Ana bətnində içilmiş ilk son and

 

VƏ YA "PERSONA NON QRATA" ƏSƏRİNİN MÜƏLLİFİ SEYRAN SƏXAVƏTƏ ARZUOLUNAN MƏKTUB

 

Yazıya pozu yoxdur!

Hətta yazılıb, sonra pozulmuş adi bir söz ən azından yazıldığı vərəqin yaddaşında qalır. Deməli, pozu fiziki anlayışdır o, yazını fiziki, yəni hərifi mənada poza bilsə , mənəvi, yəni məzmun etibarı ilə poza bilmir. Çünki həyat maddi mənəvi mövcudluğun vəhdətidir müəyyən həyat prosesləri nəticəsində maddi mövcudluğun mənəvi mövcudluğa, mənəvi mövcudluğun maddi mövcudluğa çevrilməsi labüddür. Bu aspekdən yanaşsaq, onda deyə bilərik ki, varlıq həyatın yazısıdır zaman, varlığın vaxtı çatmış ünsürlərini fiziki cəhətdən həyatın səhifələrindən pozsa da, mənəvi cəhətdən poza bilmir.

Yazıya pozu yoxdur, deyəndə insanlar ta qədimdən alın yazısını nəzərdə tutmuşdur. Alın yazısı mistik təsəvvürlərlə bağlı olsa da, insanın keçdiyi ömür yolu ilə səciyyələndiyi üçün mistik təsəvvürlərdən daha çox mənəvi məzmuna malikdir. Alın yazısı yalnız o zaman mənəvi məzmun daşıya bilər ki, ömür yolunda qazanılanları qismətdə yox, zəhmətdə axtarmağı bacara bilərsən. Bu isə hər hansı ideologiyadan uzaq, son dərəcə milli və bəşəri keyfiyyətləri özündə birləşdirən yüksək əxlaqi və mənəvi tərbiyə tələb edir.

Yazıya pozu olmasa da istedadlı qələm ustası Seyran Səxavətin sənət həqiqətinin, min illərin sınağından çıxmış bu qədim həyat həqiqətinə meydan oxuması, müəllifin bu gözlənilməz, həm də yüksək vətəndaş və sənətkarlıq qayəsi ilə təsvir etdiyi hadisələrin fonunda gəldiyi qənaət sözsüz ki, bir ədəbi hadisə kimi ictimai marağa səbəb olacaqdır. Alın yazısı, elmi və sənəti az məşğul etməmişdir. Qədim yunan və şərq fəlsəfəsindən başlayaraq müasir fəlsəfə elminə qədər çox saylı alimlər tərəfindən tədqiq edilsə də gəldikləri nəticə müxtəlif ideologiyaların fonunda bir mənalı qarşılanmamışdır. Ədəbi mövzu kimi də, öz dühaları ilə dünya ədəbiyyatını yaradan M.F.Axundovun, U.Folknerin, E.Hemenguyenin və bir çox digər görkəmli qələm ustalarının diqqətindən kənarda qalmamışdır. "Aldanmış kəvakib" əsərində hökmdarı xilas etmək üçün onun alın yazısında edilən düzəliş, "Qoca və dəniz" əsərində qoca balıqçının alın yazısı qədər, arzusunda olduğu balığı ovlamaq üçün, çin olmuş yuxusu və "Taleh" əsərində ağasının cəzasından qaçan qulun talehin cəzasından qaça bilməməsi alın yazısı və ondan irəli gələn hadisələrin bədii təsvirinin ən parlaq nümunələridir.

Lakin alın yazısının pozularaq yenidən yazılmasının yüksək sənətkarlıqla bədii ifadəsini verən S.Səxavət "Persona non qrata" əsəri ilə gerçək həyatda keçilməsi mümkün olmayan sədlərin mistik gedişlərlə dəf edilməsi və onun yaratdığı ünsiyyət, habelə həmin ünsiyyətin yaratdığı psixoloji-dramatik situasiyalara nüfuz etmək baxımından mötəbər bir əsər ortaya qoymuşdur. Məsələ ondadır ki, əsərin, uşaq istisna olmaqla digər obrazları təzadlı zamanın və məkanın sakinləridir. Ömürlərinin çox hissəsini sovet ideologiyasının abı-havasında keçirərək və həmin ideologiyanın diqtəsi ilə yazılmış alın yazısı ilə yeni bir zaman və məkanın-müstəqil Azərbaycanın sakinidirlər.

Əsərin qəhrəmanı sakini olduğu yeni zaman və məkanda köhnə zaman və məkanın diqtəsi ilə yazılmış alın yazısı ilə yaşaya bilmir və gerçəkdən yaşadığı həyatda ömrünü davam etdirmək üçün alın yazısını pozmaq qərarına gəlir. Alın yazısı mistik mənada desək bəxt və taleh yazısıdır və onun həmin mənada pozulması qeyri mümkündür. Maraqlı burasıdır ki, əsərin qəhrəmanının alın yazısı zorla yazıldığı kimi, zorla da pozulur. Fiziki mənada pozulmuş alın yazısının yerindən süzülən, tərkib etibarı ilə müxtəlif maddələrin məcmusundan ibarət olan, qanın yerinə onun qəlbinə və damarlarına saflıq və duruluq rəmzi olan işıq seli axır və həmin işıq seli ona yeni bir alın yazısı bəxş edir. Qəlbindən və damarlarından axan işıq seli işıqlı bir yola dönərək onu yeni və həqiqi alın yazısı olan bir uşaqla rastlaşdırır. Uşaq, müəllifin son dərəcə həssas və uğurlu tapıntısı olaraq müstəqilliyimizin uşaqlığı kimi səciyyələnir. Uşaq, köhnə zaman və məkanın sakini olmuş və vaxtı ilə elmi ateizmi təbliğ etməyə məcbur edilərək uşağın məskun olduğu zaman və məkanda yaşamağa çətinlik çəkən babasının təfəkkürünün ağır havasında ürəyi istəyən kimi nəfəs ala bilmir. O, özünün və məqsədinin saflığından yoğrulmuş ovqat arzusundadır. Bax elə uşağın bu arzusuna biganə qala bilməyən müəllif, sənət həqiqətinin xeyrinə min illərin həyat həqiqətində inqilab etmişdir. Müəllifin qayəsi onun son dərəcə vətəndaşlıq qeyrətinə və Vətən sevgisinə əsaslanır. Uşaq təzəlikdir, uşaq saflıqdır! Müəllif bu təzəlik və saflıq fırçası ilə həyatın elə lövhələrini yaradıb ki, orada həyat ana bətnində olan uşaq kimi çapalayır.

Təzəliyi və saflığı köhnəliyin və üfunətin ümidinə qoymaq olmaz. Köhnəlik və üfunət onun saf varlığında münbitlik qazanıb göbələk bitirər. Müəllif hadisələrin gərginliyində bir an da olsun reallığı itirmir. Reallıq ondan ibarətdir ki, həyat həqiqətləri əsərdə qazandığı məziyyətlərlə ideallaşdırılmır və ya acınacaqlaşdırılmır, əksinə, yazıçı təxəyyülündə daha qabarıq görünür.

Müəllif sünilikdən qaçaraq, uşağın arzularına uşaqcasına yox, qüdrətli bir qələm ustası kimi müdaxilə edir, uşağın arzu elədiyi həddə çatmaq üçün yeni təfəkkürlə köhnə təfəkkürün mübarizə meydanını yaradır, inkişafda dialektivkaya və təkamülə üstünlük verir.

Əsərin əhatə dairəsi genişdir. Lakin bu əhatə dairəsinin genişliyi əsərin süni surətdə uzadılmasına yox, əksinə yığcamlığına xidmət etmişdir. Təbiətə münasibət və təbiətin əhatə etdiyi quşlar və digər canlıların aqibəti təsvir edilən hadisələrlə elə bir üzvi vəhdət qazanmışdır ki, bu vəhdət yalnız şəkərlə çayın vəhdəti ilə müqayisə edilə bilər.

Seyran Səxavət əsərində həqiqi bir ideyaya xidmət edir və həmin ideya təbiət və cəmiyyət naminə həyatın ən xırda detallarını belə diqqətdən kənarda qoymur. Çünki həqiqi ideya sağlam bir təfəkkür sistemi olaraq, həyat həqiqətlərinə təsirsiz ötüşə bilməz. O, hadisələri elə bir sənət ələyində ələyir ki, həmin ələkdən süzülən işıq, dünyanın əriş və arğacına vurulan ilmələrin çalarını qövsi-quzehin rəngləri qədər aydın göstərir.

Müəllif təsvir etdiyi hadisələrin əhatə etdiyi hər bir predmetdən belə, onun konkret vəziyyətindən aslı olaraq əsərin məqsəd və məramına xidmət etməsi üçün elə vasitələr seçir ki, ilk baxışda adi görünə bilən detallar müstəsna yaradıcılıq tapıntısına və hikmətə çevrilir və bütün bunlar az qala dünyanın möcüzəsi qədər heyrət yaradır.

Quşların yeri dimdikləməsi adi haldır, lakin öz azadlıqları naminə zorla məhdudlaşdırılmış mühitlərini genişləndirmək üçün dimdikləri ilə yer üzərindən deşik, bəlkə də göylərin çirkləndirilmiş havasını ala bilmədikləri üçün nəfəscik açmaları, əlbəttə ki, qeyri-adi haldır. Quşların bu vəziyyəti müəllifi düşündürür və onların, dünyanı sarsıdan xəstəliyi üçün təbiətin şıltaqlığından daha çox insanların laqeydliyini və biganəliyini lənətləyir.

Adətən plakat və şüarlar uca binaların, göydələnlərin fasadında ən uca yerə vurulur.

Müəllif, uca binalara və göydələnlərə vurulmuş plakat və şüarları həmin binaların alın yazısı hesab etməkdə necə də haqlıdır! Görünür ideoloji cəmiyyətdə yaşayanların bəzilərinin alın yazısı da, elə uca binalara vurulan şüarlar kimi bir şeydir.

Hətta məktəbli ikən söylədiyi şüarın yuxusuna girməsi və həmin şüarın müxtəlif peşə sahibləri tərəfindən oxunub yaddaşlarında qalmaması, məsələnin təkcə alın yazısında yox, həm də unutqanlıqda və yaddaşsızlıqda axtarılması kimi ciddi bir problemə toxunan müəllif, əslində məruz qaldığımız tarixi haqsızlıqları da bu amillərlə bağlayır.

Öz yeni alın yazısı olan, uşaqla qalmaq məcburiyyətində olan əsərin qəhrəmanı, təbii ki, özünə qarşı baba marağını itirən keçmiş ateizm müəllimi üçün "Persona non qrata" olmalı idi. Əslində kiminsə xoşu gəlmədiyi bir adamı "persona non qrata" hesab etməsi o qədər də diqqətə layiq məsələ deyildir. Lakin söhbət, əgər ictimai maraqların toqquşmasından gedirsə, qarşı tərəflər bir-birini inkar edirsə, onda əlbəttə ki, "persona non qrata"da ənənəvi məzmunundan fərqli olaraq daha böyük ictimai məzmun ifadə edəcəkdir.

Göydə uçan quşların, yerdə yeriyən donuzların və suda üzən balıqların göyünə, yerinə və suyuna amansızcasına müdaxilə edən insan, onu canlıların əşrəfi edən ağlını tamahının xidmətinə verəndə unutmamalıdır ki, nə vaxtsa tamahın satqınlığı və xəyanəti onu havadan, qurudan və sudan üç qat hücuma məruz qoya bilər və bu hücum onun ağlını tamahının son tikəsi edə bilər. Bəli, biganəliyi və laqeydliyi ilə fərrari olanlar, tamahları və nəfsləri ilə də satqın və xaindirlər. Bu fərrarilik, satqınlıq və xəyanət cəmiyyətə və təbiətə qarşı olanda daha dəhşətlidir. Müəllifin qənaəti dəqiq və son dərəcədə ibrətamizdir.

Yazıçı təsvir etdiyi hadisələrin fonunda həyatın qabardılmış ictimai, əxlaqi və ekoloji problemlərinin etdiyi və edə biləcəyi fəsadlara diqqəti cəlb etsə də, əsərin sonunda sanki yatmış vicdanları bir daha oyatmaq üçün Cəlil Məmmədquluzadə sayaq gözlənilməz bir vasitə tapır. Bütün dünya sularının bir-biri ilə əlaqəsinin heç kimin vecinə olmadığı kimi, qabardılmış problemlərin də heç kimin vecinə olmayacağını yazaraq, elm və sənət haqqında təsəvvürü olmayanların və bununla da təfəkkür və təxəyyülün fərqinə varmayanların təbirincə yazır, - bu mənim əlimdə heç nədir, qələmdir də ... Yəni sən qələmin qüdrətini nə biləsən, sən onu ancaq cızma-qara vasitəsi kimi tanıyırsan. Qüdrətinə bələd olmaq istəyirsənsə buyur oxu və düşün! Əgər problem yoldursa, düşüncə də yolçudur. Yolçu gedə-gedə yolu tükəndirirsə , insan da sağlam düşüncə ilə problemin sonuna çıxa bilər.

Əsərin dili haqqında düşünəndə elə bilirsən ki, gülün-çiçəyin içinə düşmüsən. Milli varlığımızın ifadəsi olan dilimizin saflıq, duruluq bulağı elə bil Seyran Səxavətin qələminin ucundadır. Təmsil etdiyi millətin məskunlaşdığı coğrafi məkanın təbiəti qədər zəngin, iqlimi qədər rəngarəng bir dilin söz çalarlarından milli və bəşəri fikir və düşüncələrinə biçdiyi don və həmin dona bürünmüş fikir və düşüncələrin gözəlliyini olduğu kimi ifadə etmək şəxsən mənim üçün çox çətindir. Çətin olsa da belə bir gözəlliyin yaradıcısı olan Seyran Səxavətin yaratdığı gözəllik haqqında söz deməmək də mümkün deyildir.

"Persona non qrata" əsəri məzmun, əhatə dairəsi və sənətkarlıq baxımından təkcə milli ədəbiyyatımız üçün deyil, eləcə də dünya ədəbiyyatı üçün qiymətli tövhədir. Onun tərcümə edilərək dünya oxucularının ixtiyarına verilməsi həm ədəbiyyatımızın, həm də dünya oxucularının xeyrinə olardı.

Hamı həyatda and içir. Lakin içilən andın məqamı, yeri və məqsədi onu içənlərin özləri və xarakterləri qədər fərqlidir. Mənə elə gəir ki, Seyran Səxavət digərlərindən fərqli olaraq ilk və son andını ana bətnində içib və həmin and onun ömür, sənət və taleh yoludur!

Sözardı: Mən Seyran Səxavətin yaradıcılığı ilə 70-ci illərdən tanış olsam da, özü ilə şəxsən tanış deyildim. İlk şəxsi tanışlığımız mənim onun "Bəhanə" romanı ilə əlaqədar "525-ci qəzet" in 16 may 2009-cu il tarixi şənbə nömrəsində dərc olunan "Bəhanə" romanının müəllifi Seyran Səxavətə "Bəhanəsiz məktubun"dan sonra yarandı. Bu yazı da onun digər bir gözəl əsəri - "Persona non qrata" ilə bağlı müəllifə arzuolunan növbəti məktubdur.

 

 

BABƏK ARUSLU

 

525-ci qəzet.- 2009.- 20 iyun.- S.28.