QHT-lərin forumu keçirildi
Dünən Vətəndaş
Cəmiyyətini Müdafiə Komitəsinin təşkilatçılığı
ilə QHT rəhbərləri, millət vəkilləri,
partiya sədrləri və politoloqların iştirakı ilə
"Qeyri-hökumət təşkilatları (ictimai birliklər
və fondlar) haqqında" qanuna əlavə və dəyişikliklərin
müzakirəsinə həsr edilən forum keçirilib. Respublikaçı
Alternativ Vətəndaş Birliyinin sədri Erkin Qədirli
bildirib ki, "Qeyri-hökumət təşkilatları
haqqında" qanuna əlavə və dəyişikliklər
hüququ baxımından yolverilməzdir. Onun sözlərinə
görə, yeni 9.5-ci və 16.3-cü maddələri üzrə
təklif edilən əlavə və dəyişikliklər
QHT-lərin dövlət qeydiyyatına alınmasını
ciddi şəkildə çətinləşdirir: "Bundan əlavə
müvafiq maddəsinə edilən təkliflər QHT-lərin
yaradıldığı ərazidən kənarda fəaliyyətinin
subyektiv şərtlərlə məhdudlaşdırır".
Hüquqşünas qeydiyyatdan keçməyən QHT-lərin
800-1000 manat cərimə olunması, vətəndaşlığı
olmayanların inzibati qaydada ölkədən
çıxarılması ilə bağlı təkliflərin
də birləşmək azadlığına zidd olduğunu
vurğulayıb: "Qanuna əlavə edilən 10.4-cü
maddə ilə ictimai birliyin dövlət qeydiyyatından
sonrakı 30 gün ərzində üzvlərinin reyestr məlumatlarını,
reyestrdəki dəyişikliklərlə bağlı məlumatları
isə 15 gün müddətində müvafiq icra hakimiyyəti
orqanına verilməsi tələbini müəyyən edir. Layihə
hüquq sisteminin təməl prinsiplərinə zidd olaraq yeni
cəza növü müəyyənləşdirir. Layihədəki
təklifə görə, hər hansı QHT-nin fəaliyyəti
bu və ya digər səbəbdən ləğv olunursa, onun
təsisçisinə 5 il müddətində yeni QHT yaratmaq
qadağan edilir. Bu isə şəxsi məsuliyyət prinsipinə
ziddir. Eyni zamanda ümumrespublika QHT-si olmaq üçün
ölkə ərazisinin üçdə birində filial
yaratmaq şərtinin və vətəndaşlığı
olmayan şəxslərin QHT təsis etməsinin qadağan
olunması da birləşmək azadlığına ziddir. Regional
QHT olmaq üçün 3 inzibati ərazidə filialın
olması şərtinə gəlincə isə Azərbaycan
unitar dövlətdir və təklif olunan bu müddəa ərazi
vahidliyinin tənzimlənməsi prinsipinə zidd hesab
edilir".
Hüquq və
İnkişaf ictimai Birliyinin sədri Hafiz Həsənov
bildirib ki, əgər QHT-lərin qeydiyyatı sərtləşdirilirsə,
o zaman qeydiyyat şərtləri
asanlaşdırılmalıydı. Onun sözlərinə
görə, QHT-lərin qeydiyyata alınması
üçün müvafiq icra hakimiyyətindən
sorğuların alınması nəzərdə tutulur: "Həmin
icra hakimiyyəti orqanı MTN də ola bilər. Bu isə QHT-lərin
qeydiyyata alınmamasına şərait yaradacaq. Bundan əlavə
layihədə nəzərdə tutulan keçid müddəası
qanunun geriyə şamil olunmasına şərait yaradır
ki, bu da hüquqi baxımdan yolverilməzdir. Hesab edirəm ki,
təklif edilən layihə QHT-lərin fəaliyyətinə
mane olacaq, maddi imkanlarını azaldacaq, ciddi dövlət
müdaxilələrinə şərait yaradacaq, vətəndaş
cəmiyyəti təsisatlarının mövcudluğu
şübhə altına düşəcək".
İqtisadi
Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad
İbadoğlu QHT-lərin ölkənin sosial-iqtisadi həyatındakı
rolu ilə bağlı məruzəsində statistik rəqəmlər
açıqlayıb. O bildirib ki, 2006-cı ilin rəsmi rəqəmlərinə
görə, ölkədə 2500 QHT qeydiyyatdan keçib,
500-ü qeydiyyatsız fəaliyyət göstərir: "1500
təşkilat qeydə alındıqdan sonra fəaliyyətini
dayandırıb, 375 təşkilat layihə həyata
keçirib. Həyata keçirilən 1744 layihəyə 12
milyon 171 min 287 dollar ayrılıb. QHT-lərə Dövlət
Dəstəyi Şurasının ayırdığı maliyyədən
sonra bu məbləğ 15 milyon dollara çatıb. 1 milyon
714 min 354 nəfər bu layihələrdən faydalanıb.
QHT-lərdə çalışan könüllülərin
ümumi sayı 222 min 820 nəfər olub. Təklif olunan dəyişikliklər
qəbul edilsə və xarici donorların fəaliyyəti məhdudlaşdırılsa,
ayrılan bütün xarici yardımlar Ermənistan və
Gürcüstana gedəcək".
Vətəndaş Cəmiyyətini
Müdafiə Komitəsi üzvü Anar Məmmədli iyunun
19-da parlament binası qarşısındakı
aksiyasının yalnız QHT qanununa təklif olunan dəyişikliklər
layihəsi Milli Məclisin gündəliyindən
çıxarıldığı halda təxirə
salınacağını vurğulayıb bilər. Onun
sözlərinə görə, Bakı Şəhər
İcra Hakimiyyəti icazə verməsə də, dəyişikliklər
layihəsini etirazla qarşılayan QHT-lər aksiya keçirmək
qərarından dönmək fikrində deyillər. A.Məmmədlinin
fikrincə, onlarda olan məlumata görə, QHT qanunu ilə
bağlı layihə Milli Məclisin 19 iyun iclasının
gündəliyində olduğu kimi qalır.
Müsavat
Partiyasının başqanı İsa Qəmbər Azərbaycan
Xalq Cəbhəsinin (AXC) yaradılmasının 20 illik
yubileyinin yaxınlaşdığını vurğulayaraq, təklif
edib ki, AXC yenidən bərpa edilməlidir.
BƏXTİYAR