"Rasimi axtarın, Söz lazım olsa..."

 

ŞAİR RASİM KƏRİMLİNİN YARADICILIĞI "DÖZMƏK OLMUR AYRILIĞA" KİTABINDA TOPLANIB

 

Dünən Muğam Teatrında mərhum şair Rasim Kərimlinin "Dözmək olmur ayrılığa" kitabının təqdimatı keçirilib. Təqdimat mərasiminin aparıcısı, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev Rasim Kərimlinin maraqlı həyat yolu, zəngin yaradıcılığı barədə ətraflı çıxış edib. Sonra professor Camal Mustafayev, xalq şairi Zəlimxan Yaqub, şair İlyas Tapdıq söz alaraq, kitabın ərsəyə gəlməsində rolu olanlara təşəkkürlərini bildirib, Rasim Kərimlinin poetik irsinin xüsusiyyətlərindən, şairin bir insan kimi məziyyətlərindən danışıblar.

Ustad xanəndə, xalq artisti Əlibaba Məmmədov uzun illər Rasim Kərimli ilə yaradıcılıq əlaqəsi saxladığını, onun bir neçə şeirini mahnı mətni kimi seçdiyini, muğamlar üstə oxuduğunu məmnunluqla vurğulayıb. Xanəndə bu mahnıların çox sevilməsinin səbəblərindən biri kimi onların mətninin gözəlliyini, sözlərinin dəyərini xüsusi qeyd edib.

Tədbirdə tanınmış sənətçilərin ifasında Rasim Kərimlinin sözlərinə yazılmış mahnılar səsləndirilib, qiraətçi İlham Abbasov şairin yaradıcılığından nümunələr söyləyib.

"Dözmək olmur ayrılığa" kitabının işıq üzü görməsinin təşəbbüskarı millət vəkili Qənirə Paşayevadır. Q.Paşayeva çıxışında Rasim Kərimli yaradıcılığından rəğbətlə söz açaraq, hələ erkən yaşlarından onun şeirlərini sevdiyini və bir çoxunu əzbər bildiyini açıqlayıb. Millət vəkili bu kitabın nəşrini mərhum sənətkarın ruhuna ehtiramın ifadəsi kimi dəyərləndirib.

Xatırladaq ki, R.Kərimlinin imzası yaddaşlardan silinməyən neçə-neçə şeirin, mahnı mətninin müəllifi kimi xüsusən bugünkü yaşlı və orta nəslin nümayəndələrinə yaxşı tanışdır. Onun şeirləri dövrün ən mahir muğam ustalarının -Əlibaba Məmmədov, Arif Babayev, Səxavət Məmmədovun ifalarında səslənərək, xalq arasında məşhurlaşıb. Şairin bir çox misraları indi də dillər əzbəridir. "Dözmək olmur ayrılığa, Bircə bizə gələydin kaş", "Ömürdən saymıram qalan günləri, Oduna yandığım gündən savayı", "Nə yaxşı, dünyada yaxşı var imiş, Yoxsa tərk olardıq yaman əlindən", "Bəlkə əcəl bu dünyada səndən ayrı sala məni", "Ömür möhlət versə, bir gül dərərəm, Tikan budağına qonmaram daha", "Hər bir kəsi öz donunda görənləri min yaşasın" və digərləri bu cür seçmə misralara nümunədir.

"Dözmək olmur ayrılığa" şairin əvvəllər çap olunmuş 5 kitabı əsasında tərtib edilib. Müəllifin əsərləri kitabda "Gəraylılar", "Qoşmalar", "İthaflar", "Satirik şeirlər", "Təmsillər", "Dördlüklər", "Bayatılar" və "Lirik poemalar" adı altında toplanıb.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2009.- 20 iyun.- S.23.