Məmməd Cəfərin nəzəri-estetik görüşləri

 

Son illərin qlobal iqtisadi böhranı dünya humanitar fikrinin ciddi nəzəri tənəzzülü ilə qovuşduğu bir məqamda Avropa və postsovet məkanında modernizmin və poststrukturalizimin durumuna yeni bucaqdan baxış müstəvisi yaranmışdır. Cəmiyyətin iqtisadi həyatındakı krizis humanitar fikrin durğunluğu, qeyri-müəyyənliyindən doğurmu? Öz xoşbəxt günlərini yaşayan Avropanın iqtisadi vəziyyəti "inkisari-xəyal" yaratdığı kimi, xoşbəxt gələcəyinin, kommunizm qurmaq xəyallarının puç olduğu vəhşi kapitalizm dövrü bizim humanitar düşüncəyə xas olmayan, ədəbi-bədii fikirdə yeni meyllər yaratdı. "İşlə - sürün, uğurla - həzz al" gerçəkliyi insanı psevdo insana çevirir. "Tərəqqinin təkcə strukturu, enerji mənbəyi, hərəkət orbiti yox, konsepsiya dəyişir" (Y.Qarayev). Belə mürəkkəb ictimai və bədii gerçəklikdə ən müasir humanitar nəzəriyyələrlə, o cümlədən sivilizasiyalar nəzəriyyəsi, müasir epoxanın paradiqması və s. amillərlə müxtəlifregionların və milli-nəzəri məktəblərin tarixi təcrübəsini öyrənmək zərurəti meydana çıxır.

XX əsr Azərbaycan ədəbi-nəzəri fikrinin yekunlarına nəzər saldıqda, ədəbiyyatşünaslığın bir sistem kimi ümumi və milli məzmununun formalaşmasında Məmməd Cəfərin tarixi və müasir missiyası aydın görünür. Şübhəsiz ədəbiyyatşünaslıq və tənqidin tarixi inkişafı fonunda dəyərləndirmək şərti ilə Məmməd Cəfərin təkcə ədəbiyyat elminin yox, ümumilikdə humanitar fikrin problemlərinin həllində iştirak edir. "Elmin tarixi yoxsa nəzəriyyəsi də yoxdur, amma elmin nəzəriyyəsi olmazsa, onun tarixini xəyalə belə gətirmək olmaz" (Çernışevski). Məmməd Cəfər müəllimin yarım əsrə yaxın yaradıcılıq yolu, elmi-təşkilati və pedaqoji fəaliyyəti tənqid, ədəbiyyatşünaslıq və estetika sahəsində XX əsr Azərbaycan elminin əsas istiqamətlərini, metodoloji hazırlıq etibarilə səviyyə mərhələlərini özündə əks etdirir. Milli və bəşəri mənəvi dəyərləri orijinal, heç kimə bənzəməyən təhlil üsulu ilə qiymətləndirməyin əsasında onun bənzərsiz alim-tənqidçi təfəkkürü dayanır.

M.Cəfər müəllimin ədəbi-nəzəri irsi yarandığı tarixi prosesdə yüksək qiymətləndirildiyi kimi, bu gün də onun yaradıcılığına eyni həssaslıq göstərilir. Ə.Ağayev, Ə.Mirəhmədov, H.Araslı, M.Arif, O.Həsənov, M.Əlioğlu, N.Məmmədov, A.Zamanov, M.Cəlal, Q.Xəlilov, Ə.Bayramov, Y.Qarayev, Elçin, Q.Qasımzadə, F.Qasımzadə və ədəbiyyatşünaslığın yeni nəslinin M.Cəfər haqqında tədqiqatlarını minnətdarlıq hissi ilə xatırlamaqla yanaşı iki əsəri xüsusi dəyərləndirmək istərdim. Bunlar Elçinin "M.Cəfər", Y.Qarayevin "Bir ömrün işıqları" əsərləridir. Bu əsərlərdə M.Cəfər müəllimin ədəbi-elmi fəaliyyətinin əsas istiqamətləri şərh edilməklə, onun XX əsr Azərbaycan nəzəri-estetik fikrinin inkişafında rolu əhatəli təhlil edilir. Bu sırada Y.Qarayevin "Görkəmli adamların həyatı" seriyasından kitabların janrına yaxın formada yazılmış monoqrafiyası bizim ədəbi-elmi fikrimizin nadir hadisələrindəndir. Təhlil predmetinə böyük məhəbbətlə yazılmış bu əsər M.Cəfərin şəxsiyyəti, onu bütövləşdirən ailə, məktəb mühiti və digər ictimai auditoriyalar konteksti dərin fəlsəfi və obrazlı bir vüsətlə onun yaradıclıq yoluna paralel öyrənilir. Bu əsəri oxuduqca M.Cəfər də, Y.Qarayev də, XX əsr ədəbi-ictimai fikrimizin bu iki mütəfəkkirin tarixi və müasir missiyası göz önünə gəlir.

Məmməd Cəfər müəllimin ədəbi-nəzəri görüşləri haqqında hələ 1973-cü ildə BDU-nun tənqid kurslarında Bəkir Nəbiyevin rəhbərliyi ilə məruzə, Qulu Xəlilovun rəhbərliyi ilə diplom işi və Y.Qarayevin xeyir-duası ilə monoqrafiya yazmış bir müəllif kimi məndə belə qənaət yaranmışdır ki, XX əsr ədəbi-tənqidi fikrimizin çağdaş günlərimizdə yaşayan tək tarixi yox, həm də müasir məna tutumu qazanan nadir alimlərimizdən biri də Məmməd Cəfər müəllimdir.

M.Cəfər müəllimin yaradıcılığı və şəxsiyyəti polifonizm nümunəsidir. Folklor, klassik irs, ədəbi əlaqələr, rus və Avropa ədəbiyyatı, müasir ədəbi prosesin problem və axtarışları, yaradıcılıq metodları və ədəbi məktəblər, milli estetik fikir tarixi, ana dilinin keçmişi və bu günü, ibrətamiz məzmunlu, yığcam bədii əsərlər... Məmməd Cəfər müəllimin çoxcəhətli fəaliyyətini tam əhatə etməyən bu başlıqların hər birinə xüsusi monoqrafiya və dərsliklər həsr edilmişdir. O, mənəvi mədəniyyətimizin bütün sahələrinə eyni həssaslıq və vətəndaşlıq yanğısı ilə yanaşmışdır. Elmi kadrların çatışmadığı 40-50-ci illərdə Məmməd Cəfər və onun ədəbi nəsli nəzəri-estetik fikrin bütün ağırlığını öz üzərinə götürməkdən çəkinməmişlər. Təsadüfi deyil ki, bugünə qədər ədəbiyyatşünaslığımızın müxtəlif problemləri ilə məşğul olan mütəxəssislər M.Cəfər müəllimin tədqiqatlarını ilk mənbə hesab etdikləri kimi, filosof və estetiklərimizin çoxu da onun elmi mülahizələrinin təsiri ilə formalaşdıqlarını qürur hissi ilə etiraf edirlər.

Tədqiqat predmetindəki polifonizm onun elmi-təşkilati fəaliyyətinə paraleldir. "Ədəbiyyat qəzeti"nin redaktoru, BDU-da Rus ədəbiyyatı kafedrasının müdiri, Nizami adına Ədəbiyyat İnstitutunda Qədim və orta əsrlər ədəbiyyatının, sonra Sovet dövrü ədəbiyyatının, daha sonra Ədəbiyyat nəzəriyyəsi şöbəsinə və nəhayət İnstituta və institutun daxil olduğu bölməyə rəhbərlik. Məncə nadir hadisədir və heç vaxt formal məzmun daşımamışdır. M.Cəfər müəllim ədəbiyyatımızın tarixini mənəviyyatımızın, təfəkkürümüzün, tərəqqimizin tarixi kimi öyrənirdi və bütün epoxalara da eyni səviyyədə nüfuz edə, onun görünməyən tərəflərini dövriyyəyə gətirə bilirdi.

M.Cəfər müəllim konkret bir dövrün, epoxanın sərhədləri çərçivəsində düşünən, təfərrüatlara varan tədqiqatçı deyildi. O ən qədim dövrdən yaşadığı dövrün ədəbi prosesinə qədər ədəbi fikrin inkişaf mərhələlərini əhatə edən konsepsiyalar hazırlayır. Başqa sözlə Cəfər müəllim Qədim və orta əsrlər, Yeni dövr, XX əsr ədəbiyyatı kurslarının nəzəri-metodoloji, milli-ideoloji zəminini hazırlayırdı.

M.Cəfərin klassik irsi təhlil və qiymətləndirmə konsepsiyası onun Nizami, Nəsimi, Füzuli, M.F.Axundov, M.Ə.Sabir, C.Məmmədquluzadə, H.Cavid və M.Hadi haqqında yazdığı tədqiqatların müasir elmi dəyərini təyin edir. Xalqın mənəvi yaddaşının, onun millilik, vətəndaşlıq, qəhrəmanlıq, fədakarlıq və gözəllik barədə görüşlər sistemini müasir ədəbi-ictimai həyatın canlı qüvvəsinə çevirmək M.Cəfərin klassiklər haqqında yazdığı məşhur əsərlərin əsas elmi-praktik məzmununu təşkil edir. Bu tədqiqatların elmi vüsətini, milli-mənəvi tutumunu təsdiq etmək üçün onun Füzuli haqqında yazdığı üç məşhur məqaləsini ("Füzuli sevir", "Füzuli düşünür", "Füzuli yaşayır") xatırlatmaq kifayətdir. Füzulinin bədii-fəlsəfi konsepsiyası, onun poetik dünyagörüşünün milli və poetik qaynaqları, bu ecazkar söz sənətini uzun əsrlərin estetik zövq və mənəvi ləyaqət meyarına çevirən yaradıcılıq sirrləri bu məqalələrdə heyrətamiz bir sənətkarlıqla aşkar edilir.

M.Cəfər klassik irsin tarixini, həm də bədii-estetik fikrin inkişaf yolu kimi təhlil edir. "M.F.Axundovun ədəbi-tənqidi görüşləri", "Nizaminin fikir dünyası", "Hüseyn Cavid" monoqrafiyaları bədii fikrin inkişaf mərhələlərini dövrün ictimai-fəlsəfi təsisatlar sistemi zəminində öyrənməyin fəlsəfi nümunələridir. O, ədəbi-ictimai tərəqqidə şəxsiyyətin rolunu şərh edən ilk monoqrafiya və məqalələrin müəllifidir. "Mütəfəkkirin şəxsiyyəti", "Hünərvər şair", "Səni kim unudar" üç böyük klassikimizin, M.F.Axundovun, M.Ə.Sabirin və M.Hadinin sənəti, şəxsiyyəti ilə yaşadıqları gerçəklik arasında mənəvi konfliktlərin tarixi mənasını güclü publisistik bir üslubda izah edən tədqiqatlardır.

Məmməd Cəfər müəllim XX əsr Azərbaycan ədəbiyyatşünaslığı və tənqidində görkəmli nəzəriyyəçi kimi ən mürəkkəb ədəbi-estetik problemlər haqqında ümumiləşdirici söz demək səlahiyyəti qazanmışdır.

Tədqiqatçının nəzəriyyə sahəsində kəskin mübarizələrə səbəb olan mətləblərdən biri kimi yaradıcılıq metoduna intensiv marağı təbiidir. Çünki bu problemin həllində fəlsəfə, estetika, sənətşünaslıq, ədəbiyyatşünaslıq və s. elmlərin qarşılıqlı bəhrələnməyi tələb olunur. Milli-ədəbi bədii fikirdə metod tiplərinin ideya-estetik mahiyyətini, onların tarixi növbələşmə özünəməxsusluğunu, keçid tipologiyasını, ümumiyyətlə yaradıcılıq metodunun milli mahiyyətini üzə çıxartmaq üçün məhz Məmməd Cəfər səviyyəsində öz ədəbiyyatımızla yanaşı dünya bədii sənətinə bələdlik, tədqiqatçı zövqü və ümumiləşdirmə vüsəti gərəkdir.Yaradıcılıq metoduna müasir elmi münasibəti romantizmin nəzəri dərki və qiymətləndirməsi meyarları ilə əlaqələndirən fikirlərdə böyük həqiqət var. Dünya ədəbiyyatında incə və mürəkkəb problem olan romantizm, həm də, estetik düşüncənin həssaslığını, onun ədəbi prosesin müxtəlifliyini və təkrarsızlığını duymaq göstəricisidir.Ədəbiyyatşünaslığımızın tarixi kontekstində buraya onu da əlavə etmək lazımdır ki, romantizmin müasir dərki bütünlükdə klassik irsə yeni ibrətamiz münasibəti müəyyən edirdi. Bu mənada M.Cəfərin yaradıcılıq yolu ibrətamizdir. O, hazır nəzəri təlim və sxemlərlə bədii fikir tarixinə yanaşmağın qeyri-elmi nəticələrini 30-cu illər tənqidinin təcrübəsində görmüşdü. Çünki, ədəbi-nəzəri fikir mənəvi cəhətdən buna hazır deyildi, yersiz sıçrayışlar zamanı bədii təcrübə ilə ədəbiyyatşünaslıq arasında uçurum yaradırdı.

Nizami, Füzuli, M.F.Axundov, H.Cavid irsinin təhlili təcrübəsi zamanı ədəbiyyatşünas yaddaşında sistemə çevrilən nəzəri müşahidələr ədəbi inkişafı konkret kateqoriyalar müstəvisindən tədqiq etməyə psixoloji zəmin yaratdı.

Elmi fikir tariximizdə romantizm konsepsiyasının təşəkkülü baxımından 40-cı illərə qədərki tədqiqatların, nəzəri mülahizələrin müstəsna əhəmiyyətini göstərməklə yanaşı etiraf etmək lazımdır ki, onlarda romantizm bir metod, cərəyan kimi əsaslı nəzəri-metodoloji prinsipə əsaslanan konseptual qoyuluşunu və həllini tapa bilmir. Mir Cəlal müəllimin "Azərbaycanda ədəbi məktəblər" (1905-1917) əsərində XX əsr realizmi və romantizmi ilk dəfə ayrıca tarixi-estetik kateqoriya, ədəbi məktəb şəklində dəyərləndirilir. Bu əsərin yazıldığı vaxtdan 60-cı illərə qədər romantik ədəbiyyata həsr olunmuş əsərlər özünün milli ədəbiyyatşünaslıqda nəzəri-metodoloji əsasını burada tapır.

M.Cəfərin 60-cı illərdə yazdığı "Azərbaycan ədəbiyyatında romantizm" və "Hüseyn Cavid" monoqrafiyaları romantizm haqqında milli-nəzəri fikrin inkişaf mərhələlərini, istinad və inkişaf məramlarını, onun metodoloji cəhətdən tarixi təkamülünü dolğun əks etdirir. Bu əsərlər 60-70-ci illər ədəbiyyatşünaslığında romantik ədəbiyyat haqqında elmi fikrin əsas istiqamətverici amili kimi meydana çıxır. Müəllif XX əsr romantizmini ilk dəfə müasir mənada başa düşülən metod və cərəyan kimi götürür, onun nəzəri-estetik prinsiplərini, ideya və poetika problemlərini, genezisini, tənqidi realizmlə məfkurəvi, bədii struktur əlaqələrini fundamental şəkildə tədqiqata cəlb edir. 60-70-ci illərdə Azərbaycan romantizmi haqqında yazılmış tarixi və nəzəri səpkili əsərlər öz elmi strukturu və metodoloji prinsipləri etibarilə bu tədqiqatlara əsaslanır. Bu əsərlər XX əsr ədəbi məktəblərinin tədqiqi üçün obyektiv metodoloji zəmin yaratdı. Artıq XX əsr Azərbaycan romantizminin böyük nümayəndəsi Hüseyn Cavidin sənəti məhz bu metodun estetikası və poetikası kontekstində tədqiq olunur, milli-bədii fikir tarixində XX əsr romantizminin mövqeyi haqqında konkret təsəvvür yaranır.

Məmməd Cəfərin XX əsr romantizminin nümayəndələrinin yaradıcılığına həsr olunmuş tədqiqatlarında bu ədəbi məktəbin idrak prinsipləri, klassik fəlsəfi konsepsiyalarla bağlı cəhətləri haqqında, həmçinin romantik əsərlər, onların ideyası, süjet, obraz və xarakterlərin təhlili məntiqindən irəli gələn elmi mülahizilər bu yaradıcılıq metodunu milli-bədii fikrin qanunauyğun mərhələsi kimi şərh etməyə əsas verdi. Son illərdə Azərbaycanda maarifçiliyi şərtləndirən ədəbi, fəlsəfi təsirlərlə yanaşı, milli fikir tariximizdəki panteist təlimlərin də rolunu əyaniləşdirmək cəhdləri bilavasitə romantik ədəbiyyatın idraki əsaslarını ilk növbədə milli-fəlsəfi fikir tarixində axtarmağın düzgün yolu kimi akademik Məmməd Cəfərin irəli sürdüyü konsepsiyanın elmi-praktik əhəmiyyətini təsdiq etdi. XX əsr Azərbaycan ədəbiyyatını və romantizm cərəyanını daxilən zidd, əks cəbhələrə bölməyin qeyri-elmiliyini ilk dəfə Məmməd Cəfər irəli sürmüşdür.

İctimai formasiyalarla ədəbiyyat tarixinin inkişaf dövrlərini, o cümlədən yaradıcılıq metodlarının və ədəbi məktəblərin tiplərini eyniləşdirən nəzəriyyələrin əksinə olaraq M.Cəfərin tədqiqatlarında sənətin öz inkişaf qanunları başlıca meyar kimi götürülür. Ədəbiyyatımızın 20-30-cu illər dövründə realist və romantik metodların paralel varlığı ümumittifaq miqyasında məhz onun sayəsində təsdiq edilmişdir.

M.Cəfər elmi ədəbiyyatda uzun illər mövcud olan "Realizm romantizmlə mübarizədə yaranmışdır" mülahizəsinin elmi əsası olmadığını sübut etməklə, həm də romantizmin poetik ənənələrinin yeni dövr ədəbiyyatının ideya-bədii sistemində yaşamaq səlahiyyətini təsdiq etmiş olur. O, klassik romantik ənənələrin bugünkü ədəbiyyatda mövqeyini aydınlaşdırmaqla müasir milli-bədii düşüncənin fərdiliyini də aydınlaşdırır.

Məmməd Cəfər müəllim 40 ildən artıq bir vaxt ərzində ədəbiyyatımızın klassik dövrü, onun nəzəri problemləri ilə yanaşı müasir ədəbi prosesin ən aktual məsələləri ilə ardıcıl məşğul olmuşdur. Azərbaycan ədəbiyyatının C.Cabbarlı, S.Vurğun, S.Rüstəm, R.Rza, S.Rəhimov, M.Hüseyn, M.Arif kimi görkəmli nümayəndələrinin sənət yolunu oxucular M.Cəfərin tənqidi şərhi və qiymətlərində daha yaxından tanımışlar. Ədəbi prosesdə yenini görüb qiymətləndirmək, qorumaq istedadı onun tənqidçilik fəaliyyətinin müasir mənasını şərtləndirən əsas cəhətdir. Təsadüfi deyil ki, 60-70-ci illər ədəbiyyatında yeni mərhələnin ideya-bədii keyfiyyətlərini, onun əsas nümayəndələrinin yaradıcılığını obyektiv qiymətləndirən əsas müəlliflərdən biri də M.Cəfər olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı Natəvan adına klubun kürsüsündən onun tənqid, poeziya, nəsr, eləcə də ədəbiyyatın ümumi-nəzəri problemləri haqqında oxuduğu onlarca məruzə təkcə ədəbi fakt olaraq qalmayıb ədəbi qüvvələri sənətin yeni bədii axtarışlarına yönəltməkdə misilsiz rol oynamışdır.

 M.Cəfər müəllim bir tənqidçi kimi konkret ədəbi hadisəni, müəyyən bir dövrün ədəbiyyatını dünya bədii-estetik fikrinin kontekstinə əsaslanan sənət ölçüləri ilə dəyərləndirirdi. Elmin, sənətin mənafeyindən söhbət gedəndə onun mülayim, ləngərli təhkiyəsini əsil tənqidçiyə məxsus vətəndaş yanğısı, etiraz və inkar intonasiyası əvəz edirdi. İsa Hüseynovun nəsrinə qayğı ilə, hörmətlə yanaşan müəllif yazırdı: "Müasir həyata vüsətli baxış, böyük fikirlər, böyük hisslər və ehtiraslar, nəhəng xarakterlər, müasir həyat üçün daha səciyyəvi olan tiplər, dərin ictimai məzmunlu həyat konfliktləri, bu günün adamının ayıq bir realizmi ilə birləşən, sanballı dramatizm. Bunlar əsərdə yoxdur".

M.Cəfər müəllimin klassik irsin tarixi təkamülü, tarixi ədəbi prosesin immanent qanunauyğunluqları haqqında bu gün də xüsusi əhəmiyyət daşıyan konseptual məqamlar vardır. O, Füzuli irsi ilə folklor, Füzuli və Sabir, Axundov və M.Cəlil paralelizmi fonunda ədəbi fikrin vətəndaşlıq tutumu ilə yanaşı poetik sistem keçidlərini də izləyir. "M.Cəfər lirik Füzuli qəhrəmanından - mütəfəkkir aşiq"dən böyük realist Sabirin "mütəfəkkir arif"inə qədər olan inkişafı izləyir, lirika tariximiz haqqında maraqlı, orijinal, cəsarətli fikirlər irəli sürür" (Yaşar Qarayev). "Folklor, xalq və şer hələ heç zaman Sabirdəki qədər böyük üzvi vəhdət təşkil etməmişdir - Məmməd Cəfərin Sabirə həsr etdiyi məqalələr silsiləsinin əsasında bu həqiqət durur" (Y.Qarayev).

M.Cəfər müəllim klassik irsi milli istiqlal müstəvisində öyrənirdi və təsadüfi deyil ki, onun rəhbərlik etdiyi İnstitut və Bölmə xalq hərəkatı ərəfəsində milli-ideoloji fikrin mərkəzinə çevrilmişdi. Xalqçılıq, milli istiqlal ideyası onun həyat amalı idi. Hələ 1940-cı il 28 aprel tarixli "Ədəbiyyat qəzeti"nə çap etdirdiyi "Ədəbiyyatımız xalqımızın xidmətində" məqaləsində yazırdı: "Bakı nefti ilə Paris, Nyu-York, London küçələri çilçırağa çevrildiyi halda Azərbaycan qaranlıq gecələr yolçusu oldu. Rus mütləqiyyəti və İran şahları intereslərinə uyğun olaraq, mənfur Türkmənçay müqaviləsi ilə Azərbaycan xalqı, Azərbaycan ölkəsi iki hissəyə parçalandı, xalqımızın ürəyini parçalayıb ona unudulmaz bir yara vurdular".

"Yeni yol" və "Ədəbiyyat" qəzetlərində 1938-1939-cu illərdə dərc etdirdiyi məqalələrindəki aşağıdakı fikirlər də M.Cəfərin gənclik illərindən böyük əqidə sahibi, sabit xalqçı olduğunu təsdiq edir. O yazırdı: "Xalq məhəbbətinin təsiri ilə, xalq üçün yanan ürəyin parlaq şüaları altında Danko öz xalqını işıqlı dünyaya çıxardır.Dankonun qəlbi Qorkinin qəlbidir", "Sənətə xəyanət etmək xalqa xəyanət etməkdir", "Sənətdəki xəlqiliyin əsasını xalqı bir mütəfəkkir sənətkar kimi duymaqda axtarmaq lazımdır" və yaxud "Həqiqi sənətkarın şəxsi həyat faciəsi zamanın, xalqın faciəsidir" ("Səni kim unudar"). AMEA-nın Ədəbiyyat, Dil, İncəsənət bölməsinə rəhbərlik etdiyi vaxtlarda bu qurum milli fikrin mərkəzinə çevrilmişdi. "Azərbaycan filologiyası məsələləri" silsiləsindən dərc edilən kitablar M.Cəfər müəllimin uzun illər həyata keçirmək istədiyi milli istiqlal ideyasının təcəssümü idi.

M.Cəfər müəllimin qeyri-adi şəxsiyyəti haqqında çox yazılıb, ibrətamiz hadisələr qələmə alınıb. Mən müşahidə etdiyim bəzi məqamları xatırlatmaq istərdim. M.Cəfər müəllimin hansı bölgədə doğulduğunu heç kim hiss etməzdi. O bir bölgəyə, bir xalqa məxsus olmaqla, bəşər övladı, humanizm mücəssəməsi idi. Heç vaxt imzasının altında onun statusunu, vəzifəsini göstərən sözə rast gəlməzdik. "M.Cəfər", "Məmməd Cəfər". Bu iki söz akademikliyin ehtiva etdiyi məzmundan da yüksək idi. O, akademik sözünə rövnəq verirdi, ona hörmət qazandırırdı.

M.Cəfər müəllim direktor təyin edilən kimi şöbəni Yaşar müəllimə həvalə etdi. Bölməyə keçən kimi Əziz Mirəhmədovu direktor təyin etdi. 1987-ci ilin yanvarında bölmənin illik hesabatını verdikdən sonra AMEA-nın prezidenti Eldar Salayevə ərizə yazdı. Yaşıdlarının da onun yolu ilə getməsini arzuladı. Rəyasət Heyətinin üzvləri etiraz etsələr o öz qərarında qəti idi. Bu müdriklik zirvəsində dayanmağın əxlaqi-mənəvi təsdiqi idi.

M.Cəfər müəllimin orijinal yumoru ilə yoğrulmuş hekayələrindən biri də "Metro əxlaqı"dır. Bu hekayənin dərin bədii-fəlsəfi tutumu var. Mühit, zaman öz əxlaq, mənəviyyat aurasını yaradır. M.Cəfər müəllim kimi şəxsiyyətlər də "Akademiya əxlaqını", "Akademiya mənəviyyatını və mühitini" yaradıb bizə yadigar qoymuşlar. Onu yaşatmaq, xalqı, onun varlığını yaşatmaq yolunda müqəddəs işdir. Cəfər müəllimin elmi-publisist ədəbiyyatda obrazı, onun poetik portreti bu böyük şəxsiyyətin yaşarlığına təminatdır.

 

 

Şirindil ALIŞANLI

 

525-ci qəzet.- 2009.-  13 iyun.- S.25-26.