İctimai sektorun başqa inkişaf yolu varmı?

 

Şərqi Qərbdən fərqləndirən başlıca məqamlardan biri iş və iş görənlərə münasibətdir. Qərb insanı üçün iş onun fərdi durumuna bilavasitə təsir edən hərəkətlər toplusu, iş görənlərə münasibət isə cəmiyyətdə ayrı-ayrı individləri fərqləndirən amillər məcmusunu formalaşdıran ünsürlərdən biridir. Qərbdə işin necəliyindən asılı olmayaraq hərəkət təqdir olunur. İş görən isə fəal adam sayılır və buna görə də tənqidlərə nadir halda məruz qalır - bir şərtlə ki, həmin iş cəmiyyətdə qəbul edilmiş ehkamların tələblərinə heç cür cavab vermir.

Şərqdə isə vəziyyət fərqlidi. Burada iş görənlər işləmək istəməyənlər və ya işləyə bilməyənlərin gözünün düşmənidir, çünki qərblilərin "onda varsa, məndə də olmalıdır" anlamı eybəcərləşərək "niyə onda var, məndə yoxdur?" formasını alır.

Bəhs olunan münasibət Azərbaycan Respublikası yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə bağlı vəziyyətdə özünü açıq şəkildə büruzə verir.

Həmin strukturun ölkədəki QHT-lər arasında müsabiqə yolu ilə layihələri qəbul etməsi və sonra da məqbul bildiyi layihələrə maliyyə vəsaiti ayırmasından sonra xeyli vaxt keçsə də, ehtiraslar səngimir, emosiyalar sakitləşmir. Şura dövlət büdcəsindən ayrılmış maliyyəni düzgün paylaşdırmamaqda, müsabiqədə seçilmiş layihələrin müəyyənləşdirilməsində ciddi yanlışlıqlara yol verməkdə suçlanır. Bütün bunlar Şuraya basqılardan ayrı heç nə deyil və səbəbləri isə yetərincə sadədir.

Basqı, suçlama və iddiaların arxasında Şuranın təşkil etdiyi müsabiqədən keçməyən, məqbul sayılmayan layihələri təqdim etmiş şəxslərlə təşkilatların fərdi, təşkilati və qrup maraqları durur. Şikayətçilərin dediklərinin məzmunu fərqli deyil. İddia edilir ki, Şura onların çox dəyərli, ictimaiyyətə böyük xeyir verən və verəcək, ölkədə demokratik dəyərlər və mülki cəmiyyət prinsiplərinin bərqərar olmasına təkan sayılan layihələrini qəbul etməyərək tərəfkeşlik edib, yalnız Şuranın müsabiqəsinin münsiflər heyətinin və ekspertlər qrupunun üzvlərinə yaxın olan şəxslər, təşkilat və birliklərin layihələrini qəbul edərək onlara maliyyə vəsaitinin ayrılmasına qərar verib.

İttihamların formasını bir kənara qoyaraq antitezaya müraciət edək. Görəsən, şikayətçi QHT-lərin tam əksəriyyətinin indiyədək fəaliyyəti nəyi dəyişib, nəyə təkan verib və nəyə rəvac olub?

İllərlə fəaliyyət göstərən, aldıqları qrant və maliyyələşdirmənin müqabilində gördükləri işin real həcmi bəyan edilən miqyasdan dəfələrlə az olan bu qurumlar treninq, seminar, buklet tipli kitab çapını və ya bu kimi fəaliyyəti "gərgin iş" sayıblarsa, onda Mədəniyyət Nazirliyi bütün QHT-lərimizi əvəzləyə bilər. Çünki bu nazirlik 2009-cu ilin əvvəlindən bəri 34 treninq, 50-dən artıq seminar keçirib, xeyli kitab çap etdirib və əməkdaşları da bolluca müsahibələr veriblər.

Bəs Mədəniyyət Nazirliyini III sektorun lideri saya bilərikmi? Cavabını şikayətçi QHT-lər versin.

Problemin digər təməl vəsiləsi cəmiyyətimizin təmənnasız dövlət maliyyəsi almağa hazırlıq səviyyəsinin çox aşağı olmasıdır. Sivil və inkişaf etmiş ölkələrdə hər hansı qeyri-hökumət təşkilatı ilk əvvəl dövlətin müvafiq strukturlarından maliyyələşdirilməyə çalışır. Çünki belədə QHT dövlətindən aldığı maliyyə dəstəyi ilə dövləti üçün fəaliyyət göstərir, vətəndaşlarının problemlərinin həllinə çalışır və bu problemləri beynəlxalq təşkilatlar səviyyəsinə çıxararaq ölkəsinin imicini aşağı salmağa çalışmır. Bəli, bizlər üçün yad və əcaib təsir bağışlasa da, ABŞ-dan tutmuş Avstraliya, Danimarkadan tutmuş, Cənubi Afrika Respublikasına qədər heç bir dövlətin QHT-si cəmiyyətinin iltihablı yaralarını başqa ölkələrin müzakirə və mühakiməsinə buraxmaq istəmir.

Dövlət maliyyəsini almağın digər üstünlüyü isə qeyri-hökumət təşkilatının mühasibatı və ödənişlərinin rəsmi strukturlar tərəfindən daimi nəzarətdə saxlanılmasına çalışmasıdır.

Məsələn, Fransanın Bretan əyalətində təqaüdə çıxmış insanların əmək reabilitasiyası ilə məşğul olan "Əmək intibahı" adlı ictimai təşkilatın sədri Mişal Sentrad dövlət maliyyəsinin məziyyətlərindən bəhs edərkən "Liberasion"un reportyoruna söyləmişdi: "Bəli, dövlət büdcəsindən maliyyələşmək istəyirik. Çünki büdcədəki pullar bizim vergi qismində ödədiyimiz paralardır və onların bir hissəsinin yenidən qeyri-hökumət təşkilatlarına dönərək vətəndaşların rifahına, onların problemlərinin həllinə xidmət etməsini gözəl iş sayırıq".

Dünyanın ən böyük kompyuter və periferiya avadanlığı istehsalçılarından biri olan "Hewlett Packard" korporasiyasının sabiq rəhbəri Karli Florina "Bir Qadın Təşəbbüsü" ictimai təşkilatı vasitəsilə müsəlman ölkələrindəki qadınların problemlərinin həllinə $100 milyon xərcləmək niyyətindədir. Bu pulların bir qismi ABŞ dövlətindən USAİD təşkilatı vasitəsilə ayrılan pullardır.

USAİD-in özü dövlət qurumu olsa da, ABŞ-dakı QHT-lər və ictimai-xeyriyyə təşkilatları arasında ən böyük strukturlardan biri sayılır.

Bundan başqa, dünyanın ən iri qeyri-hökumət təşkilatları arasında yer alan Henri Ford və Deyl Karneqi fondlarının maliyyə təşkilatlanmasında da dövlətin fəal rolu olub, həmin fəaliyyət indi də dəyişməz məcrasında davam edir.

Azərbaycanda isə QHT-lər təmənnasız dövlət yardımının mövcudluğuna inanmır, III sektoru inkişaf etdirməyə yönəlmiş səyləri "dövlətiin qeyri-hökumət təşkilatlarını total nəzarət altına alıb onların maliyyələrini nəzarətdə saxlamaq cəhdləri" kimi dəyərləndirir. Bu yanlış dəyərləndirmənin kökündə isə cəmiyyətdə mövcud olan ictimai və inzibati neqativin yanlış şəkildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətinə şamil edilməsidir.

Həmin prosesin kortəbii reallaşdığını düşünsəydik, bunu demokratiyanın formalaşması prosesi nəticəsində müşahidə olunan obyektiv nöqsanlardan biri saymaq olardı. Ancaq həmin tənqid və təzyiqlər məqsədli və planlıdır. Daha sadə desək, dava pul davasıdır və yenə də bir qədər öncə bəhs etdiyimiz kimi, "niyə onlara olar, mənə yox" tipli düşüncənin yaratdığı virtual obrazlar sırasıdır.

Qeyri-hökumət təşkilatları və III sektorun təmənnasız, planlaşdırılmış mənfəət güdülmədən dövlət büdcəsindən ayırmalar vasitəsilə maliyyələşdirilməsinə psixoloji münasibətin formaları da belə təsəvvürlərin məhsulu olan "tənqid"ləri formalaşdırır. Fikir verin, Şuranı tənqid edən təşkilatların iddia və ittihamlarının məcmusunu səciyyələndirəndə onların dövlət maliyyələşdirilməsinin səbəblərini anlamadıqları məlum olur. Yəni "necə ola bilər ki, QHT var, layihəsi hazırlanıb, amma Şura ona pul ayırmaq istəmir?", "layihə yazılıbsa, maliyyələşməlidir" və s. Bu cür yanaşmalardan belə çıxır ki, hər yazılan kitab mütləq çap olunmalı, hər layihəyə bina tikilməli, hər çıxışa rəy yazılmalıdır və s. - siyahını sonsuzluğa qədər artırmaq olar.

Halbuki şikayətçi QHT-lər birdəfəlik anlamalıdır ki, Şuranın rəyindən və qərarlarından asılı olmayaraq hər layihə maliyyələşdirilə bilməz.

Yenə də xarici təcrübəyə müraciət etsək, ABŞ-da Ford fonduna təqdim edilən layihələrdən orta hesabla yalnız 13%-i maliyyələşdirilir. Amma Birləşmiş Ştatlarda həmin fondu tərəfkeşlikdə, yanlış qərarlarda, "pul verməmək"də suçlamaq kimsənin ağlına da gəlməz. Analoji vəziyyət USAİD-də də mövcuddur.

ABŞ-dan fərqli olaraq, Azərbaycandakı "dözülməz" vəziyyət həm də ölkədə qeyri-hökumət təşkilatlarının sayının durmadan, özü də sürətli artımı ilə bağlıdır. Artım fəna iş deyil, amma hər artım inkişafa çevrilmir. Ölkədə QHT-lərin sürətli artımında keyfiyyət birmənalı şəkildə kəmiyyətə uduzur və müvafiq qeydiyyat orqanlarının da yaradılaraq statusunu rəsmiləşdirmək istəyən QHT-lərin təzyiqi altına düşməsinin də səbəbi "tanınmamış QHT-lər sindromu" kimi səciyyələndirə biləcəyimiz vəziyyətdir.

Belə qeyri-hökumət təşkilatlarının başlıca problemi və məqsədi nəyin bahasına olursa-olsun maliyyə yardımı almaqdır. Təqdim edilən layihənin cəmiyyətdə mövcud olan problemin həllinə yönəlməsi, bu və digər sahədəki müşkülün aradan qaldırılmasında verə biləcəyi effekt isə arxa plandadır.

Azərbaycanda QHT-lərin hər hansı yöndə mütəşəkkil fəaliyyətlərindən danışmağa dəyməz: çünki belə fəaliyyət indiyədək olmayıb. Və indi, QHT-lərə Dövlət Dəstəyi Şurası həmin problemin həlli istiqamətində ilk addımlarını atmağa başlayanda narazılıqların yaranmasını az qala təbii hal kimi qəbul etməliyik, çünki ayrı-ayrı QHT-lər üçün bu günədək mövcud olmuş şərait əlverişli idi. Ayrılan maliyyələrə nəzarətin zəif, bəyan edilən məram və söylənən məqsədlərin mücərrəd, maliyyələşmənin isə bütünlüklə xarici donor təşkilatlarından asılı olduğu vəziyyətdə Azərbaycanın müvafiq dövlət strukturlarının hadisələrin yanlış məcrasına məcburi müdaxilə cəhdləri hər dəfə "dövlət təzyiqi", hətta "demokratiyanın boğulması" kimi təqdim olunurdu. Nəzarətsiz maliyyə axınlarından merkantil məqsədləri üçün yararlanan bəziləri üçünsə qeyri-hökumət təşkilatları ictimai-sosial problemlərin həllində dövlətə dəstək nəsnəsi yox, şəxsi rifah səviyyəsinin yüksəldilməsi vasitəsi rolunu oynayıb.Problemin digər tərəfi isə ölkədəki QHT-lərin sözügedən Şuranın yaradılmasına qədər büsbütün xarici donor təşkilatlarından asılı olmaları idi. Zahirən burada pis heç nə yoxdu və əksinə, QHT-lərin ölkəyə müəyyən maliyyə vəsaitləri cəlb edərək buradakı problemlərin həllində rol oynadıqlarını da söyləmək olardı. Amma beynəlxalq münasibətlərin və xüsusilə də transmilli ictimai fondların fəaliyyət təcrübəsi göstərir ki, onlar yalnız mənsub olduqları dövlətlərin maraqlarının dünyanın müxtəlif məkanlarında tam təmin edilməsinə, həmin dövlətin mənafelərinə cavab verən proqramların reallaşmasına çalışırlar. Belə maraq və mənafelərin həmişə Azərbaycanın xeyrinə olduğuna təminat verə biləcək şəxs varmı?

Onu da qeyd etmək yerinə düşərdi ki, xarici donor təşkilatlarının yerli QHT-lərin təqdim etdikləri layihələrə münasibətləri real iş görən qeyri-hökumət və ictimai təşkilatları ciddi problemlərlə üzləşdirirdi. Hətta maliyyəsizlik ucbatından cəmiyyət üçün çox gərəkli, real inkişafa səbəb ola biləcək layihələr hazırlamış QHT-lər ağır böhranla üzləşərək fəaliyyətlərini zəiflətmək, bəzi hallarda isə dondurmaq məcburiyyətində qalırdılar.

Üstəlik QHT-lərin özlərinin arasında sırf merkantil maraqlar və fəaliyyət dairəsi uğrunda mübahisələr, qarşıdurmalar da bu sektorda yaşanan ziddiyyətli vəziyyəti daha da ağırlaşdırırdı.

Bəhs olunan problemlərin aradan qaldırılması istiqamətində ən ciddi addım 2007-ci ilin iyulun 27-də ölkə prezidentinin sərəncamından sonra qeyri-hökumət təşkilatlarının inkişaf konsepsiyasının qəbul edilməsi və bu sənəddəki müddəaların reallaşdırılmağa başlanması oldu. Beləliklə, ölkə QHT-lərinin Azərbaycan Respublikası yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından maliyyələşdirilməsi və bunun sayəsində ölkədə yeni, milli maraqları və dövlət mənafeyini üstün tutan QHT obrazının formalaşdırılması prosesi başlandı.

Əsas məqsəd isə ölkədəki qeyri-hökumət təşkilatlarının xarici donor qurumları və fondlarından tam asılılığını aradan qaldırmaq, milli donorluq institutunun yaradılması, ən başlıcası isə qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsində mövcud beynəlxalq təcrübənin öyrənilərək ən mütərəqqi və gərəkli ünsürlərin yerli şəraitə uyğunlaşdırılaraq tətbiqi oldu.

Təbii ki, əvvəlki dönəmdən fərqli olaraq, maliyyələşdirilmək üçün təqdim edilmiş layihələrin dəyərləndirilib seçilməsi və qiymətləndirilməsində yeni prinsiplər rəhbər tutulur, xarici donor təşkilatlarının Azərbaycanla bağlı həyata keçirdikləri sistemdən fərqli metodologiya tətbiq olunur. Həmin metodologiyanın struktur və məzmunu isə çox sadədir: bütün layihələr cəmiyyətdəki obyektiv ehtiyaclar, çağırışlar və problemlərin nəzərə alınması şərtilə dəyərləndirilir, bu zaman Azərbaycanın maraqları yeganə tələb sayılır. Şuranın bu istiqamətdəki fəaliyyəti yetərincə şəffaf və aşkardır: hər bir qərar kollegiallıq, azad seçim və obyektiv dəyərləndirmə şərtlərinə riayət olunmaqla qəbul edilir.

Təbii ki, Şura tərəfindən maliyyələşdirilən layihələrin sırasında milli-mənəvi dəyərlər, Dağlıq Qarabağ mövzusu, vətənpərvərliyin təbliği ilə bağlı layihələr xüsusi yer tutur. Ancaq bütün bunlar Şuranın sırf yerli şəraitə uyğun fəaliyyət göstərəcəyinə dəlalət etmir.

Qurum rəhbərliyinin iddiasından açıqca görünür ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası fəaliyyətində beynəlxalq təcrübədən yararlanmaq, bu sahədə ən qabaqcıl prinsipləri, konstruktiv formaları Azərbaycanda tətbiq etmək niyyətindədir və fəaliyyət də məhz bu istiqamətdədir.

Ölkənin ictimai sektorunun başqa inkişaf yolu varmı?

 

 

X. ƏHMƏDOV

 

525-ci qəzet.- 2009.- 17 iyun.- S.2.