Abbasqulu Xan
İrəvanski və
nəsil şəcərəsi
Naxçıvan tarixinin
XIX yüzilliyin ikinci yarısından üzübəri
açılmamış səhifələrini
araşdırarkən İrəvan xanlarının varislərindən
olan Abbasqulu xan İrəvanskininin adına tez-tez rast gəlmək
olar. Naxçıvanın müdafiəsində mühüm
xidmətlər göstərən Abbasqulu xan İrəvanski
bacarıqlı və cəsur hərbçi olub. O, 1905-ci ildə
xalqı başına toplayaraq erməni daşnaklarına
qarşı vuruşub, müsəlmanların İrəvandan
köçürülməsinin qarşısını
alıb. Abbasqulu xan maarifçilik işlərində də öz
maddi köməyini əsirgəməyib.
Abbasqulu xan
Möhbalı xan oğlu təxmini hesablamalara görə,
1830-cu ildə İrəvanda doğulub. Onun ata tərəfdən
babası Məmmədqulu xan Rusiya ordusunun kapitanı olub,
1846-cı ildə vəfat edib. Gürcüstan mərkəzi
tarix arxivində Məmmədqulu xanın şəxsi işi
saxlanılır. Həmin sənəddən öyrənirik
ki, onun oğlu Möhbalı xan da rus ordusunun giziri olub. Və
elə oradaca qeyd edilib ki, bu sülalənin, demək olar ki, əksəriyyəti
bacarıqlı döyüşçülər kimi
tanınıblar.
Qacarların bir qolu olan
İrəvanskilərin əcdadları uzun illər İrəvan
xanlığını idarə edib. Onların çoxu Şərur
mahalında və Naxçıvanda da yaşayıb. Yeri gəlmişkən,
Tbilisi arxivlərində Şərurda yaşamış İrəvan
xanları ilə bağlı hələ tədqiq
olunmamış qovluqlar var. Bu qovluqlarda onların
yaşadıqları kəndlər haqqında geniş məlumatlara
rast gəlirik. 1828-ci ildən sonra İranın Marağa şəhərinə
köçən xanların Rusiya çarına, sonralar isə
Qafqaz canişininə yazılmış maraqlı məktubları
da həmin qovluqlarda saxlanılır.
Qeyd edək ki, İrəvan
xanları hələ lap qədimlərdən Naxçıvan
xanları ilə qohum olublar. I Kalbalı xanın arvadı
Tükəzban xanım İrəvan xanı Hüseynəli
xan Qacarın qızıdır, Səltənət
xanımın doğma bacısıdır. Bəzən səhv
olaraq onun Məhəmməd xanın qızı kimi təqdim
edirlər. Əsl həqiqətdə isə belə deyil, o, Məhəmməd
xanın bacısıdır. Bu haqda İrəvan
xanlarının qalın bir cild olan "Məktublar"ından
ətraflı məlumat almaq olar. Burada qeyd edilib ki Məhəmməd
xanın anası Şadlı tayfasındandır.
Abbasqulu xan gənc
yaşlarından İrəvan quberniyasında nüfuzlu şəxsiyyətlərdən
biri olub. 1860-cı ildən etibarən Abbasqulu xanın İrəvan
şəhərində gördüyü işlər
haqqında o dövrün mətbuatı da ətraflı məlumat
verir. O, dövrünün ziyalısı kimi tanınıb,
1865-ci ildə İrəvan Şəhər Dumasına üzv
seçilib. 1886-1899-cu illərdə həmin dumanın
qlasnısı olub, rusdilli Azərbaycan məktəblərinin
fəxri nəzarətçisi vəzifəsini
daşıyıb. Məşhur "Qafqaz" qəzeti və
"Kafkazski kalendar"da belə materiallara daha çox rast gəlmək
olar.
Yuxarıda qeyd etdiyimiz
kimi, Abbasqulu xan Naxçıvanla çox bağlı olub,
çünki onun övladlarının analarından biri Kəngərlilər
nəslindən idi. Arxiv sənədlərində onun bu nəsildən
2 xanımı olduğu yazılıb: Tərlan xanım və
Zərrintac xanım. Azərbaycanlı tədqiqatçılar
onun həyat yoldaşının iki olduğunu qeyd ediblər:
Bilqeyis xanım və Tərlan xanım. Amma Rusiya Dövlət
Hərbi Tarix Arxivində general-leytenant Maqsud Əlixanovun şəxsi
işində yazılanlardan məlum olur ki, Zərrintac
xanımın əvvəllər həyat yoldaşı
Abbasqulu xan olub.
Abbasqulu xan İrəvanskinin
nəsil şəcərəsi haqqında danışarkən
arxiv sənədləri ilə yanaşı, hökmən həmin
nəslin nümayəndəsi, akademik, tanınmış
şəcərəşünas Çingiz Qacarın dediklərinə
də əsaslanmalıyıq. Abbasqulu xanın Bilqeyis
xanımdan 3 övladı- iki oğlu və bir qızı
olub. Böyük oğlunu Ağa xan çağırıblar
(daha dəqiq desək, onun sənəddəki adını
müəyyənləşdirmək mümkün olmayıb). Ağa
xanın Bülbül adında bir qızı olub. O, 1897-ci ildə
doğulub, İrəvan gimnaziyasını bitirdikdən sonra
1917-1920-ci illərdə İrəvanda və Gədəbəydə
müəllim işləyib, Dəllərdə,
Naxçıvanda və İrəvanda yaratdığı
qadınlar klublarının rəhbəri olmuşdur. Qeyd edək
ki, Naxçıvanda fəaliyyət göstərən klubun
yerləşdiyi bina indiyədək fəaliyyət göstərir.
Abbasqulu xanın
qızı Şövkət xanım əvvəlcə
Paşa xan Makinskinin, sonralar isə general İsmayıl xan
Naxçıvanskinin arvadı olub.
Abbasqulu xanın ikinci
oğlu Böyük xanın (əsl adı Məmmədqulu
xandır) arvadı Tovuz xanım Naxçıvanskaya
İsmayıl xanın oğlu Bəhman xanın qızı
olub. Tovuz xanımın anası Çimnaz xanım general-mayor
Kalbalı xan Naxçıvanskinin qızıdır. Məmmədqulu
xanla Tovuz xanımın 7 övladı olub: Nazxanım, Yəməntac
xanım, Mehdiqulu xan, Əfşan xanım, Allahyar xan, Davud xan
və Nəcəf xan.
Məmmədqulu
xanın birinci qızı Nazxanım 1912-ci ildə Maku
xanlarından olan Midhət xanla ailə qurub. Onların varisləri
son illərdə Naxçıvanda da olublar. Onu da qeyd edək
ki, bəzən Nazxanımı Cəfərqulu xanın
qızı Nazlıbəyimlə (o da Maku xanlarından olan Sərdar
Mürtəzaqulu xanın gəlini olub) qarışıq
salırlar. Məmmədqulu xanın ikinci qızı Yəməntac
xanım Bakıda H.Z.Tağıyevin qız məktəbində
oxuyub, sonra İrəvanlı ziyalılardan olan Mirbabayevlərin
gəlini olub. Ömrünün çox illərini
Naxçıvan şəhərinin Xan dikindəki baba evlərində,
sonra isə Sarvanlar məhəlləsində yaşayıb. Bu
gün Naxçıvanın və Bakının tarix muzeylərini
bəzəyən bir çox qiymətli fotoşəkilləri
qorxa-qorxa, əziyyətlə qoruyub saxladığına
görə Yəməntac xanımı minnətdarlıqla yad
edirik. Bu şəkilləri qorumaq Tovuz xanımdan (Tovuz
xanım 1947-ci ildə Bakıda vəfat edib) sonra onun
başlıca vəzifəsi olub. Yəməntac 1960-cı illərin
əvvəllərində Naxçıvanda vəfat edib, sonra
həmin fotoarxivi aşkarlıq illərinə qədər
onun qızı, ağbirçək el anası Aləm
xanım Seyidova qoruyub saxlayıb, bir qismini qohumu Cəmşid
Naxçıvanskinin (Abasqulu xan Cəmşid
Naxçıvanskinin ana babasıdır) ev-muzeyinə təhvil
verib, bir qismini isə yadigar olaraq özündə saxlayıb.
Onun xidmətləridir ki, həmin şəkilləri mətbuatda
dərc etmək imkanı qazanmışıq. Burada maraqlı
bir faktı da qeyd etmək istəyirəm. Aləm xanım deyəndə
ki, general İsmayıl xan babası, Cəfərqulu xan və
Rəhim xan isə dayılarıdır, heç kim ona
inanmırdı. Amma əslində bu, həqiqətdir. Əgər
şəcərə cədvəlini izləsək görərik
ki, generalın qızı Tərlan xanım onun ögey nənəsidir.
General-mayor Kalbalı xanın qızı Çimnaz xanım
onun anası Yəməntacın anasıdır. Cəfərqulu
xanla Rəhim xan, Hüseyn xan, II Ehsan xan onun anası Yəməntacın
doğmaca dayılarıdır. O da anasının dili ilə
onlara dayı deyirmiş.
Məmmədqulu
xanın oğlu Mehdiqulu xan qədim Şərq tarixi üzrə
çox məşhur alim kimi tanınıb. Yunan, İtaliya və
Misir tarixi üzrə Azərbaycanda hələ ki, ona
çata bilən mütəxəssis olmayıb. 29 elmi əsərin
müəllifi olan Mehdiqulu xanla bağlı Aləm xanımda
maraqlı fotoşəkillər var. Mehdiqulu xanın həyat
yoldaşı isə İrəvanlı Hacı İsmayıl
Bağırbəyovun qızı Kübra xanım olub. Onların
bu izdivacından 3 qızları dünyaya gəlib: Tamilla,
Kamilə və Nailə.
Məmmədqulu
xanın qızı Əfşan xanım Bakıda
Tağıyevin qız məktəbində oxuyub, qızı
İsmət xanım görkəmli dramaturq Sabit Rəhmanla ailə
qurub.
Məmmədqulu
xanın oğlu Allahyar xanın ancaq təhsil illəri və
repressiya qurbanları olmaları haqda məlumatlar var.
Məmmədqulu
xanın oğlu Nəcəf xan Moskva metallurgiya institutunu
bitirib, sonralar Azərbaycan Neft və Kimya institunda müəllim
işləyib. Onun iki qızı var.
Abbasqulu xanın ikinci həyat
yoldaşı Tərlan xanım Naxçıvanskayadan (general
İsmayıl xan Naxçıvanskinin qızıdır) 6
övladı olub: Həsən xan, Fəxrəntac xanım,
Gövhərtac xanım, Xanlar xan və Tacı xanım. Xanlar
xan ulu babaları Hüseynəli xanın şərəfinə
belə çağırılıb, əsl adı Hüseyn
xandır. 6-cı övladı isə hərbçi Kərim
xan olub. Abbasqulu xanın böyük oğlu Həsən xan
1920-ci ildən sonra Türkiyəyə köçüb. Onun
oğlu Hüseyn xan Turqut Türkiyə Hava Qüvvələrinin
generalı olub. Varisləri İstanbulda yaşayırlar.
Çingiz Qacar orada onlarla görüşüb.
Abbasqulu xanın
üçüncü xanımı isə general-mayor
Kalbalı xanın sonbeşik qızı Zərrintacbəyim
olub. Bu nikahdan onlar ayrılanadək övladlarının
olub-olmaması qeydə alınmayıb.
Arxiv sənədlərinə
görə Abbasqulu xanın Əli xan adlı əmisi oğlu
da olub. O, 1853-1856-cı illərdə Krım müharibəsində
iştirak edib. Əli xan İrəvanski Kərbəlayi Qurbanəlinin
qızı ilə evlənib. Kərbəlayi Qurbanəli
görkəmli dövlət xadimi Əziz Əliyevin ata
babasıdır. Bu səbəbdən də sovet hökuməti
illərində Əziz Əliyev çoxlu təqiblərə
məruz qalıb.
Bütün
ömrünü xalqının tərəqqisinə həsr
edən Abbasqulu xan uzun illər ermənilərlə mübarizə
aparıb. Bir-biri ilə kökdən qohum olan
Naxçıvanski, İrəvanski və Şadlinskilər ən
çətin anlarda özlərini onun köməyinə
yetiriblər. Erməni daşnaklarının xain
basqınları nəticəsində Naxçıvana gələrək,
burada yaşayıblar. Hətta 1920-ci ildən sonra da
onların övladları 1937-ci ilədək
Naxçıvanda fəaliyyət göstərmişlər.
Abbasqulu xanın kürəkəni
Cəfərqulu xanla, onun qardaşı Rəhim xanla, həmçinin
öz oğlanları, qızları və nəvələri
ilə birlikdə 1906-cı ildə çox böyük bir sənəd
olan fotoşəkli bizlərə yadigar qalıb. Həmin
fotonun orijinalı Naxçıvanda Cəmşid
Naxçıvanskinin ev muzeyində saxlanılır. Bu şəkil
ilk dəfə "Şərq qapısı" qəzetində
(31 avqust 2004-cü il) çap edilib. Neçə illərdir
ki, onu araşdırırıq. Artıq fotodakı şəxsiyyətlərin
çoxunu müəyyənləşdirmişik. Bu məsələdə
Moskvada yaşayan azərbaycanlı tədqiqatçılar da
bizimlə birgə araşdırmalar aparıblar.
Abbasqulu xan təxminən
1907-ci ildə vəfat edib.
525-ci qəzet.- 2009.- 17 iyun.- S.6.