Ağacəfər poeziyası ilə
üz-üzə...
Bu gün ədəbiyyatımızda
o qədər də xoş olmayan bir mənzərə
müşahidə edilməkdədir. Seyriçisinə, daha
doğrusu şahidinə çevrildiyimiz xaotik xarakterli
kütləvi bir axının "səlib
yürüşü" az qala adamı vahiməyə
salır. Bu axının üşüdücü bir ehtirasla
daha çox çağdaş poeziyamıza müdaxilə etməsi,
ona bu imkanın verilməsi, baş verənlərə az qala
hamının laqeyd, biganə qalması sonluqda xoş olan nəticə
vəd etmir. Böyüklü-kiçikli qələmə
sarı uzanan əllərin məhsulu - üzə
çıxarılan, nəşr edilən əsərlərin,
kitabların dünyanı başına alması azmış
kimi, onların ədəbiyyata "ev sahibliyi" etmə cəhdləri
günü-gündən daha israrlı xarakter almaqdadır.
Yalnız yaxşı nə
varsa, o qalacaq təsəllisi özünü bir növ
aldatmaqdır, üstəlik, unutmayaq ki, bu həm də əlahəzrət
oxucunun itkisi deməkdir. Təklif olunan ədəbi nümunələrin
"bolluğu" içindən göz tutası, onu
özündən çıxarmaqla, özünün şərikinə
çevirəsi ədəbi nümunəyə həsrət
qalan oxucu sonda bir növ bezir, tövbəvari bir şəkildə
qəfildən əlinə düşən əsl nümunəni
də oxumaqdan imtina edən tərəfə çevrilir. "Oxucu
sədaqətinə" bel bağlamaq isə yenə
özünü aldatmaqdır. Doğrudan-doğru bu gün əlinə
"poeziya nədir" sualına cavab verən kiminsə ədəbi
nümunələri düşəndə az qala sevinirsən. Təəccüb
doğuran bir cəhət də ondadır ki, istedad sahibləri,
sözə lütfükarlıqla yanaşa bilənlər daha
çox susmağa üstünlük verir, "mən" kəlməsi
üstündə cəmlənən iddialardan uzaq
qaçır, mütəmadi nəşr olmaqdan imtina edir, bir
sözlə, sanki bilərəkdən nəzər-diqqəti
çəkəndən ötrü səslərini qaldırmırlar,
barmaqla sayılacaq qədər az olan bu istedad sahiblərinin
ilkin cərgəsində Ağacəfər Həsənli də
var.
Təbii ki, oxucuya
Ağacəfər Həsənli imzasını tanıtmaq zərurəti
yoxdur, çünki bu missiyanı Ağacəfər Həsənli
böyüklü-kiçikli əsərləriylə hələ
70-ci illərin sonlarından başlayaraq, bu günə qədər
dinməz-söyləməz şəkildə yerinə yetirməkdədir.
Ağacəfərin şeirlərini küll hallında ilk dəfə
1979-cu ildə "Azərbaycan" dərgisində
oxumuşam. Onun hələlik sonuncu dəfə oxuduğum
şeirləri isə "525-ci qəzet"in 28 fevral 2009-cu
il tarixinə təsadüf edir.
Bu yazımda istinad
nöqtəm, güvənib əl atacağım tutacaq yerim elə
onun "525-ci qəzet"də nəşr edilmiş silsilə
şeirləri olacaq.
Həmin şeirləri
oxudum və gəldiyim qənaət, nəticə bunlar oldu:
Ağacəfər Həsənli yaradıcılığının
ilk vaxtlarından başladığı, bu gün də davam
edən və hamıdan fərqli şəkildə
yaradıcılığında təzahürü
görünən söz hikkəsini, fərdi təhkiyə,
üslubunu, hiss ediləni, duyulanı, dərk ediləni və
dərkdən kənar olanı daxilində qeyri-adi ovqat şəklində
içdən gələn bir ciddiliklə təqdim etmək
bacarığını qoruyub saxlamaqdadır. Hər şeydən
əvvəl Ağacəfərin şeirləri zahirən,
qeyri-adi görünməkdən, ötəri də olsa təəccübləndirmək
ehtirasından yaxasını kənara çəkə bilir,
belə demək mümkünsə, bir anlıq ehtirasa öz gələcək
ömürlərini qurban vermirlər.
Ağacəfər qələmə
aldığı böyüklü-kiçiklim hər bir
şeirində bədii obyektə, predmetə qarşı
münasibətini dəqiq, həssas, adamı usandırmayan
ifadə vasitələriylə gerçəkləşdirmək
bacarığına malik ələm, söz sahibidir.
Qələmim
min səmtə azdı,
Heç
bilmədim nə avazdı...
Rəngim-ruhum
ağarmazdı –
Tellər
məni qabaqlayır.
Öz ikinci "mən"iylə
bu bənddə üzbəüz oturub dərdləşən
şairin təəssüflə dolu ovqat üstündəki həsbi-halında
qeyri-adi görünmək istəyi yoxdu ki? Əlbəttə
yoxdu! Oxucunu şərikinə çevirə bilən nəsnə
necə? Var, özü də sadalamaq üçün xeyli
istinad nöqtəsi tapılar. Dildə təzahür edən
sözün sadəliyi, yanaşma bacarığı, sözlərin
biri-birinə münasibətindəki mərhəm
bağlılıq, mövzu seçimində oxucunu
qeydsiz-şərtsiz şəriklisinə çevirmək diqqətdən
uzaq şəkildə kəlamlaşma və s. "Hər bir
şeirin birinci və əsas ləyaqəti ifadə dəqiqliyindədir"
- deyib Belinski, Ağacəfər dediyim kimi öz ifadələrində
səlisdir, sərbəstdir, cansıxıcı deyil, metaforik
görüntü yaratmaqdan uzaqdır. Əlavə edim ki,
Ağacəfərin söz və ifadə dəqiqliyi aforistik
deyil, bu dəqiqlik digərlərinin dediklərindən fərqli
olaraq ayrı cür psixoloji tiplidir.
Ağacəfər
yenilikçi, avanqard şair kimi görünmək istəyi
ilə oturub yazan şairlərdən yeddi köynək
uzaqdır. Amma bu, heç də o demək deyil ki, Ağacəfərin
şeirlərində adamın qulağına ilk dəfə dəyən,
qeyri-adiliyi ilə heyrətləndirmək gücündə
olan, adamı yerindən - yurdundan edən, özündən
çıxaran məqamlar yoxdu.
"Deyimdə və
ölçüdə davamlı yenilik axtarmaq, köhnələrin
dediklərinə bağlanmaq qədər
yanlışlıqdır" - deyən T.Eliotun bu
ölçü-ülküsünə istinad etsək,
Ağacəfərin şeirlərindəki yeni ab-havanın qəsdən,
bilərəkdən edilmədiyi qənaəti ilə
barışmalı olacağıq.
Hələ
bədirlənməyib Ay
Ulduzlar
közərmir.
Göy
üzündə Allahdan başqa
Heç kəs
gözə dəymir.
Ağacəfər
yazdığı bu misraların cəmindəki münasibətində
yenidir, fərqli baxışıyla, deyimindəki ifadələrin
təzəliyi ilə yenidir, nə oxucusunu, nə də
özünü qəsdən yormaq cəhdindən uzaq durub,
gözlənilənləri dolayısı ilə gözlənilmədən
sakit-sakit deməsiylə yenidir.
Aqibət
- quşçuğazın sığındığı
yuvadı,
İlan
balasının gizləndiyi oyuq.
Gözləmədiyim
tərzdə üzümə
Şapalaq
dəyibsə,
Aqibətdi.
Əcəl
girəvə tapıb qapımı
döyürsə,
Aqibətdi.
Bu ləngərli misralar
Ağacəfərin böyük yazıçımız Anara
həsr etdiyi "Aqibət" şeirindəndir. Bütövlükdə
bu şeirin içindən boylanan bədii həqiqətin bir
adı var - o da yüz yol üz-üzə gəldiyimiz
ayrılığın, kədərin rəngində,
ölüm donunda, nağıl ?- istədiyimizin qırıq səsində,
özümüzə verdiyimiz yersiz təsəllilərin
kölgəsində, başımızın altına
qoyduğumuz yastıq üstə, ömrümüzə
çaldığımız balta görkəmində,
Çaldıran adlı vahiməmizdə, Xocalı deyilən
qan gölündə üzləşdiyimiz dərdin içində
gizlənən aqibətimizdir.
Ağacəfərin
"525-ci qəzet"də çap edilmiş silsilə
şeirləri vaxta, zamana və bu vaxtın içindən gəlib
keçən insana, onun gördüyü, eyni zamanda
yaşadığı hisslərə verilən dəqiq
xarakteristikalardır. Bu şeirlərdə hər kəs
özünü, əhatəsində bəzən çar-naçar
qaldığı əzabların, ona diz döydürən
peşimanlığın, olacaqların, eləcə də
artıq əl yetməyəcək qədər uzaqda qalan
olmuşların səsini görə və eşidə bilər.
Bu şeirlərin intonasiyasındakı deyimlərin təkidi
o qədər güclüdür ki, hər sətirdə deyilən
fikrə etibarla, etimadla yanaşırsan. Onun şeirlərində
həyəcanlı, bir az da cod səs bütövlükdə
şeirlərin harmoniyasını pozmur.
Ağacəfər Həsənli
israrla dediyini az qala yeni bir din kimi qəbul etdirməkdən
uzaq duran şairdir. O, daha çox sözlə həqiqətin
təbii formada şəklini çəkməyə
çalışan bir rəssam kimidir. O vaxt - bu vaxt Ağacəfərin
şeirlərindən didaktik, nəsihətverici ruhun səsi gəlməyib,
onun şeirləri bütövlükdə ibrət dərsi
götürmək üçün quruluş müstəvi
xarakterlidir.
Oxucu nəzərindən
qaçmaq, yayınmaq onu çaşdırmaq asan deyil, necə
deyərlər, o, tükü-tükdən seçə bilən
tərəfdir. Yəqin oxucular da təsdiqləyərlər
ki, son dövrdə yaranan poetik nümunələrin əksəri
az qala bir-birinə yazılmış parodiyaları
xatırladır. Eyni fikirlər, az dərəcədə dəyişmiş
ovqat, bədii predmetə qarşı eyni münasibət və
nəticə etibarı ilə yüzəyüz eyni sonluqla bitən
bu əsərlər sanki oxucu zövqünü bəsitləşdirməkçün
yarışa giriblər. Ağacəfərin
sözünün sahibi olaraq həmişə bundan uzaqda dura
bilməsinin şahidi olmuşam və sonuncu silsilə şeirlərində
də bir daha Ağacəfərin "palaza bürün, elnən
sürün" əmsallı ruh sahibi olmadığına
inandım. Sizcə indiyə qədər oğula, qıza,
bacıya, qardaşa, dosta, ata-anaya nə qədər üz
tutub şairlər? Say-hesabı olmayan bu tip şeirlərdəki
eynilik yada düşəndə adamı vahimə basır. Ağacəfər
də bir şeirində oğluna üz tutur, amma dediklərini,
aram səslə dilə gətirdiklərini fərqli bir tonda
söyləyə bilir.
Göy mənim
deyil, oğlum,
Hələ
ki, pəncərəmtək
kip örtə
bilmirəm.
Hərdən
baxmaq istəmirəm bayılmış
Ayın
bayquş sifətinə.
Sərgərdan
buludun üzünə.
Görünmək
istəmirəm
Ulduzların
parıltılı gözündə,
Sonra mənə
qapı göstərsinlər.
Sonrakı misralarda hələ
dünya dediyimiz Yer üzünün də onun
olmadığını deyən şair, bunun səbəblərini
uzatmadan izah edə bilir. Üzə örtülən
qapıları olduqca, rüşvətlə satılan məzar
yerləri qalınca, havalı şəhərin havası
havadan asıldıqca, dünyada hələlik mənim deməyə
dili dönmür.
Şeirin
sonluğundakı orijinal nəticə etiraza yer qoymur:
Göy mənim
deyil,
Yer mənim
deyil!
Mən sənin
qədər səninəm,
Sən mənim
qədər mənimsən oğlum!
Bəzən zamanın,
vaxtın atributlarına yönəlik hər hansı poetik
nümunənin cazibədarlığı təkcə gözəl
deyimlərlə dilə gətirilməsiylə bitmir, bəzən
onu cövhərindəki gerçəkliyin olduğu kimi,
çılpaq şəkildə təzahüründən də
asılı olur. Ağacəfər də bəzən bu
üsulla auditoriyaya üz tutmağı xoşlayır.
Bütövlükdə Ağacəfərin
yaradılığından kiçik bir etüdü
xatırladan bu şeirlərdəki sözə, dilə
münasibət də ürəkaçandır. Sərhədləri
görünməyən bədii üsluba digər vasitələri
ustalıqla qaynaq edə bilən şair xüsusi bir manera ilə
onları tam şəkildə edə ifadə edir ki,
aradakı fərqlər hiss olunmur, buradakı obrazlar sistemi
öz fərdi xarakteriylə adamı özünə çəkə
bilir.
Ümumilikdə Ağacəfər
şeirlərində olduğu kimi görünə bilən,
necə deyərlər, dilini dinc saxlamadan hadisəyə,
gerçəkliyi münasibət bildirən, Böyük
Sözə lütfükarlıqla yanaşan, oxucusunu yormayan,
öz-özüylə davası bitməyən şairdir.
Bir neçə səhifəlik
yazıda Ağacəfər
yaradıcılığının məziyyətlərindən
bütövlükdə söz açmaq mümkün deyil,
odur ki, hələlik burada sözümü bitirirəm.
P.S. Əgər kimsə
mənim bu yazdıqlarımla razıdırsa, lap yaxşı,
kiminsə etirazı varsa, "525-ci qəzet"in 28 fevral
tarixli sayını tapsın, Ağacəfərin şeirlərini
bir də oxusun, özü də tələsmədən,
aram-aram.
Alim Məhərrəmli