"Qara işıq" haqqında
düşünəndə...
Ulduzların
bugünkü görüntüsü haqqında
danışanda "bu onların işıq sürətiylə
yalnız indi bizə gəlib çatan milyonlarla il əvvəlki
görüntüsüdür" - deyirlər. Belə olan
halda onları insanın fəth edə bilməsi nə dərəcədə
ağlasığandır? Beləliklə,
yönümüzü sonu görünməyən sıx,
qalın meşələrə, ağzımızı
ucsuz-bucaqsız dəryalara tərəf döndəriblər. Nəticə
isə yenə də qaranlıqda dolu, işıqda isə
boş görünən göylərdə xəzinə
axtarmağımızdır. Əslində bütün
araşdırmalar, axtarışlar, kəşflər və fəthlər
cəmiyyətin inkişafına xidmət edir, yeni insanı,
müasir düşüncəni formalaşdırır. Yazarlar
və elm adamları kainatdakı sirlərin çözülməsi
üçün qələmlərini mistikada da
sınayıblar. İstedadlılar gah heyrətləndirici
ucaboylu və ya liliput yadplanetlilərdən, uçan
boşqablardan, gah ruhlardan, gah da kinolardakı kimi yeriyən
skeletlərdən söhbət açaraq fikirlərini izah eləməyə
çalışıblar. Birinə həqiqət (əgər
buna həqiqət demək mümkünsə) yuxularında əyan
olub, digəri onu xəyallarında canlandırıb və
özünü buna inandırıb. Yalançı həqiqətlə
həqiqi yalanın sintezini dərrakələrinin süzgəcindən
keçiriblər. Cəmiyyət içinə isə
üzü inamla örtülmüş, içi isə ancaq dəlilərə
dolu görünən boş kürə atıblar. "Baxın
və düşünün" - deyiblər. İstənilən
halda bu boşluğa baxıb düşünməyə dəyər,
bu, dəlilik sayılmır.
Mistik xarakterli əsərlərdən
biri də Əyyub Qiyasın bir müddət əvvəl
çap olunmuş "Qara işıq" romanıdır. Əsər
müasirliyi və aktuallığı ilə oxucunu cəlb
edir, yığcamlığı və mövzu seçimi cəhətdən
oxucunun gözlərini qaraltmır, əksinə,
işıqlandırır.
Əyyub Qiyas bu əsərində
insanın əxlaqı keyfiyyətlərini, ictimai dəyərlərini
yüksək qiymətləndirərək, eyni zamanda insanlara
xas olan tale pozuntularını yaradan səbəblərdən
geniş söhbət açır, müasir insanın
şüurunda cərəyan edən fəlsəfəni
açmağa nail ola bilir.
Maraqlısı da odur
ki, Əyyub Qiyas bu romanı ilə insanların səhvlərini,
ağılasığmaz çirkinliklərini hər gün
rastlaşdığımız adı işıqda yox, məhz
qara işıqda, dərrakənin çox dərin
qatlarında, şüur okeanının dibində, fikir
mimozalarının altında görür, təbiətin
yaratdığı əcaibləri isə insanlara onların
günahlarına görə gələcək cəzaların
eyhamı kimi qələmə verir.
Bəli, insan bu
dünyada etdiklərinin mükafatını və cəzasını
almalıdır, yaxşılığın sonu
aydınlıq, pisliyin sonu isə müəllifin təsvir
etdiyi qurbağalı, yarasalı zülmətdir. Bu zülmətə
qaranlıq deməzdim, çünki Əyyub Qiyas
qaranlığa bir saflıq da gətirib.
Yazıçının
ola biləcək hadisələrə də obyektiv
yanaşması, hadisələri, mənim prizmamdan baxdıqda,
son dərəcə şişirtməməsi,
ifratçılığa getməməsi əsəri daha da
oxunaqlı edir.
Baş rolda
tanınmış şairdir - Rüfət. Həyatın
gözəllikləri və çirkinlikləri, həm də
gözəlliyin özünün çirkin tərəfləri
"Qara işıq" romanında Rüfətlə qoşa
addımlayır. Olub-keçənləri atasının qeydləri
əsasında, oradakı obrazların koduna girərək,
hadisələri qələmə ala-ala, özü də
dünyanın həm tükü-tükdən seçən
qaranlıq üzünü, həm də acısı
şirinindən çox olan (qaralı və ağlı)
işıq üzünü də görür. Eyni zamanda həyatın
durğunluğa sürükləyən şirininin və
yaranışdan belə qurulmuş tərəqqiyə aparan
acısını dadır. Şair Rüfət belə
düşündüyündən həm şöhrətin
zirvəsi, həm də alçaqlığın dərəsi
ona adi görünür.
Bəs, nəyə
görə baş rolda şairdir? Məncə, cavabı tapmaq
çətin deyil.
Çünki o, cəmiyyətə
həqiqəti deyəndir, nə ucalmır, nə də
alçalmır, bəlkə də heç ölmür də,
elə şair kimi qalır. "Qara işıq"
romanında cəmiyyət onun sözünü
"özü özünə eləyənə, el
yığılsa eləməz" kəlamındakı kimi
qavrayır.
Müəllif cəmiyyətdəki
əxlaqsızlıqları törədən səbəbləri
açmağa çalışır və bunun
üçün dəridən-qabıqdan çıxır. Əsərdə
Rüfət qaranlıqlarda bir işartı görməyəndə
hər şey onun üçün kabusa, qarabasmaya
çevrilir, sonda isə "qara işıq"ı tapa
bilir.
Bu qabardılmış
qarabasmalarda faciəvilik müşahidə olunur. Müəllif
həyatdakı insan təfəkkürü üçün
qaranlıq gerçəklikləri dilə gətirməkdən
ötrü öz fantaziyasından geniş istifadə edir.
Əsəri oxuyarkən
molla Gülalıdan gələn genetik və ya irsi əxlaqsızlıqların
təzahürlərini əsər boyu onun törəmələrində,
xüsusilə də bunları etiraf etməyi bacaran Rüfətdə
və Leylada da görürük. Rüfət və Leyla
çürük kök üstündə bitmiş ağac
kimi olduqlarından onların saflığı
uzunömürlü ola bilməzdi. Lakin, nə yaxşı ki,
bu ağacın budaqlarından biri sağlamlığa yol
tapdı, bu da elə Rüfətin özüdür. Leylanı
isə xəyanətə və ya pozğunluğa
sürükləyən - onun özünü Rüfətə
sevdirə bilməməsi və ya Rüfətin ona biganələyi,
laqeydliyidir desək, bəlkə də yanılmış
olarıq, çünki o, oğlunu da atmışdı, necəki,
ulu babası molla Gülalı öz qızına xəyanət
etmişdi. Rüfətin Leylanı sevməməsi
özündən asılı deyildi, bu, könül məsələsi
olmaqla yanaşı, həm də öz tarixini bilməklə
bağlı idi.
Rüfət anadan əcaib
doğulmuşdu və qeyri-adi bir şair həyatı
yaşadı, elə əcaib də ömür sürdü. Bütün
həyatını və xoşbəxtliyini "Qara
işıq"a həsr etdi. Sonda isə hər şeyi - ailəsi,
arvadı, uşağı, işi əlindən çıxsa
da, cəmiyyəti tərbiyə edə biləcək qüdrətdə
olan, insanları əxlaqi saflığa, mənəvi təmizliyə
səsləyən "Qara işıq"ı qazandı və
qara kabusları özüylə birlikdə boğdu,
yandırdı.
Əsərdə Rüfətin
timsalında könülsüz, arzusu olmadan, sevgidən kənar
qurulmuş ailənin də, Könülün timsalında,
hissə qapılıb səhv addım atanın da faciəli
sonu göstərilir.
Romanda
Gülsümün faciəsinin ilkin səbəbləri
qaranlıq qalır, nədənsə müəllif bunu
açıqlamır. Atalığının
Gülsümü zorlamasının qızın
anasının təşəbbüsü ilə olması
hansı zərurətdən doğub, nəymiş onları
bu yaramazlığa sürükləyən, səbəb
bilinmir və istər-istəməz oxucunun təsəvvürü
yarımçıq qalır.
Əsərin müəllifin
öz təxəyyülünün məhsulu olduğu
görünsə də, bir çox məqamlar oxucunun
yaşantılarının ifadəsi də ola bilər. Hər
halda oxucu düşünür, öz keçmişini bir daha
nəzərdən keçirir.
Rüfətin
atasının qəbri üstündə araq içməsi səhnəsi
bir qədər ifratçılıqdır, çünki zənnimcə,
Rüfət bu hadisələrdən onsuz da "sərxoş"dur.
Romandakı bəzi cümlələrin növbəti səhifələrdə
təkrarlanması, bir sıra fikir və ifadələrdə
ağırlıqlar da gözdən qaçmır. Ancaq
ümumilikdə, Əyyub Qiyasın "Qara işıq"
romanı kitab oxumaq həvəsində olmayanların da diqqətini
cəlb edəcək qədər cazibəlidir.
Elbəyi CƏLALOĞLU