Paradokslar dostu dahi

 

..."Yuğ" teatrının gümbəzli salonuna daxil oluram. Hər dəfə olduğu kimi özümə də qəribə gələn ehtiyatla ətrafıma göz gəzdirirəm: məkanın düz ortasında bir qurğu var, peşə vərdişimin sövqü ilə tez bir zamanda onun "simvolik mənalar"ını deşifrə edib hər ehtimala qarşı yaddaşıma həkk edirəm. Bu qurğu mənə görə ZAMANIN MODULUDUR: çünki şəffaf pərdələri saxlayan metaldan düzəldilmiş ox əqrəbi olmayan saatın yaşıl döşəmədəki təsvirinin ortasına bərkidilmişdir. Saatı həmən andaca tanıdım, çünki onun təsviri tamaşanın afişasında və banerində də təkrarlanır. Ötən əsrin dünyada tanınmış "Pavel Bure" saat markası və qurğunun başındakı qədimi fənər həməncə məni Çexov dünyasına yönəltdi. Teatrın baş rəssamı Rəşid Şerifin üslubudur: tamaşa başlamamış səni mövzuya kökləyir, özünəməxsus zərifliklə sənə "məna mesajları"nı göndərir. Hiss elədim ki, rəssamın bu günkü "işarələr"i məndən ötrü çox gərəklidir, çünki baxacağım tamaşa A.P.Çexovun "Albalı bağı" komediyası əsasında yorulmaz novator Vaqif İbrahimoğlunun "Birinci akt" adı ilə quraşdırdığı iki hissəli futuroloji aksiyadır. Milli teatrımızdan ötrü, yumşaq desək, gözlənilməz olan bu sayaq janr təyinini afişada oxuyan kimi yenə də peşəkar vərdişim işə düşdü və onu da açıqladım: futurologiya-gələcək haqqında təlim, aksiya isə tədbir anlamına gəlir. Deməli, teatr məni (bizi) tamaşaçı deyil, aksiyanın iştirakçısı olmağa dəvət edir. Nə olar, dəvəti qəbul edirik, çünki "Yuğ"da çox sürprizlərə artıq öyrəncəliyik...

Yerimi tutmağa macal tapmamış bir də görürəm ki, yuğçu Ruslan Şöhrətoğlu saplamı, ipləmi, zəncirləmi, qərəz, gözəgörünməz nə iləsə şəffaf, polietilen pərdələri salona axışan tamaşaçıları vecinə almadan ciddi-cəhdlə bir-birinə bənd edir.

Deyəsən, aksiya başlandı axı...

Anton Pavloviç Çexov - dahidir. Bunu lap erkən yaşlarımda özümdən ötrü qət etmişəm. Düzdür, Çexovun dahi olmasını orta məktəbdəki müəllimlərim də deyirdi və mən təbii ki, bununla razılaşırdım. Amma məhz özüm, özü də məhz müstəqil və tam düşünüşlü şəkildə bu qənaətə Çexovun dramaturgiyası ilə təmasdan sonra gəldim. Hekayələri, kiçik həcmli vodevilləri və "zarafatları" mənə zövq verirdi. Bu, öz yerində. Onun zəngin epistolyar irsindən - məktublarından yetərincə faydalanmışdım, lakin Çexovun sözün əsl mənasında dahi - düha olmasını onun beş iri həcmli pyeslərindən açıq gördüm, duydum, anladım. Məndən ötrü Çexovun dramaturji əsərləri xronoloji qaydada sıralanmayıb. Öncə "İvanov", "Vanya dayı", "Üç bacı" dramları, sonra isə "Qağayı" və "Albalı bağı" komediyaları düzülüb. Bu sıralanmanın daxili məntiqini açıqlaya bilərdim, amma qorxuram çox yer tuta, ona görə qısa, bəlkə də qeyri-elmi səslənən bir izahatla kifayətlənim: mənim təxəyyülümdə yepyekə bir malikanə var. Həmin qosqocaman, yüz yaşlı malikanədə rus ziyalısı İvanov yaşayır, hərdən bir Vanya dayı ilə görüşür, üç bacı ilə dərdləşir, malikanənin yaxınlığında axan çayın sahilindən qağayıları görür və sonra albalı bağına girərək əsl yaponlar kimi sakuranın - albalı ağacının təzəcə çırtlamış çiçəklərinin seyrinə dalır. Bir mətləbi də açıqlamasam, məsələ açılmaz. Söylədiyim bu obraz məndə o vaxtlar Azdramanın 4-cü mərtəbəsində yerləşən "Yuğ"un səhnəsində gördüyüm "Sentimental vals" (1995, quruluşçu rəssam Rəşid Şerif) tamaşasından sonra yarandı. Bu tamaşada səhnələşdirmənin müəllifi və quruluşçu rejissoru Vaqif İbrahimoğlu Çexovun bütün personajlarını bir araya gətirərək, üstəlik ədibin cib dəftərçəsindən və məktublarından parçaları da səsləndirdi.

Rəşid Şerifin o vaxt təqdim etdiyi modul çox sadə, amma dolğun bir atribut - obrazda gerçəkləşdirilmişdi: personajlar taxta hasarın arasından oyun meydançasına daxil olur, dediklərini deyir və yenə də hasarın taxtalarını aralayıb yox olurdular; yekə darvaza cəmi bir dəfə açılırdı və arxasındakı boşluq adamı əməlli-başlı silkələyirdi. Taxta hasardan gələn küknar ağacının qoxusu indi də burnuma dəyir...

"Sentimental vals" tamaşasına baxa-baxa Çexov haqqında düşünürdüm və beynimdə digər bir rus dahisi A.S.Puşkinin misraları dolaşırdı. Bu misralar bir zamanlar Moskvadan yayımlanan və çox populyar olan, Kapitsanın apardığı "Oçevidnoe-neveroətnoe" (mən belə tərcümə edirəm: "Adi və əcaib") televiziya verilişinin epiqrafı olduğuna görə hafizəmə rusca həkk olunub:

 

   - O, skolğko nam otkrıtiy çudnıx

   Qotovit prosvehenğə dux,

   İ opıt, druq oşibok trudnıx,

   İ qeniy, paradoksov druq!

 

Bilmirəm, nədənsə, tənbəllikdənmi ya nədəndir, bu misraların dilimizə tərcüməsini axtarmadım. Mədəniyyət və İncəsənət Universitetində dərs zamanı yeri düşəndə isə elə rusca səsləndirib tələbələrimə mənasını açıqlayırdım. Qeyri-poetik sətri tərcüməm isə belədir: şair deyir ki, bəs maarifçiliyin "ruh"u (həvəsi, ab-havası), bir də çətin səhvlərlə "dost" olan təcrübələr (sınaqlar, eksperimentlər) və bir də ki, "paradoksların dostu olan" dahi, düha bizə çoxlu heyrətamiz kəşflər "hazıramaqda", vəd etməkdədirlər.

Puşkinin qələmə aldığı üç şərt - maarif, təcrübə və dahilik məndən ötrü Çexovun şəxsiyyətiində özünü parlaq şəkildə biruzə verən səciyyələrdir.

Birinci və ikinci səciyyəni açıqlamağa ehtiyac yoxdur, odur ki, üçüncünün üstündə dayanmaq daha faydalı olar.

Mənə görə Çexovun dramaturgiyası - yuxarıda sıraladığım beş pyesi paradoks üzərində qurulub, paradoksla yoğrulub və buna görə həm də paradokslarla açıqlana bilər. Bu əməliyyatı aparmaq üçün "paradoks" söz-anlayışının lüğəti mənasını xatırlayaq: ilk baxışdan anlaşılmaz, uyğunsuz olan, daha sonra isə dərin mənalarını açıqlayan fikir, mülahizə, hal-hadisə.

Birinci paradoks. Rus adamının xarakterini, rus düşüncəsinin dərin özəlliklərini, rus ictimai şüurunun səciyyələrini və rus ziyalısının konkret tarixi zamanda düşüncələrini, xəyallarını - xülyalarını, səhv və günahlarını özünəməxsus həkim dəqiqliyilə müəyyənləşdirərək rus dilində qələmə alan Çexovun dramaturji əsərləri bu gün dünyanın bütün xalqlarına, millətlərinə doğmadır, tam anlaşılandır və aktualdır. Bu bir sirri-müəmma kimi qəbul oluna bilər, çünki heç də bütün böyük rus dramaturqlarının əsərləri (misal üçün, N.V.Qoqol, A.N.Ostrovski) dünya teatrlarına yol tapa bilmədi. Çexovun dramaturgiyası ilk yanaşmadan yalnız sırf rus düşüncəsinin məhsulu kimi qəbul olunur, daha sonra isə ümumbəşəri problemlərə işıq salır. Məhz bu səbəbdən istənilən milli mədəniyyət Çexovun dram əsərlərini u n i v e r s a l m ə t n l ə r kimi qavrayaraq onları asanlıqla özününkü edə bilir.

İkinci paradoks. Çexovun beş pyesinin beşində də səhnə üçün olduqca "əlverişli" olan hadisələr, bir qayda olaraq, səhnə arxasında baş verir və bir növ antik səhnə əsərlərini xatırladır. Bildiyimiz kimi, Esxilin, Sofoklun, Evripidin, Aristofanın faciə və komediyalarında hadisələr hardasa uzaqda cərəyan edir. Onların haqqında "məlumatı" tamaşaçılara personajlar xəbər verir. Belə olan halda çağdaş tamaşaçı üçün Çexovun pyesləri maraqsız və darıxdırıcı olmalıdır, amma tam əksinə olur. Bu ona görə baş verir ki, dünya teatrı Çexovun dramaturji üslubunu u n i v e r s a l d i l kimi qavrayaraq bu dili həm ümumbəşəri, həm də mənsub olduğu milli "mədəniyyətin dili"nə çevirməyə müvəffəq olur.

Üçüncü paradoks. Təyininə görə Çexovun mənəviyyat sistemi xristian dininin mənəvi dəyərləri üzərində bərqərar olur. Bu öz yerində. Amma beş pyesinin, özəlliklə də "Albalı bağı"nın paradiqmasına - məna-məzmun qatına xüsusi diqqət yetirəndə aydın olur ki, bu, sözün əsl mənasında ziyalı-aydın öz fərdi mənəviyyat sistemini əslində, beş dünya dinlərinin - iudaizm, xristianlıq, islam, buddizm və daosizmin mənəvi-etik dəyərlərinin üzərində quraşdıraraq u n i v e r s a l m ə n ə v i y y a t sistemini dramaturji formada əks etdirməyə müvəffəq olub.

Təbii ki, Çexovun paradoksallığı göstərilən üç paradoksla məhdudlaşmır: onun yaradıcı metodunu müəyyənləşdirən bir sıra səciyyələr də paradokslar üzərində qurulub. Milli mədəniyyətimizin baxım bucağından nəzər salanda isə məndən ötrü ən böyük paradoks Çexov dramaturgiyasının Azərbaycan milli teatr düşüncəsi kontekstinə və teatr praktikasına ötən əsrdə yol tapmamasıdır. Görünür ki, bu mənfi halın arxasında daha dərin səbəblər gizlənir və onları bir məqalədə axtarıb tapmaq imkansızdır. Konstatasiya üçün isə qeyd edim ki, Azərbaycan milli teatr prosesinin çağdaş mərhələsində hələ ki, yalnız "Yuğ" teatrı Çexova müraciət edir və etməkdədir. Əlamətdar hadisə kimi onu da göstərə bilərik ki, Azərbaycan Teatr Xadimləri İttifaqının 2000-ci ildə keçirtdiyi "Üfüq-XXI" teatr festivalında məhz "Yuğ"un gənc və istedadlı rejissoru Gümrah Ömərin Çexovun "Qağayı" komediyasından bir parça üzərində hazırladığı "Formalar" monotamaşası (ifaçı Sənubər İsgəndərli) "ən yaxşı ədəbi material" və "ən yaxşı rejissor işi" mükafatlarına layiq bilindi...

...Tamaşaçıların nəhayət ki, yerbəyer olmasını görən Ruslan qurğunu saat əqrəbinin tərs istiqamətinə fırlatmağa başlayır. Üzümə xoş bir yel dəyir. Bu yel sanki işıqları da söndürür. Zil qaranlıqda P.İ.Çaykovskinin "İlin çağları" fortepiano silsiləsindən may ayına aid parça səslənir. Rejissorun eyhamını tuturam: "Albalı bağı" komediyasının birinci aktının hadisələri may ayında baş verir. Qapılar taybatay açılır, salona üzləri güclə sezilən, bu günün geyimlərində insanlar - "Yuğ"un aktyorları daxil olur. Hamını yaxşı tanıyıram. Hamını uzun illərdir "Yuğ"un səhnəsində izləmişəm və hamını bir insan və sənətçi kimi sevməkdəyəm. Bunlar Sonaxanım Mikayılova, Natəvan Qeybani, Vidadi Həsənov, Məmməd Səfa, Kamran Yunis, Qasım Nağı, Oqtay Mehdi, Fərhad İsrafilov, Yaqut Paşazadədir. Onlar mənə (bizə) nə isə çox vacib mətləblər açıqlamağa cəhd edir, hamı bir yerdə danışır və mənə (bizə) boğuq səs-küyün içindən yalnız adda-budda cümlələr çatır. Ruslan qurğunu durdurur və Anton Pavloviç Çexovun "Albalı bağı" komediyasını "oynamağı" təklif edir. Ani tərəddüddən sonra yuğçular razılaşır və pərdələrin üzərinə sancılmış, üstündə rolların adları yazılmış vizit kartlarını sinələrinə taxıb OYUNa başlayırlar. Bəri başdan deyim ki, bu oyun adi olduğu qədər sadə, əcaib olduğu qədər də qəraib oyun oldu. Aktyorlar pyesin remarkalarını səsləndirərək realist-psixoloji üslubda "yaddaqalan" obrazlar yaradacaq, zaman-zaman aktyorluğu kənara qoyub mənimlə (bizimlə) nə isə məhrəm ünsiyyət cəhdində bulunacaq, zaman-zaman mənim kimi (bizim kimi) hadisələrin seyrçilərinə çevriləcək, gülüb-güldürəcək, ağlayıb-ağladacaq, düşünüb-düşündürəcək. Və bu minvalla da "Albalı bağı" komediyasının birinci aktındakı hadisələr kaleydoskop kimi mənim (bizim) gözümün önündən keçəcək.

Fasilədə isə buxarlanan, kömür tüstüsünün ətrini gümbəzli foyeyə yayan samovardan bir stəkan çay içə-içə düşündüm:

...Mənim (bizim) haqqımdadır "Birinci akt"...

...Mənim (bizim) xəyallarım, xülyalarım, ümidlərim, yanlışlıqlarım, iddialarım və ideallarım haqqındadır birinci akt...

...Həsrətində olduğum Şuşamdakı (Şuşamızdakı!) tut bağının acı nisgili haqqındadır birinci akt...

..."Yeni və köhnə azərbaycanlı"lar haqqındadır "Birinci akt!!"

Görək, tamaşanın ikinci, üçüncü və dördüncü aktı nələri mənə (bizə) andıracaq?!

Dahi rejissor və səhnə reformatoru K.S.Stanislavskinin dünya teatr düşüncəsini tam yeni səmtə yönəldən yaradıcı fəaliyyəti Çexovun "Qağayı" komediyasından təkan alıb. Onun quruluşunda "Albalı bağı" komediyası isə realist-psixoloji teatrın bəlkə də ən yüksək zirvəsi kimi dünya teatr tarixində qeydə alınıb. Di gəl ki, Anton Pavloviçi razı sala bilməyib: rejissorla müəllifin "toqquşduğu" nöqtə hər iki əsərin janr təyini olub. Belə ki, A.P.Çexov məhz "komediya" yazdığını iddia edirdi, K.S.Stanislavski isə bu iki pyesin də yerdə qalan üçü kimi "dram" olmasının üstündə dayanırdı. Bu da olsun Çexovla bağlı növbəti paradoks...

İkinci akt müəmmalı başladı: Qayevi oynayan Vidadi salonun işıqlarını söndürtdü, Semionov-Pişşiki oynayan Məmməd Səfa isə nədənsə hirslənib işığı yandırtdı, Ranevskaya - Sona xanım işığı yenidən söndürtdü, qızı Anyanı oynayan Mətanət isə onu təzədən yandırtdı. İşıqlar yanar-yanmaz gənc lakey Yaşanı oynayan Ruslan meydana çıxdı və əcaib bir "ehtiyat"la adi bir skamyanı özünə bəlli olan bir "müstəvi"də yerləşdirdi. Sonra isə Yepixodovu oynayan Kamran ona qoşuldu və rejissor Vaqif İbrahimoğlunun "rəhbərliyi ilə" şəffaf pərdələri (zamanımı? divarlarımı? havanımı?) bir-birinə bənd etdilər. Yaqut - Dunyaşa onlara kömək edir və aktyorlar əcaib, hardasa yöndəmsiz, amma öz-özlüyündə təsirli bir modul quraşdıraraq "Albalı bağı"nın ikinci aktını oynamağa başlayırlar.

Çexovun təklif etdiyi paradoksal situasiyaya təzəcə aludə olmağa başlayırdım ki, Kamran Yepixodovu oynamaqdan imtina etdi! "Yuğ"un bu cür sürprizlərinə çoxdandır hazır olmağıma (olmağımıza) baxmayaraq, növbəti dəfə teatrın - Vaqif İbrahimoğlunun "duzaq"ına düşdüm və yenə də uşaq kimi aldandım: nə biləydim ki, sevimli aktyorlarım bir-bir meydana çıxacaq və II, III, IV aktda personajlarının başına gələcək hadisələri... pyes və müəllif haqqındakı düşüncələrini mənə (bizə) danışacaq!

Tamaşaçılarla aktyorların dialoqunu tamamlayan Sona xanım "sevin və sevilin!.. sevilin və sevin!.." deyib oyun meydanını tərk edəndə yenə aldandım: əl çalaraq mənə zövq verən aktyorları alqışladım...

...Peşə vərdişim bu yerdə də məni dinc qoymadı. İki daşın arasında fikrimi formalaşdırmağa başladım:

...tamaşanın adı ona görə "Birinci akt"dır ki, mənə (bizə) "Albalı bağı"nın bu gün 1-ci aktı kifayətdir - informativliyi ilə, emosionallığı ilə, günümüzlə şəffaf paralelləri ilə...

...milli teatrımızın Çexovla ümidvarıq ki, gələcək münasibətlərinin birinci aktıdır bu tamaşa...

... "Birinci akt" - birinci aksiya öz növbəsində məndən (bizdən) ikinci, üçüncü, dördüncü aksiyanı tələb etməkdədir...

"Birinci akt" sayca birinci olmasa da, mahiyyətinə və iddiasına görə Çexovu mənimsəməkdə birinci yaradıcı aktdır...

Birinci olduğuna görə isə çox şeyi güzəştə getmək olar, halbuki sözügedən tamaşa ilə bağlılıqda buna əsla heç bir ehtiyac yoxdur...

Bu andaca səhnəyə qayıdan Sona xanım - Ranevskaya sehrli bir aksiyaya başladı və rejissorun janr təyini mənim üçün tam açıldı: sən demə, bu, həm personajların, həm mənim, həm bizim gələcəyimiz haqqında heyrətamiz bir öngörü - proqnoz imiş. Aktyorlar bir-bir öz futuroloji gümanlarını söylədi və salona çökmüş sehrli-sirli halın içində özüm haqqında düşünməyə başlamışdım ki, onlar albalı ağaclarını qıran balta səsini - tuk! tuk-tuk-tuk! tuk-tuk! tuk! - təqlid edərək məni (bizi) sentimental... nisgilli... kədərli ovqatdan ayırdı. Hardasa utanc hissinə bənzəyən bir duyğu keçdi ürəyimdən və mən Çexovun ruhuna rəhmət söylədim. Nə yaxşı ki, Çexovun nikbinliyi var, nə yaxşı ki, o, göz yaşları içindən mənə (bizə) və - ən ümdəsi! - özünə ironiya ilə baxa bilir. Yoxsa obyektiv və subyektiv səbəblərdən doğan bədbinliyin içində tamam-kamal batıb qalacaqdıq.

Və nə yaxşı ki, Çexova necə var, adekvat yanaşıb, onun ruhu ilə dialoqa girməyi bacaran "Yuğ" teatrımız var.

K.S.Stanislavskinin silahdaşı V.İ.Nemiroviç-Dançenkonun çox xoşladığı və dönə-dönə təkrar etdiyi bir fikir var idi. Vladimir İvanoviç tez-tez deyirdi: "möhtəşəm binası, zəngin avadanlığı, zər-zibalı pərdəsi olan bir teatr t e a t r olmaya bilər və əksinə, iki istedadlı aktyor meydançada həsir sərərək üstünə çıxıb əsl yaradıcılığa başlayan andaca t e a t r yarana bilər". "Yuğ"un "Albalı bağı"na baxa-baxa böyük sənətkarın fikrinin nə dərəcədə doğru olmasını bir daha özüm üçün təsdiqlədim.

Faciəvi dramatik temperamentini gözlənilməz komik ünsürlərlə çuğlayan Sona xanım (Ranevskaya), məlahətli zərifliyinə çılğın boyaları qatmaqdan çəkinməyən Mətanət (Anya), çexovsayağı rentgen dəqiqliyini səmimi etiraflara "bürüyən" Natəvan (Varya), alicənablıqdan "bambılı"lığa, "bambılı"lıqdan lirik ovqata, ordan isə çox asanlıqla publisistik açıqlamalara keçən Vidadi (Qayev), öz faciəvi-mistik təbiətini gülünc görünən formada təqdim etməkdən çəkinməyən Məmməd Səfa (Semionov-Pişşik), romantik başlanğıca köklənmiş istedadının klounada vasitələrilə əcaib sintezini yaratmağı bacaran Kamran (Yepixodov), bənzərsiz, sayrışan, ilk baxışdan "ələ keçməyən", sonra isə uzun müddət yaddaşdan silinməyən səhnə varlığına malik olan Qasım (Trofimov), realist-psixoloji oyun üslubunu sirli məqamlarla "rövnəqləndirən" Oqtay (Lopaxin), personajını öz içində əridərək onu özünəməxsus biçimdə təqdim edib personajla şəxsiyyətin arasındakı sərhəddi silməyi bacaran Fərhad (Firs), aşıb-daşan yaradıcı enerjisini istədiyi anda cilovlayıb içinin içindən tamaşaçıya baxmağı bacaran Yaqut (Dunyaşa), hər mənanın arxasında bir neçə başqa mənanı sezdirmək bacarığına malik olan Ruslan (Yaşa) mükəmməl aktyor ansamblını yaratmağa müvəffəq oldular. Bu ansambla özəl intonasiya qatan S.Vurğun adına Rus Dram Teatrının aktrisası Nelli Sadovskaya öncə bizi çaşdırdı: tamaşa başlanandan "tamaşaçı sifətində" aramızda oturan o, qəfildən səhnədə baş verən hadisələrə "müdaxilə" edərək həm Çexovun orijinal dilini rusca bizə çatdırdı, həm əsərin çox önəmli ideya məqamlarını səsləndirdi, həm də rus teatr məktəbinin parlaq örnəyini nümayiş etdirdi.

Çexovun aktyorlara yaratdığı çox geniş əsaslardan faydalanan sənətçilər Vaqif İbrahimoğlunun teatr konsepsiyasının və metodikasının imkanlarından faydalanaraq tamaşanın içində adi, eyni zamanda, əcaib bir ikinci tamaşa yaradıblar. "Yuğ" üslubunun bu səciyyəsini iki-üç cümlə ilə açmaq mümkün deyil, onu dilə gətirməmək isə insafsızlıq olardı. Özümə (və oxucularıma...) söz verirəm ki, bu haqda ayrıca və müfəssəl bir yazı yazım. Burada isə son qənaət olaraq tam məsuliyyətlə söyləyə bilərəm ki, "Yuğ"un sənətçiləri özlərinə, rejissorlarına , mənə (bizə) teatrın yubileyi qabağı çox dəyərli bir hədiyyə bəxş etmiş oldular!

Deyirəm, Çexovun Azərbaycan teatr məkanına gəlişi çoxdan baş versəydi, teatrımız nə qədər zəngin ola bilərdi. Amma yenə də görünür, hər şeyin öz zamanı var, zamansızlıqdan Allah qorusun məni (bizi).

 

 

Məryəm ƏLİZADƏ

 

525-ci qəzet.- 2009.- 19 iyun.- S.6.