Mikayıl Mirzəni anarkən...
Çox-çox illər
bundan əvvəl tanıdığım unudulmaz sənətkarımız,
xalq artisti, millət vəkili Mikayıl Mirzə ilə
bağlı mənə daha munis olan bir xatirəm dəqiq
tarixi ilə yadımdadır. 1996-cı ilin aprel ayı idi.
Qızım Humayı dərsə aparırdım. Sükan
arxasında özüm idim. İnqilab küçəsində
bir anlığa svetoforda dayananda maşının
açıq pəncərəsindən şimşək kimi
şaqqıldayan qeyri-adi və bənzərsiz səs salona
doldu: "Dostum və qardaşım Vilayət Quliyevə
eşq olsun! Axşam altıda gözləyirəm!" Ani
olaraq Mikayılın nurani saqqalını və
sürücüsü Aydın kişinin təbəssümünü
gördüm. Bizi ötüb keçdilər.
Həmin axşam
görüşüb bir məclisə getmək
üçün əvvəlcədən vədələşmişdik.
Mikayıl təsadüfi rastlaşmağımızdan istifadə
edib bunu özünəməxsus çılğınlıq
və orijinallıqla bir daha yada salırdı.
Mənim
üçün burada qeyri-adi və gözlənilməz
heç bir şey yox idi. Amma hələ Azərbaycanın
ünlü sənətkarı Mikayıl Mirzəni
tanımayan, onun çəkildiyi filmləri,
oynadığı rolları görməyən kiçik
yaşlı qızım isə təəccüblənmişdi.
Heyrətlə mənə baxıb uşaq sadədilliyi və
təmizliyi ilə "Ata, o kişi dəlidi?"-deyə
soruşdu.
Azərbaycan türkcəsində
"dəli" sözünün müsbət yükü mənfi
yükündən qat-qat çoxdur. Əbəs yerə
"şer dəlisi", "eşq dəlisi", "səhnə
dəlisi" və s. ifadələri işlətmirik. Əbəs
yerə qorxmaz, cəsarətli adamlar haqqında
danışanda "dəli-dolu" epitetindən istifadə
etmirlər. Əbəs yerə Koroğlunun ətrafındakı
mərd, cəsur, qətiyyətli insanlara "dəli"
demirdilər. Əbəs yerə folklorumuzun həqiqət
carçısı, haqq-ədalət müştaqı olan qəhrəmanlarına
Dəli Domrul, Dəli Alı adını verməmişdilər.
Dəlilik, məcnunluq, vurğunluq qeyri-adi və təkrarsız
olmağın, kütlənin fövqünə yüksəlməyin,
hər sahədə ruhi, əqli, mənəvi maksimalizmin rəmzidir.
Mikayıl Mirzə bu mənada
"dəli" idi. O, Azərbaycan torpağının,
şerinin, mədəniyyətinin, Azərbaycan
insanının, dostluğun, səmimiyyətin, mərdliyin
kişiyana münasibətlərin dəli-divanəsi idi.
O, tükənməz
enerjisi ilə yatmış ürəkləri və beyinləri
hərəkətə gətirməyə
çalışırdı, bəzilərinə
çılğın, ölçülüb-biçilməmiş
görünən sözləri və hərəkətləri
ilə sükunətə, ətalətə, boşluğa və
bozluğa meydan oxuyurdu.
Bütün bunları
ibtidai sinif şagirdi olan qızıma izah etmək o qədər
də asan deyildi. Amma mənim izahatım olmasa da, hər
şey aydın idi. İncildəki məşhur ifadədə
deyildiyi kimi, həqiqət uşaqların dili ilə söylənir...
Tanışlığımız
1980-ci illərin əvvəllərində
başlamışdı. Akademiyanın Nizami adına Ədəbiyyat
İnstitutunun aspirantı idim. İmzam təzə-təzə
mətbuatda görünürdü. Şairlərin,
yazıçıların bəziləri ilə
tanışlıq, münasibət yaranmışdı. İmkan
daxilində ədəbi tədbirlərindən,
yaradıcılıq gecələrindən kənarda
qalmamağa çalışırdım.
Yaşıdlarımın çoxu kimi gəncliyimdən və
arzularımdan başqa heç nəyim olmasa da, həyatın
həqiqətən də ən gözəl, yaşamalı
çağları idi.
Bir dəfə şair
Çingiz Əlioğlu məni özünün hansısa
texniki peşə məktəbində keçirilən
yaradıcılıq gecəsinə dəvət etmişdi. Sabir
Rüstəmxanlının, Mikayıl Mirzənin də orada
olacaqlarını demişdi. Sabirlə daha əvvəldən
tanış idim. Mikayılı isə o vaxta qədər həyatda,
üzbəsurət görməmişdim.
Aradan illər keçməsinə
baxmayaraq belə yaradıcılıq gecələrinin
nostalgiyası indi də ürəyimdə yaşayır. Madiyyat
baxımından o qədər də zəngin olmayan
insanlarımız mənəvi sərvətlərə necə
də böyük sayğı göstərirdilər, ədəbiyyata,
alimə, şairə, yazıçıya nə qədər
diqqət və ehtiramla yanaşırdılar?! Ağıllı
bir sözə, yeni, fərqli bir fikrə nə qədər
böyük maraq vardı?! Sanki adamlar bütün çətinliklərini,
problemlərini belə məclislərdə unudurdular. Balaca
uşaqların təqdim etdikləri sadə gül dəstələri,
uzun-uzadı alqışlar, heyran baxışlar, üzlərdə-gözlərdə
oxunan həqiqi sevinc və maraq... Bir də tədbirdən
sonra mütləq idarə, yaxud müəssisə rəhbərinin
otağında açılan mütəvazi çay süfrəsi,
söhbətin daha səmimi, qeyri-rəsmi ahəngdə
davamı... Yaradıcı şəxsə bundan artıq nə
lazımdır? Məncə , söz və qələm əhli
olan hər kəs həyatının ən xoş
anlarını belə görüşlərdə, saxtalıq
və riyakarlıqdan uzaq insanlarla belə səmimi ünsiyyətdə
yaşayırdı. Günümüzdə yerli-dibli yoxa
çıxan bu yaradıcılıq xoşbəxtliyini nə
pulla, nə fəxri adlarla, nə də cild-cild kitablarla əldə
etmək mümkündür.
İndi adını
unutduğum o texniki peşə məktəbində (bəlkə
də texnikumda?!) həmin axşam bir ədəbiyyat
fırtınası yaşandı. Mənim təqdimat xarakterli
çıxışıma (belə yerlərdə tənqidçilərin
atı heç yerimir!) bəlkə də nəzakət xatirinə
gözlənildiyindən daha çox əl çaldılar,
Çingizlə Sabiri artıq müəyyən qədər
tanınan, poeziyada sözü, izi olan şairlər kimi həvəslə,
ürəkdən alqışladılar. Mikayıl Mirzə isə
ərkyana ədaları, gözəl ifası, şaqraq səsi,
insanların ürəyinə yol tapmaq bacarığı ilə
zalda həqiqi tufan qopardı. Çingizin şerlərini dinləyicilərə
onun özündən daha ürəklə, daha ilhamla təqdim
etdi. Mikayıl:
Nar, nar,
nargilə,
Gəlin
gedək yargilə-
deyib pauza verəndə
və sanki sözlərinin əks-sədasını eşitmək
istəyəndə bütün salon qəribə mütəşəkkilliklə
bir an əvvəl qulaq asdığı misraları təkrarlayırdı.
O, hamını hərəkətə gətirməyi, prosesin
iştirakçısına çevirməyi bacarırdı.
Mikayıl kollektivizm ruhundan həmişə kasadlıq çəkən
auditoriyalarımızda kütləni yerindən
oynatmağı, ardınca aparmağı bacaran azsaylı, bəlkə
də yeganə ifaçı idi.
Çingiz öz
şerlərində Azərbaycan türkcəsinin fonetik
imkanlarından çox bacarıqla yararlanır. Bəlkə də
adi vaxtda dil incəliklərinə o qədər də önəm
verməyən oxucu bunun fərqinə varmır. Mikayıl kimi
sözün sehrinə bələd olan, onu görümlü
obraza çevirərək dinləyiciyə,
tamaşaçıya çatdıran sənətkarların
ifasında isə bu şerlərin poetikliyi, ifadəliliyi,
fikir yükü bir beş artır. Bir sözlə, həmin
axşam Mikayıl hamını Cingizin şerləri ilə
uyutmağı, indiki nəslin təsəvvürünə belə
gətirmədiyi sovet həyatının adi, boz
reallıqlarından uzaqlaşdıraraq nə isə xəyali,
ülvi, əlçatmaz aləmə aparmağı
bacardı.
Nə gizlədim, ürəyimdə
şairlik, yaxud aktyorluq istedadımın olmadığı
üçün hətta bir balaca həsəd, yaxud
paxıllıq hissi də keçirdim. Və həmin
axşamın ən yaddaqalan hadisəsi Mikayılla
tanışlığım oldu.
Görüşdən
çıxıb Mikayılın o dövr üçün hələ,
İlf və Petrovun dedikləri kimi, hərəkət vasitəsindən
daha çox, cah-cəlal nişanəsi sayılan
"Jiquli"sinə əyləşdik və
yaradıcılıq gecəsinin qeyri-rəsmi hissəsinə
yollandıq.
Bakı yollarının
vəziyyəti o vaxt da yaxşı deyildi. Maşın hər
dəfə çala-çuxura düşəndə
Mikayıl çox cani-dildən sovet hökumətini
söyürdü. Təbii, mən bu adi məişət
detalını gözəl aktyorumuzun dissidentliyi, rejimə
qarşı mübarizəsi kimi qələmə vermək
firkindən uzağam. Sadəcə, Mikayılın təbiətindəki
üsyankarlığın, barışmazlığın,
haqlı narazılığın ən adi məqamlarda da kəskinliklə
üzə çıxdığına diqqəti çəkmək
istəyirəm. O, yaxşı, yaxud pisliyindən asılı
olmayaraq diqqətini cəlb edən heç nəyin
yanından laqeyd ötüb keçə bilmirdi.
Həmin axşam tam bir ədəbiyyat
havası üstdə köklənən o məclisdə mən
özümdən bir neçə yaş böyük olan və
təbii ki, daha çox tanınan qələm
yoldaşlarıma "siz" deyə müraciət edirdim. Görünür,
bu rəsmiyyət ruhən özünə yaxın
saydığı adamlar arasında leksikonunun normativliyinə o
qədər də əhəmiyyət verməyən
Mikayılı darıxdırıb hövsələdən
çıxardı. Və o, ərklə sözümü kəsib:
- Kişi oğlu, bu
"sizi", "bizi" bir tərəfə burax. Biz
hamımız eyni adamlarıq. Bura bir tikə çörək
kəsmək üçün gəlmişik. Həm də
bir Allah bilir ki, sabah kim harada olacaq?! - dedi.
Sonralar təsadüfdən-təsadüfə
görüşsək də, münasibətlərimizin "sən"
dövrü elə həmin axşamdan başlandı.
Mikayıl
sadəcə aktyor deyildi. Adətən aktyor deyəndə
gözlərimiz önündə daha çox ustalıqla rola
girməyi bacaran adamlar canlanırlar. Mikayıl isə heç
zaman mexaniki ifaçı olmamışdı. O, mahir ədəbiyyat
bilicisi idi. Gözəl bədii təhlil qabiliyyəti, incə
söz duyumu, cəlbedici yazı üslubu vardı.
Yaratdığı obrazları ədəbiyyatdan və səhnədən
həyata gətirməyi, adiləşdirməyi və insaniləşdirməyi
çox yaxşı bacarırdı. Allah ona qeyri-adi səs, qədd-qamət,
yaraşıqlı sima, cəsarət və ötkəmliklə
birlikdə həm də yüksək intellekt, duzluluq, ən
başlıcası isə insanı öz sehrinə sala bilmək
istedadı bəxş etmişdi.
Mikayıl müstəqilliyimizin
ilk illərində indi adı yaddaşlardan silinən
hansısa partiyanın rəhbərliyinə daxil olsa da,
heç zaman özünü siyasətçi saymamışdı.
Ağı qara, yalanı həqiqət kimi qələmə
verməyi bacaran siyasətçi istedadı da yox idi. Lakin o,
öz tribunluğu, yüksək pafoslu və ehtiraslı
ifaçılıq məharəti ilə inandığı və
haqq bildiyi mətləbləri siyasiləşdirməyi, minlərlə
insanınn gündəminə gətirməyi, günün
mövzusuna çevirməyi çox yaxşı
bacarırdı.
O, öz səsi ilə
insanların ürəyində ən müxtəlif hisslər-sevinc,
həyəcan, narazılıq, hətta üsyan doğura
bilirdi.
1984-cü ilin noyabr
ayında Nizami adına Ədəbiyyat İnstiutunda mərhum
xalq şairi Xəlil Rzanın 50 illiyi qeyd olunurdu. Mən
də Xəlil müəllimlə eyni şöbədə
işlədiyimdən rəhbərliyin
tapşırığı ilə təşkilati məsələlərə
bacardığım qədər kömək edirdim.
İnstitutun direktoru, görkəmli ədəbiyyatşünas-alim
Əziz Mirəhmədov Xəlil Rzanın
çılğın, dəli-dolu təbiətinə
yaxşı bələd olduğundan tədbirə bir az
ehtiyatla yanaşırdı. Hətta bir-iki dəfə yubilyara
Akademiyada nəzərdə tutulan yığıncaq zamanı
hisslərini cilovlamağı, rəsmiyyət dairəsindən
kənara çıxmamağı tövsiyə etmişdi.
Amma yubiley toplantısı keçirilən gün Xəlil
Rzanın yanında Mikayıl Mirzəni də görəndə
kabinetində bizə axırıncı
tapşırıqlarını verən Əziz müəllim
başını bulayıb "Yaman yerdə
axşamladıq"-dedi.
Doğrudan da bu iki
çılğın insan məclisin həm rəsmi, həm
də "bədii" hissəsində köhnə Mərkəzi
Komitə işçisi olan Əziz Mirəhmədova xeyli
narahat dəqiqələr yaşatdı. Onlar həmin
axşam sanki bir-birlərinin səsinə səs verərək
vahid Azərbaycan haqqında, insanların ürəyində
heç zaman ölməyən müstəqillik və
azadlıq duyğusu haqqında, əsarət zəncirinin
qırılmasının qaçılmazlığı
haqqında, sözü və sənəti dar bürokratik
çərçivəyə salmaq istəyən
kütbaş məmurlar haqqında şeirlər oxuyurdular.
Yadımdadır, Mikayılın səsi EA-nın səkkizinci
mərtəbəsindəki zalın pəncərə
şüşələrini cingildədirdi. Son dərəcə
nəzakətli davranışı və aristokrat ədaları
ilə seçilən Əziz müəllim hətta
özünü saxlaya bilməyib aktyora ərklə irad da
tutdu. Amma belə yerdə vulkan kimi püskürən,
yalnız dinləyiciləri deyil, özü də poeziyadan,
sözdən sərməst olan Mikayılı dayandırmaq
olardımı?
Teatrda və
kinoda yaratdığı rolları izləyirdim. Nədənsə
həmişə mənə elə gəlirdi ki, səhnə
və ekran repertuarında ona bir aktyor kimi qol-qanad
açmağa, özünü göstərməyə imkan
verən əsərlər azdır. Xüsusi ilə sovet
dövrünün sükunət və durğunluq mühiti ilə
Mikayılın Şiller və Şekspir qəhrəmanlarına
xas sənət ehtirası arasında tam bir ziddiyyət
vardı. Çox güman elə bu səbəbdən də
yaradıcılığının son dövrlərində o,
mono ifaya, bədii qiraətə daha böyük
üstünlük vermişdi.
Tanışlıq
münasibətlərimiz Milli Məclisdə dostluğa
çevrildi. Hər gün də olmasa, günaşırı
görüşürdük. Mikayıl olduqca əliaçıq,
səxavətli, son tikəsini dostdan əsirgəməyən
adam idi. Səmimiyyətinə, dost uğuruna sevinməyinə
isə söz ola bilməzdi. Qiybətdən, kiminsə
kölgəsini qılınclamaqdan uzaq idi. Onun dilində hər
bir adam üçün yetərincə xoş söz
tapılırdı. İnsanlarda müsbət,
işıqlı cəhətləri görməyə və
göstərməyə daha meylli idi. Dost dediyi adamlardan ürək
dolusu danışmağı bacarırdı. Hətta bəzən
"böyük", "görkəmli", "qüdrətli"
və s. kimi epitetlərdən ifrat səxavətlə istifadə
edirdi. Buna irad tutanda "Mən avans verirəm, qoy o adam həmin
sifətlərə layiq olmağa
çalışsın"-deyirdi.
Milli Məclisdəki
qeyri-ordinar çıxışlarına görə bəzən
Mikayıl Mirzəyə də yersiz hücumlar olurdu. Bir
ara yanılmıramsa, "Hürriyyət" adlı qəzet
onu əksərən həqiqətdən uzaq, bəzən hətta
şəxsi təhqirə qədər gedib çıxan əsassız
hücumlara hədəf seçmişdi. Bəlkə həmişə
insanlardan etimad və məhəbbət gördüyündən,
ya da siyasətdə bütün yaramaz və çirkin vasitələrin
məqbul sayıldığını unutduğundan belə
hallarda o, daxilən sarsılır, sıxılır, inciyirdi.
Bir dəfə Milli Məclisdəki
emosional, bir az da əsəbi və patetik
çıxışından sonra aşağıdakı
misraları yazıb arxa sırada oturan Mikayıla
ötürmüşdüm:
Coşub Mikayıl Mirzə,
Sığmır kürreyi-ərzə.
Hər sözü neştər, nizə
Sancılır sinəsinə
Əqidəsi lütlərin,
Yaltaqların, kütlərin,
Yala hürən itlərin...
Zarafatyana misralarım Mikayılın yamanca xoşuna gəlmişdi. Bir-iki dəfə yarızarafat-yarıciddi şəkildə "Bunun davamını da yaz, bir yerdə çap elətdirək" - demişdi. Şairlik fikrinə düşməyimin qeyri-ciddi və gülməli görünəcəyini əsas gətirib boyun qaçırmışdım. İndi aradan illər keçəndən sonra təbii ki, həqiqi poeziyaya heç bir dəxli olmayan bu "şeir"i burada verməklə həm də mərhum dostumun yəqin eyni dərəcədə zarafatyana və şuxluqla dolu istəyini yerinə yetirmiş oluram...
Akademik Milli Dram Teatrında repertuar kasadlığı hiss olunduğu dövrdə Cəfər Cabbarlının "Aydın" dramını yeni quruluşda tamaşaya hazırlayırdı. Bir neçə ay bütün söz-söhbəti Aydın haqqında idi. Əvvəlcə baş rolda özü çıxış etmək istəyirdi. Dəfələrlə məni də məşqlərə dəvət etmişdi. Amma sonda nədənsə fikrini dəyişdi. Dramatik aktyor üçün böyük yaradıcılıq imkanları açan bu rolun ifasını səmimiyyət və ürək genişliyi ilə sənət dostu Nurəddin Mehdixanlıya etibar etdi. Cabbarlı yaradıcılığının hələ siyasi konyukturaya və sosial sifarişə boyun əymədiyi dövrdə yazılan "Aydın"da Mikayılı ən çox cəlb edən əsərdəki haqsızlıqlara, saxtakarlıq və riyakarlığa qarşı barışmaz üsyan ruhu, ədalət axtarışı və "Aydın"ın sərt həqiqətlərin tərənnümçüsü olması idi.
Milli mədəniyyət tariximizdəki Mikayılları yada salıram.
Mikayıl Müşfiq. Mikayıl Rəfili. Mikayıl Mirzə...
Bilmirəm, valideynləri öz övladlarına Mikayıl adını seçərkən Müşfiqi və Rəfilini göz önünə gətirmişdilər, yoxsa bu eynilik adi bir təsadüfdür. Amma mənə elə gəlir ki, hər üç Mikayılı birləşdirən ümumi cəhətlər var: pafos, çoşqunluq, mübarizə ruhu, tükənməz yaradıcılıq ehtirası, həqiqətin və gözəlliyin təntənəsinə inam... Və yaradıcılıqlarının ən məhsuldar, verimli çağında hər üçünü haqlayan kəmfürsət ölüm..."Dəliyə döndüm Rəfili, Ölüm xəbərini alanda"-Nazim Hikmətin ürəyin dərinliklərindən axıb gələn kədərli misraları yəqin ki, eyni əsasla xalqımızın XX yüzillikdə yetirdiyi hər üç Mikayıla şamil edilə bilər.
Bir insan və vətəndaş kimi Mikayılın xarakterini açan daha bir səciyyəvi məqamın üzərindən sükutla keçmək istəməzdim.
Mən Xarici İşlər Nazirliyinə gələndə Mikayılın oğlu Mətin Mirzə artıq bir neçə il idi ki, orada çalışırdı. Təbii ki, bir dost kimi onun tezliklə yeganə övladı ilə bağlı özünəməxsus ərkyanalıqla ağız açacağını gözləyirdim. Və burada qəribə, qeyri-adi heç bir şey görmürdüm. Hamımız ən kiçik imkan yarananda da övladımız üçün nə isə etməyə çalışırıq. Amma ara-sıra Milli Məclisin iclaslarında görüşsək də, Mikayıl bu məsələ ilə bağlı heç nə demirdi. Fikirləşdim ki, bəlkə dost kimi təşəbbüsü mən tərəfdən gözləyir. Ona görə də növbəti görüşlərimizdən birində oğlu üçün nə edə biləcəyimi soruşdum. Mikayıl onun yaxşı mütəxəssis kimi yetişməsinə yardımçı olmağımı, bir də yazı-pozusu ilə maraqlanmağımı xahiş etdi...
İndi ölkəmizin İndoneziyadakı səfirliyində çalışan Mətin Mirzə arabir elektron ünvanıma məktublar göndərir, müxtəlif məsələlərlə bağlı fikirlərini bölüşür. Bu ilin yanvar ayında yazdığı məktubda sevinc hissi ilə ailələrində yenə də Mikayıl Mirzənin olduğunu, yeni doğulan ilk övladına atasının adını verdiyini bildirirdi. Balaca Mikayıl üzünü görmədiyi babasından 61 il sonra, eyni ilə onun kimi yanvar-ocaq ayında dünyaya gəlmişdi.
Bəlkə də nə zamansa indiki balaca Mikayıl ailə arxivlərində ünlü babası ilə bağlı digər materiallarla yanaşı bu yazını da oxuyacaq. Və bir daha Mikayıl Mirzə adını daşımaqla öz çiyinlərinə neçə ağır, eyni zamanda şərəfli yük götürdüyünün fərqində olacaq, bu adı doğrultmağa, yaşatmağa, şöhrətləndirməyə can atacaq.
Gözəl insan və sənətkar kimi Mikayıl Mirzənin şərəfli ömür yolu, halal tərcümeyi-halı bunun üçün tam əsas verir.
Vilayət QULİYEV
525-ci qəzet.- 2009. 13 iyun.- S.24.