Obrazın ölümü

 

Ədəbi obrazların həyatdan gəlişi yazı dünyasında təzə xəbər deyil. Amma prototip olaraq seçilmiş həqiqi bir insanın vəfatı onu yaradan yazar üçün həqiqi anlamda böyük bir itgidir. Uzun illər öncə yazdığım MONOLOQ povestimdəki adsız obraz olaraq əsərin qəhrəmanının həyatında başlınğıc mərhələ və təkan olan İNSANIN son günlərdə vəfatı mənim üçün çəkilməz bir ağrı kimi yaşandı.Bu İNSANIN özünün də bu yazımdan xəbəri vardı. Amma heç bir səbəb olmadan aradakı məsafə nə zamansa daralacaq deyə ümidlə yaşadıq və nə zamansa görüşəcəyimiz ümidiylə bu gün-sabah arasında vargəl etdiyim günlərdə onu - povestimdəki obraz olaraq təsvir etdiyim, tam iş yerimin qonşuluğunda yaşayan QƏDİR İSMAYILOVUN ölümündən gec xəbər tutmağım heç zaman bağışlanılası bir məqam deyil. Amma bu ƏZİZ İNSANIN surəti povestimdən götürdüyüm, aşağıda oxuyacanız parçada müəyyən mənada əks olunub. Ötkəm,sözünün ağası,kimsəsizə yardım və doğma münasibət burada tam anlamında görünməkdədir. Əsərdə adı keçməsə də, həyatda QƏDİR İSMAYILOV kimi tanıdığım insan qarşısında günahımı onun ailəsi və Allahım bağışlasın. Povestimdən bu gün oxuyacanız hissəni onun unudulmaz adına bağışlayıram.

...Tanıdığım uşaqlardan bəzisi instituta girmişdi. Onlar da şəhərdə yaşayırdılar. Kirayəçi olurdular. Bu uşaqların yanına gedib gəlirdim. Onlardan biri ilə daha yaxın idim. Mənimtək onun da Bakıda heç bir tanış-tunuşu yox idi. Gəlib öz gücünə qəbul olunmuşdu. Pis də oxumurdu. Hər dəfə onlara gələndə mənə ürək-dirək verirdi: heç ürəyini sıxma, allah qoysa, bu il qəbul olunarsan.

Kirayəçi yaşayan yoldaşımgilin həyətində, ucaboy, qəşəng, yaraşıqlı bir oğlan olurdu. Evli idi. İki uşağı vardı. O, çox vaxt bizimlə oturub-durardı. Bəzən gəzməyə çıxardıq, başına gələnlərdən danışardı: çətinliklərdən, instituta girməyindən, evlənməyindən. Yaşayışı da siz deyən yaxşı deyildi. Baxmayaraq ki, gəlirli yerdə işləyirdi. Bir gün necə oldusa söhbət zamanı o məndən soruşdu:

- Deyəsən oxumursunuz?

Birincisi onun mənə "siz" deməyindən xoşum gəlmədi. İkincisi də onun nəyinə gərək idi, oxuyub, oxumamağım.

- Ötən il qəbul oluna bilmədim.

- Hara vermişdiz sənədlərinizi?

- Universitetə, jurnalistliyə.

- Hə, çətindir ora qəbul olunmaq. Ora böyük adamların uşaqları gəlir. Sizdən imtahanı filankəslərmi götürürdü?

O, keçən il məndən imtahan götürən bütün müəllimlərin ad və famillərini bircə-bircə dedi.

- Yaxşı tanıyıram onları. Hər il onlardan o qədər şikayət gəlir ki, bizə.

Sonradan öyrəndim ki, şəhərin mərkəzi rayonlarından birində məsul işdə işləyir.

- Ürəyini sıxma, bu il mütləq səni instituta düzəldərəm. Görürəm, çox darıxırsan, sıxılırsan. Nə olar, bir il tez, bir il gec. Qəbul olunacaqsan. Mən də çox əziyyət çəkdim. Çünki heç kimim yox idi. Bilirəm, kimsəsizliyin dadını. Hansı instituta istəyirsən sənədlərini ver.

...Qəbul imtahanları yaxınlaşırdı. Bir həftə qalmış mən yenə də onların həyətinə gəldim. O, işdən yenicə qayıtmışdı, dincəlirdi. Məni çağırdı və soruşdu:

- Hə, imtahanlar yaxınlaşır. Sənədlərini hara vermisən?

Mən institutun adını dedim.

- Çox yaxşı, çox yaxşı. Oranın rektoru filankəsdir. Hə, hə odur. Ona o qədər yaxşılıq eləmişik ki... Partiya biletini əlindən alırdılar. Mən olmasaydım, indi allah bilir harda idi. Ötən il mən ona arxa durdum. Bu il o mənə yaxşılıq eləsin. Oğul deyərəm qoy məni eşitməsin.

O imtahan vərəqəsinin nömrəsini yazdı. Ad və familimi götürdü. Dedi ki, səhər mütləq ona zəng edəcəyəm.

Mən təəccüblənirdim. Nə əcəb, bu şəhərdə, bu qədər çirkinliyin içində belə adamlar var. Ona görə yox ki, mənə kömək edirdi. Mənim yerimə kim olsaydı o belə eləyə bilərdi. Ona əl tutardı. Onun fikrincə hər bir azərbaycanlı bir nəfər kimsəsizə əl tutsaydı, indi bütün işlər yaxşı gedərdi. Özü də bir şeyə əmin idi ki, köməksizlərin çoxu bacarıqlı adamlar olurlar.

İmtahanlar başladı. Birinci imtahanın axşamı mən onunla görüşdüm. Özü demişdi ki, mütləq gəlib dəyərsən. O yenə də məni gülə-gülə qarşıladı:

- Hə, ürəyini sıxma bütün işlər düzəlir. Allah qoysa bu il qəbul olunacaqsan. Daha rektordan o yana yoxdur ki, rektora tapşırmışam. İmtahanı o özü götürəcək.

Mənə belə dedi. Dedi ki, birinci imtahan onun özünündür. Sənin boynuna bircə o şey qalır ki, qarşısında oturan kimi deyərsən ki, məni filankəs göndərib. Vəssalam. Qiymət yazacaq.

Mən işlərimin belə asanlıqla düzələcəyinə qətiyyən inana bilmirdim. İnana bilmirdim ki, mənə yad, mənə ögey olan bir adam belə bir iş düzəltsin. Məni instituta qəbul etdirsin, özü də heç nə ummasın.

Qəzetlər öz işində idi. Yazırdılar: institutlar sizin yolunuzu gözləyir. Harda oxumaq istəyirsiniz, seçə bilərsiniz. İnstitutlar üzünüzə açıqdır. Və bunlara bənzər məqalələr çap olunurdu.

Qəbul qaydalarında hər şey yerli yerində idi. Hər şey qanunu idi.

...Məni imtahana çağırdılar. Rektor məni görən kimi yer göstərdi. Oturdum. Ürəyim buz kimi oldu. Dedim ki, yəqin bilir. Tanıyır məni. Ona görə də belə mehribanlıqla yer göstərdi.

Rektorun yanında bir qadın da vardı. Mən ürəyimdə allaha dua edirdim ki, bu qadın tez çıxıb gedəydi. Yoxsa onun yanında necə deyəcəydim ki, məni filankəs göndərib.

- Hə, bala gəl görək nə bilirsən?

Mən bilet götürməmişdim.

- Nə biletbazlıqdır. Bilet olmayacaq. Şifahi suallar verəcəyik.

Rektor ağızucu məndən bir şey soruşdu və tez də üzünü yanındakı qadına tutdu. Onlar nə haqdasa danışırdılar. Mən onları gözləyirdim. Ancaq rektor üzünü mənə çevirib:

- Hə, danış görək, nə bilirsən.

Yenə də qadınla söhbətə başladı.

Bir neçə dəqiqədən sonra yenə də üzünü mənə tutdu:

- Bala, deyəsən axı, sənin heç nədən xəbərin yoxdur. Bəs niyə gəlmisən bura. Səni kim göndərib?

Mən gözaltı qadına baxdım. Qadının baxışları mənə dikilmişdi. Bir az qorxdum.

- Məni heç kim göndərməyib, müəllim. Özümün həvəsim var.

- Həvəs azdır, bala! Gərək...

O üzünü qadına tərəf tutub:

- Bu uşağı tanıyırsan?

- Yox, - deyə qadın çiyinlərini çəkdi.

Otaq başıma fırlandı. Ancaq o belə də deməliydi.

Rektor cibindən balaca bir bloknot çıxardı. Xeyli baxdı və haçandan-haçana:

- Yox, bala, bura girmək üçün təkcə həvəs azdır. Gərək... İmtahan vərəqəsini ver bura görüm.

Mən sakitcə vərəqi ona verdim. O, nəsə qeyd etdi və geri qaytardı.

Qapıdan çıxana kimi imkan tapıb imtahan vərəqəsinə baxdım. İxtisas sözünün qarşısında səliqəsiz bir xətlə "qeyri kafi" sözləri yazılmışdı.

"Bu da sənin üçün tanışlıq".

Qapıdan çıxanda uşaqlar üstümə cumdular.

- Nə aldın?

Mən əsəbi, bağıra-bağıra:

-İki.

Uzaqlaşanda uşaqlardan kimsə:

- Vay, dədəm vay, bu oğlan ki, o biliklə iki aldı, gərək biz heç imtahana girməyək.

Bu bayaq mənimlə sual-cavab eləyən oğlan idi.

Küçəyə çıxdım. Bu da institut.

Nə edəcəyimi bilmirdim. Məni tapşıran oğlandan umub-küsməyə heç haqqım da yox idi. Bəlkə elə yalandan deyirdi: tapşırmışam. Yəni elə bilirdi ki, öz gücümə qiymət alacağam. Sadəcə ürək-dirək lazımdır. Bütün bunlar əfsanə idi, söz-söhbət idi. Ən gerçəyi bu idi ki, mən iki almışdım. Bu il də hədər gedəcəydi. Üzü qara olacaqdım. Mənə tapşırmışdı ki, imtahandan sonra mütləq bizə gələrsən. Görək nə almısan. Mən onun bu sözlərində tam arxayınlıq hiss eləyirdim. Elə bil qiymətimi əli ilə yazmışdı. Özü imtahan götürürdü.

Bir tərəfdən onlara getməyə üzüm gəlmirdi. Axı imtahan vərəqəsinə iki yazılandan sonra nə eləmək olardı?

Ancaq getməyə də bilməzdim. Ona görə ki, gözləyəcəydi. Hər halda gedib deyim. Nə olar, olar.

O, məni gözləyirmiş.Özü də elə belə sakitcə yox. Darıxırmış. Əsəbləşirmiş. Bunu mən də hiss etdim. Arvadı da dedi. Mən onun gülümsər sifətini görəndə hər şeyi unutdum. Hirsim soyudu.

O mənim salamımı gözləmədən:

- Hə, təbrik edirəm səni. Niyə belə gec gəldin?!

Bütün bu sözlərdən sonra ona iki aldığımı necə deyim. Ancaq o özü əlüstü başa düşdü. Şübhələndi. Rəngi o saat dəyişdi. Və hələ dəqiq heç nə bilməsə də, əsəbləşdiyini hiss etdim. Gəldiyimə də peşman oldum. "Axı mən kiməm ki, bu adam məndən ötrü bu qədər əziyyət çəkir. Atam, qohumlarım öz keyflərində olduğu bir vaxtda, yad bir adam qarşıma düşür, instituta girməyim üçün özünü oda-suya vururdu. Bir dəqiqə belə rahat olmurdu. İlahi, nə yaxşı ki, dünyada belə adamlar da var".

- Hə, yaxşı de görək nə aldın.

O, görünür hələ də inana bilmirdi.

- Bilmirəm, vallah deyəsən qiymət ala bilmədin.

- Necə yəni qiymət ala bilmədim. Hanı vərəq?

O, sapsarı saraldı. Əllərinin titrədiyini gördüm.

- Vallah dəqiq deyə bilmərəm. Deyəsən iki verdi. İmtahan vərəqini də...

- Bəs sən demədin ki, məni filankəs göndərib?

- Məndən sualları soruşanda yanında adam vardı. Ona görə də qorxdum. O, əsəbləşmişdi. Nəsə söyüş söydü. Bu söyüş onun xarici görünüşü ilə qətiyyən uyuşmurdu. Bunu ondan gözləmək olardı. Belə adamlardan gözləmək olardı. Axı qulaqlarımla eşitdim ki, söydü:

- Paho atonan, görəsən bu adamların çörəyi niyə dizinin üstündədir. Dünən bir quranlıq söhbət eləmişəm, kişi kimi söz verib, and içib, bu gün uşağa iki verib üstümə göndərib.

O, kiminlə danışırdı, kimə gileylənirdi, özü də bilmirdi.

Bu dəfə üzünü mənə tutub:

- Yekə oğlansan. İndi gedəcəyik and içəcək ki, tanımamışam. Ağzımda sənə dedim ki, xatırlat. Yadından çıxa bilər. Deyəcək ki, bağışla bilməmişəm. Gələn il gələr, qəbul eləyərik. Elə şey yoxdur. Ya bu il, ya da heç vaxt.Bura bax, ordan mənim pencəyim ver görək.

Mən nə edəcəyimi bilmirdim. Düşdüm yanına. İmtahan vərəqəsinə iki yazılandan sonra nə eləmək olardı. Protokol yazılıb, qol çəkilib. Artıq hər şey bitib.

- Bəlkə heç getməyək. Artıq gecdir. İş işdən keçib.

O, mülayim bir səslə:

- Bilirəm, iş işdən keçib. Gedək o bizə desin görək niyə belə əclaflıq eləyib. Özü bizə desin, özü bizə desin ki, iş işdən keçib.

 

   

Tofiq ABDİN

 

525-ci qəzet.- 2009.- 19 iyun.- S.7.