Anar: "Mənim üçün ən çətin
iş - bir əsəri yazmağa başlamaqdır"
Ədəbiyyatımızın
dostu və fəal təbliğçisi, tanınmış
türkiyəli tərcüməçi-yazar Yasemin Bayer Azərbaycan
Yazıçılar Birliyinin sədri, xalq
yazıçısı Anardan bu müsahibəni Türkiyənin
"Cümhuriyyət" qəzeti üçün
götürüb. Maraq doğuracağını nəzərə
alaraq, müsahibəni oxucularımıza təqdim edirik.
- Rəsul Rza və
ananız şairə Nigar Rəfibəyli Azərbaycan
şeirinin iki məhək daşıdır. Belə görkəmli
bir ədəbiyyatçı ailəsində yetişməyinizin
sizə necə təsiri oldu?
- Ədəbi fəaliyyətlə
məşğul olan bir ailədə yetişməyimin,
şübhəsiz, mənə təsiri böyükdür. Uşaqkən
kitablar arasında, ədəbi söhbətlər içində
böyüdüm. Evimizə qonaq gələn Azərbaycanın,
Türkiyənin, Rusiyanın və digər sovet
respublikalarının, xarici ölkələrin şair və
yazıçılarıyla tanış olmağım mənim
ədəbi taleyimdə önəmli yer tutub. Amma ədəbiyyata
bağlı bir ailədən olmağın bəzi problemləri
də olur. Atamın dostları olduğu kimi, onu sevməyənlər
də vardı və atama olan münasibətlərini mənə
münasibətlərində də büruzə verdilər...
Çox qəribədir,
o zamanlar atamı sevməyənlər mənə qarşı
da pis niyyət bəsləyirdilər. Bu günsə, hansı
səbəbdən olursa-olsun, məni xoşlamayanlar atama da,
daha doğrusu, onun xatirəsinə də pis münasibət
nümayiş etdirirlər. Amma bütün bunlara baxmayaraq, belə
bir ailədə dünyaya gəlməyimdən, atamla
anamın Rəsul Rza və Nigar Rəfibəyli olmasından həmişə
qürur duymuşam və duyuram.
- Necə oldu ki,
yazmağa başladınız?
- Bu mövzuda
"Sizsiz"də də yazmışam. 1952-ci ildə
Şuşada yay tətilini keçirirdik. O zaman on dörd
yaşındaydım və Bakı üçün çox
darıxırdım. Atam bir az başımı qatmağım
üçün Şuşada gördüklərimi və təəssüratımı
yazmağımı təklif etdi. Mən də yazdım, amma
Şuşa təəssüratlarımı deyil... Bu, Amerikada
həyat tərzi mövzusunda bir pyes idi. On dörd
yaşındakı bir uşaq heç zaman görmədiyi
Amerikadakı həyat tərzi haqqında nə yaza bilərdi
ki? O yaşda Amerika haqqındakı düşüncələrim
yalnız sovet qəzetlərində oxuduğum təbliğat
xarakterli yazılara söykənirdi. Pyesdə Amerikada ciddi
musiqi ilə məşğul olduğu üçün
çox əziyyət çəkən qabiliyyətli bir bəstəkarın
sonda pop müğənnisi olaraq, sənətinə xəyanət
etməsi və ailəsinin də buna görə
dağılmasından bəhs edilirdi. Bu pyes, təbii olaraq, zəif
bir qələm təcrübəsi idi. Şuşada onu atama,
anama və kiçik bacıma oxudum. Atam bu zəif yazıda nəyinsə
olduğunu görmüşdü və oxuyub bitirdikdən
sonra onun gözlərindəki o ifadəni heç zaman
unutmadım. Bu, həm təəccüb, həm sevinc, həm
də kədər ifadəsiydi. "Təəssüf, - dedi,-
sən də yazıçı oldun". Mənim taleyim elə
həmin an dəqiqləşdi.
- Erkən yaşlardan
yazmağa qərar verdiyinizi bilirik. Atanızın sizə
göndərdiyi məktublardan bunu anlamaq mümkündür. Amma
o da sizə, israrla, müəyyən bir ixtisas seçməyi
təklif edir. Sizsə yenə də yazıçı olmaq qərarında
qalırsınız. Nəyə görə?
- Sonrakı illərdə
bir silsilə hekayə yazdım. Valideynlərimə oxudum; bəzilərini
bəyəndilər, amma çap olunmasına icazə vermədilər,
"tələsmə" dedilər. Atam yazıçı
olmağıma etiraz etmirdi, amma başqa bir sahədə,
mühəndislik və ya tibb sahəsində təhsil
almağımı istəyirdi. Düşünürdü ki,
başqa bir ixtisasa da yiyələnməyim həyat təcrübəmi
artırar, yazıçı kimi mənə çox şeylər
öyrədər. Şübhəsiz, o haqlıydı və
bu gün onun təklifini qəbul etmədiyim üçün
çox təəssüflənirəm. Amma o illərdə mən
ədəbiyyata artıq elə bağlanmışdım ki, təhsilimi,
gələcək ixtisasımı ədəbiyyatla əlaqəli
görürdüm. Və beləcə, 1955-ci ildə Azərbaycan
Dövlət Universitetinin filologiya fakültəsinə daxil
olub, 1960-cı ildə orada təhsilimi bitirdim. O il atam
iki hekayəmin jurnalda dərc olunmasına icazə verdi. Bunlar
"Keçən ilin son gecəsi" və "Bayram həsrətində"
hekayələriydi. Və onlar "Azərbaycan"
jurnalında, 1960-cı ilin dekabrında, 12-ci nömrədə
çap olundu. İndiyə kimi də bu hekayələrimi
bütün kitablarıma daxil etmişəm.
- Yazarkən
necə bir üsul seçirsiniz? Sizcə, mövzu necə
yaranır?
-
Mövzular rəngarəng şəkildə doğulur. Eləsi
var ki, bir anda gəlir, o anda da yazılır. Eləsi var ki,
ürəyində illlərlə daşıyırsan, sonra bir
gün kağıza köçürülür. Mən irihəcmli
əsərlərimi yalnız yay aylarında yaza bilirəm. Yəni
məzuniyyətə çıxdıqda; beynim iki həftə
bütün qayğılardan uzaq olduqda hər hansı
böyük bir əsərin mövzusunu düşünə,
onu planlaşdıra və yaza bilirəm. Digər vaxtlar isə
yalnız kiçikhəcmli yazılar, məsələn, məqalələr,
esselər, bəzən şeirlər yazır, bəzən də
tərcümələr edirəm.
- Əsərlərinizi
necə başlayır, necə bitirirsiniz?
- Mənim
üçün ən çətin iş bir əsərə
başlamaqdır. Başlamazdan öncə çox
düşünür, şübhələr, tərəddüdlər
keçirirəm. Amma başladımmı, günlərlə,
həftələrlə yazı masamdan qalxmaya da bilərəm.
Başladığım işi qətiyyətlə bitirməyə
çalışıram; çünki yarımçıq
qalarsa, aydan-aya, bəzən ildən-ilə dolanar, bəlkə
də heç yazılıb bitirilməz.
-
Yarımçıq qoyub illər sonra həmin mövzuya
döndüyünüz əsərləriniz varmı?
- Bəzən
bir yazımı yarımçıq saxlayıb, tamamilə
başqa bir şey yazmağa başlayıram.
- Mövzu
haqqında düşünəndə qeydlər
aparırsınızmı?
- Həmişə
qeydlər aparıram. Yalnız yazdığım əsərlə
bağlı deyil, ümumiyyətlə, mənə maraqlı
görünən hər bir fikri, həyat təəssüratını,
eşitdiyim hər yeni sözü, ifadəni nəzərdə
saxlayıram. Bəzən onu unuduram da; amma hər hansı bir
mövzuda yazarkən o sanki özü ağlıma geri
dönür, "mən burdayam, məni yaz" - deyir və mən
bu qeyddən istifadə edirəm.
- Cümlələrin
üstündə çoxmu dəyişikliklər
aparırsınız?
- Son illər
bilgisayarda yazıram. Bu isə yazıçı
üçün çox böyük rahatlıqdı;
çünki hər hansı bir cümləyə dəfələrlə
qayıtmaq, onu yenidən işləmək, cilalamaq, dəyişdirmək
mümkündür. Əllə və ya başqa vasitəylə
yazanda bu, belə asan olmur.
-
"Sağ olun deyirəm. Sağ olun ki, vardınız.
Sağ olun ki, varsınız. Sağ olun ki, hər zaman bizimlə
qalacaqsınız" sözləriylə bitən
"Sizsiz" xatirə-romanınız olduqca təsirlidir. Əsəri
oxuyarkən sizin hisslərinizə şərik olmamaq
qeyri-mümkündür. Öz ifadənizlə, "daxili
dünyanızın ağrısı"ndan yaranan bu
romanın ən çox duyğulanaraq
yazdığınız və Sizi daha çox təsirləndirən
əsəriniz olduğunu söyləyə bilərikmi?
-
Şübhəsiz, "Sizsiz" mənim daxili dünyamla ən
çox bağlı olan yazımdır. Çünki onun
mövzusu fantaziyanın, xəyalın məhsulu deyil,
gerçək hadisələrdir. Mənə ən yaxın
olan insanların, atamın, anamın həyatı və vəfatıyla
bağlı yaşadıqlarım, düşündüklərim
və duyğularımdır. Əsər, onların yüz
günün içində bir-birinin ardınca ölümlərindən
qısa bir müddət sonra yazıldığı
üçün duyğularım daha ağrılı, daha kədərliydi
və onları səmimi formada ifadə etməyə
çalışdığım üçün bu
ağrı, kədər, şübhəsiz, oxucunu da təsirləndirir.
- Roman
yazarkən xəyal gücününmü, yoxsa real
müşahidələrinmi daha vacib olduğunu
düşünürsünüz?
- Xəyal
gücü olmadan roman yazmaq qeyri-mümkündür. Amma
yalnız xəyal gücünə də bel bağlamaq olmaz. Həyatdakı
müşahidələr, təəssüratlar,
gördüyün, tanıdığın insanların fərqli
xasiyyətlərini bilmək və digər cəhətlər
olmadan yalnız xəyal gücüylə roman yazmaq
mümkün deyil, bunlar bir-birini tamamlamalıdır; xəyal
gücü və həyat təcrübəsi.
- Romana və
ya şeirə siyasət və ideologiyanın
qarışdırılmasını doğru
sayırsınızmı?
- Təəssüf
ki, siyasətsiz yaşamaq mümkün deyil. İstəsək
də, istəməsək də, siyasət həyatımıza
girir. Amma yazı yazarkən sırf siyasi məqsədləri,
xüsusilə də ideologi məqsədləri əsas
götürsən, əsərin bədii dəyəri də,
həqiqi dəyəri də itər.
- Ədəbi
fəaliyyət baxımından əvvəlki illərlə
bugünkü dövr arasında nə kimi fərq
görürsünüz? Sizin aləminizdə, indi
yazmağın mənası nədir?
- Sovet
dövrüylə indiki müstəqillik dövrünün ədəbi
mühiti arasında çox böyük fərq var. Sovet
dövründə ədəbiyyat bəlkə də, totalitar
rejimin qadağalarına baxmayaraq, az-çox həqiqi söz
söyləməyin yeganə vasitəsi idi. İnsanların ədəbiyyata
hədsiz marağı da ilk növbədə bununla
bağlıydı. İndiki söz və mətbuat
azadlığı olan, üstəlik, bundan məsuliyyətsizcəsinə
istifadə edilən bir dövrdə ədəbiyyatın vəzifəsi
daha çox estetik məqsədlərə xidmətdir. Yenə
də xalqın, cəmiyyətin problemlərinə biganə
qalmayan ədəbiyyat bu məsələlərə bədii
vasitələrlə, sənət diliylə cavab verməyə
çalışır. Bu gün "kitab oxuyan azdır"
- deyə, yazmaqdan əl çəkmək olmaz.
Yazıçının beş-on oxucusu qalsa belə, o,
yazmalıdır. Çünki ədəbiyyatın
ünvanı kəmiyyət baxımından deyil, keyfiyyət
baxımından müəyyənləşir.
- Azərbaycan
Yazıçılar Birliyinin sədri kimi bir çox
uğurlu fəaliyyətlərə imza atmısınız. Azərbaycan-Türkiyə
ədəbi əlaqələrindəki önəmli rolunuz
inkaredilməzdir. Bu barədə fikirlərinizi söyləmənizi
istərdim.
-
1973-cü ildə Türkiyəyə ilk səfərlərimin
birində qardaş ölkədə bizim azəri ədəbiyyatını
bilmədiklərinə çox kədərləndim.
Rusiyanın, ya da Avropanın beşinci dərəcəli
yazıçılarının əsərləri Türkiyə
türkcəsində çap olunduğu halda, Azərbaycan ədəbiyyatının
klassiklərini belə, Türkiyədə heç
tanımırdılar. Elə həmin səfərimdə
"Cümhuriyyət" qəzetinə verdiyim müsahibədə
bunları dilə gətirdim. Sonrakı səfərlərimdə
də hər fürsətdən istifadə edərək bu məsələni
gündəmdə saxladım. Bu niyyət yalnız sözdə
qalmasın deyə, praktik işlər də gördüm.
"Min ilin yüz şairi" adlı Azərbaycan şeiri
antologiyasını hazırladım. Dəyərli dostum Əli
Yavuz Akpınar onun Türkiyə türkcəsindəki mətnini
gözdən keçirdi, qeydlər yazdı və Mədəniyyət
Nazirliyi bu kitabı çap etdirdi. Tez bir zamanda alınıb
tükəndiyi üçün indi onu heç bir yerdə
tapmaq mümkün deyil. Yaxşı olardı ki, o kitab bir daha
çap olunsun. Yenə mənim təklifimlə, dostum Ataol Bəhramoğlunun
təşəbbüsüylə, "Cümhuriyyət" qəzetinin
əlavəsi olaraq, Cəlil Məmmədquluzadənin hekayələr
kitabı çap edildi. Bu, dahi yazıçımızın
Türkiyədə indiyədək çap olunan ilk və
çox təəssüf ki, yeganə kitabıdır.
Çağdaş şeirimizdən Fikrət Qocanın və
Vaqif Səmədoğlunun şeir kitablarının Arif
Acaloğlunun çevirməsiylə, Ramiz Rövşənin əsərlərinin
isə Əli Akbaşın çevirməsiylə Türkiyədə
nəşr edilməsinə köməklik göstərdim. Bu
yaxınlarda Fırat Qızıltuğun çevirməsiylə
anam Nigar Rəfibəylinin irihəcmli şeir kitabı nəşr
olundu. Bundan əvvəl bu nəşriyyatda atam Rəsul
Rzanın da şeir kitabı nəşr edilmişdi. Mənim
də bu illər ərzində on üç kitabım
çap olunub. Onları çevirənlərə - İldəniz
Qurtulana, Fatma Özkana, Yusuf Gədikliyə çox minnətdaram.
Burada - Bakıda da Türkiyə şairlərinin də əsərlərinə
yer verdiyim "Min beş yüz ilin oğuz şeiri"
adlı ikicildlik antologiya nəşr etdirdim. Son dövrdə
burada Kamal Tahirin "Yorğun
döyüşçü", Nəcib Fazıl
Qısakürəyin "Qəm", Rəsul Rza Fondunun
köməyilə Orhan Vəlinin, Ataol Bəhramoğlunun,
Çingiz Bektaşın, Yəhya Akangenin şeir kitabları
nəşr olunub. Türkiyədə isə Mirzə Fətəli
Axundzadənin, Aşıq Ələsgərin, Sabirin,
Hüseyn Cavidin, Əhməd Cavadın, Almas
İldırımın, Səməd Vurğunun, Şəhriyarın,
Həmid Nitqinin, Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin,
Məmməd Arazın, Səməd Behrənginin, Yusif Səmədoğlunun,
Elçinin, Mövlud Süleymanlının, Sabir Rüstəmxanlının,
Abbas Abdullanın, Məmməd İsmayılın, Kamal
Abdullanın, Çingiz Abdullayevin, Zəlimxan Yaqubun əsərlərinin
ayrıca kitab halında çıxması bizi çox
sevindirdi. Ədəbiyyatımızın qardaş ölkədə
tanınmaması halı, qismən də olsa, aradan
götürüldü. Amma təbii ki, bu sahədə daha
böyük işlər görülməlidir. Məsələn,
Vaqif, Vidadi kimi XVIII əsrin tanınmış söz
ustalarının, Məhəmməd Hadi, Mikayıl
Müşviq kimi XX əsrin görkəmli şairlərinin, Cəlil
Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev,
Cəfər Cabbarlı, Sabit Rəhman, Ənvər Məmmədxanlı,
İlyas Əfəndiyev kimi nasir və dramaturqların,
İsmayıl Şıxlı, İsa Hüseynov, Sabir Əhmədli,
Əkrəm Əylisli, İsi Məlikzadə, Fərman Kərimzadə,
Afaq Məsud kimi yazıçıların əsərləri,
gənc nəsildən olanların yaradıcılıq
nümunələri Türkiyə oxucusuna Azərbaycan həyatını
və ədəbiyyatını yaxından tanımaqda
yaxından kömək edə bilər. Bu baxımdan, Yasemin
xanım, mən sizin səylərinizi çox əhəmiyyətli
hesab edir, yüksək qiymətləndirirəm. Qısa
müddətdə "Azərbaycan
nağılları"nı, gənc
yazıçıların "Sular günəşə nəğmə
söylərkən" adlı seçilmiş hekayələr
kitabını, Hüseynbala Mirələmovun "Gəlinlik
paltarı" romanını Türkiyə türkcəsinə
çevirib nəşr etdirməniz minnətdarlıq
doğuran hadisədir. Sizi Azərbaycan Yazıçılar
Birliyinə üzvü qəbul etməyimiz də bu minnətdarlığın
kiçik bir ifadəsidir.
- Mən də
Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul
olunmağımdan qürur və şərəf hissi duyuram.
Sizə və sizin simanızda Azərbaycan
Yazıçılar Birliyinə təşəkkürlərimi
bildirirəm.
Azərbaycan dilinə
Tovuz TEYMUROVA uyğunlaşdırdı
525-ci qəzet.- 2009.- 17 iyun.- S.7.