Ədəbiyyat qəzetlərinin mənzərəsi ya bir səhifəlik təəssüf

 

Rəsmi və dəbdəbəli girişə ehtiyac duymuram. Əhatəli, hərtərəfli mövzu olsa da mətləbə dolayı yollarla yox, birbaşa yəni mətnin içindən yol salmağa çalışacam.

Əbəbiyyat haqqında ictimai rəy formalaşdıran qəzetlərin səviyyəsini, üzərinə düşən vəzifələrə "kəmiyyət sindromu" prinsipi ilə yanaşmasını onsuz da halı xarab olan ədəbiyyatın ağır durumuna xəyanət töhfəsi kimi də qəbul etmək olar. Bunu görmək üçün sadəcə həmin qəzetləri vərəqləmək, materiallarla tanış olmaq yetərlidir. Müasir Azərbaycan ədəbiyyatını təmsil edən qəzetlər haqqında dəfələrlə səslənən tənqidlərə baxmayaraq, üzərinə məsuliyyət düşən şəxslərin ya bilərəkdən, ya da çarəsizlikdən yaxasını kənara çəkməsi cəmiyyətdə ədəbiyyat haqqında formalaşan yanlış təssəvvürlərin miqyasını daha da genişləndirib. Təbii ki, bunun obyektiv və subyektiv səbəbləri olsa da, məni, bizi və ümumilikdə oxucunu qətiyyən maraqlandırmır. Daha dəqiqi, oxucunu iş prosesi yox, nəticə maraqlandırır. Əgər nəticə haqqında danışmağa dəyərsə...

Üzərinə ədəbi qəzet vəzifəsini götürən "Proloq" , "Yazar", "Yeni Nəfəs", "Ədəbiyyat qəzeti", "Ədəbiyyat naminə", "Bizim söz" və başqa nəşrlərin biri digərindən bir boy böyük olan qeyri-peşəkarlığı və ədəbiyyat adına dəxli olmayan yazıların səviyyəsi , oxucu marağına hesablanmaması bu yazını yazmağıma səbəb oldu. Təbii ki, uzun müddət apardığım müşahidələr hesabına.

Müəyyən fasilələrlə dərc olunan yeddi-səkkiz qəzetin yalnız üçü haqqında yazmaq niyyətindəyəm - "Yazar", "Yeni nəfəs" və "Ədəbiyyat qəzeti". Sözügedən digər qəzetlər barədə eyni fikirdə olsam da, ya vəlvələdən, ya da zəlzələdən, onları köşklərdə tapmaq mümkün olmadı. Ən dəhşətlisi budur ki, satıcılar özləri də "Ədəbiyyat" qəzeti istisna olmaqla bu nəşrlərin adını bilmirlər. Bəziləri, "deyəsən, nə vaxtsa gəlirdi" deməklə faydasız müştərisini başından edib, əlavə suallar eşitməmək üçün üzünü yana tuturdu.

Öncə nəşr tarixi uzağa getməyən "Yazar" haqqında.

 

Pis fotoalbom, ondan da pis mətn seçimi...

 

Bir müddət öncə qəzetin təsisçisi və baş redaktoru Yafəs Türksəsin "gənc yazıçı əsl ədəbiyyat qəzetini oxumalıdır" deyib də çantasındakı bir yığın qəzetdən birini şəstlə mənə hədiyyə etməsi ilə başlayan tanışlığımız elə yerindəcə "Yazar" qəzetilə də tanışlığıma səbəb oldu. Əlbəttə, Yafəs bəyin "əsl ədəbiyyat" ifadəsini qəzetin yanına qondarmasını elə ilk baxışdaca gördüm. Amma buna baxmayaraq, hədiyyəsinə qəzetini gənclərin üzünə təmənnasız (!) açıq elan etdiyinə görə minnətdaram. "Yazar" qəzetində tərcümə mətninə rast gəlinməsə , "ədəbi tərcümə" ifadəsinin hansı səbəbdən işlədilməsi müəmmalıdır. Amma bu qüsur məsələnin ən yüngül tərəfidir. Qəzetin birinci səhifəsindəki şəkillər əsl fotoalbom təəssüratı bağışlayır. Qeyri-peşəkar keyfiyyətsiz dizayn işi qəzetin ilk səhifəsindəcə içindəki mətnlər haqqında oxucuda ilkin təəssüratları yaradır. Baş redaktorun müavini Kənan Hacının şəklinin üstünə yazılan 10-11-13 rəqəmləri səhifələrin sayını göstərir şübhəsiz ki, Yafəs Türksəsin müəllif sarıdan korluq çəkməsinin bariz nümunəsidir. Kənan Hacının yazılarının dəyəri onun dörd səhifəni zəbt etməyinə bəraət qazandırsa da, dördüncü beşinci səhifələrdəki qalstuklu bir müəllifin təmsilləri, deyəsən, heç dördüncü beşinci sinif şagirdləri üçün nəzərdə tutulmayıb.

 

  Qorxuzmuş idi

   Yamanca şallaq,

   Ayı səhnədə

   aşdı mayallaq.

 

Yafəs bəy ayının mayallaq aşması haqqında olan iki səhifəlik təmsilləri yaxşı olardı ki, "Bala dili", yaxud "Cırtdan" uşaq jurnallarına təkrar nəşr üçün təqdim etsin. Amma müəllifin adını yazmağı unutmasın. Müəllifin şəklinin altındakı birinci təmsilin adı "Xəyanət" olduğundan ilk baxışdaca oxucuda imza ilə eyni assosiasiya doğurur. 12-ci səhifədəki şair Əjdər Olun şəkli böyük formatda - az qala səhifənin yarısını tutsa da, şeirlərdəki imza Rafiq Hümbətə məxsusdur. Bilmək olmur, Yafəs bəy imzanı səhv yazıb, yoxsa yarım səhifəlik şəkli gözdən qaçırıb?!. Hörmətli baş redaktorun 55 illik yubileyi ilə əlaqədar verdiyi müsahibəsindəki təzə aldığı toyuqları haqqında məlumat almaq üçün mütləq müsahibəni oxumaq lazımdır.

Qəzetlə tanışlıqdan sonra son səhifədəki yaradıcı kollektivin adlar siyahısında istedadlı tənqidçi Əsəd Cahangirin adını görəndə təəssüfqarışıq təəccübüm daha da çoxaldı. Baş məsləhətçi vəzifəsində olan Əsəd Cahangirin bu səviyyədə qəzetə məsləhətçi olması məndən ötrü sadəcə qaranlıq məqam idi. "Körpü" jurnalının bir məqaləsinə belə dəyməyən qəzetə məsləhət ümün vaxt ayırmaqdansa dərginin növbəti sayını oxucuların ixtiyarına vermək ədəbiyyat üçün görülən faydalı işlərdən olardı.

 

Yeni olmayan Nəfəs

 

Mübariz Məsimoğlunun baş redaktorluğu ilə nəşr olunan "Yeni nəfəs" qəzetinin ədəbi dəyərinin "Yazar" ilə müqayisədə üstünlüyü danılmaz faktdır. "Yazar"dakı qeyri-peşəkar dizayn işi bu qəzet üçün xarakterik olsa da, bura köhnə üslublu mətn başlıqları və zövqsüz rəng seçimini də əlavə etmək lazım gəlir. Qəzetdəki mətn seçimi maraqlı, sahəvi və rəngarəng olması təqdirəlayiq olsa da, korrektura işinin yarıtmazlığı maraqlı mətnləri də dəyərdən salır. Düzdür, bu, baş redaktor Mübariz Məsimoğlunun "Vaqif Bayatlı Odər, yaxud Göy adamının Yer həyatı" yazısında özünü göstərmir və güman ki, Mübariz müəllim öz yazısından başqa qəzetdəki digər materialların korrektə işi ilə maraqlanmağı lazım bilmir. İmran Axundov adlı müəllifin Barat Şəkinskaya haqqındakı bir səhifəlik yazısı başdan-başa korrektura xətaları ilə doludur. Məsələn, bir neçə cümləyə nəzər salaq: "Barat xanım Şəkinskaya İbrahim xanım nəslindəndir. İbrahim xanım arvadlarından biri Cavab xanım qızı olub. İbrahim xanım arvadlarından biri isə açar kinyazı Abaşidzenin bacısı olub. Şəkinskaya nəsli Abaşidzedən gəlb... Barat Şəkinskayanın zatirimdə səhnə həyatı ilə bağlı olan xatirələr yaşayırdı... O zamanlar çox acır ağlıq illəri idi". Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur.

Qəzetin 13-cü səhifəsini "poeziya" adlandırıb Bakir Əli Misiroğlunun şeirlərini dərc edəndə baş redaktorun hardansa yadına düşüb ki, tanınmış aktrisa Demi Murun dişləri tökülüb. Daha doğrusu Lent.az internet saytından məlumatı götürərkən son səhifəni "Camış əti"nin (hekayə) və aforizmlərin ixtiyarına verdiyindən poeziya səhifəsini ən münasib yer bilib. Amma "Nobel" ödüllü Orxan Pamukun hindistanlı sevgilisi Kiran Desaini də yaddan çıxarmayıb. Qəhrəmanlıq, cəsarət, mərdlik və qorxaqlıq haqqında olan hikmət çələngi də Demi Murun "tökülmüş dişləri" ilə bir səhifədədir.

"Ədəbiyyatın həqiqi yolu və ədəbi mühiti saflaşdıran qəzet" kimi pafoslu şüarla çıxış edən "Yeni Nəfəs"in növbəti saylarını göstərilən qüsurlardan uzaq, adı kimi Yeni Nəfəsli olmağını istərdim.

 

Sadəcə "Ədəbiyyat qəzeti"

 

75 illik nəşr tarixi olan "Ədəbiyyat qəzeti" haqqında yazmaq, şübhəsiz ki, çətin və məsuliyyətli bir işdir. Qəzetin keçmişi haqqında yazmaq, keçdiyi yolu vərəqləmək niyyətindən uzağam. Mənim üçün maraqlı olan "Ədəbiyyat qəzeti"nin üzərinə düşən vəzifələrin öhdəsindən hansı səviyyədə gəlməsidir. Əvvəlcə ondan başlayaq ki, qəzetin fəaliyyəti, səviyyəsi dəfələrlə sərt tənqid edilib. Bildirilən iradlara, səslənən tənqidlərə baxmayaraq, burada nəyinsə dəyişdiyini, qəzetin bədii səviyyəsində irəliləyiş olmasını görmürük. "Ədəbiyyat qəzeti" hələ də köhnə nəfəsini, köhnə üslubunu əziz-xələf kimi qorumağı qarşısına məqsəd qoyub və belə gedərsə, uzun müddət onda hansısa dəyişiklik görməyəcəyik. Ən dəhşətlisi və acınacaqlısı budur ki, ədəbi mühitdəki nüfuzunu, dəyərli müəlliflərini getdikcə itirən qəzet səhifələrini informasiya tipli məqalələrlə doldurmaq zorunda qalıb. Məsələn, 12 iyun sayında informasiya tipli 10 məqalə dərc edilib və bütün yazılardakı yorucu üslub, pafos, çıxışçıların bütün danışığının təfərrüatı ilə verilməsi oxucunun haqlı olaraq bezməsinə gətirib çıxarır. A.Əbilov imzalı müəllifin "Ulduz" jurnalı haqqındakı informasiya yazısını gərəksiz mötərizələrin əlindən birnəfəsə oxumaq mümkün deyil. S.Hüseynoğlunun məqalələrinin oxunaqlı, axıcı dili olsa da, "kəmiyyət sindromu" ilk baxışdaca oxucuya yazıdan kənar qaçmağı, olsa-olsa, sadəcə ötəri nəzər salmağı "məsləhət görür". Qəribədir ki, "Ədəbiyyat qəzeti"ndə gənclərin marağına hesablanan, diqqət çəkən çox az sayda yazılara rast gəlinir. Baş redaktor Ayaz Vəfalı sanki məqsədyönlü şəkildə bu qəzeti yaşı yetmişi keçən insanlar üçün nəzərdə tutub. Bəlkə qəzetin manşetinə nə vaxsa belə cümlə çıxarmaq lazım gələcək: "Yaşı yetmişdən aşağı olan şəxslərin oxuması tövsiyə edilmir".

Növbəti yazı digər ədəbiyyat qəzetləri haqqında olacaq.

 

 

Cavid ZEYNALLI

 

525-ci qəzet.- 2009.- 20 iyun.- S.22.