Bütün mübarək, filosof!
HEYDƏR HÜSEYNOV MÜBAHİSƏSİNƏ DAVAM
Hər bir kulturanın
kim(lər)i dahi seçməsi, öz klassiklərindən
kim(lər)ə təslim olması çox əhəmiyyətlidir.
Bu, kulturanın sonrakı inkişafına, milli təlim-tərbiyənin
necə qurulmasına təsir edən amildir. Amma xalq gərək
öz dahisini köhnəltsin də. Dahi - təkcə heykəli
yapılmaq, bütləşdirilmək üçün deyil.
Dahilik -
yaradıcılıqdır. Daha doğrusu,
yaradıcılığın zirvəsidir. Bu məntiqlə
baxdıqda, ilk dəfə təkəri kəşf edən və
yaxud ilk dəfə çaxmaq daşını yonan adam da
öz dövrünün dahisi idi. Müasir dövrdə isə
ortabablıq dəbdədir, bütün dünyada ümumi
cırlaşmaya meyl müşahidə edilir. Bunu hələ
XIX əsrdə ilk dəfə Nitse deyib, XX əsrdə də
dəfələrlə təkrarlanıb.
Heydər Hüseynovun imkanları və bəxtsizliyi
Bəli, Heydər
Hüseynov sıxışdırılıb, təqib edilib, az
yaşamaq məcburiyyətində qalıb və s. Mən də
artıra bilərəm: baza təhsili fəlsəfə
olmayıb (fəlsəfəyə ədəbiyyatdan gəlib),
öz dövründə Avropa fəlsəfəsindəki
yenilikləri izləmək şansı olmayıb (ümumiyyətlə,
o, Qərb fəlsəfəsini dərindən bilməyib, adlar
səviyyəsində məlumatlı olub) əyalətdə
yaşamalı olub və s. və i. Amma bütün bunlar səbəblərdi,
bunlar üçün hamımız məyus oluruq. Bəlkə
də, Heydər Hüseynov talantlı adam olub, o, Qərb
universitetlərinin birində işləmiş olsaydı, hər
şey daha başqa cür ola bilərdi. Amma məsələ
burasındadı ki, Heydər Hüseynov rütbəsinə və
vəzifəsinə görə bu gün hansısa "gənc
fəlsəfə tədqiqatçısı"nın malik
olduğu imkanlardan müqayisə edilməyəcək dərəcədə
artıq imkanlara da malik olub. Bəs bunu hara qoyaq?
Ömrünün
arzusunu "dünya fəlsəfə irsini Azərbaycan dilində
görmək" olduğunu elan etmiş fəlsəfə
akademikimiz özü əsərlərini rus dilində
yazıb! Bunu da "geniş ictimaiyyət"ə
çatdırmaq lazımdır.
"Mən deməsəm
heç kim deməyəcək" (Nitse). Həm də ona
görə ki, mən Azərbaycan fəlsəfə təhsilinin
yetişdirməsi deyiləm, fəlsəfəni "...nə
vaxtsa məhz Heydər Hüseynov tərəfindən əsası
qoyulmuş fakültələrdə, institutlarda" öyrənməmişəm.
Yəni buralarda heç kimə heç bir fəlsəfi
borcum yoxdur.
Azərbaycanın "gənc
fəlsəfə tədqiqatçıları"ndan
danışılır. Hardadı axı onlar? Kimlərdi? Azərbaycanda
heç üç nəfər beləsi yoxdur! Halbuki, Azərbaycanda
mən də bilirəm ki, yaşı 35-in altında olan,
onlarla, bəlkə yüzlərlə fəlsəfə elmləri
namizədi var. Amma onların - heç kim məndən inciməsin
- fəlsəfənin heç "f"sinə də dəxli
yoxdur!
"Haydeggeri yetişdirə
bilmək üçün əvvəlcə onların
mühitini yetişdirmək lazımdır", deyilir. Əlbəttə!
Bunu kim inkar edə bilər?! Amma mühiti yaradan filosof deyil, hələ
"gənc fəlsəfə tədqiqatçısı
heç deyil, dövlətdir, siyasi hakimiyyətdir, elm və təhsil
sistemidir. Əgər bu gün AMEA-nın Fəlsəfə
İnstitutunun elmi işçiləri təqribən 150 AZN məbləğində
maaş alırlarsa, XXI əsrdə iş otaqlarımızda nəinki
kompüter, heç allahın telefonu da yoxdursa, hamı işə
gələn gün əyləşmək üçün
stol-stul da çatışmırsa, ildə bir-iki dəfə
(?) təşkil olunan konfranslarda yalnız "qocaman
filosoflar" söz alıb danışır və "gənc
fəlsəfə tədqiqatçıları" da onlara
fağır-fağır qulaq asırlarsa, elmi məqalələrimizi
çap etdirmək üçün aylarla gözləməli
oluruqsa, aylıq dolanışıq üçün 3-4
ayrı təhsil müəssisəsində dərs demək və
bununla da mütaliə və düşünmək
üçün ən dəyərli olan sərvətimizi -
zamanımızı havaya sovurmaq məcburiyyətində
qalırıqsa, öz şəxsi düşüncəsini
adda-budda səsləndirəndə də dərhal milli irsi
inkar eləməkdə, oxumamaqda, hazırlıqsız olmaqda
günahlandırılırıqsa, mində bir əmələ
gələn təsadüfi elmi diskussiyalarda
böyük-kiçik subordinasıyasına əsasən
susduruluruqsa, hansı mühitdən danışmaq olar?! Və
bu mühiti kim yaratmalıdır?
Tədqiqatçı, yoxsa təşkilatçı?
Heydər Hüseynovu tənqid
etmək üçün onu Haydeggerlə müqayisə eləməyi
birinciyə qarşı ədalətsizlik sayıram, mən
"Dahilərin divanı" efirində də onları
müqayisə etməmişəm. Çünki belə bir
müqayisə, ümumiyyətlə, kökündən
yanlışdır. Buna görə də, mən polemikanı
Haydegger-Heydər Hüseynov müqayisəsi üzərində
qurmağı qüruruma yaraşdırmıram.
Heydərhüseynovçuluq nədir?
Qərb fəlsəfəsində,
məsələn, Kant irsinin davamçılarını
neokantçılar, Marks irsinin davamçılarını
Frankfurt məktəbi (bu məktəbə daxil olmayan Althusser,
Qramşi kimi marksistlər də var), Husserl irsinin
davamçılarını fenomenoloqlar kimi
tanıyırıq və s. Azərbaycan kimi bir yerdə hətta
Axundovçu olmaq da, Asif Ataçı olmaq da müəyyən
mənada başadüşüləndi. İndi isə
xahiş edirəm, lütfən, bilən birisi mənə izah
eləsin, bu gün Heydər Hüseynov fəlsəfəsinin
davamçısı olmaq, ümumiyyətlə, Azərbaycan fəlsəfəsində
heydərhüseynovçuluq nə deməkdir? Əks bir sual:
Bəs, Heydər Hüseynov fəlsəfəsini rədd edən
fəlsəfəçinin mövqeyi nədir? Çünki
bir şəxsin Marksı rədd etməsindən onun idealist
olduğunu başa düşərsiniz, Darvini, Axundovu rədd
etməsindən onun dindar olmasını başa düşə
bilərsiniz və s., bəs Hüseynovu rədd edən -
kimdir? Bunları ona görə soruşuram ki, H. Hüseynovun
adı ilə bağlanan milli fəlsəfi irs doğrudan da
varsa, qoy bu açıq-aydın ifadə edilsin.
Bir anlığa təsəvvür
edək ki, UNESCO-nun hansısa bir kataloquna, XX əsrdə Azərbaycan
fəlsəfəsinin səsləndirdiyi 3-4 fəlsəfi
tezisi dünyaya təqdim edəsi olsaq, Heydər Hüseynovun
hansı filosofemasını ingilis dilinə tərcümə
edəcəyik? Heç hansını. Çünki belə
bir filosofema ortada yoxdur! Onda bu bütü niyə
yaradırsınız? Əgər bu, sadəcə tarixə
hörmətdirsə, H.Hüseynovun da müraciət elədiyi
M.F.Axundovun və yaxud H.B.Zərdabinin
yaradıcılığı daha dəyərli, fəaliyyəti
daha böyük qəhrəmanlıq deyilmi?
Mən Heydər
Hüseynovun sadəcə olaraq, ictimai şüura
"görkəmli filosof", "milli fəlsəfi
irsimiz", "dahi" kimi yerləşdirmək cəhdlərinə
etiraz edirəm. Şəxsən mənim üçün söhbət
H.Hüseynovdan getmir. Söhbət milli fəlsəfi irsin necə
və hansı kriterilərlə müəyyən
olunmasından, gələcəyimizin nəyə varis
olacağından gedir. "Öz fəlsəfəmiz"i
öyrənməkdən imtina etmirik. Amma H.Hüseynov "fəlsəfəmizin
özü"dürmü? Soruşuram: Azərbaycan fəlsəfi
fikir tarixindən Heydər Hüseynovu çıxarsaq (o, əslində
orda heç yoxdur da), nə baş verər? Mənim
cavabım: Heç nə. Halbuki dahi - əvəzedilməz
adamdı.
Heydər Hüseynov kimi
bir alimi fəlsəfi araşdırmalara və milli
filosofluğa örnək eləmək Azərbaycanda gələcək
fəlsəfə tədqiqatlarını yanlış yönə
çəkə bilər. Çünki o, ən ciddi
monoqrafiyasını dissertasiya janrında yazıb.
İnterpretasiyasız və transsendensiyasız
icmalçılıq və xülasəçiliklə,
üstəlik siyasiləşmiş fəlsəfəçiliklə
məşğul olub. "Gənc fəlsəfə tədqiqatçıları"
bu əsərə baxıb, fəlsəfi
araşdırmanın bunlardan ibarət olduğunu sana bilərlər.
Əslində H.Hüseynov bununla Azərbaycanda özü də
istəmədən çox zərərli metodoloji ənənənin
əsasını qoyub.
Heydər Hüseynov əsla
fəlsəfə, əqidə şəhidi də sayıla
bilməz. Onun intiharında idraki mövqe toqquşması yox,
sadəcə olaraq psixoloji səbəblər olub. Hüseynov
psixoloji terrorun qurbanıdır. Onun qızı, hörmətli
Sara xanım özü yazır ki, bu intiharın səbəbi
atamın öz ailəsini sürgündən xilas eləmək
istəyi olub.
Repressiya
qurbanlarının sırası çox müxtəlifdir. Onların
arasında Ə.Qarayev, R.Axundov kimi bolşeviklər,
inqilabçılar da var, M.Müşfiq, H.Cavid kimi bu işlərdən
tamamilə uzaq günahsız şairlər də. Lirik
şeirlər yazan 30 yaşlı Müşfiq güllələnir,
amma Müsavat hökümətinin üzvü Üzeyir bəy
sağ-salamat qalır (çünki şəxsən Stalinin
özü "Arşın mal alan"ı bəyənibmiş
- bu məlumatı mənə çox hörmətli professor
R.Bədəlov verib), S.Vurğun sağ-salamat qalır,
C.Qaryağdıoğlu salamat qalır və s. İndi burada
hansı qanunauyğunluqdan, determinizmdən danışmaq olar?
Demək istəyirəm ki, repressiya qurbanları
yaradıcılıqları və fəaliyyətlərinə
görə heç də riyazi dəqiqliklə seçilməyiblər.
Burda böhtandan, şəxsi düşmənçilikdən
tutmuş, kaprizədək ən müxtəlif səbəblər
işləyib. Heydər Hüseynov isə dövrün
ideologiyasına nəinki zidd bir şey yazmayıb (heç sətir
altında da), əksinə, o, hakim ideologiyanın tərənnümçüsü
olub.
Qaldı onun elmi təşkilatçılığına,
təsəvvür edin, heç indinin özündə özəl
universitetlərin akademik azadlığı yetərincə deyil,
o ki qala ötən əsrin 40-cı illərində
Hüseynova elmi təşkilatçılıq
azadlığı verilmiş olaydı. Özü də fəlsəfə
kimi çox strateji bir sahədə. İnandırıcı
deyil. Bu işlər ona sadəcə olaraq
tapşırılmışdı. Bir sözlə, Heydər
Hüseynov nə dahidir, nə də təşkilatçı,
o, sadəcə olaraq, tədqiqatçıdır, özü
də zəif tədqiqatçı.
Ümumiyyətlə,
son zamanlar tarixi simalara yanaşmalarda "oğru qəhrəmanlar"
uydurmaq meyli xeyli güclənib. Bu, ümummilli natamamlıq
kompleksindən irəli gəlir. Vaxtilə Sovetin sadiq
qulluqçuları olmuş adamların əsərlərində
və əməllərində guya gizli milli təəssübkeşlik
axtarılır və tapılır. Mən tapılmış
belə "milli" qəhrəmanları "oğru qəhrəmanlar"
adlandırmaq istəyirəm. Yəni onlar tirana qulluq edə-edə
guya millət üçün yaxşı mənada
oğurluqlar da edirlərmiş. Qəhrəman olar Asif Ata kimi,
Elçibəy kimi, Z. Bünyadov kimi və s. Söhbət
onların mövqeyindən, dünyagörüşlərinin
doğru və yaxud yanlışlığından getmir,
söhbət tiranla açıq qarşıdurmanın
olub-olmamasından gedir. Biz özümüzə təsəlli
veririk ki, tirandan olmaya-olmaya, mənəvi ola-ola, tiranın
yanınacan dırmaşa bilmişik və tiranın
barmaqlarının arasından sızan bal damlasını
sıyırıb (özlüyümüzdə:
oğurlayıb) yetimin ağzına sürtməklə
böyük iş görmüş oluruq. Amma unuduruq ki, tiran
bizə necə rişxəndlə gülür. Unuduruq ki,
tiranlar vicdanlılara vicdan rahatlığı sədəqə
verməyi bacarırlar. Heydər Hüseynov da indi kimlər
üçünsə bax belə vicdan təsəllisidir.
"Azərbaycanda fəlsəfi və
ictimai fikrin tarixi"
Bəli, Azərbaycanda fəlsəfə
var, amma üç nəsnənin adı kimi: 1) Universitetlərdə
tədris edilən fənnin adı kimi fəlsəfə, 2)
Kafedranın adı kimi fəlsəfə, 3) Dərsliyin
adı kimi fəlsəfə. Böyük mənada,
axtarış, təfəkkür çevrilişi,
yaradıcı inkar, hermenevtik yenidən-mənalandırma,
kultural özünə-refleksiya kimi fəlsəfə isə
yoxdur. Yalnız bir neçə şəxsin bu istiqamətdə
dəyərli cəhdləri olub və var.
Azərbaycanda olmayan fəlsəfənin
tarixi də yoxdur, sadəcə "fəlsəfi fikrin"
tarixi var! Amma nədir bu "fəlsəfi fikir"? Əvvəla,
elmi ədəbiyyatda fəlsəfə tarixi var, fəlsəfi
fikir tarixi yoxdur. Çünki fəlsəfi baxımdan, hər
bir fikir elə "fəlsəfi"dir. Fəlsəfə
yox, fəlsəfi fikir axtarışının nəticəsidir
ki, bizdə hansısa aforizma, yaxud bir az qəliz misra dərhal
"fəlsəfi fikir" kateqoriyasına, onun müəllifi
də "fəlsəfi fikir" tarixinə daxil edilir. "Fəlsəfə"
əvəzinə qeyri-müəyyən "fəlsəfilik"
kriterisi imkan verir ki, istənilən adamdan filosof düzəldə
biləsən. Ayıbdı axı, özümüzü niyə
belə yazıq günə salırıq biz?!
"İctimai
fikir"in sərhədləri isə daha da qeyri-müəyyəndir,
belə ki, bura publisistdən tutmuş, yazıçıya qədər
əlinə qələm keçmiş hər bir mərhumu
daxil etmək olar və bunu edirlər də. Məsələn,
dünyanın heç yerində Şekspir, Dante, Göte kimi
şairləri və yaxud İbsen, Bekket kimi dramaturqları fəlsəfə
(lap olsun fəlsəfi fikir) tarixinə daxil etmirlər. Bizdə
isə Fizuli, Nizami kimi böyük şairlərin, Mirzə Cəlil,
N.B.Vəzirov kimi dramaturqların adları bu tarixə daxil
edilir.
Bütün bu problemlər
ondan yaranır ki, biz hələ fəlsəfənin nə
olduğunu özümüz üçün aydınlaşdırmamışıq.
Buna görə də, kiminsə adını fəlsəfi irsə
(ensiklopediyaya) daxil edəndə onun
icmalçılığı və xülasəçiliyi
bizə yetərli görünür. XX əsrdə "Fəlsəfə
nədir, nə deyildir, nə üçündür, nə
olmalıdır?" kimi suallara cavab verməyə
çalışmayan Qərb filosofu olmadı az qala. Bizdə
isə bu sualı qoymaq mənasız gəlir. Sanki hər
şey hamıya aydın imiş, sanki hər şey birmənalı
imiş kimi.
"Bu, bizim
özümüzküdü" prinsipi üzərində
"milli fəlsəfə" qurula bilməz. Məgər
Sartr fransızdır, yoxsa Yaspers almandır? Husserl yəhudi
idi, nasist rejiminin təqiblərinə tuş gəldi, amma
almanca yazırdı və fenomenologiya məktəbini Almaniyada
yaratmışdı, bu günə qədər də bu məktəbin
ocağı Almaniya sayılır. İndi almandan onların
"milli" fəlsəfələrini soruşsaq Husserli bura
daxil etməzmi?
Bizim fəlsəfə
alimlərimizin əksəriyyətinin milli fəlsəfi irsə
bağlılıqlarında bir psixoloji amil də var: onlar bu
irs hesabına fəlsəfə alimi olublar. M. Ə. Sabir
neçə adamı fəlsəfə alimi edər, ilahi, Nərimanov
neçə adamı fəlsəfə alimi edər?! Azərbaycanda
bu görkəmli şəxslərin "fəlsəfi"
sitatları hesabına fəlsəfə alimliyi dərəcəsi
almış onlarla "filosof" var. Halbuki, filosof olmaq
üçün təkcə alman gənci Kantı və
Hegeli bilməli deyil.
Sonda məni bu sual
düşündürür: Görəsən, Heydər
Hüseynov bütü əslində kim(lər)in yerini doldurmaq
üçün planlaşdırılıb? Bu dişsiz qəhrəman,
bu fəlsəfəsiz filosof kimə lazımdır?.. Hər
halda əla düşünülüb, fəlsəfə əvəzinə
fəlsəfənin surroqatı, filosof əvəzinə Heydər
Hüseynov.
Ağalar MƏMMƏDOV,
AMEA-nın Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunun elmi işçisi,
fəlsəfə elmləri namizədi