"Aşıq Qərib" operası yeni təqdimatda nümayiş olundu

 

İSTEDADLI GƏNC XANƏNDƏ ELNUR ZEYNALOV AŞIQ QƏRİB OBRAZINDA UĞURLU DEBÜT ETDİ

 

Dövlət Akademik Opera və Balet Teatrında Zülfüqar Hacıbəyovun "Aşıq Qərib" operası yeni təqdimatda nümayiş etdirilib. Tamaşanın quruluşçu rejissoru Hafiz Quliyev, dirijoru Sevil Hacıyevadır. Əsas partiya olan Aşıq Qəribi gənc xanəndə, televiziya muğam müsabiqəsinin qaliblərindən olan Elnur Zeynalov canlandırıb. Səhnədə onun tərəf-müqabilini - Şahsənəm obrazını isə əməkdar artist Gülyaz Məmmədova ifa edib.

Tamaşa Təbrizli Rəsulun yuxuda Tiflisli xoca Sənanın qızı Şahsənəmi görməsi ilə başlayır. Rəsul o qızın eşqilə Tiflisə gedir. Başına çoxlu çətinliklər gəlir, qızı almaq üçün atası ondan 40 kisə qızıl istəyir. Rəsul qızdan 7 il onu gözləməsini xahiş edir və pul qazanmaq üçün yola çıxır. Şahsənəmin digər elçisi Şahvələd Güloğlana pul verir ki, Tiflisdə Qərib kimi tanınan Rəsulu tapıb öldürsün. Güloğlan Qəribi tapmasa da, öz köynəyini qana bulaşdırıb Şahvələdə göstərir. Aşıq Qərib Ərzurum paşasının sarayında çalıb-oxuyur və artıq onu aşıq kimi tanıyırlar. Şahsənəmin xahişi ilə Mahmud Qəribi sarayda tapır. Əhvalatı olduğu kimi danışır. Paşadan izn istəyir və paşa ona 40 kisə qızıl verib yola salır. Şahvələdin Şahsənəmlə toyudur. Məclis qurulub. Uzaqdan Qəribin səsi eşidilir, sonra o, Mahmudla içəri daxil olur. Şahsənəmi Qəriblə görən Şahvələd xəncərini çəkərək qızın üstünə cumur. Mahmud Şahsənəmi xilas edir. Beləliklə, Şahsənəmlə Qəribin sevgisi qalib gəlir.

Tamaşada digər partiyaları əməkdar artistlər Bəhram Əliyev, Sahibə Abbasova, teatrın aktyorlarından Elşad Məmmədov, Laləzar Xəlilzadə, Fəridə Məmmədova, Elşad Aydınoğlu, Novruz Novruzlu və digərləri ifa ediblər.

Yaradıcı heyətin müvəffəqiyyətlə təqdim etdiyi opera tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Baş rolun öhdəsindən uğurla gələn E.Zeynalovun ifası onun opera səhnəsində ilk böyük işi olmasına baxmayaraq, maraqlı təqdimat kimi diqqət çəkib. Məlahətli səsi, münasib səhnə görkəmi, aktyorluq bacarığı Elnura Aşıq Qəribi səhnədə layiqli tərzdə canlandırmaqda yardımçı olub. E.Zeynalovun uğurlu ifası səhnəmizə yeni bir Aşıq Qərib qazandıraraq, gələcəkdə onun daha məsuliyyətli rolların öhdəsindən bacarıqla gələcəyinə sənətsevərlərdə inam yaradıb. Tamaşanı izləyən ustad xanəndə və mahir opera ifaçısı, xalq artisti Mənsum İbrahimov bizimlə söhbətdə Aşıq Qərib kimi E.Zeynalovun səhnədə debütündən razı qaldığını bildirib: "Onun gözəl səsi, yaxşı səhnə görkəmi və aktyorluğu səhnədə bir-birini tamamladı. Bu rolun hazırlamasında mən də Elnura lazımi köməkliyi göstərmişəm. Ancaq ilk növbədə deməliyəm ki, o özü də çox çalışqan bir gənc ifaçıdır və hesab edirəm, bu rolun öhdəsindən layiqincə gəldi. İndiyədək Elnur "Leyli və Məcnun"da ata obrazını yaradıb, İbn Səlamı oynayıb. "Aşıq Qərib"də əsas partiyanın ifaçısı kimi çox yaxşı çıxış etdi. İnamla deyirəm ki, Elnur Zeynalovun ifasında opera səhnəmiz yeni bir Aşıq Qərib qazandı. Yəqin ki, onun müəllimi, ustad sənətkarımız Arif Babayev də Elnurun bu ifasını bəyənib. Elnurun gələcəkdə Məcnunu da bu cür müvəffəqiyyətlə ifa edəcəyinə inanıram".
   

 

Hüsniyyə İSMƏTQIZI

 

525-ci qəzet.- 2009.- 19 iyun.- S.7.