Müdriklik səlahiyyəti
YAZIÇI-PUBLİSİST HÜSEYNBALA MİRƏLƏMOVA
AÇIQ MƏKTUB
Əzizim Hüseynbala
müəllim! Həyatım boyu çoxlu məktublar
yazmışam. O məktubların əksəriyyəti
valideynlərimə, qardaş və bacılarıma, müəllimlərimə,
dostlarıma ünvanlanıb. Nə gizlədim, ara-sıra
sevgi məktubları da göndərmişəm.
Ancaq bu məktublardan fərqli
daha iki məktubum olub və nədənsə hər ikisini də
xalq şairi, qüdrətli söz ustası Bəxtiyar Vahabzadəyə
yazmışam. Onda "Qarabağ" qəzetində redaktor
müavini işləyirdim. Redaksiyaya gələn məktubların
arasında Bəxtiyar Vahabzadənin imzası diqqətimi
çəkdi. "İşıq gətirin" adlı məktubu
diqqətlə oxudum. Şair xahiş edirdi: "Oxuculara iynə
gözü qədər olsa da, işıq verməyə
çalışın".
Böyük ustada
göndərdiyim və "Qarabağ"ın 28 noyabr 1991-ci
il tarixli sayında dərc olunmuş ilk "Açıq məktubum"
onda yazıldı. Bu, elə bir dövr idi ki, Siz
özünüz də həmin o işıqsız, daha
doğrusu ümidsiz görünən Qarabağı oba-oba,
oymaq-oymaq dolaşır, Respublika Dövlət Yanacaq Komitəsində
məsul vəzifələrdə çalışmağınıza
baxmayaraq, erməni vəhşilərinin mühasirəsində
qalmış insanlara kömək əli uzadır,
qorxu-hürkü bilmədən yanacaq
maşınlarını mənim doğma kəndim Meşəliyə,
Ağdərənin Umudlusuna, Xocavəndin
Qaradağlısına, Əsgəranın Kərkicahanına,
Kosalarına, Şuşanın Göytalasına, bəlkə
də Dağlıq Qarabağdakı azərbaycanlılar
yaşayan 54 kəndin hamısına sürdürür,
çıraqlarına neft, maşınlarına benzin
çatdırırdınız.
O ağır günlərdə
tez-tez görüşür, çox kəndlərə birlikdə
gedirdik. Bir dəfə şeirdən, hekayədən söhbət
düşəndə cibinizdən saralmış qəzet
parçasını çıxarıb oxudunuz. Bu, hələ
orta məktəb illərində, 14 yaşında
yazdığınız və "Pioner" qəzetində
çap edilmiş "Bir tikə çörək" hekayəniz
idi. Bax bundan sonra kəndlərdə el ağsaqqalları,
ağbirçəkləri ilə görüşlərinizdə
cib dəftərçənizdə etdiyiniz qeydlərin mənasını
dərk etdim. Sonralar həmin insanlara - şərti olaraq
adlandırdığınız Aydəmirə, Vətənə,
Yaxşıya, Fərqanəyə, Bəy Kamrana,
Abbasoğluna, Həsənə, Səlimoğluna, Bəxtiyara,
Bənövşəyə, daha neçə-neçə
mükəmməl insan xarakterlərinə "Xəcalət"
povestində, "Güllələnmiş heykəllərin fəryadı"
essesində, "Dağlarda atılan güllə"
("Yanan qar"), "Gəlinlik paltarı"
romanlarında və başqa esse, povest, hekayə və xatirələrinizdə
rast gəldim.
Ulu öndərimizin
parlaq obrazını necə məharətlə yaratmağınızın
şahidi oldum. Oğlu təhlükəsizlik orqanları tərəfindən
tutulmuş Aydəmir kişinin Azərbaycan Dövlət Təhlükəsizlik
Komitəsi sədrinin birinci müavini Heydər Əliyevlə
görüş səhnəsini necə də canlı,
yazıçı uzaqgörənliyi ilə təsvir etmisiniz:
"Sözün kəsəsi,
günlərin birində Ələmşahın həbs xəbərini
eşidəndən sonra çox yerə baş vurdum, dostdan,
tanışdan soraqlaşıb öyrəndim ki,
uşağı KQB-yə aparıblar. Bizim bu qarı ilə nələr
çəkdiyimizi bir özümüz, bir də qadir Allah
bilir. Baş ağrısı olmasın, Ələmşah
düz altı ay ünyetməz, əlçatmaz zirzəmilərdə
yatdı. Çox yerə müraciət elədim. Axırda
ümidli cavab, daha doğrusu, teleqram aldım. "Sizi, KQB-nin
sədr müavini Heydər Əliyev qəbul edəcək".
Qarını da götürüb yenidən paytaxta getdim. İkinci
gün günortaya yaxın arvadla məni neçə
qapıdan keçirib, içəri apardılar. Kabinetdə
bizi ucaboy, enlikürək, zəhmli bir oğlan
qarşıladı. Oturduğu yerdən durub qapıya tərəf
gəldi. Ədəb-ərkanla yer göstərdi və mətləbə
keçdi:
- Hə, Aydəmir əmi,
paytaxtımıza xoş gəlmisən. Qarabağda nə var,
nə yox, qonşularınızla necə
dolanırsınız, mehribançılıqdımı? Sizin
haqqınızda bəzi məlumatları bilirəm. Uzun illər
dövlət işlərində
çalışmısınız. Zəhmətkeş ailəniz
var. Camaat arasında xətir-hörmətiniz kifayət qədərdir.
Bəs necə olub ki, Ələmşahın tərbiyəsi
ilə lazımınca məşğul ola bilməmisiniz?
- Ay oğul,
bağışla ki, rütbəni də bilmirəm. Ələmşah
neçə ki, kənddə, bizim yanımızdaydı, ondan
bir sudur anlamamışdım. Bakıya gedəndən sonra isə
bir az da arxayın düşmüşdüm ki, oğlum
paytaxtımızda, mədəniyyətimizin mərkəzində,
ziyalıların əhatəsində, institut müəllimlərinin
nəzarətində daha da inkişaf edər, hörmət-izzət
sahibi olar.
Heydər Əliyevin
çətinliklə sezilən gülümsəməsi
yaşının bu ahıl çağında
yaşmağını açmayan Sübhiyyəni də
cürətləndirdi:
- Ay oğul, hansı
valideyn övladlarını bağlı qapı arxasında,
qolu qandallı görmək istər? Biz oğlumuzu elm, savad
dalınca göndərmişik. Görüşə bilsək,
kimlərin felinə uyduğunu öyrənəcək,
düşmənlərimizi tanıyacağıq.
Heydər Əliyev
bacardıqca sadə dildə danışdı ki,
sıxılıb çəkinməyək:
- Arxayın olun, Ələmşahın
qoluna qandal-zad vurulmayıb. Oğlunuzla sizi
görüşdürəcəyəm. Yəqin özü də
deyər. Siz də onun başına ağıl qoyun. Deyin ki,
Azərbaycanın dilinin də, torpağının da,
bayrağının da, ordusunun da qayğısına mən
özüm qalacaq, onun istək və arzularını yerinə
yetirəcəyəm. O, dərslərini oxusun. Neft Kimya
İnstitutu təkcə Azərbaycanda deyil, bütün
dünyada adlı-sanlı təhsil ocağıdır. Çalışsın
ki, gələcəyin yaxşı mütəxəssisi kimi
yetişsin. Onu bu gün sizə bağışlayıram..."
Söhbət "Xəcalət"dən
düşmüşkən, Bəxtiyar Vahabzadəyə
yazdığınız ikinci "Açıq məktub"
sırf bu əsərlə bağlı olmuşdu. Qüdrətli
sənətkarın Qarabağ mövzusunda yazılmış
povestinizlə bağlı fikirləri və Sizin böyük
uğurlarınızdan xoflananlara cavab vermək istəyi məni
rahat buraxmamışdı.
Hüseynbala müəllim,
rəhmətlik Bəxtiyar Vahabzadə Sizə
ünvanladığı və "525-ci qəzet"in 31
oktyabr 2002-ci il tarixli sayında dərc etdirdiyi "Xəcalət"
- xəcalətli günümüzün
güzgüsü" adlı məktubunda yazmışdı:
"Hörmətli Hüseynbala Mirələmov, "Xəcalət"
povestinizi yalnız yarıya qədər oxuya bildim. Qəhər
məni boğdu. Göz yaşlarımı saxlaya bilmədim,
bacarmadım. Bu boyda dərdlə qol-qola, baş-başa
yaşaya bildiyimə görə xəcalət çəkirdim..."
"Xəcalət"
povestinə tənqidçi dostum Vaqif Yusifli ilə birlikdə
yazdığımız ön sözü isə biz belə
sonluqla tamamlamışıq:
"Xəcalət"
doğma yurdu, Qarabağı qoruya bilməmək XƏCALƏTİDİ.
Bu, şəhid
olmuş, əsir düşmüş anaların,
bacıların, torpaq uğrunda canlarını qurban
vermiş, minlərlə yurddaşımızın ruhları
qarşısında çəkilən XƏCALƏTDİ.
Bu,
övladlarının daxili iztirabların a cavab verə bilməməyin,
dost köməyinə vaxtında çata bilməməyin XƏCALƏTİDİ.
Nəhayət, bu, həm
də övladlarının törətdikləri cinayətlərə
görə, gələcəkdə cavab tapa bilməyəcək
erməni millətinin milli və əbədi XƏCALƏTİDİ".
Əziz qardaşım,
böyük ürəyinizə, təmənnasızlığınıza,
dostda nöqsan axtarmamağınıza, dilimizə, dövlətçiliyimizə,
birləşib bütövləşmək yolunda müqəddəs
mübarizəmizin ön sırasında olmağına görə
həmişə Sizə minnətdar olmuşam. Ömrümün
ötən 60 ilində üçüncü
"Açıq məktub"u Sizə ünvanlamaq qərarına
isə bugünlərdə gəldim. Belə ki, mayın 6-da
Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyinin təsis etdiyi "Qızıl kəlmə"
mükafatının Rəşid Behbudov adına Mahnı
Teatrında keçirilən təqdimat mərasimində nazir
və müsabiqə komissiyasının sədri Əbülfəz
Qarayev çıxış edərək dedi:
- Hamımızın
çox yaxşı tanıdığı və
yaradıcılığına bələd olduğumuz
yazıçı-publisist, millət vəkili Hüseynbala Mirələmov
"Molodaya Qvardiya" nəşriyyatında çap etdirdiyi
"Görkəmli adamların həyatı"
seriyasından "Heydər Əliyev" kitabına görə
publisistika nominasiyası üzrə yeganə qalib kimi
"Qızıl kəlmə" mükafatına layiq
görülüb. Bu nüfuzlu ödülü müəllifə
təqdim etməkdən qürur duyuram və sözü
Hüseynbala Mirələmova verirəm.
Təvazökarlıq
hissindən doğan bir çəkingənliklə müsabiqə
komissiyasına minnətdarlığınızı bildirdiniz,
Ulu öndərin çox zəngin, bir ömrə
sığmayan həyat və fəaliyyətinin bədii təcəssümünü
tam yaratmaq üçün hələ çox axtarışlar
aparılmasının vacibliyini, bu şərəfli işin
yerinə yetirilməsində Azərbaycanın şair və
yazıçılarının, publisistlərinin öhdəsinə
böyük vəzifələr düşdüyünü
xatırlatdınız.
Mən isə Sizi dinləyə-dinləyə
Heydər Əliyevlə görüşmüş, təmasda
olmuş insanları axtarıb tapanda, Xankəndində,
Şuşada, Laçında, Kəlbəcərdə,
Ağdamda onların xatirələrini dinləyərək
qeydlər edəndə təsəvürümə belə gətirməzdim
ki, o qeydlər "Millətin atası", "Bir günəş
var", "Zəfər yolu", "Həqiqət",
"Amalın işığında",
"İşığın izi ilə" və nəhayət,
"Görkəmli adamların həyatı"
seriyasından "Heydər Əliyev" kimi fundamental əsərlərin
yaranması üçün ilkin materiallardan olacaq.
Əzizim Hüseyn
müəllim, sizin son bir neçə il ərzində ortaya
qoyduğunuz əsərlərin hamısını təkrar-təkrar
oxumuşam. Hər dəfə o əsərlər haqqında
yazmaq istəsəm də, sonda fikrimdən
daşınmışam. Buna da səbəb xalq şairi, mərhum
Bəxtiyar Vahabzadənin, akademik Bəkir Nəbiyevin, Azərbaycan
Milli Elmlər Aukademiyasının müxbir üzvü, Milli Məclisin
deputatı Nizami Cəfərovun, filologiya elmləri doktoru,
professor Nizaməddin Şəmsizadənin, tanınmış
yazıçı Əlibala Hacızadənin, ədəbiyyatşünas
İntiqam Qasımzadənin, tənqidçi, filologiya elmləri
namizədi Vaqif Yusiflinin və bir çox başqa
tanınmış söz xiridarlarının əsərləriniz
barədə yazdıqları sanballı rəylər olub.
Nə yaxşı ki,
sadə bir oxucu kimi əsərləriniz barədə
düşüncələrimi özünüzlə
bölüşmüşəm. Doğrudur, yeri gələndə
əsərlərinizi oxumadan kimlərinsə sifarişi ilə
şər-böhtan dolu, ədəbi tənqiddən uzaq
cızmaqara müəllifləri ilə kəskin mübahisələrim
də olub. Ona görə kəskin deyirəm ki, onlar
ağıllı polemikalara girişmir, son sözlərini bir
qayda olaraq təhqirlə deyirlər.
İnsan həyatda
öz zəhməti, alın təri, bilik və
bacarığı ilə çox şeylərə nail olur. Vəzifə
tutur, seçkili orqanlarda müəyyən qurumu, toplumu təmsil
edir. Beləliklə, ona xeyli səlahiyyətlər verilir. Amma
istedadı, nə qədər istəsən,
çalışsan belə, doğmaca balana vermək
mümkün deyil. Ondan zorla nə yazıçı, nə
şair, nə bəstəkar, nə rəssam, nə heykəltəraş
çıxar. Ancaq Ulu Tanrının öz əziz bəndəsinə
bəxş elədiyi səlahiyyətlər də var. Bu,
müdriklik səlahiyyətidir, elinin, obasının
ağsaqqallığını bacarmaq səlahiyyətidir. Kimsəsizlərə,
əlillərə, xəstələrə, baxımsız
qocalara əl tutmağı, kömək durmağı bacarmaq
səlahiyyətidir. Tamahına, nəfsinə hökm edə
bilmək, onların cilovunu ömürlük əlində
saxlaya bilmək səlahiyyətidir. Siz xoşbəxtsiniz ki,
sadaladığım bu səlahiyyətləri Tanrı Sizə
geninə-boluna, qızırqalanmadan verib.
Əsərlərinizin
geniş oxucu kütləsi qazanmasında, qısa vaxt ərzində
bir çox xarici dillərə tərcümə olunmasında
başlıca şərt qloballaşan müasir
dünyamızda baş verənlərə yazıçı
müdaxidləniz, bəşəri dərdlərə şərik
olmağı bacarmaq səlahiyyətinizdir. Müharibənin gətirdiyi
fəlakətləri Qarabağ müharibəsindən bəhs
edən əsərlərinizlə, milli-mənəvi dəyərlərimizi
aşındıran təhlükələrə qarşı
"Gəlinlik paltarı" romanınızla həyəcan
təbilləri çalmısınız.
Bizi doğma övlad məhəbbəti
ilə qoynunda bəsləyən, bizim isə qənim kəsildiyimiz
təbiət - dağlarımız, meşələrimiz,
göllərimiz, çaylarımız, bağlarımız,
nadir təbiət gözəlləri olan ceyranlarımız,
cüyürlərimiz, qartallarımız, qırqovul və kəkliklərimiz,
dünyada misli bərabəri olmayan və bu gün
düşmən tapdağı altında inləyən
Xarı bülbül gülümüz göz bəbəyimiz
kimi qorunmalıdır. Di gəl ki, "Cəza" povestinizdə
təsvir etdyiniz kimi, təbiət, onun sərvətləri
günü bu günün özündə qəddarlıqla,
vəhşiliklə məhv edilir. Təbiət isə bu
insafsızlığa amansızlıqla cavab verir. Acgözlərin
var-dövlət, sərvət naminə heç nəyə rəhm
etmədən qurub-tikdiklərini bir anın içindəcə
qəzəblənmiş sellərin qurbanına çevirir. Təbiət,
insan münasibətlərini, bizim günahımız
üzündən onların arasında yaranmış
uçurumu, ziddiyyətləri, bir daha vurğulayıram,
uzaqgörənliklə, bədii sözün qüdrəti ilə
oxucuya çatdırmaq, onu silkələyib oyatmaq Sizin
yazıçılıq səlahiyyətinizdən irəli gələn
vəzifədir və Siz bunu çox böyük məharətlə
yerinə yetirirsiniz.
Qardaşım
Hüseynbala, Siz təkcə Qarabağ müharibəsində
erməni vəhşiliyi, vandallığı nəticəsində
doğma yurd-yuvalarını itirmiş, əzizlərini qurban
vermiş, qaçqın-köçkün həyatı
yaşamağa məcbur edilmiş insanların dərdinə,
ağrılarına şərik çıxmır, eyni təəssübkeşliklə
məhv olmaq təhlükəsi ilə üz-üzə,
göz-gözə qalmış təbiətə də qahmar
durur, onun qan verən, sızlayan yaralarına məlhəm
olmağa, çalışırsınız.
Son vaxtlar
yazdığınız və minlərlə oxucunun rəğbətini
qazanmış "Qırxıncı otaq"
romanınızda insan həyatında baş verən
haqsızlıqlara, ədalətsizliklərə, hələ də
qırxıncı qapı arxasında qalan sirli-sehirli məqamlara
işıq salmağı məharətlə
bacarmısınız. Əsər barədə fikrimi hörmətli
yazıçımız Əlibala Hacızadənin sözləri
ilə tamamlayıram: "Bütün şüurlu həyatını
haqqın, ədalətin təntənəli qələbəsi
uğrunda mübarizəyə həsr etmiş
yazıçı-hüquqşünas, hakim Adil Hüseynliyə
taleyi lap yaxında, qonşuluğunda yerləşən o
sehrli "Qırxıncı otağ"ın tükürpədən
sirlərinə əyani şəkildə bələd olmaq
imkanı da bəxş etmişdi ki, o otağın iç aləmini
kəşf edib insanlara göstərsin. Ancaq nə yazıq ki,
Adil Hüseynli o tilsimi qırmaq, ifşa etmək istərkən
özü onun qorxunc caynaqlarında məhv olur. İçində,
ürəyində yuxularında həmişə Sibir
çovğunları cövlan edən Adil Hüseynlinin
atası, cəmi 38 il yaşamış Həmid "xalq
düşməni" kimi nahaqdan damğalanmış, Sibirə
sürgün edilmiş, orda həlak olmuş bir təmiz insan
idi. Soyuq Sibirdən Həmid yeganə oğluna belə yazırdı:
"Bilirəm,
körpəsən. Amma
böyüyəcəksən. Mənə söz ver ki, heç
zaman ədalətsiz iş tutmayacaqsan. Elə buna görə
də adını Adil qoymuşam. Oğul, unutma ki, ədalət koması yıxılan yerdə rəzalət sarayı ucalır". Necə də gözəl və müdrik sözlərdi. Dostum, yeri gəlmişkən, bunu deyim ki,
romanında belə kəsərli, tutumlu məna və hikmətlərlə dolu deyimlər, ifadələr
çoxdur və onlar oxucu mənəviyyatını
zənginləşdirməklə bərabər, sənin də bir yazıçı
kimi müdrikləşdiyini
göstərir ki, mən buna çox
sevinirəm".
Hüseynbala müəllim,
mən də bu uğura şadam. Çünki bu,
yazıçı kimi Sizə verilən müdriklik səlahiyyətinizdən
bəhrələnən uğurdur.
Bəzən
tanışlığımızın, dostluğumuzun tarixinin
on illər əvvəldən başladığını
düşünsəm də, Qarabağın
qanlı-qadalı günləri, rəhmətlik Məhəmmədhüseyn
Şəhriyar demiş, "bir sinema pərdəsi kimi"
gözlərim önündən keçir. Sən demə dərdin
birləşdirdiyi insanlar düçar olduqları dərddən,
torpaq, Vətən itkisindən xilas olmayana qədər
gözlərindəki kədər silinib getmir. Daha çox
hansı məclislərdə, tədbirlərdə birlikdə
olmuşuq? Yadıma salıram: 26 fevralda - Xocalı
soyqırımını hüznlə yad edəndə,
Şuşanın, Laçının, Ağdamın,
Füzulinin, Ağdərənin, Zəngilanın, Kəlbəcərin,
Xocavəndin, Xankəndinin, mənim doğma Meşəlimin
işğal günlərini matəm kimi qarşılayanda,
Sizin yazdığınız "Xəcalət",
"Vicdanın hökmü", "Güllələnmiş
heykəllərin fəryadı" tamaşalarının
premyerasına baxanda. Yaxşı ki, toylar, ad günləri,
aldığın mükfatları qeyd etdiyimiz günlər də
olub.
İkimizin birlikdə
yaşadığımız ən yaxşı günləri
dünya şöhrətli yazıçı Çingiz
Aytmatovla görüşdüyümüz günlər hesab
edirəm. Bu görüş Moskvada, Qırğızıstan
səfirliyində baş tutmuşdu. Ustad yazıçıdan
səninlə birlikdə aldığımız "Biz qədim
türk ağacının müxtəlif qolları,
budaqlarıyıq" və mənim ulu yazıçı ilə
"Azərbaycan" qəzetində çap olunan
"İlham Əliyev qloballaşan dünyanın lider
etalonudur" başlıqlı müsahibəmdə
Ç.Aytmatov ölkəmizdə baş verən yeniliklərə
ürəkdən sevindiyini, böyük siyasətçi Heydər
Əliyevin başladığı işləri oğlu, varisi
İlham Əliyevin layiqincə davam etdirəcəyinə, Azərbaycanı
dünyanın aparıcı dövlətləri
sırasına çıxaracağına əminliyini
bildirmişdi və elə həmin müsahibələrin
birində tezliklə Azərbaycana gələcəyini,
özünə mənəvi vətən bildiyi Odlar
Diyarını doyunca gəzəcəyini söylədi. Nəhayət,
böyük sənətkar öz istəyinə qovuşdu.
Qardaşım
Hüseynbala, yəqin ki, unutmamısan. Böyük
yazıçı söhbətlərində (lent
yazılarını əziz bir xatirə kimi saxlayıram - Ə.M.)
Sizinlə bağlı bir çox qiymətli fikirlər
söylədi: "Hüseynbala ilə hər görüşəndə
mənən ruhən, daxilən zənginləşirəm",
"Mən dostluqda dəqiqliyə, həssaslığa və
təmənnasız münasibətlərə xüsusi qiymət
verən adamam. Bu mənada Hüseynbala Mirələmovla oxşarlığımız
çoxdu. Həmfikir
olduğumuza görə,
tale bizi qovuşdurub. Biz hər bir mövzuda fikir mübadiləsi aparanda eyni məxrəcə gələ bilirik",
"Yeni yazdığım
romanımı tamamlamışm.
İlk variantını
Hüseynbala oxumuşdu,
iradlarını, təkliflərini
demişdi. İndi 300
shifəlik sonuncu variantını bu gün verəcəyəm
ki, səbrlə gözdən keçirsin. İnanıram
ki, boyun qaçırmayacaq", "Bizim
mənəvi yaxınlığımızın
nəticəsidir ki, son romanlarımızın
adlarında da bir oxşarlıq var. Hüseynbala "Gəlinlik paltarı"nı yazıb, mənim romanım isə "Əbədi gəlin" adlanır. Qırğız dilində
bu, "Sarada kız" deməkdir",
"Çox şadam
ki, yaxın dostum Hüseynbalanın
"Xəcalət" əsəri
qırğız dilinə
tərcümə olunub.
Qısa vaxt ərzində oxucuların
stolüstü kitabına
çevrilib və Qırğızıstan Yazıçılar
Birliyi müəllifə
"Qızıl Qələm"
mükafatı verib".
Bu kimi misallar
çoxdur. Ancaq mən məktubumu Çingiz Terekul oğlu
Aytmatovun belə bir cümləsi ilə bitirirəm:
"Hüseynbala, müasir dövrümüzün əvəzsiz
siyasi xadimi, türk dünyasının böyük oğlu
Heydər Əliyevin adına layiq "Heydər Əliyev"
kitabını yüksək peşəkarlıqla yazıb, ərsəyə
gətirdiyin üçün sənə minnətdaram!"
Əziz qardaşım,
bağışla ki, vaxtınızı çox aldım. Amma
bununla daxilimdə bir rahatlıq tapdım. Çünki
çoxdan Sizə demək istədiklərimin bir qismini bu məktubla
çatdıra bildim.
Dərin hörmətlə:
Ə. MAHMUD
525-ci qəzet.- 2009.- 13 iyun.- S.20-21.