Məmməd Cəfərin nəzəri-estetik görüşləri
Son illərin qlobal
iqtisadi böhranı dünya humanitar fikrinin ciddi nəzəri
tənəzzülü ilə qovuşduğu bir məqamda
Avropa və postsovet məkanında modernizmin və
poststrukturalizimin durumuna yeni bucaqdan baxış müstəvisi
yaranmışdır. Cəmiyyətin iqtisadi həyatındakı
krizis humanitar fikrin durğunluğu, qeyri-müəyyənliyindən
doğurmu? Öz xoşbəxt günlərini yaşayan
Avropanın iqtisadi vəziyyəti "inkisari-xəyal"
yaratdığı kimi, xoşbəxt gələcəyinin,
kommunizm qurmaq xəyallarının puç olduğu vəhşi
kapitalizm dövrü bizim humanitar düşüncəyə
xas olmayan, ədəbi-bədii fikirdə yeni meyllər
yaratdı. "İşlə - sürün, uğurla - həzz
al" gerçəkliyi insanı psevdo insana çevirir. "Tərəqqinin
təkcə strukturu, enerji mənbəyi, hərəkət
orbiti yox, konsepsiya dəyişir" (Y.Qarayev). Belə mürəkkəb
ictimai və bədii gerçəklikdə ən müasir
humanitar nəzəriyyələrlə, o cümlədən
sivilizasiyalar nəzəriyyəsi, müasir epoxanın
paradiqması və s. amillərlə müxtəlifregionların
və milli-nəzəri məktəblərin tarixi təcrübəsini
öyrənmək zərurəti meydana çıxır.
XX əsr Azərbaycan ədəbi-nəzəri
fikrinin yekunlarına nəzər saldıqda, ədəbiyyatşünaslığın
bir sistem kimi ümumi və milli məzmununun
formalaşmasında Məmməd Cəfərin tarixi və
müasir missiyası aydın görünür. Şübhəsiz
ədəbiyyatşünaslıq və tənqidin tarixi
inkişafı fonunda dəyərləndirmək şərti
ilə Məmməd Cəfərin təkcə ədəbiyyat
elminin yox, ümumilikdə humanitar fikrin problemlərinin həllində
iştirak edir. "Elmin tarixi yoxsa nəzəriyyəsi də
yoxdur, amma elmin nəzəriyyəsi olmazsa, onun tarixini xəyalə
belə gətirmək olmaz" (Çernışevski). Məmməd
Cəfər müəllimin yarım əsrə yaxın
yaradıcılıq yolu, elmi-təşkilati və pedaqoji fəaliyyəti
tənqid, ədəbiyyatşünaslıq və estetika sahəsində
XX əsr Azərbaycan elminin əsas istiqamətlərini,
metodoloji hazırlıq etibarilə səviyyə mərhələlərini
özündə əks etdirir. Milli və bəşəri mənəvi
dəyərləri orijinal, heç kimə bənzəməyən
təhlil üsulu ilə qiymətləndirməyin əsasında
onun bənzərsiz alim-tənqidçi təfəkkürü
dayanır.
M.Cəfər müəllimin
ədəbi-nəzəri irsi yarandığı tarixi prosesdə
yüksək qiymətləndirildiyi kimi, bu gün də onun
yaradıcılığına eyni həssaslıq göstərilir.
Ə.Ağayev, Ə.Mirəhmədov, H.Araslı, M.Arif, O.Həsənov,
M.Əlioğlu, N.Məmmədov, A.Zamanov, M.Cəlal, Q.Xəlilov,
Ə.Bayramov, Y.Qarayev, Elçin, Q.Qasımzadə,
F.Qasımzadə və ədəbiyyatşünaslığın
yeni nəslinin M.Cəfər haqqında tədqiqatlarını
minnətdarlıq hissi ilə xatırlamaqla yanaşı iki əsəri
xüsusi dəyərləndirmək istərdim. Bunlar
Elçinin "M.Cəfər", Y.Qarayevin "Bir
ömrün işıqları" əsərləridir. Bu əsərlərdə
M.Cəfər müəllimin ədəbi-elmi fəaliyyətinin
əsas istiqamətləri şərh edilməklə, onun XX əsr
Azərbaycan nəzəri-estetik fikrinin inkişafında rolu əhatəli
təhlil edilir. Bu sırada Y.Qarayevin "Görkəmli
adamların həyatı" seriyasından kitabların janrına
yaxın formada yazılmış monoqrafiyası bizim ədəbi-elmi
fikrimizin nadir hadisələrindəndir. Təhlil predmetinə
böyük məhəbbətlə yazılmış bu əsər
M.Cəfərin şəxsiyyəti, onu bütövləşdirən
ailə, məktəb mühiti və digər ictimai
auditoriyalar konteksti dərin fəlsəfi və obrazlı bir
vüsətlə onun yaradıclıq yoluna paralel öyrənilir.
Bu əsəri oxuduqca M.Cəfər də, Y.Qarayev də, XX əsr
ədəbi-ictimai fikrimizin bu iki mütəfəkkirin tarixi və
müasir missiyası göz önünə gəlir.
Məmməd Cəfər
müəllimin ədəbi-nəzəri görüşləri
haqqında hələ 1973-cü ildə BDU-nun tənqid
kurslarında Bəkir Nəbiyevin rəhbərliyi ilə məruzə,
Qulu Xəlilovun rəhbərliyi ilə diplom işi və
Y.Qarayevin xeyir-duası ilə monoqrafiya yazmış bir müəllif
kimi məndə belə qənaət yaranmışdır ki,
XX əsr ədəbi-tənqidi fikrimizin çağdaş
günlərimizdə yaşayan tək tarixi yox, həm də
müasir məna tutumu qazanan nadir alimlərimizdən biri də
Məmməd Cəfər müəllimdir.
M.Cəfər müəllimin
yaradıcılığı və şəxsiyyəti
polifonizm nümunəsidir. Folklor, klassik irs, ədəbi əlaqələr,
rus və Avropa ədəbiyyatı, müasir ədəbi
prosesin problem və axtarışları, yaradıcılıq
metodları və ədəbi məktəblər, milli estetik
fikir tarixi, ana dilinin keçmişi və bu günü, ibrətamiz
məzmunlu, yığcam bədii əsərlər... Məmməd
Cəfər müəllimin çoxcəhətli fəaliyyətini
tam əhatə etməyən bu başlıqların hər
birinə xüsusi monoqrafiya və dərsliklər həsr
edilmişdir. O, mənəvi mədəniyyətimizin
bütün sahələrinə eyni həssaslıq və vətəndaşlıq
yanğısı ilə yanaşmışdır. Elmi
kadrların çatışmadığı 40-50-ci illərdə
Məmməd Cəfər və onun ədəbi nəsli nəzəri-estetik
fikrin bütün ağırlığını öz üzərinə
götürməkdən çəkinməmişlər. Təsadüfi
deyil ki, bugünə qədər ədəbiyyatşünaslığımızın
müxtəlif problemləri ilə məşğul olan
mütəxəssislər M.Cəfər müəllimin tədqiqatlarını
ilk mənbə hesab etdikləri kimi, filosof və estetiklərimizin
çoxu da onun elmi mülahizələrinin təsiri ilə
formalaşdıqlarını qürur hissi ilə etiraf edirlər.
Tədqiqat predmetindəki
polifonizm onun elmi-təşkilati fəaliyyətinə
paraleldir. "Ədəbiyyat qəzeti"nin redaktoru, BDU-da
Rus ədəbiyyatı kafedrasının müdiri, Nizami
adına Ədəbiyyat İnstitutunda Qədim və orta əsrlər
ədəbiyyatının, sonra Sovet dövrü ədəbiyyatının,
daha sonra Ədəbiyyat nəzəriyyəsi şöbəsinə
və nəhayət İnstituta və institutun daxil olduğu
bölməyə rəhbərlik. Məncə nadir hadisədir
və heç vaxt formal məzmun
daşımamışdır. M.Cəfər müəllim ədəbiyyatımızın
tarixini mənəviyyatımızın, təfəkkürümüzün,
tərəqqimizin tarixi kimi öyrənirdi və bütün
epoxalara da eyni səviyyədə nüfuz edə, onun
görünməyən tərəflərini dövriyyəyə
gətirə bilirdi.
M.Cəfər müəllim
konkret bir dövrün, epoxanın sərhədləri çərçivəsində
düşünən, təfərrüatlara varan tədqiqatçı
deyildi. O ən qədim dövrdən yaşadığı
dövrün ədəbi prosesinə qədər ədəbi
fikrin inkişaf mərhələlərini əhatə edən
konsepsiyalar hazırlayır. Başqa sözlə Cəfər
müəllim Qədim və orta əsrlər, Yeni dövr, XX əsr
ədəbiyyatı kurslarının nəzəri-metodoloji,
milli-ideoloji zəminini hazırlayırdı.
M.Cəfərin klassik
irsi təhlil və qiymətləndirmə konsepsiyası onun
Nizami, Nəsimi, Füzuli, M.F.Axundov, M.Ə.Sabir, C.Məmmədquluzadə,
H.Cavid və M.Hadi haqqında yazdığı tədqiqatların
müasir elmi dəyərini təyin edir. Xalqın mənəvi
yaddaşının, onun millilik, vətəndaşlıq, qəhrəmanlıq,
fədakarlıq və gözəllik barədə
görüşlər sistemini müasir ədəbi-ictimai həyatın
canlı qüvvəsinə çevirmək M.Cəfərin
klassiklər haqqında yazdığı məşhur əsərlərin
əsas elmi-praktik məzmununu təşkil edir. Bu tədqiqatların
elmi vüsətini, milli-mənəvi tutumunu təsdiq etmək
üçün onun Füzuli haqqında yazdığı
üç məşhur məqaləsini ("Füzuli
sevir", "Füzuli düşünür",
"Füzuli yaşayır") xatırlatmaq kifayətdir. Füzulinin
bədii-fəlsəfi konsepsiyası, onun poetik
dünyagörüşünün milli və poetik
qaynaqları, bu ecazkar söz sənətini uzun əsrlərin
estetik zövq və mənəvi ləyaqət meyarına
çevirən yaradıcılıq sirrləri bu məqalələrdə
heyrətamiz bir sənətkarlıqla aşkar edilir.
M.Cəfər klassik
irsin tarixini, həm də bədii-estetik fikrin inkişaf yolu
kimi təhlil edir. "M.F.Axundovun ədəbi-tənqidi
görüşləri", "Nizaminin fikir
dünyası", "Hüseyn Cavid" monoqrafiyaları bədii
fikrin inkişaf mərhələlərini dövrün
ictimai-fəlsəfi təsisatlar sistemi zəminində öyrənməyin
fəlsəfi nümunələridir. O, ədəbi-ictimai tərəqqidə
şəxsiyyətin rolunu şərh edən ilk monoqrafiya və
məqalələrin müəllifidir. "Mütəfəkkirin
şəxsiyyəti", "Hünərvər şair",
"Səni kim unudar" üç böyük klassikimizin,
M.F.Axundovun, M.Ə.Sabirin və M.Hadinin sənəti, şəxsiyyəti
ilə yaşadıqları gerçəklik arasında mənəvi
konfliktlərin tarixi mənasını güclü publisistik
bir üslubda izah edən tədqiqatlardır.
Məmməd Cəfər
müəllim XX əsr Azərbaycan ədəbiyyatşünaslığı
və tənqidində görkəmli nəzəriyyəçi
kimi ən mürəkkəb ədəbi-estetik problemlər
haqqında ümumiləşdirici söz demək səlahiyyəti
qazanmışdır.
Tədqiqatçının
nəzəriyyə sahəsində kəskin mübarizələrə
səbəb olan mətləblərdən biri kimi
yaradıcılıq metoduna intensiv marağı təbiidir. Çünki
bu problemin həllində fəlsəfə, estetika, sənətşünaslıq,
ədəbiyyatşünaslıq və s. elmlərin
qarşılıqlı bəhrələnməyi tələb
olunur. Milli-ədəbi bədii fikirdə metod tiplərinin
ideya-estetik mahiyyətini, onların tarixi növbələşmə
özünəməxsusluğunu, keçid
tipologiyasını, ümumiyyətlə yaradıcılıq
metodunun milli mahiyyətini üzə çıxartmaq
üçün məhz Məmməd Cəfər səviyyəsində
öz ədəbiyyatımızla yanaşı dünya bədii
sənətinə bələdlik, tədqiqatçı
zövqü və ümumiləşdirmə vüsəti gərəkdir.Yaradıcılıq
metoduna müasir elmi münasibəti romantizmin nəzəri dərki
və qiymətləndirməsi meyarları ilə əlaqələndirən
fikirlərdə böyük həqiqət var. Dünya ədəbiyyatında
incə və mürəkkəb problem olan romantizm, həm də,
estetik düşüncənin həssaslığını,
onun ədəbi prosesin müxtəlifliyini və təkrarsızlığını
duymaq göstəricisidir.Ədəbiyyatşünaslığımızın
tarixi kontekstində buraya onu da əlavə etmək
lazımdır ki, romantizmin müasir dərki
bütünlükdə klassik irsə yeni ibrətamiz
münasibəti müəyyən edirdi. Bu mənada M.Cəfərin
yaradıcılıq yolu ibrətamizdir. O, hazır nəzəri
təlim və sxemlərlə bədii fikir tarixinə
yanaşmağın qeyri-elmi nəticələrini 30-cu illər
tənqidinin təcrübəsində görmüşdü. Çünki,
ədəbi-nəzəri fikir mənəvi cəhətdən
buna hazır deyildi, yersiz sıçrayışlar zamanı bədii
təcrübə ilə ədəbiyyatşünaslıq
arasında uçurum yaradırdı.
Nizami, Füzuli,
M.F.Axundov, H.Cavid irsinin təhlili təcrübəsi zamanı ədəbiyyatşünas
yaddaşında sistemə çevrilən nəzəri
müşahidələr ədəbi inkişafı konkret
kateqoriyalar müstəvisindən tədqiq etməyə
psixoloji zəmin yaratdı.
Elmi fikir tariximizdə
romantizm konsepsiyasının təşəkkülü
baxımından 40-cı illərə qədərki tədqiqatların,
nəzəri mülahizələrin müstəsna əhəmiyyətini
göstərməklə yanaşı etiraf etmək
lazımdır ki, onlarda romantizm bir metod, cərəyan kimi əsaslı
nəzəri-metodoloji prinsipə əsaslanan konseptual
qoyuluşunu və həllini tapa bilmir. Mir Cəlal müəllimin
"Azərbaycanda ədəbi məktəblər"
(1905-1917) əsərində XX əsr realizmi və romantizmi ilk
dəfə ayrıca tarixi-estetik kateqoriya, ədəbi məktəb
şəklində dəyərləndirilir. Bu əsərin
yazıldığı vaxtdan 60-cı illərə qədər
romantik ədəbiyyata həsr olunmuş əsərlər
özünün milli ədəbiyyatşünaslıqda nəzəri-metodoloji
əsasını burada tapır.
M.Cəfərin 60-cı
illərdə yazdığı "Azərbaycan ədəbiyyatında
romantizm" və "Hüseyn Cavid" monoqrafiyaları
romantizm haqqında milli-nəzəri fikrin inkişaf mərhələlərini,
istinad və inkişaf məramlarını, onun metodoloji cəhətdən
tarixi təkamülünü dolğun əks etdirir. Bu əsərlər
60-70-ci illər ədəbiyyatşünaslığında
romantik ədəbiyyat haqqında elmi fikrin əsas istiqamətverici
amili kimi meydana çıxır. Müəllif XX əsr
romantizmini ilk dəfə müasir mənada başa
düşülən metod və cərəyan kimi
götürür, onun nəzəri-estetik prinsiplərini, ideya
və poetika problemlərini, genezisini, tənqidi realizmlə məfkurəvi,
bədii struktur əlaqələrini fundamental şəkildə
tədqiqata cəlb edir. 60-70-ci illərdə Azərbaycan
romantizmi haqqında yazılmış tarixi və nəzəri
səpkili əsərlər öz elmi strukturu və metodoloji
prinsipləri etibarilə bu tədqiqatlara əsaslanır. Bu əsərlər
XX əsr ədəbi məktəblərinin tədqiqi
üçün obyektiv metodoloji zəmin yaratdı. Artıq
XX əsr Azərbaycan romantizminin böyük nümayəndəsi
Hüseyn Cavidin sənəti məhz bu metodun estetikası və
poetikası kontekstində tədqiq olunur, milli-bədii fikir
tarixində XX əsr romantizminin mövqeyi haqqında konkret təsəvvür
yaranır.
Məmməd Cəfərin
XX əsr romantizminin nümayəndələrinin
yaradıcılığına həsr olunmuş tədqiqatlarında
bu ədəbi məktəbin idrak prinsipləri, klassik fəlsəfi
konsepsiyalarla bağlı cəhətləri haqqında, həmçinin
romantik əsərlər, onların ideyası, süjet, obraz və
xarakterlərin təhlili məntiqindən irəli gələn
elmi mülahizilər bu yaradıcılıq metodunu milli-bədii
fikrin qanunauyğun mərhələsi kimi şərh etməyə
əsas verdi. Son illərdə Azərbaycanda maarifçiliyi
şərtləndirən ədəbi, fəlsəfi təsirlərlə
yanaşı, milli fikir tariximizdəki panteist təlimlərin
də rolunu əyaniləşdirmək cəhdləri bilavasitə
romantik ədəbiyyatın idraki əsaslarını ilk
növbədə milli-fəlsəfi fikir tarixində
axtarmağın düzgün yolu kimi akademik Məmməd Cəfərin
irəli sürdüyü konsepsiyanın elmi-praktik əhəmiyyətini
təsdiq etdi. XX əsr Azərbaycan ədəbiyyatını
və romantizm cərəyanını daxilən zidd, əks cəbhələrə
bölməyin qeyri-elmiliyini ilk dəfə Məmməd Cəfər
irəli sürmüşdür.
İctimai formasiyalarla ədəbiyyat
tarixinin inkişaf dövrlərini, o cümlədən
yaradıcılıq metodlarının və ədəbi məktəblərin
tiplərini eyniləşdirən nəzəriyyələrin əksinə
olaraq M.Cəfərin tədqiqatlarında sənətin öz
inkişaf qanunları başlıca meyar kimi
götürülür. Ədəbiyyatımızın
20-30-cu illər dövründə realist və romantik
metodların paralel varlığı ümumittifaq miqyasında
məhz onun sayəsində təsdiq edilmişdir.
M.Cəfər elmi ədəbiyyatda
uzun illər mövcud olan "Realizm romantizmlə mübarizədə
yaranmışdır" mülahizəsinin elmi əsası
olmadığını sübut etməklə, həm də
romantizmin poetik ənənələrinin yeni dövr ədəbiyyatının
ideya-bədii sistemində yaşamaq səlahiyyətini təsdiq
etmiş olur. O, klassik romantik ənənələrin bugünkü
ədəbiyyatda mövqeyini aydınlaşdırmaqla
müasir milli-bədii düşüncənin fərdiliyini də
aydınlaşdırır.
Məmməd Cəfər
müəllim 40 ildən artıq bir vaxt ərzində ədəbiyyatımızın
klassik dövrü, onun nəzəri problemləri ilə
yanaşı müasir ədəbi prosesin ən aktual məsələləri
ilə ardıcıl məşğul olmuşdur. Azərbaycan
ədəbiyyatının C.Cabbarlı, S.Vurğun, S.Rüstəm,
R.Rza, S.Rəhimov, M.Hüseyn, M.Arif kimi görkəmli nümayəndələrinin
sənət yolunu oxucular M.Cəfərin tənqidi şərhi
və qiymətlərində daha yaxından
tanımışlar. Ədəbi prosesdə yenini görüb
qiymətləndirmək, qorumaq istedadı onun tənqidçilik
fəaliyyətinin müasir mənasını şərtləndirən
əsas cəhətdir. Təsadüfi deyil ki, 60-70-ci illər ədəbiyyatında
yeni mərhələnin ideya-bədii keyfiyyətlərini, onun
əsas nümayəndələrinin
yaradıcılığını obyektiv qiymətləndirən
əsas müəlliflərdən biri də M.Cəfər
olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı
Natəvan adına klubun kürsüsündən onun tənqid,
poeziya, nəsr, eləcə də ədəbiyyatın
ümumi-nəzəri problemləri haqqında oxuduğu onlarca
məruzə təkcə ədəbi fakt olaraq qalmayıb ədəbi
qüvvələri sənətin yeni bədii
axtarışlarına yönəltməkdə misilsiz rol
oynamışdır.
M.Cəfər müəllim
bir tənqidçi kimi konkret ədəbi hadisəni, müəyyən
bir dövrün ədəbiyyatını dünya bədii-estetik
fikrinin kontekstinə əsaslanan sənət ölçüləri
ilə dəyərləndirirdi. Elmin, sənətin mənafeyindən
söhbət gedəndə onun mülayim, ləngərli təhkiyəsini
əsil tənqidçiyə məxsus vətəndaş
yanğısı, etiraz və inkar intonasiyası əvəz
edirdi. İsa Hüseynovun nəsrinə qayğı ilə,
hörmətlə yanaşan müəllif yazırdı:
"Müasir həyata vüsətli baxış,
böyük fikirlər, böyük hisslər və ehtiraslar,
nəhəng xarakterlər, müasir həyat üçün
daha səciyyəvi olan tiplər, dərin ictimai məzmunlu həyat
konfliktləri, bu günün adamının ayıq bir realizmi
ilə birləşən, sanballı dramatizm. Bunlar əsərdə
yoxdur".
M.Cəfər müəllimin
klassik irsin tarixi təkamülü, tarixi ədəbi prosesin
immanent qanunauyğunluqları haqqında bu gün də
xüsusi əhəmiyyət daşıyan konseptual məqamlar
vardır. O, Füzuli irsi ilə folklor, Füzuli və Sabir,
Axundov və M.Cəlil paralelizmi fonunda ədəbi fikrin vətəndaşlıq
tutumu ilə yanaşı poetik sistem keçidlərini də
izləyir. "M.Cəfər lirik Füzuli qəhrəmanından
- mütəfəkkir aşiq"dən böyük realist
Sabirin "mütəfəkkir arif"inə qədər olan
inkişafı izləyir, lirika tariximiz haqqında maraqlı,
orijinal, cəsarətli fikirlər irəli sürür"
(Yaşar Qarayev). "Folklor, xalq və şer hələ
heç zaman Sabirdəki qədər böyük üzvi vəhdət
təşkil etməmişdir - Məmməd Cəfərin
Sabirə həsr etdiyi məqalələr silsiləsinin əsasında
bu həqiqət durur" (Y.Qarayev).
M.Cəfər müəllim
klassik irsi milli istiqlal müstəvisində öyrənirdi və
təsadüfi deyil ki, onun rəhbərlik etdiyi İnstitut və
Bölmə xalq hərəkatı ərəfəsində
milli-ideoloji fikrin mərkəzinə çevrilmişdi. Xalqçılıq,
milli istiqlal ideyası onun həyat amalı idi. Hələ
1940-cı il 28 aprel tarixli "Ədəbiyyat qəzeti"nə
çap etdirdiyi "Ədəbiyyatımız
xalqımızın xidmətində" məqaləsində
yazırdı: "Bakı nefti ilə Paris, Nyu-York, London
küçələri çilçırağa
çevrildiyi halda Azərbaycan qaranlıq gecələr yolçusu
oldu. Rus mütləqiyyəti və İran şahları
intereslərinə uyğun olaraq, mənfur Türkmənçay
müqaviləsi ilə Azərbaycan xalqı, Azərbaycan
ölkəsi iki hissəyə parçalandı,
xalqımızın ürəyini parçalayıb ona
unudulmaz bir yara vurdular".
"Yeni yol" və
"Ədəbiyyat" qəzetlərində 1938-1939-cu illərdə
dərc etdirdiyi məqalələrindəki
aşağıdakı fikirlər də M.Cəfərin gənclik
illərindən böyük əqidə sahibi, sabit
xalqçı olduğunu təsdiq edir. O yazırdı:
"Xalq məhəbbətinin təsiri ilə, xalq
üçün yanan ürəyin parlaq şüaları
altında Danko öz xalqını işıqlı dünyaya
çıxardır.Dankonun qəlbi Qorkinin qəlbidir",
"Sənətə xəyanət etmək xalqa xəyanət
etməkdir", "Sənətdəki xəlqiliyin əsasını
xalqı bir mütəfəkkir sənətkar kimi duymaqda
axtarmaq lazımdır" və yaxud "Həqiqi sənətkarın
şəxsi həyat faciəsi zamanın, xalqın faciəsidir"
("Səni kim unudar"). AMEA-nın Ədəbiyyat, Dil,
İncəsənət bölməsinə rəhbərlik
etdiyi vaxtlarda bu qurum milli fikrin mərkəzinə
çevrilmişdi. "Azərbaycan filologiyası məsələləri"
silsiləsindən dərc edilən kitablar M.Cəfər
müəllimin uzun illər həyata keçirmək istədiyi
milli istiqlal ideyasının təcəssümü idi.
M.Cəfər müəllimin
qeyri-adi şəxsiyyəti haqqında çox yazılıb,
ibrətamiz hadisələr qələmə alınıb. Mən
müşahidə etdiyim bəzi məqamları xatırlatmaq
istərdim. M.Cəfər müəllimin hansı bölgədə
doğulduğunu heç kim hiss etməzdi. O bir bölgəyə,
bir xalqa məxsus olmaqla, bəşər övladı, humanizm
mücəssəməsi idi. Heç vaxt imzasının
altında onun statusunu, vəzifəsini göstərən
sözə rast gəlməzdik. "M.Cəfər", "Məmməd
Cəfər". Bu iki söz akademikliyin ehtiva etdiyi məzmundan
da yüksək idi. O, akademik sözünə rövnəq verirdi, ona hörmət qazandırırdı.
M.Cəfər müəllim
direktor təyin edilən kimi şöbəni Yaşar müəllimə
həvalə etdi. Bölməyə keçən kimi Əziz
Mirəhmədovu direktor təyin etdi. 1987-ci ilin yanvarında
bölmənin illik hesabatını verdikdən sonra
AMEA-nın prezidenti Eldar Salayevə ərizə yazdı. Yaşıdlarının da onun yolu ilə
getməsini arzuladı.
Rəyasət Heyətinin
üzvləri etiraz etsələr də o öz qərarında
qəti idi. Bu müdriklik zirvəsində dayanmağın
əxlaqi-mənəvi
təsdiqi idi.
M.Cəfər müəllimin
orijinal yumoru ilə yoğrulmuş hekayələrindən biri
də "Metro əxlaqı"dır. Bu hekayənin dərin
bədii-fəlsəfi tutumu var. Mühit, zaman öz əxlaq,
mənəviyyat aurasını yaradır. M.Cəfər müəllim
kimi şəxsiyyətlər də "Akademiya əxlaqını",
"Akademiya mənəviyyatını və mühitini"
yaradıb bizə yadigar qoymuşlar. Onu yaşatmaq, xalqı,
onun varlığını yaşatmaq yolunda müqəddəs
işdir. Cəfər müəllimin elmi-publisist ədəbiyyatda
obrazı, onun poetik portreti bu böyük şəxsiyyətin
yaşarlığına təminatdır.
Şirindil ALIŞANLI