Leylanın "məktubları"
Günümüzdə epistolyar
ədəbiyyat gələnəyi,
az da
olsa, davam etməkdədir. İnternet torunun
sarıp-sarmaladığı,
dünyanın qapımıza
gəldiyi bir zamanda kağızla məktublaşmaya zaman və həvəs qalmadığından poçt
işçilərinin görəvini
bilgisayar klaviyələri
görür... İnternet
ünvanıma yetərincə
gərəksiz məktublar
gəldiyi kimi, aradabir qismət toruma "qızıl balıq"
da düşür. Bu günlərdə ünvanıma gələn
məktublardan bəzilərini
"525-ci qəzet"in
oxucuları ilə də paylaşmaq istədim... Bu yazışmalar bir həftə bundan əvvəl başladı.
İnternet ünvanıma
hörmətli Mirzə
Xəzərdən gələn
ilk məktub beləydi: "Məmməd
müəllim, salam! Bu məktub mənə gəlib. Sizin elektron poçtunuzun ünvanını
sizdən soruşmadan
başqasına verə
bilmərəm. Leyla xanıma özünüz
(istəsəniz) cavab
yazsanız, yaxşıdı.
Hörmətlə, Mirzə
Xəzər".
Mirzə müəllim
onun ünvanına gələn bu məktubu da mənə
göndərmişdi:
"Salam, mənim
adım Leyladı. Şeir həvəskarıyam. Mütaliəni
sevdiyim üçün saytınızı çox bəyənirəm.
Özüm də şeirlər yazıram. Uşaqlıqdan
şair MƏMMƏD İSMAYILIN heyranıyam. Təəssüf
ki, onunla görüşmək qismət olmayıb mənə.
Ona "HƏSRƏTİNDƏ OLDUĞUM İNSAN"
adlı poema həsr etmişəm və bunu özünə təqdim
etmək arzumdu. Amma heç cür əlaqə saxlaya bilmirəm.
Sizdən xahişim mənə MƏMMƏD İSMAYILIN elektron
ünvanını göndərməyinizdir. Əvvəlcədən
təşəkkür edirəm.
Hörmətlə
Leyla".
Bu məktubu oxuduqdan
sonra cavab yazmaya bilməzdim. Çünki yeniyetməlik
çağlarımda orta məktəbdə oxuyanda Bakıya -
redaksiyalara məktub yazıb cavab gözlədiyim günlərin
həyəcanı hələ də canımda qalmaqdadır...
Buna görə də Leyla xanıma ünvanımı bildirməyi
qərara aldım:
"Leyla xanım, salam.
İnternet adresimi öyrənmək istədiyinizi hörmətli
Mirzə Xəzər müəllim mənə bildirdi. Yaradıcılığıma
sayqınıza görə təşəkkür edirəm. Bildiyiniz
kimi mən uzun illərdir Türkiyədə yaşayıram,
Azərbaycanda ildə iki dəfə oluram (Yayda və
qışda, tətil zamanı). Buna görə də nə
yazıq ki, vətəndə yaşayan oxucular və sənət
adamları ilə görüşə bilmək imkanım az
olur... Yazılarınızı mənə göndərə
bilərsiniz. Sayğı və salamlarla: Məmməd
İsmayıl".
Leyla xanımın
cavabı gecikmədi:
"Bu məktubu mən
salamla başlamaq istəmirəm, Məmməd İsmayıl. Salamı
illərin, ayların kəsiyində
görüşdüyün adama verərlər. Qəlbində
yaşatdığın, yaradıcılığı ilə
nəfəs aldığın insana yox. Uzun illərdir həsrətlə
gözlədiyim yeni kitabın qarşımdadı. Yazırsan
ki, unudulanların şairiyəm mən. İcazə ver, etiraz
edim: sən unuda bilməyənlərin şairisən, Məmməd
İsmayıl. Sən elə əvvəldən yetim haray idin
düşmüşdün bu dünyaya. Qürbət səni
sıxırsa, qayıt gəl elinə-obana. Darıxır təpəl
qoyun, cır alma, ananın qəbrinə gedən yol sənin
üçün. Elə biz də darıxırıq.
Yazırsan ki, unudun məni. Bunu bizdən istəmə, Məmməd
İsmayıl. Bəs bu zəmanənin şairi kim olsun? Gəncləri
qara qarğaların ümidinəmi qoyursan? Heykəllərə
günəbaxan kimi boylanan şairlərimi sevək? Qayıt gəl...
əgər bir xalq şairini yaşada bilmirsə, onda
baş-başa verək, birlikdə ölək, Məmməd
İsmayıl".
Doğrusu, bu məktuba
qədər Leyla xanımın növbəti şeir həvəskarlarından
biri olduğunu düşünmüşdüm. Amma
ümumilikdə məktubun mükəmməlliyi mənə,
Anadolu türkləri demiş, önyarğılı olmaqda nə
qədər yanlış yapdığımı göstərəcəkdi.
Cavab məktubumda sözü gedən yazısını
göndərməsini rica edəcəkdim... Cavab məktubu bir
daha məni çaşdıracaqdı:
"11-ci sinifdə
oxuyurdum. "Həsrətində olduğum insana məktub"
adı altında inşa müsabiqəsi keçirilirdi. Mən
də həmin müsabiqəyə qatıldım və qərara
aldım ki, həmin inşanı şeirlə yazım: "Məmməd
İsmayıla məktublar". 5 məktub yazdım sənə,
Məmməd İsmayıl. Böyük əks-səda
doğurdu mənim inşam. Mənə rayon təhsil
şöbəsində 1-ci yeri tutmaq üçün Məmməd
İsmayıl adını əvəz etmək təklif olundu.
Fikrimdən dönmədiyim üçün mən heç
bir yerə layiq görülmədim. Və buna görə də
təəssüf etmirəm. Həmin inşadan ilk məktubumu
sizə təqdim edirəm..."
Bir zamanlar "Gənclik"
jurnalında başladığım "Nöqtəsinə,
vergülünə toxunmadan" andına sadiq qalaraq Leyla
xanımın "məktubunu" oxucularıma necə var, elə
də təqdim edirəm...
Və yolunu gözlədiyim
o ilk "məktub" qarşımdadır:
"Bu duz
yükü deyil, bu söz yüküdü,
Bu
yükü çiynimdə daşıyammaram,
Bu qız
yükü deyil, bu söz yüküdü,
Deməsəm,
yazmasam, yaşayammaram.
Söz var
yeddi qatı yaxıb yandırar,
Susmaq
qızıldısa, susmağa nə var.
O hansı
sözdü ki dağa qaldırar,
Dağdan
endirəni yazmağa nə var.
Qoşa
yaranıbdır xeyir ilə şər,
Xeyiri də,
şəri də göz qabağında.
Tökülən
mərmilər, açan güllələr
Susar Əlahəzrət
söz qabağında.
Bu söz
bolluğunda söz tapılmasa,
Əgər
kəsilməsə qəlblərə hakim,
Danışma
bir kəlmən yadda qalmasa,
Kimdi boyat
sözün tamarzısı, kim.
Kimdi
asılacaq dar ağacından,
Kimdi əleyhinə,
kimdi bitərəf ?!
Dayanıb
durmuşuq yol ayrıcında,
İşıq
gələn tərəf, it hürən tərəf.
O qismət
dediyin harda gizlənib,
Korşalıb
kəsəri, gedib ovxarı,
O kimdi əvvəli,
axırı gəlib,
Kiminin əvvəli,
kimin axırı.
Yazıq
istəkləri, xoş arzuları
Tale hara
çəkdi, vaxt hara yozdu,
Tovuzdan
dünyaya gedən yolların
Qayıdacağı
yer elə Tovuzdu.
Yetim bir
haraydı gəzir dünyanı,
Sözdü
var-dövləti, nə şöhrət, nə şan,
Şeir
dünyasının şeir sultanı –
Daim həsrətində
olduğum insan.
Biz qəlbimizə belə
yazmışıq səni, Məmməd İsmayıl. Və
beləcə də yaşadacağıq. Unudulmaqdan yazıb
"daim sənin həsrətində olan" insanları
üzmə, Məmməd İsmayıl..."
Yazının ilk
bölümünü oxudum və dəyərli oxucularım,
mən də sizin kimi, gizləmirəm, gerçək bir
sürprizlə qarşılaşdım... Yaşadığım
bunca zaman içərisində vaxt-bivaxt oxucularımdan bəzən
çox, bəzən də az (özəlliklə qürbətə
düşəli) məktublar aldığım olub. Və bu məktubların
xeyli hissəsini şeir həvəskarların arzuları və
şeirləri təşkil edib. Bu da təbii bir haldır,
şairə gələn, şeirlə ilgili məktublar
olacaqdı. Bu şeirlərin çoxusu istədiyim səviyyədə
olmasa da o məktubların heç birisini cavabsız
qoymadım. Gizləmirəm, Leyla xanımın Mirzə Xəzər
müəllimin mənə göndərdiyi məktubunu oxuyanda
içimdə "Bu da növbəti bir oxucu məktubu
olmasın", - deyə düşünmüşdüm. Amma
Leyla xanımın mənə göndərdiyi cavab məktubunun
səviyyəsini görüb rahatlasam da, bir inşa
yazısı üçün yazılmış şeirin bir
bu qədər mükəmməl olacağını
düşünməmişdim. Bu inşanın 11-ci sinifdə
yazıldığını düşündükdə
işin rəngi tamamən dəyişirdi.
Həm də imtiyaz
sahibləri adımın əvəzlənməsini istəsələr
də, gənc bir qızın buna inad etməsi də
içimi işıqlandırdı. Bu, əsil şair mərdanəliyidir,
əlbəttə. Bir adam az deyil, milyon adam çox. Millət
fərdlərinin sayı ilə deyil, mərdlərinin
sayıyla millət olur. Yaşına yaraşmayan bir mətanətlə
bu mərdlərdən biri olduğuna görə də Leyla
xanıma təşəkkür borcum olduğunu
düşündüm. Amma Leyla xanım sanki qəsdlə məni
hər dəfəsində heyrətləndirmək
üçün sürprizlərini davam etdirəcəkdi. Əsərinin
tamamını deyil, ikinci məktubu göndərəcək və
mənim yaralı yerimə toxunacaqdı:
"Bütün analar
müqəddəsdir. Amma mən "həsrətində
olduğum insan"a ikinci məktubu balasını
qılınc tək sıyırıb nəfsilə öz
arasına qoyan, həyat keşməkeşlərində qolu
qamçı sapına dönən, özü gedib yarı
canı bu dünyada qalan və qəlbimizdə müqəddəs
bir kədər qoyub gedən anaya itihaf etdim. Bu son nəfəsinə
gəlib yetişən, arxasınca "bu-rax-ma-ram"
hayqıran Məmməd İsmayıl anasıdı. Əgər
mən o müqəddəs kədəri, o yanğını
ifadə edə bilməmişəmsə, keç
günahımdan, Məmməd İsmayıl..."
İkinci məktub
"Səhər
səksəkəli qalxıb oyanar
Gecələr
gec yatan nigaran anam,
Bircə mənə
görə
Bütün
bu dünyadan nigaran anam..."
Məmməd
İsmayıl
Bizsiz
dözməyən analar
Bizi qoyub
niyə gedər?
Mələyə
dönər analar,
Bizi qoyub
göyə gedər.
Haqqa minnətçi
düşərlər
Bizi
bağışlasın deyə,
Yaşayıb
heydən düşərlər
Uşaqlar
yaşasın deyə.
Yuxusuz gecənəm,
ana,
Qəlbinə
çəkilən dağam,
Küsüb
getmə, qurban olum,
Hələ
balaca uşağam.
Vaxt dirənməsə
üstünə,
İmana,
dinə gəlməzsən,
Ana olmasan,
ananın
Nə
çəkdiyini bilməzsən.
Ömrünü
şam eləməsən,
Əriməsən
gilə-gilə,
Sübhə
kimi gözləməsən,
Gülə-gülə,ölə-ölə,
Sən
ananın nə çəkdiyin
nə bilərsən,
Bu
ümmansız məhəbbəti
nə bilərsən,
Bu sevgini,
bu həsrəti
nə bilərsən.
Söz
öyrətdin, dil öyrətdin,
Bir üstəgəl
bir öyrətdin,
Yapışıb
əlimdən neçə
Açılmayan
sirr öyrətdin.
Ürəyinə
dəydi, ana,
Dizlərimə
toxunan daş,
Böyüyürəm
yavaş-yavaş,
Qocalırsan
yavaş-yavaş...
Saçlarına
yağan qaram,
Kipriyində
yaş giləsi,
Gəlimli-gedimli
dünya,
Kim gedəsi,
kim gələsi.
Heç kəsə
yalvarmamışam,
Ya Rəbb,
sənə yalvarıram,
Sürünürəm
dizin-dizin,
Bircə sənə
yalvarıram,
Ya göy,
sənə yalvarıram,
Ya yer, sənə
yalvarıram,
Dönə-dönə
yalvarıram,
Sənə-sənə
yalvarıram
Ey yeri,
göyü Yaradan,
Ey odu suyu
Yaradan,
And verirəm
and yerinə,
O güvənc,
murad yerinə,
Qıyma sən,
anama qıyma,
Mən bəndəni
yetim qoyma,
Qoyma
gözü yaşlı məni,
Qoyma
başı daşlı məni...
Ha gizlətsəm,
gələr tapar,
Kündələyər,
yayar, yapar,
Kimi
aparırsan, apar,
Torpaq,
aparma anamı.
Ümiddimi,
heyrətdimi,
Yalvarışmı,
minnətdimi,
Sənə
adam qəhətdimi?
Torpaq, aparma anamı.
Dağı
apar, daşı apar,
Yazı,
yayı, qışı apar,
Axıtdığım
yaşı apar,
Torpaq, aparma
anamı.
Tənhalıqdan
qorxur anam,
Qaranlıqdan
qorxur anam,
Məzarlıqdan
qorxur anam,
Torpaq,
aparma anamı.
Gəl
dumanı, çəni apar,
Gəl kədəri,
qəmi apar,
Aparırsan,
məni apar,
Torpaq,
aparma anamı.
Leyla xanımın qələmindən
fışqıran bu fəryadı mənim ruhi halımın
fəryadıdır anlayana.
Bu, Leyla xanımın
ikinci "məktubunda" yer alan şeridir,
üçüncü, dördüncü, beşinci məktublarında
nələrin olacağı elə birinci, ikinci məktublardan
görünür. Kim olduğunu, harda
yaşadığını, nə işlə
uğraşdığını, indiyə qədər harada
hansı yazılarının çap olunduğunu bilmədiyim
Leyla xanım "məktublarını" bir-bir göndərməklə
fikri hələ məni xeyli nigaran qoymaqdır. Bildiyim tək
bir şey var ki, əgər doğrudan da bu "məktublar"
11-ci sinifdə oxuyan bir qızın yazılarıdırsa
(buna şübhə ilə yanaşmağa haqqım olmasa da)
o zaman sonrakı illərdə daha önəmli əsərlər
yazdığına kimsənin şübhə yeri qalmaz. Heç
əvvəllər də kimsəyə boğazdanyuxarı tərif
demədim, indi yaşımın bu ahıl
çağlarında da belə bir niyyətim yoxdur. Həm də
söhbət mənə ünvanlanmış şeirlərdən
gedirsə, əsla güzəşt etmək niyyətinə
düşmərəm. Doğrudan da bu "məktublar"
11-ci sinif şagirdinin qələmindən çıxana bənzəmir.
Bu qədər püxtələşmiş yazı tərzi, dərdi
izhar etmək bacarığı bir yeniyetməyə deyil,
çox zaman heç yaşını-başını
almış adama da qismət olmur. Nə isə...
Ədəbiyyatımıza
yeni bir nəfəs gəlir. Baxtı açıq, ilhamı
gur, qədəmi uğurlu olsun... "Məktubların"
tamamını çap etmək görəvi isə, elə
bilirəm, bizim hörmətli jurnal redaktorlarımızın
çiyinlərinə düşür.
27 may 2009,
Çanaqqala
Məmməd İsmayıl
525-ci qəzet.- 2009.- 13 iyun.- S. .27.