İbn Xəldunu yenidən xatırlamaq xoşbəxtliyi

 

Kimiləri onu Şərqin Monteskyüsü adlandırır, bəziləri isə onun başqaları ilə müqayisə edilməsinin səhv olduğunu deyirlər. Söhbət 14-cü əsrdə Osmanlı dövlətinin sərhədləri daxilində yaşamış, yazdıqları əsərləri və ortaya qoyduğu nəzəriyyələri ilə vəfatından sonra da uzun illər gündəmdə qala bilən İslam düşüncəsinin önəmli nümayəndələrindən biri olan İbn Xəldundan gedir. 1332-ci ildə Tunisdə anadan olan İbn Xəldun çox maraqlı və bir o qədər də təlatümlü bir həyat yaşayıb. Gənc yaşlarında böyük alimlərin fikir məclislərinə daxil olmaya müvəffəq olan İbn Xəldun onların elmi söhbətlərinə qulaq asıb, bilgilərindən istifadə edib və hər birindən bir növ elmi şəhadətnamə mahiyyətində olan "icazətnamələr" alıb. Elmi təfəkkürü və idarəetmə qabiliyyəti zamanəsinin dövlət adamlarının diqqətini cəlb edib və ona müxtəlif dövlət qulluğu vəzifələri təklif olunub. Uzun müddət Mərakeş əmiri Əbu İnanın və Bəcayə əmiri Əbu Abdullahın vəziri vəzifəsində çalışıb. Eyni zamanda bir çox dövlətdə elçi olaraq çalışan İbn Xəldun bu vəzifənin öhdəsindən də çox uğurla gəlib. Onun elçilik karyerasında ən vacib yeri heç şübhəsiz Əmir Teymurun sarayında keçirdiyi dövr tutur. Teymurləng Osmanlı Sultanı İldırım Bayaziti məğlub etdikdən sonra Misiri zəbt etmək niyətinə düşür. Məlik Nəsir təhlükəni sovuşdurmaq üçün İbn Xəldunu Şama elçi göndərməyə qərar verir. İbn Xəldun öz siyasi təcrübəsi və istedadı sayəsində Əmir Teymuru Misiri zəbt etmək fikrindən daşındıra bilir. Teymur İbn Xəldundan o qədər təsirlənir ki, yalnız Misiri zəbt etmək fikrindən daşınmayıb, həm də ona öz sarayında baş vəzir vəzifəsində qalıb çalışmağı təklif edib. Lakin siyasi fəaliyyətdən yorulan və elmlə məşğul olmaq qərarına gələn İbn Xəldun bu təklifi kübar bir tərzdə geri çevirir.

47 yaşına gəlmiş İbn Xəldun davamlı mütaliəsi və siyasi təcrübəsi sayəsində çoxlu məlumat toplamışdı. Hökmdarlarla birlikdə həyata keçirdiyi xarici səfərlərdə müxtəlif xalqların cəmiyyət həyatı haqqında əldə etdiyi məlumatlar onun elmi nəzəriyyələrinin formalaşmasında böyük əhəmiyyəti var idi. Siyasi karyerasını başa vurduqdan sonra öz sözləri ilə desək "yeni bir elm" yaratmağa qərar verir. Səlamə Oğulları Qalasına çəkilərək dörd il ərzində onu elm aləmində məşhur edən "Müqəddimə" əsərini 1378-ci ildə tamamlayır. İbn Xəldun bu əsərində tarixi hadisələri ictimai, etnik, mədəni, siyasi, iqtisadi, hətta coğrafi və bioloji şərtlərlə əlaqəli tərzdə qiymətləndirərək bu sahədə ilk olma ünvanını əldə etmiş olur. Məhz bu səbəbdən bir çox elm adamı müasir tarix fəlsəfəsinin və sosiologiyanın bir elm kimi ortaya çıxmasını onun adıyla bağlayır. Bu da təsadüfi deyil. Müqəddimədə İbn Xəldun müasir tarix fəlsəfəsinin və müasir sosiologiya elminin əsasını qoyan tarix nəzəriyyəsi yaratmışdı. Bu əsərdə İbn Xəldun tarixi iki yerə ayırır. Birincisi, xronologiyadan ibarət tarix, ikincisi həqiqi tarix. Xronologiya, hadisələrin xronoloji ardıcıllıqla təsviridir və bu metodun ədəbi tərəfindən savayı başqa heç bir dəyəri yoxdur. Tarixin isə bəzi prinsiplərinin və səbəblərinin təhlilinə və mühakimə edilməyə ehtiyacı var. Buradan tarixi həqiqət ortaya çıxır. Belə ki, tarix yalnız real hadisələr deyil, eyni zamanda bunların reallaşmasını zəruri edən şərtlərin təhlilidir. Bu şərtlərin tədqiqi çox geniş ola bilər və insan cəmiyətinin bütün mənzərəsini əhatə edə bilər. Bu baxımdan Müqqədimədə insan cəmiyyəti bütöv şəkildə götürülüb.

Xüsusilə 18-ci əsrdən etibarən əsərlərinin qərb dillərinə tərcümə edilməsi ilə İbn Xəldun çox böyük şöhrət qazandı. Osmanlı dövlətində, Katip Çelebi, Naima, Taşköprüzade, Müneccimbaşı, Hayrullah Efendi, Cevdet Paşa kimi tarixçilər və dövlət adamları İbn Xəldunun fikirlərindən təsirlənərək dövlət idarəetməsində onun nəzəriyyəsini tətbiq etdilər. Onun fikirlərinin İslam dünyasının mütəfəkkirlərindən biri olan Cəmaləddin Əfqaniyə çox böyük təsiri olub. İbn Xəldunun əsabiyyə anlayışını siyasətdə çox vacib bir ünsür kimi görən Cəmaləddin Əfqani İslam dövlətlərinin tənəzzülə uğrayaraq süqut etmələrini əsabiyyətin zəifləməsi ilə izah edir. Qərbdə isə iqtisadiyyatın atası kimi qəbul edilən Adam Smit müqayisəli üstünlüklər nəzəriyyəsi ilə iqtisad elminə fərqli bir baxış gətirən David Rikardo və klassik iqtisad elmini ciddi tənqid edən Con Meynard Keynsin İbn Xəldunun fikirlərindən təsirləndikləri qəbul olunur. Bu gün İbn Xəldunun əsərləri başda türk, ingilis, alman, portuqal, fars və hind dili olmaqla dünyanın bir çox dilinə tərcümə edilib.

İbn Xəldunun əhəmiyyətli edən başqa bir xüsusiyyəti də İslam dünyasında elmi və düşüncə durğunluğunun yaşandığı bir dövrdə hadisələrə müşahidəçi və tənqidçi nöqteyi nəzərindən yanaşan bir fikir adamı olmasıdır.

 

İbn Xəldunun sosiologiya elmində yeri

 

Müasir sosiologiya elminin tədqiq etdiyi bir çox problemlər İbn Xəldun tərəfindən bu elmin yaranma tarixi olan 19-cu əsrdən təxminən 6 əsr əvvəl müşahidə və təhlil üsulu ilə tədqiq olunub. Bu baxımdan alim müşahidəyə söykənən və məntiqə əsaslanan bir elmi prinsip yaradıb. Bu metodoloji yanaşma sayəsində sosiologiyanın dəyərlər mövzusundan uzaq durmasını söyləyən Maks Veber ve Emil Durkheym kimi alimləri tam altı əsr qabaqlayıb. Məşhur tarixçi professor Barthold onun bu xüsusiyyəti haqqında belə deyir: "O yalnız İslam tarixinin deyil, dünya tarix fəlsəfəsinin əvəzsiz siması olmaqla yanaşı yeni bir elm sahəsinin də ilk böyük qurucusudur". Mütəfəkkir özü də açıq şəkildə yeni bir elm yaratdığını bəyan edir. Bu elmin adının "Ümran elmi" olaraq adlandıran Xəldun "Müqqəddimə" əsərində bu məqamı xüsusi olaraq vurğulayır.

İbn Xəldunun sosiologiya elmi baxımından əhəmiyyətinin dərk oluna bilməsi üçün alimin cəmiyyət nəzəriyyəsində əsas yerə malik olan əsabiyyət anlayışının təhlil olunması kifayətdir. Bu anlayışın ehtiva etdiyi məna "birlik ruhuna əsaslanan qüvvətdir". Bu baxımdan əsabiyyət termini iki anlayışın birləşməsindən ibarətdir: həmrəylik və güc.

İbn Xəldun əsabiyyəti "bir nəsildən gələnlərin bir araya toplanaraq qüvvət, qüdrət, üstünlük sahibi olmaları və bir ideal ətrafında toplanmaları" tərzində açıqlayır. Ona görə, əsabiyyətin məqsədi dövlət qurmaqdır.

 

İbn Xəldun konfransından qeydlər

 

 29-31 may tarixində İstanbulda keçirilən "Günümüzdə İbn Xəldun düşüncəsi və sosial elmlər" adlı beynəlxalq elmi konfransın əsas mövzusu İbn Xəldun fikirlərinin günümüz baxımından yenidən düşünmək və müzakirə etmək idi. Dünyanın 12-dən çox ölkəsindən bu sahədə çalışan 50-dən çox məşhur elm adamı yığışmışdı İstanbula, İbn Xəldunu və onun fikirlərini müzakirə etməyə. Konfransın əsas təşkilatçısı mərkəzi İstanbulda olan İbn Xəldun Cəmiyyəti idi. Bu cəmiyyət 3 il əvvəl yenə İstanbulda keçirilən Birinci İbn Xəldun konfransı əsnasında təsis olunmuşdu. Aradan keçən zaman ərzində İbn Xəldun fikirlərinin təbliği istiqamətində cəmiyyət tərəfindən çox mühüm işlər görülür. Üç gün davam edən və 10-dan çox seksiyanın təşkil olunduğu konfransda İbn Xəldun düşüncələri və onun yaradıcılığını müxtəlif aspektləri müzakirə obyektinə çevrildi.

Görəsən nədir bu gün bu qədər əhəmiyyətli edən İbn Xəldunu və onun nəzəriyyələrini? Artıq uzun illərdir ki, bütün dünyada qərb mənşəli elmi nəzəriyyələr universal bilgilər kimi təqdim olunur və onlar mütləq həqiqət kimi qəbul olunur. Lakin sayı hər gün artan tədqiqatçılar və fikir adamları qərb nəzəriyyələrinin qeyri-qərb cəmiyyətlərinə şamil edilə bilməyəcəyini söyləyir və bu yanaşmanı tənqid edirlər. Tədqiqatçılar müasir elmi nəzəriyyələrin Avropanın deyil, sadəcə Avropadaki burjua sinifinin cəmiyyət görüşünü əks etdirdiyini söyləyir və burjuaziyaya aid dəyərlərin mütləq həqiqət kimi təqdim olunmasını ciddi tənqid edirlər. Bu tənqidçilərdən biri olan Türkiyənin və bütövlükdə Türk dünyasının böyük mütəfəkkiri Cəmil Meric qərb sosial elm ənənəsindən öz köklərimizə dönmənin vacibliyini qeyd edir və fikrini bu sözlərlə tamamlayır: "Öz köklərimizə dönmək bir mənada İbn Xəlduna dönməkdir".

"İbn Xəldun müasir pozitiv sosial elmlər sisteminin öncülüdür, yoxsa alternatividir?". Konfrans ərzində ətrafında böyük müzakirələrə səbəb olan əsas suallardan biri məhz bu idi. İbn Xəldun Cəmiyyətinin prezidenti konfransın əsas təşkilatçılarından biri olan professor Recep Şentürk öz məruzəsində İbn Xəldununun xüsusilə qeyri-qərb cəmiyyətləri üçün məhz müasir elmi metodologiyanın alternativi olduğu fikrini irəli sürdü. Alimin fikrinə görə, İbn Xəldun pozitivizmin öncülü deyil ola da bilməz, çünki İbn Xəldunun qəbul etdiyi antologiya, epistomologiya metodologiya anlayışı pozitivizmlə ziddiyyət təşkil edir. Rəcəb bəy fikrini qısaca bu sözlərlə əsaslandırdı: "İbn Xəldun "açıq elm" ənənəsindən çıxış edir, pozitivizmdə isə "qapalı elm" anlayışı hakimdir. Sadəcə, elə bu arqumentdən ötrü İbn Xəldun müasir pozitiv elm ənənəsinin öncülü hesab oluna bilməz"

Bu səpgidə olan maraqlı çıxışların biri də Sinqapur Malay Universitetinin professoru Sayid Farid Alatasın məruzəsi oldu. Beynəlxalq Sosiologiya Assosiasiyasının (İSA) müxtəlif tədbirlərində qarşılaşdığım çıxışlarını böyük maraqla dinlədiyim sinqapurlu sosioloq öz məruzəsində "Niyə İbn Xəldunun görüşlərinin nəzəriyyəsinin onun ölümündən sonra Veber kimi, Marks kimi davamçıları olmadı" sualına qoydu. Farid Alatasin bu suala cavabı çox düşündürücü idi: "Çünki sosial elmlərdə hakim olan avropanın mərkəzçi yanaşması onun fikirlərinin nəzəriyyələrinin inkişaf etməsinə fürsət vermədi." Bəli əfsuslar olsun ki, XIX əsrin ilk rübündə qərbli elm adamları tərəfindən bir tapıntı kimi təqdim olunan fikirlərinə istnad olunan İbn Xəldun haqqında məlumata bu gün belə sosiologiya fəlsəfə tarixindən bəhs edən kitablarda çox nadir halda rast gəlmək olar. Eyni zamanda İbn Xəldunun orientalist düşüncə tərzilə açıqlanmaya çalışılması da Alatasin tənqid etdiyi qəbul edilməz dediyi məsələlər arasında idi. Fərid Alatas yalnız Qərb dünyasında deyil, İslam aləmində İbn Xəldunun nəzəriyyələri düşüncələrinin metodoloji baza kimi istifadə olunmamasını böyük təəssüf yanğı hissi ilə qeyd edirdi. "Bəs İbn Xəldunun düşüncələrini nəzəriyyələrini sosial elmlər sahəsində əsas nəzəriyyələrdən birinə çevirmək üçün etmək lazımdır?" sualına cavabında Farid Alatas dedi ki, öz tədqiqatlarımızda İbn Xəldunun görüşlərini metodoloji baza kimi istifadə etməliyik.

Konfransda sinqapurlu professor Mohamad Hashim Kamali, mərakeşli İbn Xəldun tədqiqatçısı Abdesselam Cheddadi, Türkiyəli filosof Alparslan Açıkgençin və gənc İbn Xəldun tədqiqatçısı Akif Kayapınarın, habelə amerikalı məşhur elm adamları Jim Spickard, Peter Turchin və Bruce Lavrencin İbn Xəldun düşüncə və nəzəriyyəsi haqqında məruzələri xüsusi marağa səbəb oldu.

Mənim məruzəm türk xalqları arasında mədəni inteqrasiyaya nail olunması üçün İbn Xəldunun düşüncələrində əsas yer tutan əsabiyyət anlayışının necə istifadə oluna biləcəyinin elmi təhlilinə həsr olunmuşdu. Öz çıxışımda xüsusilə sovet dövründə ayrı-ayrı parçalara bölünən Türk dövlətləri arasında ortaq kimlik şüurunun inşası prosesində əsabiyyət anlayışını necə istifadə oluna biləcəyini konkret təkliflərlə əsaslandırmağa çalışdım.

Konfransla bağlı xüsusilə qeyd etməyə vacib bildiyim məqamlardan biri də təşkilat komitəsinin İbn Xəldunun adına layiq konfrans tərtib etmək üçün göstərmiş olduqları fədakarlıq nümunəsi idi. Təşkilatçılıq qabiliyyətləri əsl türk qonaqpərvərlikləri ilə bütün yerli xarici qonaqların məmnuniyyətini qazanan İbn Xəldun Cəmiyyətindən gənc perspektivli tədqiqatçılar olan Haşim Koç, Hasan Umut Emrah qardaşımızı bir kərə daha təbrik etmək istəyirəm. Kofransın həftə sonu tətili günləri ilə üst-üstə düşməsinə baxmayaraq, xüsusilə gənc aspirantların tədqiqatçıların tədbirə böyük maraq diqqət göstərməsi nəzərdən qaçmayan təqdirəlayiq məqamlardan biri idi.

Tədbirin sonunda növbəti İbn Xəldun konfranslarının fərqli ölkələrdə təşkil olunmasının vacibliyi qeyd olundu. bilmək olar, bəlkə gələcək İbn Xəldun konfransların birini Bakıda təşkil etmək imkanımız yaranar. Amma ondan əvvəl "Müqəddimə"nin Azərbaycan dilinə tərcümə olunaraq çap olunması Azərbaycan elminə oxucusuna böyük töhfə olardı. Ən azı buna ümid bəsləyirik.

 

 

Əbülfəz SÜLEYMANLI

 

525-ci qəzet.- 2009.- 17 iyun.- S.4.