İsveçrədə "Azərbaycana kiçik səyahət" devizi altında tədbir keçirilib

 

İsveçrənin Basel şəhərindəki "Union" mədəniyyət mərkəzində "Azərbaycana kiçik səyahət" devizi altında tanıtım tədbiri keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu ölkədə yeni fəaliyyətə başlamış "Azərbaycanın dostları" Cəmiyyətinin təşkil etdiyi tədbirdə Azərbaycan xalqının tarixi, mədəniyyəti və bu günkü reallıqları, ölkəmizin hər sahədə inkişaf tempi isveçrəli qonaqlara təqdim olunub. Qonaqlar Azərbaycan haqqında bütün bilgilərə böyük maraq göstəriblər. Onların bir çoxu ölkəmiz haqqında ilk dəfə məhz bu tədbirdə eşitdiklərini deyiblər. Gecədə Nizami Gəncəvinin qəzəli Azərbaycan, fars və alman dillərində səsləndirilib, "Tərəkəmə" və "Qaval" rəqsləri isə qonaqların alqışlarının müşaiyəti ilə ifa olunub. Tədbirin isveçrəli iştirakçılarına milli mətbəximizin nümunələrindən ibarət ziyafət verilib.

 

 

525-ci qəzet.- 2009.- 19 iyun.- S.3.