması da
böyük həcmdə maliyyə vəsaitləri tələb
edib. Eni 16 metr, dərinliyi 25 metr, hündürlüyü 12
metr olan səhnə müasir texniki avadanlıqlarla yenidən
qurulub. Sarayda qonaq otağı ilə birlikdə 50-ə qədər
məşq otağı da yaradılıb. Hər bir zal və
məşq otağı da dünyanın qabaqcıl ölkələrindən
alınmış texnoloji avadanlıqlarla təmin olunub.
Onu da qeyd edək ki,
sarayda müxtəlif dövlət tədbirləri həyata
keçiriləcək, tanınmış sənət
adamlarının qastrol tamaşaları, konsertlər və
müsabiqələr təşkil olunacaqdır. Sarayın
qarşısında da xeyli həcmdə
abadlıq-gülzarlıq işləri aparılıb,
fontanlı hovuz yaradılıb. Əsaslı təmir və
yenidənqurma işlərindən sonra həmin obyekt
Naxçıvan şəhərinin ən gözəl və əzəmətli
binalarından birinə çevrilib.
Yaxın günlərdə
Naxçıvan şəhərində istifadəyə veriləcək
obyektlərdən biri də avtovağzal kompleksi olacaqdır. Bu
obyektdə də müasir layihə əsaslı təmir və
yenidənqurma işləri aparılır. Yüksək
zövqlə həyata keçirilən tədbirlər obyektə
yeni görkəm bəxş edib. Bu obyektdə ilk növbədə
qonşu xarici ölkələrə, eləcə də
ölkəmizin paytaxtı Bakı şəhərinə sərnişinlərin
rahat gediş-gəlişləri üçün avtobus
marşurutları təşkil olunacaqdır. Sərnişinlərə
normal xidmət göstərilməsi üçün
lazımi infrastruktur tədbirləri də həyata
keçirilib. 2 mərtəbədən ibarət olan
avtovağzal binasının birinci mərtəbəsində
bilet satışı kassaları ilə bərabər gözləmə
salonları da yaradılıb. Burada qəzet-jurnal
köşkü və valyuta dəyişmə məntəqəsi
də sərnişinlərə xidmət göstərəcəkdir.
Obyektin ikinci mərtəbəsində isə ana-uşaq
otaqları ilə yanaşı, çayxana və məişət
xidmət sahələri də fəaliyyət göstərəcəkdir.
Beşmərtəbəli mehmanxanada hər biri iki və
üç nəfərlik olan 24 otaq istifadəyə verilib. Mehmanxananın
xidmətindən eyni vaxtda 61 nəfər istifadə edə biləcəkdir.
Digər ikimərtəbəli korpusda isə ticarət-iaşə
obyektləri fəaliyyət göstərəcəkdir. Avtovağzal
kompleksində inşa olunan birmərtəbəli obyektdə isə
əsasən yerli marşurutların xidmətindən istifadə
edənlər üçün nəzərdə tutulub. Burada
da bilet kassaları ilə yanaşı, sərnişinlər
üçün gözləmə salonu da yaradılıb.
"Gəmiqaya"
MMC-nin inşaatçıları bu obyektdə də
inşaat-tikinti işlərini yüksək keyfiyyətlə
aparıblar. Bina müasir işıqlandırma, istilik sistemi də
təmin olunub.
Heydər Əliyev
Uşaq-Gənclər Sarayı, Yeni Azərbaycan Partiyası
muxtar respublika təşkilatı, "Badamlı" istehsal
müəssisəsi, Şahmat Mərkəzi, 8 və 4 nömrəli
orta məktəb binaları da yeni üslubda inşa obyektlərdən
biridir. 1050 şagird yerlik olan 5 mərtəbəli orta məktəb
binası əsaslı təmir və yenidənqurma tədbirlərindən
sonra yenidən istifadəyə verilib. O, paytaxt şəhərinin
ən gözəl məktəb binalarından birinə
çevrilib. Binanın fasad hissəsi tamamilə müxtəlif
rəngli aliminium plastik panel kompazisiyalardan işlənib. 4
nömrəli orta məktəb binasında aparılan əsaslı
təmir və yenidənqurma işləri də artıq
başa çatmaq üzrədir. Bu təhsil ocağı isə
yarımzirzəmi qatı ilə birlikdə 4 mərtəbəli
məktəb binasına çevrilib. Bu obyektin inşasında
da müasir tikinti mədəniyyətinin ən son nailiyyətlərindən
istifadə olunub.
Naxçıvan məmləkətimiz
üçün həmişə strateyi əhəmiyyətli
bir bölgə olub. Dünyanın görkəmli dövlət
xadimlərindən biri olan Heydər Əliyevin
düşünülmüş və uzaqgörən siyasətində
də bu amil həmişə üstün yer tutub. Bəlkə
də elə bu mənada müdrik insan, dahi rəhbər siyasi
fəaliyyətinin ayrı-ayrı dövrlərində bu
diyarın möhkəmlənməsinə və
inkişafına xüsusi qayğı və diqqət göstərib.
Prezident İlham Əliyev
də bu ənənəni, siyasi xətti çox böyük
uğurla davam etdirir. Naxçıvana səfəri çərçivəsində
çıxışlarının birində dövlət
başçısı bir daha bölgənin möhkəmləndirilməsinin
vacibliyindən danışaraq deyib: "Naxçıvana daim
xüsusi diqqət göstərilməlidir. Naxçıvan Azərbaycanın
qədim diyarıdır, qədim torpağıdır, strateji əhəmiyyətə
malikdir... Naxçıvanın tarixinin hələ də tədqiq
edilməyə ehtiyacı olan səhifələri
açılmalı, bu diyarın tam dolğun, obyektiv tarixi
xalqımıza, habelə dünya ictimaiyyətinə
olduğu kimi çatdırılmalı, erməni siyasətçilərinin
tarixi saxtalaşdırmaq cəhdlərinə tutarlı cavab
verilməlidir".
Naxçıvan Muxtar
Respublikası Azərbaycanın tərkib hissəsi kimi ölkəmizin
ictimai-siyasi, iqtisadi-mədəni həyatı ilə həmahəng
şəkildə özünün tarixi inkişaf yolunu
uğurla davam etdirir.
Muxtar respublika bu gün
də milli dövlət quruculuğu prosesinin fəal
iştirakçısıdır, ölkəmizin iqtisadi
qüdrətinin artırılmasına və intellektual
potensialının gücləndirilməsinə dəyərli
töhfələr verir, özünün ən böyük
tarixi nailiyyəti olan muxtariyyətinin 85 illik yubileyini layiqli
töhfələrlə qarşılayır.
Məmməd MƏMMƏDOV,
Naxçıvan MR Ali Məclisinin
deputatı
525-ci qəzet.-
2009.- 12 iyun.- S.4.