Yoxlanılmamış xəbərlərə görə...
VƏ YA DİPLOMATİK SÖHBƏT
Oxuyacağınız bu yazı heç bir müsabiqəyə təqdim
olunmaq üçün
yazılmayıb. Rəşad
Məcidin xətrinə
yazılıb
Bu minnətli girişdən
sonra deyim ki, çevrəmdə hər kəsin həvəslə
bir işin qulpundan yapışdığına baxıb da, hər
tərəfdə qızğın yaradıcılıq
işlərini izləyib də özümün niyə tənbəlləşdiyimə
heyrətlənirəm, həm də utanıram. Yəni məmləkət
qaynar qazankən, hamı öz potensialını realizə etməyə
bir yer tapmışkən mən niyə tüfeyli olmuşam? Özü
də baxıb görəndə ki, hər tərəfdən-
sağdan, soldan istedad, bilik, elm, savad, təcrübə
fışqırır, aşıb-daşır, lap xəcalət
çəkirsən.
... Bu xəcalət hissləri
ilə çabalayarkən telefon zənginə cavab verməli
oluram. Telefon açan Rəşad Məcidin
xanımıdı. Hal-əhval tuturuq, söhbətləşirik.
Bir az keçmiş Rəşadın özündən SMS gəlir,
o da eyni sualları verir.
- Depresyondayım -
cavabını verirəm. - Aldatıldım, unutuldum - deyirəm...
Rəşad da, təbii
ki, kefimi açmaq üçün bəzi tanınmış
adların mənim imzamın niyə görünmədiyinin səbəbini
xəbər aldıqlarını yazır mənə. Bu da
xoşdu, təbii, amma az keçmiş bir başqa dostumdan da
mesajlar gəlməyə başlayır və mən bu
suallarda da Rəşadın dəst-xəttini, üslubunu hiss
edirəm. Deməli, Rəşad Məcid məni depresyondan
çıxarmaq üçün, məni özümlə barışdırmaq
üçün diplomatik yollar arayışındadı və
bunun üçün də müxtəlif ranqlı elçilərdən
istifadə edir.
Elə bir yerdə
yaşayırıq ki, başını saxlamaq istəyirsənsə
mütləq diplomat olmalısan, danışdığın
sözlərə fikir verməlisən, elə
danışmalısan ki, bir Allah bəndəsi də sənin
nə demək istədiyini anlamasın. Odur ki, dövlətimiz
yaranıb formalaşandan gəlmiş-keçmiş baş
diplomatların içində ən parlaq sima indiki xarici
işlər naziri sayıla bilər. Çünki onun nə
dediyindən nəinki biz, hətta özü də baş
çıxara bilmir. Və bu da diplomat üçün vacib
keyfiyyətdi. Rəşadın sadaladığı adların
içində bəzi diplomatların da adı var və mən
də bu gün Rəşadın uğurlu missiyasını
davam etdirərək diplomatiyadan danışmaq istəyirəm.
Ümumiyyətlə, bizim buralarda hər hansı önəmli
kürsüyə oturan adam birinci növbədə
diplomatiyanın sirlərinə bələd olur. Və
gördüyünüz kimi, heç bir sahədə axsama
yoxdu. Sağa baxırsan - düppədüz, sola baxırsan -
düppədüz, yuxarı elə, aşağı belə...
(Deyəsən, mən də diplomat kimi danışmağa
başladım. Dünya gör-götür
dünyasıdı) Həm də bilmirəm kim-kimdən
öyrənib, amma buralara gəlib-gedən xaricilər də
bizim üslubda fəaliyyət göstərirlər. Hər
dövrün öz xarakteristikası var, amma indi
böyük-böyük dövlətlərdən də
adını xəritədə tapa bilmədikləri ölkələrə
həvəslə işləməyə gəlirlər. Səbəbini
özünüz bilirsiniz.
İnsanlar icma, qəbilə
halında yaşayandan savaş tarixi başlayır,
savaşlar başlayandan da diplomatiya gündəmdədir. "Qələbə
çaldığın zaman qazancın məğlub olub itirəcəyindən
çox deyilsə, savaşa başlamağa dəyməz".
Bunu Oktavian Avqust deyib. Deməyinə deyib... Bəzi məsələlər
var ki, antik dövrlərdən bu günə qədər yol gəlir
və dəyişməz qalır. Məsələn,
"Parçala, hökm sür" siyasəti.
Gördüyünüz kimi Amerika da çox
düşündü-daşındı və İranı
müharibəsiz dağıtmaq yolunu tutdu. Bəzən
müharibələr dövləti daha da gücləndirə
bilir. Ruslar II Dünya Müharibəsindən nüvə
silahı ilə çıxdı. Amma sonra
savaşsız-filansız öz içindən
dağıtdılar. İzləyək görək İranda nə
olacaq? Düzdür, bizim üçün hər bir halda
yaxşı heç nə gözlənilmir, qonşunda
yanğın varsa ən azından tüstüdən
boğulma təhlükəsini gözə almalısan. Bizi
birbaşa narahat edən Ermənistan məsələsi isə
hələ Oktavian Avqustun zamanlarından gündəmdədi. Ermənistanın
strateji mövqeyi, burda Roma təsirinin güclənməsi, bir
tərəfdən Mesopotamiya, bir tərəfdən Babilistan,
bir tərəfdən də Parfiya üçün təhlükə
törədirdi. Bütün ticarət yollarının, Qara dənizə
çıxışın, Qafqazın Roma imperiyasının
nüfuz dairəsinə keçməsi İranı narahat
edirdi və erməni çarlığında iki partiya
mübarizə aparırdı. Roma tərəfdarları və
İran tərəfdarları. Romalılar gücləndi, ermənilər
onlardan vassal asılılığı qəbul etdilər. Bugünkü
gündən fərqi varmı, sadəcə dövlətlərin
adları dəyişib.
Bizans
diplomatiyasının tarixi isə bütün dövlətlər
üçün təcrübə mənbəyidi. İmperatorların
sürüşkənmi desəm, çevikmi desəm siyasəti
çox zaman ölkəni dağıdıcı savaşlardan
qoruya bilirdi. Və Bizans öz maraqları naminə müttəfiqlərini
əlcək kimi dəyişdirirdi. Həm də Bizans tarixi ilə
qadınların xarici siyasətə təsiri gündəmə
gəlir. İmperator Yustinianın xanımı Feodora İran
şahı Xosrova yazırmış ki, "İmperator mənimlə
məsləhətləşmədən heç nə həll
eləmir". İndi bu sözlərin altında yatan mənaları
özünüz çözün, maraqlıdı, deyilmi? Ümumiyyətlə,
Bizansın min illik tarixi boyu diplomatik missiyaların önəmi,
dəyəri artır, fəaliyyəti genişlənir, səfir
və səfarətxana anlayışı yaranır. Hətta
İslam təşəkkül tapıb dünyaya yayılanda Əməvilərin
saray siyasətində özəlliklə Bizans, bir az da Sasani ənənələrindən
bəhrələniblər. Müsəlman şərqində
diplomatik missiyalardan uğurla istifadə ediblər. Və gələn
qonaqlara da hörmətlə yanaşıblar, düşmən
ölkələrdən olsa belə. "Quran"da deyilir ki,
elçinin bir vəzifəsi var, deyilənləri
doğru-düzgün ünvanına çatdırmaq. Səlcuqluların
məşhur vəziri Nizamülmülkün "Siyasətnamə"
əsərində elçilik məsələlərinə
aid xüsusi fəsillər var. O yazır ki, bir-birinə
elçi göndərən hökmdarların həm aşkar,
həm də gizli niyyətləri olur. "Onlar bilmək istəyirlər
ki, ölkədə yolların, keçidlərin vəziyyəti
necədi, içməli su varmı, ordu hardan keçə bilər,
ərzağı hardan götürə bilər,
hökmdarın ordusunun, silahlılarının sayı
neçədi, ziyafətləri və toplantıları nə
şəkildə keçirilir, iş növbəti necə
qurulur, ov və oyunlara meyl varmı, hökmdarın mənəvi
siması, xasiyyəti, həyat tərzi necədi,
qulağı və gözü kimdi, adildimi, deyilmi? Cavandı,
ya ahıldı, elmlidi, ya cahil? Ölkəsi çiçəklənirmi,
ya xaraba qalırmı? Xalqı zəngindimi, ya
kasıbdımı? Özü sayıqdımı, ya bivecdimi?
Vəzirləri ləyaqətlidimi, nalayiq adamlardımı? Sərkərdələri
təcrübəlidimi, əyanları savadlı və
istedadlıdımı? Nəyə nifrət edirlər və nəyi
sevirlər? Hökmdar içki içəndə şənlənib
hamı ilə ünsiyyət qururmu? Ciddi, ya yüngülxasiyyətdimi?
Əsgərlərinmi , yoxsa qadınlarınmı arasında
olmağı xoşlayır?" Bunu Nizamülmülk XI əsrdə
yazıb və elə əslində bu gün də hardansa
harasa gələn səfir bu sualların cavabını bilirsə,
ölkə haqqında hər şeyi bilir deməkdir. Bir də
o zamanlardan bu günə qədər gələn bir təcrübə
də var - hədiyyə məsələsi. Rüşvət
də deyə bilərik. Kimdən kimə sualını versək,
o da duruma bağlı.
XV əsrdən etibarən
Avropada mərkəzləşmiş dövlətlərin
yaranması siyasətə "dövlət maraqları"
anlayışını gətirir. Dövlət marağı
isə hakim zümrənin maraqlarına tabedi. Və təbii
ki, bu maraqları cəmiyyətə güc yolu ilə də
yeridirlər. Bu dövrlər dinin siyasətə təsiri
azalır. Və siyasət əxlaq anlayışından
tamamilə aralanır. Əsas prinsip güc göstərisidi.
Məhz həmin dövrdə Makiavelli "Hökmdar" əsərində
yazır: "Nəzərə almaq lazımdır ki,
mübarizənin iki yolu var: biri qanun, digəri güc. Birincisi
insanlara, ikincisi yırtıcılara aiddi. Ancaq birinci yol yetərli
olmayanda ikinci yolla getməli olursan. Buna görə də
hökmdar həm insani, həm də heyvani fəndlərdən
istifadə etməlidir. Əgər hökmdar heyvani fəndləri
öyrənməyə məhkumdursa, onda həm aslan, həm də
tülkü cildinə girməyi bacarmalıdır. Çünki
aslan özünü ilandan qoruya bilməz, tülkü isə
canavardan qorxur. Deməli, ilandan qaçmaq üçün
tülkü, canavarı əzmək üçün isə
aslan olmalısan. Hökmdarın o qədər çevik
düşüncəsi olmalıdır ki, taleyin gərdişindən,
zamanın hökmündən gələn cərəyanları
ötüşdürə bilsin. Əgər
mümkündürsə xeyir əməllərdən, düz
yoldan dönməsin və lazımdısa zalımlıq da edə
bilsin". Yəni anladığınız qədəri bu
prinsiplər də dəyişməz qalır.
Orta əsrlərdə
Avropada diplomatik missiyaların seremonial qaydaları müəyyənləşir.
Bu qaydaların necə icra olunması isə hər hansı
bir dövlətin beynəlxalq aləmdəki xüsusi çəkisi
ilə bağlı olur. Yəni dövlət nə qədər
güclüdürsə, onu bir o qədər təntənə
ilə qarşılayırlar. Həmin dövrdə İngiltərənin
Fransada səfiri olmuş Henri Uotton elçinin
funksiyasını belə açıqlayır: "Səfir
öz ölkəsinin xeyrinə yalan danışmaq
üçün qürbətə göndərilmiş şəxsdi".
Və səfirlər öz ölkələrinin xeyrinə hər
bir yola əl ata bilirlər. Hətta
çalışdıqları ölkənin əyanlarını
da satın ala bilirlər. Eyni zamanda səfirlərə
qarşı da belə üsullardan istifadə olunur. İngiltərənin
zəif olduğu dönəmlərdə kralların məvacibini
fransız monarxları ödəyirmiş. Təbii ki, nəyinsə
müqabilində. Belə bir məşhur hadisəni yada salaq.
Bir nəfər İngiltərə kralı Yakovun yanına gəlir,
ona çox mühüm bir sirr açacağını
söyləyir. Və deyir ki, əyanların böyük əksəriyyəti
rüşvət alıb İspaniyaya casusluq edirlər. Kral bu
sözlərə gülür və deyir ki, "kaş
İspaniya bütün var-yoxunu xərcləyib bizim
hamımızı satın alaydı, onda bizimlə müharibə
eləməyə nə gücü, nə pulu qalardı".
Maraqlı məntiqdi. Görəsən, bizdə də tətbiq
etmək olarmı? Diplomatların ən vacib əməllərindən
biri isə öz dövlətinin maraqları naminə
başqa ölkələri düşmən eləməkdi. Ruslarla
türkləri müharibələrə sövq eləmək
neçə yüzillərdi Avropa diplomatiyasının ən
parlaq qələbəsi sayıla bilər. Yeri gəlmişkən,
nə ruslar, nə də türklər diplomatik fəndləri
avropalılar kimi mənimsəyə bilməyiblər və bu
gün də eyni yolla gedirlər.
Diplomatiya tarixində hər zaman tragikomik situasiyalar çox olub. Hətta böyük münaqişələrə
də gətirib çıxarıb. Macarlar Rus
çarı Aleksey Mixayloviçin
hüzurunda kralın salamını çatdıranda,
Aleksey Mixayloviçin papağını
çıxarmamağı onları
çox əsəbiləşdirib,
çıxıb getməyə
hazırlaşıblar. Sonra onlara başa salıblar ki, Aleksey Mixayloviçin papağı
tacı əvəz edir. Çar isə tacını
heç kəsin qarşısında çıxara
bilməz. Rus-İran müharibələrində
Qriboyedovun acı aqibətini xatırlayırsınız.
Qriboyedov
yekəxanalığından saraya girəndə ayaqqabısını çıxarmırmış.
Oxuduqlarımdan yadımda qalan
ən gülməli hadisə isə gərək ki, XVIII əsrdə Niderlandda baş verib. Rusların və ispanların nümayəndə heyəti
bir körpünün
üstündə qarşı-qarşıya
gəliblər və hər iki ölkənin
nümayəndələri ölkənin
nüfuzunu qorumaq üçün bir-birinə
yol verməyiblər, yəni birinci keçmək istəyiblər.
Körpü dar olduğundan
bir həftə körpünün üstündə
qalıblar, sonra naəlac qalan niderlandlılar körpünü
sökməyə məcbur
olublar.
XIX əsrin əvvəllərindən
diplomatik cərgəyə Amerika Birləşmiş
Ştatları adlanan yeni bir dövlət qoşulur. Addım-addım
hər müharibədən öz xeyrinə istifadə edərək
gəlib bugünkü statuslarını qazanıblar. Və
indi dünyanın hər hansı bir ölkəsində
Amerikanın səfarətxanası kimi ərköyün, hikkəli,
dəbdəbəli ikinci bir yer varmı? Hara ayaqlarını
qoyurlarsa, özlərini oranın ağası kimi aparırlar.
Bax, indi bizdəki səfir öz işini başa vurub
qayıdır. Mətbuatımız isə bir aydı göz
yaşı tökür. Səbəbini bilmirsiniz?
Məşhur bir deyim var
ki, müharibələri hərbçilər başlayır,
diplomatlar isə başa vururlar. Boş söhbətlərdi,
müharibələri başlayanlar da diplomatlardı.
Qızışdırma, qışqırtma məsələləri
ilə hər zaman onlar məşğul olurlar. Baxmayaraq ki,
danışdıqlarından heç nə anlamaq olmur. Deyək
ki, bizim buralara gəlib-gedən diplomatların nə demək
istədiyini başa düşə bilirsiniz? Məlum məsələdir
ki, diplomatik dildə konkret heç nə söyləmək məqbul
deyil. Nə ağa ağ, nə də qaraya qara. Neçə
illər Türkiyənin müxtəlif ölkələrdə
səfiri olmuş, lakin özünü zorən diplomat
adlandıran Yaqub Qədri Qaraosmanoğlu diplomatlar haqqında
yazır: "Onlar bu və ya digər hadisə və əhvalatla
əlaqədar olaraq mütləq rəsmi izahat gözləyirlər.
Halbuki məhz bu rəsmi izahatlar çox zaman həqiqəti təhrif
edir və tanınmaz hala salır. Nəticədə səfir
cənabları oyma naxışlı yazı masası
arxasına keçib məlumat yazmağa başlayanda rəsmi
izahatdan yalnız bu ifadələri yadına sala bilir: "Əgər
təəssüratım məni aldatmırsa...", "Fərz
etmək olar ki...", "Əgər belə demək
olarsa...", "Yoxlanılmamış bəzi xəbərlərə
görə..." və sairə və sairə.
Bu cənabların
davranışında başqa qəribəliklər də
vardır. Özlərini hədsiz dərəcədə
üstün tutduqlarından bəzən səhnədə
hökmdar rolu oynayan aktyorlara, həm də təcrübəsiz
əyalət aktyorlarına oxşayırlar. Başlarına
keçirdikləri tac dəqiqə başı yerə
yuvarlanır, bellərinə taxdıqları qılınc
ayaqlarına dolaşır, süni təşəxxüs ifadəsi
tamaşaçılarda qəhqəhə doğurur. Hələ
bunları rəsmi qəbullarda görəsən. Hər biri
daş bütlərə bənzəyir, onlar nə duyur, nə
də başa düşürlər. Əyinlərindəki
mundir bədənlərinə biçilmiş qəlib kimidi.
Bu qəlib isə qat-qat zirehə bərabərdi. Onları
xarici təsirlərdən elə qoruyur ki, bədənlərinə
güllə də keçirməz, yanlarında top atıla
qulaqları da eşitməz. Əksər diplomatların bir
çox böyük hadisələri ancaq olub-qurtarandan sonra
bilmələrinin səbəblərindən biri də budur. Buna
"parlaq təcrid" siyasəti deyirlər".
Yoxlanılmamış bəzi
xəbərlərə görə, oxucularım arasında
diplomatlar da var. Birdən məndən inciyib-eləyərlər.
Bayaqdan elədiyim söhbətin onlara heç bir aidiyyatı
yoxdur. Ümumiyyətlə, dünyada baş verən heç
nəyin bizə aidiyyatı yoxdur. Sağa baxırsan- düppədüz,
sola baxırsan - düppəduz, bircə mən tüfeyli həyat
keçirirəm, bekarçılıqdan problem axtarıram,
özümdən küsürəm, depresyona düşürəm.
Ondan da Rəşad Məcidin uğurlu diplomatik missiyası sayəsində
qurtuluram. Ağlımla ürəyim arasında saziş
bağlayıram, özüm-özümlə
barışıram.
... Yazı istəyirdiniz, bu da yazı. Özü də diplomatik.
P.S. Bir anonim oxucuya diplomatik şifrə ilə: "Dante qayıtdı"..
İradə TUNCAY
525-ci qəzet.- 2009.- 20 iyun.- S.21.