Nəsrin çevrəsi

 

Bu gün müasir Azərbaycan ədəbiyyatının keyfiyyət göstəricilərini şərtləndirən nümunələrdən söhbət düşdükdə çağdaş nəsrimizin ön sıralarında qərar tutmuş Kamal Abdulla yaradıcılığı dərhal göz önünə gəlir. Kamal Abdulla nəsri daim fəlsəfi təzadlılığı, dinamikliyi, ardıcıllığı, hadisələrin çevik dəyişkənliyi ilə seçilir. O, yazdıqları ilə oxucuların zövqünü oxşayan, hər dəfə onları yeni təqdimat, deyim çalarları ilə "təəccübləndirən" sənətkardır. Elə 2008-ci ildə işıq üzü görmüş Kamal Abdulla "Hekayələr"ini xarakterizə edən məhz bu cəhətdir. Kitabda on hekayə yer alıb. Kamal Abdulla əksər ədəbi janrlarda universallığı (şeirlər, povestlər, esselər, pyeslər, romanlar) ilə diqqəti cəlb edən yazıçıdır. Bu hekayələrdə əvvəlki ampluada çıxış etməyə üstünlük versə , yazıçı bu dəfə janrın keyfiyyətini bir qədər dərinləşdirməyə zənginləşdirməyə müvəffəq olub. Düzdür, son zamanlar çağdaş nəsrimizdə yazıçılar daha yığcam janrda işləməyə meyllənirlər. Bəlkə bu, dövrün daxili ehtiyacından yaranır. Çünki bugünkü çeviklik, mobillik, internetin geniş yayıldığı dövrdə oxuculara "işləyən" yazıçılar iri həcmli əsərlərlə onların diqqətini məşğul etməyə yox, onları daha çox düşündürməyə istiqamətlənirlər.

Kamal Abdulla ümumi yaradıcılığında olduğu kimi, bu hekayələrdə daha çox nəzərdən qaçırılmış, bəlkə də bizimçün arxaikləşmiş, tarixin "arxivinə atılmış" məsələlərə aktual münasibət bildirir. Hekayələrdən hər birində oxucuların diqqətinə çatdırılan obrazlı ifadələr tarixi, mifoloji, fantastik, folklorla müasirliyin çulğaşdığı, bəzən isə təzadlar təşkil etdiyi müstəvidə, çağdaş qiyafə və görkəmdə təqdim edilir. Zərdüşt, uzunsaqqal kişi, Ərmən, Cadugər, Gəlmə, Hürmüz ("Son gəliş"), "Xaron, Stiks, Aid" ("Xaron, mərhəmətli Xaron..."), "Xəz-Dəri-Kürk" və "Azad Müstəvi" Birləşməsinin Ümumi İdarə heyəti, Heyvanları Müdafiə Komitəsi, düzgün aerodinamik avtozərbə mövqeyi, "Maqnus-180" adlı yenicə istifadəyə buraxılmış elektromaqnit mühərrikli nəhəng aerobuslar, "Səhrada gəmi", virvizual ekran və film, ovsunçular müşavirəsi, Damdabacalar küçəsi, Günəş vaxtı, Ay vaxtı, İnsanlarla heyvanlar arasındakı münaqişələrin Çözüm Komissiyası, Qalaktikadakı TV-lər, "Yağış anı" üzrə koordinator olan qoca şir və "Ümumi sülh saatı"nın nümayəndəsi, nağıla girmək vaxtı, Günəş vaxtının zərrəsinə çatmamaq, "Döyüşkən öküzlər" məktəbi, sensorlu məlumat, daimi energiya rejimi, Ay axşamı vaxtı, ekstramaqnit Daş parçaları, sensorla yaxın kosmik idarə üsulu, elektromaqnit atmosfer, termoelektrik təhlil, virvizual dəvə ("Dəvə yağışı"), adı özündən uzun Gülü qah-qah xanım, Sarı divlə Kələ div, Təxtiçiraq pəhlivan, Əş-əş pəhlivan, "dəmirbilək" Nəhəngani-nəhəng pəhlivanların ürəkləri yeddi dağ keçisinin dərisindən tikilmiş yay kimi "sıxılmışdı", İkiləri xan əkbəri, Mərcani cadu xanım, Əkil-bəkil quş idi? Bir dama qonmuş idi? Xeyirdimi, şərdimi, olandımı, yalandımı? Qarğa uçub sar qalıb, yeri, yurdu dar qalıb. İş ki, çətinə düşübdü, sənə ahu-zar qalıbdı. Yaydan sonra yaz gələr. Sənə bu da az gələr, Naqquli vadisi, qılıncın boy atması ("Gülü qah-qah xanımın nağılı") və sair sözlər, ifadələr oxucu təfəkkürünü ovxarlamağa, onu güldürməyə, düşünməyə və bir az da qədim dünyaya ekskurs etməyə sövq edir.

Kamal Abdullanın hekayələrini oxuyarkən çağdaş dövrdə dünyanın bədii-fəlsəfi dərki, həm də sivilizasiyalarda gedən ziddiyyətli proseslərin əksini sezmək mümkündür. Burada, bir tərəfdən, insanın həyat tərzindəki dəyişikliklər, ənənəvi dəyərlərin yeniləşməsi gedirsə, digər tərəfdən, qədim arxetip davranışına, dünyanın mifoloji dərkinə, təhtəlşüurda isə folklor elementlərinin canlandırılmasına istiqamətlənmə özünü göstərir.

Hekayələrlə tanış olduqda Kamal Abdullanın mifoloji-folklor nümunələrinin çağdaş nəsrdə uğurla "həzm etdiyinin" şahidi oluruq. Burada şifahi yaradıcılıq elementləri əski statik materialdan, xalq düşüncə fonundan güclü yaradıcı konseptual amilə çevrilməklə, gerçəkliyin dərki üsulu kimi nəzərdən keçirilməlidir. "Son gəliş", "Xaron, mərhəmətli Xaron", "Dəvə yağışı"nda dərin fəlsəfi mahiyyəti və forma metaforikliyi mövcuddur. Məsələn, "Gülü qah-qah xanımın nağılı" hekayəsində müəllif Sarı divlə Kələ div arasındakı barışılmaz mübarizənin çözülməsində adı özündən uzun Gülü gah-gah xanımın məsələni həll etmə istəyini özünəməxsus təqdim edir. O, məmləkətin adlı-sanlı cəngavərlərini - Təxtiçiraq pəhlivanı, Nəhəngani-nəhəng pəhlivanı, Əş-əş pəhlivanı bu ixtilafı çözməsi üçün Sarı divlə Kələ divi barışdırmaqla bağlı məşvərətə çağırır və müharibənin qarşısını yalnız Mərcani cadu xanımın təklifiylə ala biləcəyi fikrində bulunur. "Adı özündən uzun Gülü qönçə xanımların hər ikisi və o biri xanımlar, pəhlivanlar, nökərlər, naiblər, qaravaşlar, cariyələr hamısı bir yerdə divlər məskəni Naqquli vadisinə, bu qardaş davasının qarşısını almağa yola düşürlər".

K.Abdulla hekayələrinin ayrı-ayrı motiv və situasiyalarının təhlili göstərir ki, folklor elementləri bu nümunələrin tərkibində yeni əlavə məna, ideya-estetik yük daşıyır. Əsərlərdə yer almış süjet xətti, folklor mənbələrində verilən kimi olmasa da, təqdimat-xüsusi bədii tutuma malikdir. Hekayələrin materiallarını müəllif elə cilalayır ki, nəticədə oxucunun əsərin məzmununa daha dərindən vara bilmə imkanı və tələbi yaranır. Məsələn, "Gülü qah-qah xanımın nağılı" hekayəsində ilk baxışda qədim türk folklorunun ənənəvi obrazlarına yer verilir. Bununla belə folklor örnəklərində Gülü qah-qah xanımın dürüst prototipini tapmaq da asan deyil. Əgər həm qəhrəman, həm hadisələr, həm də digər obrazlar üçün konkret əlavə təsdiqedici fakt tapmaq mümkün deyilsə, deməli, bütün bunlar müəllifin öz uydurmasıdır və onun öz təxəyyülünün məhsulu kimi dəyərləndirilməlidir. Belə olduqda real tarixi prototiplərin axtarışı da o qədər səmərə verə bilməz. Müəllif isə elə maraqlı və effektli təqdimat üsulundan istifadə edir ki, oxucu onun bu və ya digər obrazları ilə sanki haradasa görüşdüyünü fikrində bərpa etmək istəyir.

Bu hekayələrə gətirilmiş mif-folklor elementləri heç də konkret etnik materialdan yox, özünəməxsus folklor duyumundan, onun interpretasiyasından qaynaq alır və bu dünyanın konseptual dərkinin özəl üsuluna çevrilir. Kamal Abdulla universal yaradıcı mexanizmdən istifadə etməklə, insanın daxili mənəvi potensiyasını fəallaşdırmaqla, şifahi örnəklərlə yazılı ədəbiyyat arasında əlaqə-mükalimə yaradır.

Kamal Abdulla bədii nəsri üçün mühüm bir obraz da vardır. O heç də digər müəlliflər tərəfindən nə bədii priyom kimi ortaya atılmır, nə də həll olunmur. Bu aparıcı obrazla bağlı onun oxşarından istifadə etmə bacarığıdır. Məsələn, "Gülü qah-qah xanımın nağılı"nda Gülü qah-qah xanımın, "Son gəliş", Ərmənin oxşarını elə qiymətləndirmək olar. Kamal Abdulla "Yarımçıq əlyazma"da Şah İsmayıl Xətai obrazının oxşarından uğurla yararlandığı oxucuların yaxşı yadındadır. Bu, ilk baxışda oxucunu bir qədər "çaşdırsa"da, əsərdəki hadisələrin sonrakı gedişlərində effekti artırır, həmin obrazın izlənilməsi baxımından ona marağı gücləndirir.

Kamal Abdulla hekayələri oxucunu gözlənilməz ekstravaqant situasiyalara nə dərəcədə tez, ya gec salmasından asılı olmayaraq, onun nəsrinin fərqli sirləri, bu sirlərin ifadəliliyi, estetik bütövlüyü oxucu və tənqidçi üçün əhəmiyyətli dərəcədə təsirlidir. Bu hekayələrin poetikası onun dil palitrasını, sintaksisini ayrıca nəzərdən keçirmək üçün əsas verir.

 

 

Nizami TAĞISOY

 

525-ci qəzet.- 2009.- 13 iyun.- S.21.