"Payızım oy, qışım oy..."

 

CAMAL YUSİFZADƏNİN ŞEİRLƏRİ HAQQINDA BİR NEÇƏ SÖZ

 

Poeziyanın payızı, qışı bir şair ömrünün xəzan çağından, qış nəfəsindən duyulur.

 

   Payızın başı üstdən

   Birər-birər qar gəlir;

   Payızım oy, qışım oy.

 

Çoxdan idi belə həzin, kövrək misralarla qarşılaşmırdım. Bir var insanı ağladan, sızıldadan şeirlər, o şeirlər ki, hər misrası vay-şivən üstündə qurulub. Bir də var, içdən gələn ağrı ki, "kövrək qəmin alatoranıyla" (Əli Kərim) hissinə, duyğuna qarışır. O şeirdə sən içində bir payızın xəzəllədiyini, bir qışın əsdiyini hiss edirsən və deyirsən, ay dadi-bidad, "ömür keçdi, gün keçdi". Camal Yusifzadənin son üç ildə "Azərbaycan" jurnalında çap olunmuş (2006, ? 9 və 2009, ? 4) şeirlərini oxuyanda öz ömrümün də payızını hiss etdim. Xoş gəlmisən, PAYIZ!

 

   İndi bilirəm ki, nə itirmişəm;

   Birər-birər günlərim;

   Birər-birər yaşım oy.

   Göy üzündən

   Yer üzünə qar gəlir,

   Kişilikdən danışmaq

   Yaman mənə ar gəlir.

   Ümidi vağam olan

   Torpağım oy, daşım oy!

 

Mən Camaldan yeddi yaş kiçiyəm. Amma o şeirləri oxuyanda özümü onunla həmyaş saydım, elə bil həmin şeirlərin aşıladığı duyğuları, hissləri mən də yaşadım. Beləliklə, Camalın kədəri həm də mənimkidir. Mən də bu şeirləri oxuyub Camalla müdam qocalığın həzin hücrəsinə sığınıram. O hücrədə kimsə yox. Bir üz tutmalı Allahın var:

 

   Bir də uşaq olmaq –

   Bir də böyümək!

   Bir də uşaq olmaq –

   Ta böyüməmək!

   (Bir də böyüməkçin-

  Öləsən gərək!)

   Əfsus ki, böyüdüm –

   Böyüdüm, aman!

   Naməlum sabahdan,

   Gələn günümdən qorxuram yaman!

   Böyüdüm –

   Bir ucu ölümdür daha!

   İzn ver, İlahi, böyüməyim ta!

 

Əlbəttə, bu hisslər hamıya doğmadır, amma çoxumuz ölüm haqqında, dünyanın faniliyi barədə belə nostalji düşüncələrə dalmırıq. İçimizdə ya doğru, ya da yalançı nikbinliklə özümüzə təsəlli veririk. Məncə, Camalın bu tipli şeirlərini kədərli, qüssəli şeirlər kimi yox, fəlsəfi şeirlər kimi qavramaq lazımdır. "Dünya duracaq yer deyil, ey can, səfər eylə" - Nəsiminin bu misrası ilə Camal Yusifzadənin şeirləri arasında kökdən gələn bir bağlılıq var. Biz hamımız yol üstündəyik, səfərdəyik...

Camal Yusifzadə "sonuncu" 60-cılardandır. "Sonuncu", yəni həmin ədəbi nəslin sonuncu uşağı. Fikrət Sadıqdan, Fikrət Qocadan, İsa İsmayılzadədən, Ələkbər Salahzadədən, Abbas Abdulladan, Vaqif Səmədoğludan az sonra poeziyaya gəlib və onların cərgəsinə qoşulub. Ona ilk "uğurlu yol"u o poetik nəslin avanqardı Əli Kərim yazıb. O ədəbi nəslin hər bir üzvü barədə dəstə-dəstə yazılar çıxıb, hətta monoqrafiyalar yazılıb, amma Camal çox zaman yaddan çıxıb. O nəsildən yaşı 70-i adlayanlar da var (Fikrət Sadıq, Fikrət Qoca, bir neçə gün əvvəl Vaqif Səmədoğlu), yetmişə çatmayanlar da. İsa öz yetmiş yaşını görməyəcək (Allah rəhmət eləsin!), Ələkbər, Tofiq Abdin, Abbas Abdulla və Camal isə 70-i haqlamaqdadırlar. İlahi, illər nə tez gəlib keçdi!.. 60-cılar indi baba olublar (elə ədəbiyyatda da babadırlar), hanı o arıq, amma üz-gözündən fırtınalar çağlayan gənc Fikrət Qoca, hanı ağ "saroçka", qara qalstuk taxıb piano arxasına keçən, cazı təbliğ eləyən, az şeir yazıb çox sevilən gənc Vaqif Səmədoğlu, hanı əsasız cavan Fikrət Sadıq? Hanı lopabığ cavan Abbas Abdulla? Hanı cavanca Ələkbər Salahzadə? "Qocalmayan", deyəsən, elə bircə Tofiq Abdindir, bugünkü cığal cavanların "Abisi". Ey gidi dünya...

Deyəsən, bu yazı amansız bir nostaljiyə gəlib çıxdı. Qayıdıram bir az keçmişə və Camal Yusifzadənin, mənim fikrimcə, qocalmayan şeirlərinə. Nə yaxşı ki, insan qocalır, amma şeir qocalmır. Camalın qocalmayan şeirləri ilə üz-üzəyəm. O şeirlərdən biri əlimdən tutub bir ata xatirəsini yaşadan evin qapısını döyür:

 

   Eyvanda çıxardım ayaqqabımı,

   Açdım pəncərəni, açdım qapını,

   Ay qonşu, bu evin yiyəsi hanı?

   Yağış suvağını yuyur bu evin,

   Külək şüşəsini döyür bu evin,

   Sükut hay-küyünü qovur bu evin,

   Zaman taxtasını ovur bu evin,

   Ay qonşu, bu evin yiyəsi hanı?

 

Camal Yusifzadənin "Lənkəran nəğməsi", "Atlılar-qanadlılar", "Ümiddən keçən yol" və "Payızdan gələnlər" şeir kitabları məndədir (daha iki kitabı da çıxıb) və həmin nazik kitablarda onun şair səciyyəsini tam və dolğun şəkildə ifadə edən şeirlər çoxdur. Ümumiyyətlə, onun havaya atılan boş gülləsi olmayıb, nə yazıbsa, ŞEİR olub və bu şeirlərin bir çoxu sözün əsl mənasında POEZİYAya çevrilib. O şeirlərdən biri yenə əlimdən tutub məni naməlum bir əsgərin məzarı üstünə çəkib aparır:

 

   Nə qəribə qaranlıq,

   Nə qəribə sükutdur!

   Ehey, kim var orda,

   Ehey, kimsən orda?

   Hanı mənim avtomatım,

   Şəhər hanı?

   Hanı mənim boz şinelli

   qana batmış qan qardaşım?

   Bura yaman soyuqdur,

   Bura niyə nəm çöküb?

   Adamın ürəyi donur soyuqdan.

   ...Ehey, kimsən orda?

   Dur get, anamı çağır.

 

60-70-ci illərin şeirlərinə xas olan bir çox cizgilər, əlamətlər Camalın şeirlərində baş-başadır. O zaman üçün təzə və təravətli səslənən obrazlar, deyimlər, bədii təsvir vasitələri, assosiativ düşüncə tərzinin ifadəsi olan maraqlı, orijinal bənzətmələr onun şeirlərinin də başlıca məziyyətlərindəndir. Camalın özünəməxsus poetik boyaları, cizgiləri var. Ona Hüseyn Arifə, Məmməd Aslana, Musa Yaquba birbaşa deyiləsi "təbiət şairi" təyinini vermək doğru olmazdı, amma Camalın payızdan yazdığı əksər şeirlərində payızdan çox, payızlı duyğuların lövhələrini, rəsmini görərsən. Çöldəki payız yox, məhz insanın içindəki payızlar rəsm olunub bu şeirlərdə. Həmin şeirlərdən biri yenə əlimdən tutub məni yaralı bir dəmirağacının yanına gətirir:

 

   Qulağımda vahiməli,

   Küt ağrılı balta səsi.

   Dizlərimdə sozalanmış qış nəfəsi.

   Yarpaqlarım laxta-laxta - qanqırmızı.

   Yarpaqlarım oda salıb payızı.

   Başım üstdə havalanmış durna səsi.

   Xəyalımda bir gözəlin dizlərimə

   sərilməsi.

   Uyuyuram, deyəsən?

   Soyuyuram, deyəsən?

   Ehey, beş addım aralı

   cığırla gedən, kimsən?

 

Əsl payız rəsmidir, amma duyğulardan boylanan payızdır bu. Camalda belə "rəsmlər" çoxdur. O dövrün təbirincə desək, Camal intellektual şair kimi diqqəti cəlb edirdi. Bəziləri intellektuallığı şeirdə fikrin aparıcı rol oynamasında, bəziləri fikrin fəlsəfi axarında, bəziləri isə dövrün, zamanın bütün texniki nailiyyətlərinin şeirdə ifadəsi kimi yozurdular. Amma bu fikirlərin hamısı havaya sovruldu. Əsl intellektuallıq şeirin, poeziyanın kənarında, xaricində deyil, içində idi - gözlənilməz və heç kimin ağlına gəlməyən deyimlər, bənzətmələr, assosiativ təfəkkürdən doğan məcazlarda idi. Əli Kərimin poeziyasında olduğu kimi... Camalın "Cırtdanın əmisi oğlu", "Gecənin gecə söhbəti", "Dənizin səsi", "Küləyi döymək olmaz", "Sübh yuxusu", "Avara qorxu" və s. şeirləri o zamankı modernist şeirin maraqlı nümunələrindən idi. Həmin illərdə ustad Rəsul Rza Camal Yusifzadənin şeirləri barədə yazmışdı: "Camal Yusifzadə kimdir? Bilmirəm. Cavandır ya oturuşmuşdur? Bilmirəm. Çoxdanmı yazır, ya onun ilk şeiridir? Bilmirəm. Bildiyim budur ki, "Ədəbiyyat və incəsənət" qəzetinin 15 mart tarixli 11-ci (1825) nömrəsində Camal Yusifzadənin "Qışın nəğməsi" adlı bir şeiri dərc olunmuşdur. Şeir-nəğmə belə başlayır:

 

   Qışam,

   Qışam,

   Qışam mən,

   Bağçalara, bağlara

   Qar olub qonmuşam mən.

 

Necə yaxşı, təbii, obrazlı deyilmişdir. Qış sözünün təkrarında bir melodiya yaranır. Qış haqqındakı bu parçadan poetik bahar qoxusu gəlir".

Camal Yusifzadənin həm ondakı, həm də indiki şeirlərinin məziyyətləri barədə çox danışmaq olar. Ancaq onun şeirlərində qədim türk şeirindən gələn və müasir şeirimizdə də məqamında işləndikdə şeirə yaraşıq gətirən alliterasiyalar göz oxşayır. Səslərin, sözlərin, ayrı-ayrı ifadələrin təkrarı ilə yaranan bu düzümlər Camalın şeirlərinə "tabü təravət" gətirir. Yenə onun şeirlərindən biri əlimdən tutub bu dəfə məni sevgi dünyasına çəkib aparır:

 

   Əllərim

   əlində qalsa

   Qaytarma mənə;

   Nəyimə lazım?!

   Əllərim

   əlində qalsa

   Belinə dolayarsan

   Məndən uzaqda,

   Saçına çəkərsən

   Mən olmayanda,

   Əlimi oxşarsan

   Məndən aralı.

 

Bu unudulmayan şeirlərdən sonra qayıdıram sözümün əvvəlində xatırlatdığım yeni şeirlərinə. Yeni şeirlərində Camal fikir və düşüncələrini daha çox İnsan və Ölüm motivi üzərində kökləyib və bu tipli şeirlərin hamısında nostalji bir əhval-ruhiyyə hökm sürməkdədir, amma Camalın 30 il əvvəl yazdığı şeirlərində də ara-sıra həmin motivin səsləndiyini görəndə içimdə bir rahatlıq duydum: "Qırx bahar adlamışam, Ömrə-günə min bərəkət... İçimdə daş, gözümdə yaş, Gedirəm torpaq olmağa". Bu, bəlli. Amma məni sevindirən odur ki, Camal Yusifzadə bəzi şair dostları və yaşıdlarından fərqli olaraq, 30 il, 40 il əvvəl əldə elədiyi o poetik səviyyədən qətiyyən aşağı enməyib, həmin səviyyəni saxlaya bilib. Oxuculara xatırladım ki, Camal həmişə şeir yazmır, qalın-qalın şeir kitabları da yoxdu, amma heç vaxt SÖZdən ayrı düşməyib, televiziyada teatrla, sənət adamları ilə bağlı bir-birindən maraqlı verilişlərin müəllifidir...

...Bu mənamda mən yenə Camalın şeirlərindən birinin əlindən tuturam və üzü qışa doğru yol alıram.

 

   Düzü-dünya bələnibdi ağappaq,

   Meşəsi ,

   Bağçası , dağı ağ,

   Dağım, bağım, qarım oy.

   Hələ məni gözləyən

   Diri gözlü dərdim oy!

   Varlığım qara təşnə,

   Ardıc gözlü ocağım,

   Çörək dolu tabağım,

   Eşq havalı otağım,

   Ocağım oy, eşqim oy.

  

 

  Vaqif YUSİFLİ

 

  525-ci qəzet.- 2009.- 20 iyun.- S.19.