Azərbaycanda Ümumdünya Qaçqınlar
Günü qeyd edilib
ƏLİ HƏSƏNOV: "SÜLH MÜQAVİLƏSİ
İMZALANSA, QAYIDIŞ PROQRAMINI HƏYATA KEÇİRMƏYƏ
HAZIRIQ"
Dünən BMT-nin
Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) və
Azərbaycan hökuməti 20 iyun-Ümumdünya
Qaçqınlar Günü münasibətilə Azərbaycan
Dövlət Filarmoniyasında tədbir keçirib. Xatırladaq
ki, bu il Ümumdünya Qaçqınlar Günü
bütün dünyada "Real insanlar, Real Ehtiyaclar"devizi
altında qeyd edilir. Beynəlxalq təşkilatların, səfirlərin,
rəsmi şəxslərin iştirak etdiyi tədbirdə əvvəlcə
BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antoni
Quterşin müraciəti səsləndirilib. Sonra
çıxış edən Baş nazirin müavini,
Qaçqın və Məcburi Köçkünlərlə
İş üzrə Dövlət Komitəsinin sədri Əli
Həsənov bildirib ki, dünyanın bir sıra ölkələri
kimi Azərbaycan da 20 ildir ki, qaçqın, 16 ildir məcburi
köçkün problemi ilə üzləşib. Ermənistanın
təcavüzü nəticəsində Azərbaycan
torpaqlarının 20 faizi işğal altındadır, 1 milyon
insan qaçqın və məcburi köçkün həyatı
yaşayır. Bu, Azərbaycan dövlətinin bir nömrəli
problemi olaraq qalmaqdadır. Dünyada qaçqınların
sayının 42 milyona çatdığını
xatırladan Ə.Həsənov deyib ki, onların 26 milyonu məcburi
köçkünlərdir. "Mən dəfələrlə
demişəm ki, beynəlxalq aləmdə məcburi
köçkünlərin problemlərinin tənzimlənməsi
üçün kifayət qədər hüquqi baza mövcud
deyil. BMT-nin Qaçqınlar üzrə Ali Komisarı ilə
görüşdə də bu məsələni müzakirə
etmişik. BMT-nin ali komissarları arasında ilk dəfə
olaraq cənab Qutterş ilk gündən məcburi
köçkünlərin problemləri ilə məşğul
olmağa başlayıb". Ə.Həsənov
qaçqın və məcburi köçkünlərin
statusları arasındakı fərqin də bəlli
olmadığını bildirib. "Bunu deməklə
qaçqınların statusuna xələl gətirmək istəmirəm.
Sadəcə beynəlxalq aləmdə bu iki kateqoriyadan olan
insanlara qarşı yanaşma dəyişməlidir. Azərbaycanın
milli qanunvericilik aktları ilə qaçqın və məcburi
köçkünlərin sosial təminatı
üçün tam hüquqi baza var. Eyni zamanda ölkə bu
sahədə mövcud beynəlxalq konvensiyalara da
qoşulub". Ə.Həsənovun sözlərinə
görə, son 16 ildə Azərbaycan hökuməti
qaçqın və məcburi köçkünlərə 2
milyard dollar vəsait sərf edib. Beynəlxalq təşkilatlar,
ABŞ-ın qeyri-hökumət təşkilatları, eyni
zamanda bir sıra ölkələr tərəfindən
göstərilən yardım isə 753 milyon dollar təşkil
edib. Ə.Həsənov deyib ki, hökumətə birbaşa
yardımlara görə İtaliya və Yunanıstan fərqlənir.
2001-ci ildə Neft Fondununun yaradılmasından sonra ora daxil
olan ilk vəsaitlər qaçqın və məcburi
köçkünlərin problemlərinin həllinə
yönəlib. Baş nazirin müavini deyib ki, Fonddan bu günə
kimi 720 milyon dollar ayrılıb ki, bu vəsait hesabına da 17
min mənzilli 61 qəsəbə salınıb, orada 80 min
qaçqın və məcburi köçkün
yaşayır. Qəsəbələr bütün sosial
infrastrukturla təmin olunub. Ə.Həsənovun sözlərinə
görə, indi yardım proqramlarından inkişaf,
reabilitasiya, iş vərdişlərinin bərpası proqramlarına
keçilib. Çünki bu insanlar 16 ildir yardımla
yaşayırlar. Bu, həm də qayıdışa
hazırlıq məqsədilə həyata keçirilir. Prosesə
beynləxalq qurumlar da cəlb olunub. Ə.Həsənov deyib
ki, qayıdış proqramı bütün beynəlxalq
qurumların, səfirliklərin və dövlət təşkilatlarınını
iştirakı ilə hazırlanıb. "Sülh müqaviləsi
imzalanarsa, biz o proqramı həyata keçirməyə
hazırıq". Ə.Həsənovun sözlərindən
o da bəlli olub ki, görülən tədbirlərin nəticəsi
olaraq Azərbaycanda bir məcburi köçkünə xərclənən
vəsait 660 dollar təşkil edib. "Dünyanın
heç bir münaqişəli zonasında belə yüksək
göstərici yoxdur. Bundan əlavə, əgər dörd il
əvvəl qaçqınlar arasında yoxsulluq həddi 75
faiz idisə, hazırda bu rəqəm 25 faiz təşkil
edir". Ölkənin iqtisadi inkişafının
miqratları və sığınacaq axtaranları da cəlb
etdiyini söyləyən Ə.Həsənov xatırladıb
ki, prezidentin sərəncamı ilə yaradılan Dövlət
Miqrasiya Xidməti məhz bu sahədə ortaya çıxan
problemlərin həlli ilə məşğuldur. Ə.Həsənov
deyib ki, Azərbaycanda iqtisadi inkişaf nə qədər surətlə
getsə də təkbaşına problemlərin öhdəsindən
gəlmək mümkün deyil. Ona görə də humanitar
proqramlara hələ ehtiyac var. Hazırda bu məsələ
ilə 112 təşkilat məşğul olur Onların 72-si
humanitar təşkilatlardı. Ə.Həsənov deyib ki,
90-cı illərdə həmin qurumların yardımları
olmasaydı, Azərbaycanda qaçqın və məcburi
köçkünlər humanitar fəlakətə
düçar olardılar. Azərbaycanın Dağlıq
Qarabağ münaqişəsinin həlli ilə bağlı
mövqeyinin bəlli olduğunu xatırladan komitə sədri
əlavə edib ki, ölkə prezidenti bütün
danışıqları ərazi bütövlüyünün
bərpası şərti ilə aparır. "Qaçqın
və məcburi köçkünlər yaşadıqları
şəraitə dözür və səbr edirlər. Çünki
onlar prezidentə inanıralar. Hər birimiz əminik ki,
ölkə prezidenti digər problemləri həll etdiyi kimi bu
problemin də həllinə nail olacaq".
BMT QAK-ın Azərbaycandakı
nümayəndəsi Arun Sala-Nqarı isə hazırda 42 milyon
insanın probleminin həllini gözlədiyini bildirib. Bütün
dünyada qaçqınların müxtəlif problemlərlə
üzləşdiyini deyən nümayəndə əlavə
edib ki, əsas vəzifələri onların bu problemlərini
daim prioritet olaraq gündəmdə saxlamaqdır. "Bu insanlar yalnız
statistikadan ibarət deyil, bizim kimi
real insanlardır. Beynəlaxlq aləmdə
qaçqın və məcburi köçkün
termini arasında fərq
qoyulur. Amma anlamaq lazımdır
ki, evindən didərgin salınan hər kəsin sərhəddi keçib-keçməməsindən
asılı olmayaraq köməyə ehtiyacı
var". O, Azərbaycan
dövlətinin qaçqın
və məcburi köçkünlərin problemlərinin
həllinə göstərdiyi
səyləri xüsusi
vurğulayıb. Eyni zamanda
beynəlxalnq qurumlara yaradılan şəraitə
görə də ölkə rəhbərliyinə
təşəkkürünü bildirib.
Sonra tədbir
qaçqın və məcburi köçkün
uşaqların müxtəlif dillərdə səsləndirdiyi
konsert proqramı ilə davam etdirilib.
P.SULTANOVA