"İctimaiyyətdə test imtahanlarının şəffaf keçirildiyinə böyük inam var"

 

MƏLEYKƏ ABBASZADƏ: "BİZ BU İNAMI QAZANMAQ ÜÇÜN UZUN İLLƏRDİR Kİ, DAVAMLI VƏ MƏQSƏDYÖNLÜ İŞ APARIRIQ"

 

- Məleykə xanım, ilk iki göstərici barədə fikrinizi bilmək istərdik. İctimaiyyətin imtahan sisteminin nəticələrinə və imtahan keçirən təşkilatın heyətinin vicdanlı olmasına inanması, beynəlxalq ekspertlərə görə, yaxşı imtahan sistemi üçün mühüm faktor sayılır. Bununla bağlı nə deyə bilərsiniz?

- Mənim TQDK-nın keçirdiyi imtahan nəticələrinə ictimaiyyətin nə dərəcədə inanması barədə fikir söyləməyim təvazökarlıqdan uzaq kimi görünə bilər. Zənnimcə, ictimaiyyətin imtahan sisteminin nəticələrinə inamını müəyyən etmək üçün sorğular aparılsa, daha düzgün olar. Ancaq onu deyə bilərəm ki, cəmiyyət heç də birinci gündən imtahan sisteminin dürüstlüyünə inanmağa başlamayıb. Bu inam tədricən, illər keçdikdə insanlarda formalaşıb və qeyd edə bilərəm ki, ölkə ictimaiyyəti imtahan sisteminin nəticələrinə tam inanır. Bilirsiniz ki, TQDK təkcə ali və orta ixtisas məktəblərinə qəbul imtahanı keçirmir. Müraciətlər əsasında biz prokurorluq, ədliyyə orqanlarına, müxtəlif nazirliklərə, diplomatik xidmətə qəbul və digər çoxsaylı test imtahanları keçiririk. Təbii ki, bu imtahanları həmin orqanların rəsmi müraciəti əsasında aparırıq. Halbuki, həmin qurumların özləri də bu cür imtahanlar keçirmək iqtidarındadırlar. Nə üçün bu qurumlar imtahanın məhz TQDK tərəfindən keçirilməsini istəyirlər? Çünki ictimaiyyətdə test imtahanlarının şəffaf keçirildiyinə böyük inam var. Namizədlər də inanır ki, imtahan TQDK tərəfindən keçirilirsə, onda onların biliyi düzgün qiymətləndiriləcək. Biz bu inamı qazanmaq üçün uzun illərdən bəri davamlı və məqsədyönlü iş aparırıq. TQDK imtahan nəticələrinin emal olunmasını çox qısa bir zamanda həyata keçirir, nəticələr Komissiyanın rəsmi internet səhifəsində yerləşdirilir. Abituriyentlərə nəticələrini mobil telefonla öyrənmək imkanı da verilir. Biz bütün bu prosesi qısa vaxt ərzində etməklə, vaxtı da məhdud resursa çeviririk. Bununla kənardan kimlərinsə qeyri-qanuni işlər görmələrinin qarşısını alırıq. Əgər kimsə hər hansı bir qeyri-qanuni iş görmək istəsə belə, onun buna vaxtı çatmayacaq.

İctimaiyyətin inamını qazanmaq üçün biz müəyyən qurbanlar da vermişik. Bu qurban nədən ibarətdir? Bilirsiniz ki, qəbul imtahanlarından sonra sual kitabçalarını abituriyentlərə paylayırıq. Bununla da biz faktiki olaraq həmin kitabçalardakı testləri itiririk. Çünki sual kitabçalarını abituriyentlər evə aparır, sonra bu testlər repetitorların əlinə keçir və bununla da onlar artıq açıq testlərə çevrilir. Normal, yaxşı testi yaratmaq üçün çox böyük zəhmət, maliyyə vəsaiti sərf olunur. Testlər açıq olanda, onların keyfiyyətləri dəyişir. Tutalım, çətin bir test ictimaiyyətə açıqlanırsa, həmin test artıq orta testə çevrilir. Orta test açıqlanırsa, hamıya məlum olursa, o kütləvi imtahanlar zamanı asan test kimi qəbul edilir. Qeyd edim ki, dünyanın heç bir ölkəsində qəbul imtahanından sonra sual kitabçası abituriyentlərə verilmir. Biz bunu billə-bilə etmişik ki, abituriyent imtahandan çıxandan dərhal sonra onun valideyni sualları və onlara verilən cavabları görsün. Təbii ki, elə valideynlər və abituriyentlər var, onlar özləri-özlərini aldatmaq istəyirlər. Amma vicdanlı insan özü-özünü aldatmaq istəməz. Sual kitabçası ilə evə qayıdan abituriyentin valideyni görür ki, övladı suallara necə cavab verib. O təxminən nəticəni də bilir və bizim elan etdiyimiz nəticə yalnız onu təsdiqləyir.

İmtahan keçirən təşkilatın heyətinin vicdanlı olmasına yüksək inam məsələsinə gəlincə, bu çox ciddi bir məqamdır. Məsələn, mənim fikrimcə, kim müəllimlik peşəsini seçirsə, sözün əsil mənasında müəllim olmaq istəyirsə, özünü təhsilə həsr edirsə onun bu qərarı fədakarlıqdır. Hazırki dövrdə, peşə seçiminin sərbəst olduğu bir vaxtda varlı, zəngin insan olmaq istəyən şəxslər heç vaxt müəllimlik peşəsini seçmirlər. İmtahanla, biliyin qiymətləndirilməsi ilə məşğul olmaq istəyən insanlar varsa və onlar bu sahəni seçirlərsə bu fədakarlıqdır. Bunu onların həm özləri, həm də TQDK-da çalışan hər kəs bilir. Ancaq məsələ bundadır ki, biz hər fədakar insanı da bu işə cəlb edə bilmərik. Çünki biliyi qiymətləndirən insan professional olmalı və işinin bütün incəliklərini dərindən bilməlidir. Son 15 il ərzində bizdə bu sahədə müəyyən dəyişikliklər olunub. Biliyi qiymətləndirən mütəxəssislərdən bəziləri könüllü şəkildə bu işdən ayrılıb, bir neçəsini biz azad etmişik. Müxtəlif başqa hallar da olub. Mən 2004-cü ildə baş verən hadisəni yada salmaq istəyirəm. Bəzi insanlar o zaman bizdə operator vəzifəsində çalışan əməkdaşı pulla ələ alıb onu qeyri-qanuni hərəkətlərə sövq etdilər. Amma bizim sistem o zaman da göstərdi ki, özü-özünü müdafiə edə bilir. Həmin vaxt TQDK-nın heyətində vicdanlı adamların daha çox olduğunu ictimaiyyət gördü. Çünki biz qorxmadıq, çəkinmədik və özümüz baş verən hadisə barədə ictimaiyyətə məlumat verdik, bu işin üstünü açdıq. Mənim bu haqqda hər hansı bir fikir söyləməyim düzgün olmaz. Bunu gərək ictimaiyyət özü qiymətləndirsin.

- İmtahan nəzarətçilərinin vicdanlı olmasına yüksək inam imtahan sisteminin mühüm atributu kimi dəyərləndirilir. Sizcə, bu nə dərəcədə əsaslıdır?

- İmtahan nəzarətçiləri dedikdə, beynəlxalq ekspertlər həm imtahanlara cəlb olunan nəzarətçiləri, həm də imtahan rəhbərlərini nəzərdə tuturlar. TQDK tərəfindən keçirilən imtahanlarda zalda olan imtahan nəzarətçiləri orta məktəblərdə çalışan müəllimlərdir. Ancaq imtahanlara ayrı-ayrı zallar üzrə rəhbər kimi cəlb olunan şəxslər əsasən Milli Elmlər Akademiyasının elmi işçiləri, müxtəlif nazirliklərdə çalışan adamlardır. Bax həmin heyətin vicdanlı olmasına mən 100 faiz yox, 200 faiz əminəm. Çünki elmi fəaliyyətlə məşğul olan bu insanlar Azərbaycanda mövcud qəbul sisteminin uğurla işləməsini ürəkdən istəyirlər. Onların bu fəaliyyəti çətin olduğu qədər də məsuliyyətlidir və həmin adamlar bu vəzifəni imtahan üçün onlara verilən məvacibə görə etmirlər. Biz 1994-cü ildən imtahan rəhbərləri bazasını formalaşdırarkən hazırda bir sıra dövlət orqanlarında məsul vəzifələrdə, nazir və digər yüksək postlarda çalışan insanlar, eləcə də məşhur akademiklər, elmlər doktorları vaxtilə bizdə imtahan rəhbəri idilər və onlar doğrudan da bu işə çox vicdanla, məsuliyyətlə yanaşıblar. Bu sistemin yaranmasında onların çox böyük əməyi var. Mən onların hər birinə minnətdaram.

İmtahan keçirilən auditoriyalara nəzarəti həyata keçirən heyət isə orta məktəb müəllimləridir. Mən sizə deyə bilərəm ki həmin kontingentin təxminən 30-40 faizi çox vicdanlı insanlardır və müəllimlik peşəsinə qəlbən bağlıdırlar. Buna görə də işlərinə çox vicdanlı yanaşırlar. Ancaq təəssüflər olsun ki, müəyyən qrup müəllimlər də var ki öz peşəsini istəmədən, təsadüf olaraq seçiblər. Biz bu insanları psixoloji cəhətdən dəyişib, onlara peşələrini sevdirə bilmərik. Bu qeyri-mümkündür. Lakin imtahan prosesi TQDK tərəfindən texnologi cəhətdən elə qurulub ki, nəzarətçi müəllim hansısa məqsədlə təlimata uyğun olmayan hərəkət etmək istəsə belə, bu, abituriyentin nəticəsinə hüquqi cəhətdən təsir göstərə bilməz. Biz xüsusi kompyuter proqramları vasitəsilə imtahan zalında köçürmə hallarını müəyyən edə bilirik. Belə hallara yol verən muəllimlər bir də heç bir zaman qəbul imtahanlarına cəlb olunmur. Mən çox istərdim ki, imtahanları nəzarət edən bütün orta məktəb müəllimləri peşəkar, vicdanlı olsunlar. Bu məqsədlə mən nəzarətçi müəllimlərlə işləyən struktur bölməmizdə də müəyyən dəyişikliklər etmişəm. İndi həmin Sektorda yeni, gənc kadrlar işləyir və onlar nəzarətçilər kontingentini imtahana hazırlayırlar. Onları imtahanlardan, psixoloji testlərdən keçirirlər, seminar məşğələlər aparırlar. Çalışırıq bu istiqamətdə daha elmi, əsaslı addımlar ataq. Ancaq onu da bilirik ki, bu işdə müəyyən inzibati qərarlara da ehtiyac var. Bilirsiniz ki, Təhsil Nazirliyi tərəfindən işinin peşəkarı olan müəllimləri həvəsləndirmək üçün müəyyən işlər görülür, müsabiqələr təşkil olunur. Bu müsabiqələr keçirilərkən qəbul imtahanlarında nəzarətçi olmuş müəllimlərin fəaliyyəti də nəzərə alınır. Buna görə biz hər il imtahanlarda iştirak edən nəzarətçi müəllimlərin fəaliyyəti barədə məlumatları onların işlədikləri məktəblərə, nazirliyə təqdim edirik. Buna görə də TQDK-nın "qara baza"sına düşən müəllim heç vaxt ilin ən yaxşı müəllimi adını qazana bilməz. Bir məqamı da qeyd edim ki, hələ bizdə imtahana nəzarət edən müəllimlərin 30-40 faizi məktəbə test üsulu ilə qəbul olan insanlardır. O vaxt ki, imtahan zallarında yalnız vaxtilə ali məktəbə test üsulu ilə qəbul olan insanlar olacaq onda mən inamla deyə biləcəm ki, imtahan nəzarətçiləri vicdanlı insanlardır. Ancaq mən inanıram bu sahədə builki nəticə keçənilkindən yaxşı olacaq.

- Namizədlərin qeyri-qanuni vasitələrə (fırıldaqlara) əl atması hallarına aid dəlillərin minimuma enməsi barədə fikrinizi öyrənmək istərdik.

- Biz Azərbaycanda qəbul imtahanlarında abituriyentlərin fırıldaqlarının üstünü açmaq üçün apardığımız araşdırmaları beynəlxaq konfranslarda ekspertlərə təqdim etmişik. Ekspertlər bu istiqamətdə TQDK tərəfindən həyata keçirilən tədbirləri müsbət qarşılayıblar. Ancaq onlar bizim abituriyentlərin "işgüzarlığına", əl atdıqları fırıldaqlara çox təəccüblənirdilər. Onlar bildirirdilər ki, belə fırıldaqları fikirləşən abituriyentləri bilik imtahanına cəlb etməyə ehtiyac yoxdu. Təəssüflər olsun ki, enerjilərini düzgün istiqamətdə istifadə etməyən gənclərimiz az deyil. İmtahanlarda belə halları önləmək, aradan qaldırmaq üçün fiziki cəhətdən müəyyən tədbirlər görülür. Məsələn imtahan öncəsi yoxlamalar, imtahana mobil telefonların buraxılmaması, imtahan prosesi zamanı abituriyentlərin bir-birindən köçürməsinin qarşısının alınması və sair. Bununla yanaşı, biz intellektual səviyyədə sistemi müdafiə etmək üçün də çoxsaylı iş aparırıq. İmtahan günü köçürmə hallarının müəyyən edilməsi prosesi aparılır, imtahan protokolları araşdırılır. Bilirsiniz ki, imtahan prosedurlarına uyğun olaraq həmin gün auditoriyada nə baş veribsə bu öz əksini həm nəzarətçi müəllimlərin, həm də imtahan rəhbərlərinin protokollarında tapmalıdır. Bundan başqa imtahanın keçirilməsində bizə yardım edən hüquq-mühafizə orqanlarının da protokolları araşdırılır. Sonra biz xüsusi riyazi üsullarla abituriyentlərin nəticələrinin nə dərəcədə üst-üstə düşməsini araşdırırıq. Bu zaman köçürmə hallarının baş verib-vermədiyini müəyyən edirik. Bu sistemin effektik olduğu dəfələrlə sübut olunub. Onu da deyim ki, konkret maddi dəlillər olmadan, riyazi araşdırmalar əsasında köçürmə hallarını müəyyənləşdirən yeganə təşkilatıq. Biz həmin araşdırmaları əsas tutaraq hüquq-mühafizə orqanlarına, cinayət işi açılması tələbi ilə müraciətlər etmişik və yoxlamalar göstərib ki, bu sistem tamamilə doğrudur və özünü intellektual səviyyədə müdafiə etməyə qadirdir. Biz hər il bu sistemin təhlükəsizliyi məqsədilə, imtahanı müdaxilədən qorumaq üçün yeniliklər edirik. Bu yeniliklər barədə KİV vasitəsilə kifayət qədər suallar verilsə də, heç bir məlumat vermirik. Bununla bağlı ancaq imtahan baş tutandan sonra məlumat veririk. Təəssüflə qeyd edim ki, bizim cəmiyyətimizdə qeyri-qanuni vasitələrə əl atan valideynlər kifayət qədərdir. Onlar qəbul imtahanı başa çatdıqdan sonar öz uşaqlarının nəticələrinin kifayət qədər olmadığını bilirlər deyə, müxtəlif yollar axtarırlar. Bu zaman bir sıra fırıldaqçılar onları öz toruna salır. Diqqət etmisinizsə, hər il dekabr ayında ali məktbəblərdə birinci semestr başlayanda məlum olur ki, kimsə qeyri-qanuni yolla ali məktəbə uşaq düzəltmək üstündə yaxalanıb. Bu halların hamısı dekabr ayında ortaya çıxır. Niyə? Çünki fırıldaqçılar mart ayından kiməsə söz verir ki, sənin uşağını ali məktəbə düzəldəcəm, birinci sessiya başlayana kimi onu aldadır, aldadır. Amma nəticəsi olmur. Ən yaxşı halda bu "iş düzəldən" valideynin pulunu qaytarır özünə və deyir ki, bağışlayın iş alınmadı. Faktiki olaraq o valideynləri aldadıb bir illik faizsiz kredit almış olur onlardan. Bəziləri isə hansısa valideynin pulunu alıb, ümumiyyətlə yoxa çıxır. Əvəllər bizə hüquq-mühafizə orqanları tərəfindən sorğular göndərilirdi ki, filankəs sizdə işləyir ya yox. Təbii ki, soruşulan adamlar bizdə işləmirdi. Ancaq son illər bu cür sorğular göndərilmir, çünki müvafiq orqanlar da dərhal anlayır ki, söhbət hansısa fırıldaqçıdan gedir. Bəzi valideynlər mövcud Təhsil Qanununda olan boşluqdan da istifadə edirlər. Uşaqlarını Rusiyanın hansısa regional ali məktəbinə kağız üzərində qəbul elətdirirlər. Onun uşağı heç oraya getmir, yalnız sənədlər gedir. Yarım il o sənədlər hansısa "universitetdə" qalır və yarım ildən sonra o uşaq Bakıda olan universitetlərin birinə köçürülür. Bax bu işlə də məşğul olan insanlar var. Düzdür, köçürmələr qanuni şəkildə də olur. Ancaq təsəvvür edin ki, uzaq Tomsk şəhərindəki universitetlərin birinə 26 nəfər azərbaycanlı bir ildə eyni fakültəyə daxil olur. Yarım ildən sonra onların hamısı eyni vaxtda qayıdır paytaxtdakı ali məktəblərin birinə, yenə eyni fakültəyə. Axı bu iş mümkün deyil. Ancaq həmin insanların adları, soyadları, təvəllüdləri bizə məlumdur. Biz bazaya baxanda görürük ki, bu uşaqlar həmin il TQDK-nın keçirdiyi qəbul imtahanlarında aşağı nəticə göstəriblər. Ancaq həm valideynlər, həm də uşaqlar bütün bunları bilə-bilə, bu işə gedirlər. Bütün ictimaiyyətə Müstəqil Azərbaycan Universitetinin tarixçəsi məlumdür. Əgər bir valideyn qeyri-qanuni iş görürsə, sonra deyə bilməz ki, onu kimsə aldatdı, o bütün bunlardan xəbərsiz idi. Magistraturaya, dövlət qulluğuna sənəd verəndə də bütün bu qanunsuzluqlar ortaya çıxır. Təhsil almaq çox böyük bir zəhmət tələb edən fəaliyyətdir. Valideyn övladını zəhmətə, əməyə alışdırmayıb, istəyir ki, ona sadəcə bir diplom alsın. Bu çox yanlış bir fikirdir. İndi poliqrafiya elə inkişaf edib ki, o diplomu ona çap etdirib vermək də olar. Axı diploma şərt deyil, bu insanın həyatda öz yerini tapması üçün bilik, bacarığı olmalıdır. Bilik və bacarığı olmayan insana valideynlərinin diplom almasının heç bir xeyri yoxdu.

- "Yaxşı imtahan sisteminin xarakteristikası"na görə, imtahan keçirən orqan balların təkrar yoxlanması və apelyasiya proseduruna malik olmalıdır. TQDK-nın bu sahədə fəaliyyəti barədə məlumatı verməyinizi xahiş edirik.

- Biz bu prosedurları tam açıq şəkildə ilk günlərdən keçiririk. Həm balları təkrar yoxlayırıq, həm də açıq apelyasiya zamanı cavab kartlarını abituriyentlərə göstəririk. Mən onu da deyim ki, dünyada belə bir praktika var ki apelyasiya proseduru zamanı cavab kartlarının yalnız surəti göstərilir, əsli isə yalnız məhkəməyə təqdim olunur. Amma biz insanları çox incitməmək üçün açıq apelyasiya zamanı cavab kartlarını göstəririk və yoxlamanı da valideynlərin gözü qarşısında keçiririk. Bu iş TQDK tərəfindən 1992-ci ildən bəri həyata keçirilir. Hələ ki, balların hesablanması və balların təkrar yoxlanması ilə əlaqədar məhkəmədə bir dəfə də olsun TQDK uduzmayıb. Yəqin ki, belə səhvlər olsaydı məhkəmələrdə biz də uduzardıq.Belə səhv olarsa, biz onu proses zamanı, müəyyənləşdiririk. Texnoloji proses elə qurulub, təkrar yoxlamalar elə aparılır ki, belə səhvin olma ehtimalı sıfıra enir.

- TQDK əlverişsiz vəziyyətdə olan (əlil) namizədlər üçün xüsusi şərait yaradılmasını təmin edirmi?

- Əlverişsiz vəziyyətdə olan (əlil) abituriyentlərdən sənəd qəbulu həqiqətən birinci qrup əlil olmasını təsdiq edən sənəd tələb olunur. Təbii ki, biz onların imtahana gəlməsi və imtahan zalında yerləşdirilməsi üçün lazımi köməklk göstəririk. Hər il həmin abituriyentlər üçün, şəxsən ona xidmət edən xüsusi nəzarətçilər ayılır. Gözdən əlil olan abituriyentlər üçün xüsusi nəzarətçi verilir ki, onlar üçün sualları oxusun. Bu ildən isə biz çalışacağıq ki, brayn əlifbası ilə onlara sual kitabçaları çap edək. Heydər Əliyev Fondu tərəfindən bunu həyata keçirməyə imkan verən avadanlıq ölkəmizə gətirilib.

- Beynəlxalq tələblərə əsasən, sual kitabçasında mədəni cəhətdən qeyri-məqbul suallar və ya bəzi namizədlərə nisbətən az tanış olan dildə yazılmış suallar olmamalıdır..

- Qeyd etdiyim kimi, TQDK hər imtahandan sonra sual kitabçalarını ictimaiyyətə təqdim edir və hər kəs görür ki, test tapşırıqlarında belə suallar olmur. Ancaq beynəlxalq ekspertlər mədəni cəhətdən qeyri-məqbul suallar dedikdə nəyi nəzərdə tuturlar?. Elmi cəhətdən bu məsələləri biz müzakirə edəndə ABŞ-ın ETS şirkəti belə bir məsələ qoydu. Azərbaycan tarixi üzrə suallarda Xocalı soyqırımı haqqında, ən yeni tariximizin acı səhifələri ilə əlaqədar müəyyən suallar var. Biz istəyirik ki, gənclər bu hadisələri bilsin. Amma bizə bildirirlər ki, ola bilsin kimsə şəhid övladıdır və bu hadisələrdə onun valideynləri iştirak edib. Sualı oxuyanda o insan hansısa hisslər keçirəcək. Bunun nəticəsində həmin abituriyentin nəticəsi aşağı düşə bilər. Bu doğrudan da belədir. Biri var ki, sən hadisələri kitabda oxuyasan, filmdə görəsən, biri də var, canlı iştirakçısı olasan. Bax bunları nəzərə alıb, biz 2004-cü ildən başlayaraq bu mövzulara ayrıca yanaşma göstəririk və bu sualları elə qoruyuruq ki, hansısa hadisələr abituriyentlərin emosional vəziyyətinə təsir göstərməsin. Nisbətən az tanış olan dildə yazılan suallara gəlincə, abituriyentlər özləri sərbəst olaraq imtahan vermək istədiyi xarici dili seçir. Mədəni cəhətdən qeyri-məqbul sualların bir qismi isə dünyada qəbul olunan ümumi meyarlar əsasında qiymətləndirilir. Bununla bağlı milli mentalitetimizə aid olan müəyyən məqamlar mövcuddur. Tutalım ki, biologiya fənnindən insanın anatomiyasına aid müəyyən suallar var. Bəzən həmin mövzu ilə bağlı sualları biz imtahanda istifadə etmirik. Halbuki, elmi nöqteyi-nəzərdən və proqram üzrə abituriyentlər bu sualları bilirlər. Amma o sualların imtahan zamanı təqdim olunması hansısa hisslər yarada bilər. Ancaq qeyd edim ki, bütün dünyada imtahan zamanı bu suallar abituriyentlərə təqdim edilir. Digər bir məqama da toxunum, məsələn Amerikada qara insan sözünü işlədəndə bu, qeyri- mədəni ifadə kimi qəbul edilir. Onlar Afro-amerikalı sözündən istifadə edirlər və bu korrekt hesab olunur. Biz ümumiyyətlə, sual seçimində ölkəmizin islam dini ilə əlaqədar ənənələrini, milli mentalitetimizin xüsusiyyətlərini nəzərə alırıq. Əgər belə olmasaydı, sual kitabçaları paylanan kimi bizə dərhal irad tutulardı ki, bu sual abituriyentlərin hisslərinə mənfi təsir göstərib.

- Qiymətləndirmə sisteminin bütün abituriyentlərə eyni dərəcədə, bərabər şəkildə tətbiq edilməsi ilə əlaqədar nə deyə bilərsiniz?

- 1994-1995-ci illərdə bu məsələ xüsusilə aktual idi. Həmin vaxt müəyyən qüvvələr çalışırdılar ki, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar üçün qəbul zamanı hansısa güzəştlər olsun. Biz həmişə onun tərəfdarı olmuşuq ki, bütün qrup abituriyentlər üçün sistem eyni, bərabər şəkildə tətbiq edilsin. Belə abituriyentlərə, onların ailələrinə kömək üçün təhsil haqqını dövlət ödəyə bilər, onlar üçün xüsusi təqaüdlər ayrılar. Sosial nöqteyi-nəzərdən hansısa kömək göstərilə bilər. Məsələn TQDK tərəfindən dərc olunan vəsaitlər qaçqın və məcburi köçkün məktəblərinə pulsuz paylanır. Həmin məktəblərin məzunları üçün pulsuz sınaq imtahanları keçiririk. Amma bilavasitə müsabiqə zamanı hansısa qrup abituriyentlərə üstünlük vermək, onlar üçün ayrı bir sistem tətbiq etmək qeyri- mümkündür. O zaman bu sistemin bütövlüyü tam pozular. Bundan başqa Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələrinə də ali və orta ixtisas məktəblərinə qəbul zamanı müəyyən güzəştlər edilməsi ilə bağlı müraciətlər olunurdu. Maddi vəziyyəti, səhhəti ilə bağlı problemi olan vətəndaşlar da bəzən belə müraciətlər edirdi. Biz belə müraciətlərə biganə qala bilmirik və hər zaman köməklik göstəririk. Jurnallarımızı və digər vəsaitləri təmənnasız olaraq çatdırırıq onlara. Amma balların hesablanmasında, müsabiqə vəziyyətində heç bir güzəştdən söhbət gedə bilməz.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2009.- 19 iyun.- S.4.