Azərbaycan təhsili: yaxın keçmişə, bu günə gələcəyə bir baxış

 

(əvvəli ötən şənbə sayımızda)

 

Son illərdə məktəbəqədər təhsilin təkmilləşdirilməsi, təhsil müəssisələrinin fəaliyyətinin müasir dünya təcrübəsinə uyğunlaşdırılması, yeni təhsil texnologiyalarının tətbiqi sahəsində beynəlxalq təşkilatlarla birlikdə bir sıra tədbirlər görülmüş, bu sahədə çalışan pedaqoji işçilərin elmi-metodik hazırlıqlarının yüksəldilməsi məqsədilə öyrədici treninqlər keçirilmişdir. 1998-ci ildən etibarən ölkənin 18 bölgəsində 51 məktəbəqədər təhsil müəssisəsində Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu ilə əməkdaşlıq çərçivəsində "Addım-Addım" texnologiyası tətbiq edilmiş, 8 bölgədə treninq mərkəzləri yaradılmışdır.

"Addım-Addım" texnologiyasının məqsədi uşağı daim yeni biliklərə yiyələnməyə, müstəqil şəkildə öz biliyini artırmağa yönəltmək, onlarda tənqidi təfəkkürün, seçmə bacarığının, problemi qoymaq və həll etmək qabiliyyətinin, yaradıcılığa, fantaziya və ixtiraçılığa təşəbbüsün, insanlara, cəmiyyətə, təbiətə, ətraf mühitə qayğı və hörmət hisslərinin aşılanmasıdır. Bu texnologiyanın fəlsəfi əsasını uşağın özünə, tərbiyəçiyə, valideynlərinə, onu əhatə edən insanlara inam təşkil edir, düşünülmüş şəkildə yaradılan mühit özü onda tədqiqatçılığa, təşəbbüskarlığa və yaradıcılığa maraq oyadır.

Pedaqogika və psixologiyada, fəlsəfi elmdə son illərdə əldə olunmuş mütərəqqi ideyaları nəzəri əsas kimi götürən, hər bir uşağı yaradıcı şəxsiyyət kimi qəbul edən, ilk növbədə onun idrak qabiliyyətlərinin, məntiqi təfəkkürünün inkişafını nəzərdə tutan, akademik, bədii, etik, estetik və praktik biliklərin aşılanmasına yönəldilən həmin texnologiya ənənəvi tədris və tərbiyə metodikalarına nisbətən bir sıra üstünlüklərə malikdir. Belə ki, bu texnologiyaya əsasən ailə, məktəbəqədər müəssisə və cəmiyyətin birgə iştirakı nəzərə alınmaqla tərbiyəyə kompleks yanaşma tətbiq olunur, valideynlər tərəfindən uşaqların tərbiyəsinə maraq artır, onların pedaqoji prosesdə fəal iştirakı təmin olunur.

Uşaqların yaradılmış təlim mərkəzlərindən meyl və marağa uyğun səmərəli istifadə etməsi, onlara fikir və mülahizələrini sərbəst söyləmək imkanının verilməsi yeni texnologiyanın üstün cəhətlərindəndir. Təlim mərkəzlərində iş uşaqların qarşılıqlı əlaqə və ünsiyyətinə, müstəqil əqli nəticə çıxarma və qərar qəbul etmə qabiliyyətlərinin inkişafına yönəldilmişdir. Mərkəzlərdə təlim mühitinin təşkili və tərtibat mühüm əhəmiyyət daşıyır. Buradakı bütün materiallar: didaktik vasitələr, avadanlıqlar, plakatlar, portretlər, incəsənət əsərləri, yazılar, uşaqların rəsmləri, əl işləri bilavasitə uşağın inkişafına zəmin yaradır.

Mərkəzlərdə təlimin fərdiləşməsi tərbiyəçidən hər bir uşağın fərdi psixoloji, fizioloji, yaş xüsusiyyətlərini, meyl və maraqlarını bilməsini, bunlara uyğun müvafiq tapşırıqlar müəyyənləşdirilməsini tələb edir. Fəaliyyət mərkəzləri hər bir uşağın müvəffəqiyyət qazanmasına imkan yaradır. "Öyrənməyi öyrətmək" metodu üzrə işin təşkili məşğələlərin maraqlı keçməsinə, təlimi hər bir uşağın meyl, maraq, qabiliyyət və istedadına, inkişaf səviyyəsinə uyğun qurmağa zəmin yaradır, uşağa sərbəst seçmə imkanı verir.

Tətbiq edilən texnologiyada uşağın normal inkişaf sxeminin verilməsi, burada hər bir yaş dövrünə müvafiq olan hərəkət, komunikativ, koqnitiv, özünəxidmət vərdişlərinin, həmçinin fiziki, sosial, nitq, idrak, motorika sahəsində inkişaf göstəricilərinin öz əksini tapması müəllim və tərbiyəçilər üçün çox faydalıdır və təlimin inkişafetdirici aspektinin gücləndirilməsində mühüm rol oynayır. Bilavasitə təlim prosesində uşaqda güclü və müstəqil xarakter tərbiyəsinin forma, metod və üsullarının göstərilməsi təlim-tərbiyə prosesinin səmərəli təşkilinə şərait yaradır.

"Addım-addım" texnologiyasından istifadə uşağın təlim və tərbiyəsində faydalı olduğu kimi, tərbiyəçilərə də bilik və bacarıqlarını təkmilləşdirmək, fəaliyyətlərini əməkdaşlıq pedaqogikası prinsipi üzrə qurmaq imkanı verir, onlarda daim öz üzərində işləmək, elmi-metodik hazırlığını yüksəltmək zəruriyyəti yaradır. Adı çəkilən texnologiyanın tətbiqi uşaq bağçası - ailə əlaqəsinin mütəşəkkil təşkilinə, valideynlərin pedaqoji prosesdə iştirakına daha əlverişli şərait yaradır, "tərbiyəçi-valideyn", "valideyn-valideyn", "uşaq-valideyn" münasibətlərinin səmərəli qurulmasına kömək edir, birgə fəaliyyət formalarını müəyyənləşdirir.

Bu texnologiya hər bir uşağın öz arzusuna, meyl, maraq və qabiliyyətinə, sosial və emosional inkişaf səviyyəsinə uyğun olaraq kiçik qruplarda müxtəlif təlim mərkəzlərində məşğul olmasını təmin edir, həmçinin müasir dövrdə mütərəqqi ideyalar kimi irəli sürülmüş təhsilin demokratikləşdirilməsi, humanistləşdirilməsi, diferensiallaşdırılması, fərdiləşdirilməsi prinsipləri, uşaq hüquqlarının qorunması ideyaları ilə uzlaşır və təlim-tərbiyə prosesində müasir, o cümlədən interaktiv təlim metodlarının tətbiqini nəzərdə tutur.

2004-cü ildən UNİCEF-lə birlikdə "Erkən yaş dövründə uşaqların inkişafı" layihəsi həyata keçirilməyə başlanmışdır. Bu layihə Bakı şəhərinin 183, Sumqayıt şəhərinin 47 nömrəli və Xızı şəhər uşaq bağçalarında uğurla həyata keçirilmişdir. Layihə çərçivəsində 183 nömrəli körpələr evi-uşaq bağçasında "Valideyn-tərbiyəçilərin təhsilə yardımı" İctimai Birliyi yaradılmış və 2006-cı ilə Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır.

Bunlarla yanaşı, UNİCEF tərəfindən Azərbaycanın 14 rayonunda məcburi köçkün ailələrindən olan uşaqlar üçün 35 Uşaq İnkişaf Mərkəzi təşkil edilmişdir. Həmin mərkəzlər məcburi köçkün uşaqların psixoloji reabilitasiyasında əhəmiyyətli rol oynamışdır.

2006-cı ildə Asiya İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda məktəbəqədər təhsilin inkişafı sahəsində layihənin hazırlanması üçün 600 min ABŞ dolları həcmində qrant ayrılmışdı. Kredit layihəsinin hazırlanması məqsədilə AİB-in ekspertləri tərəfindən ölkəmizdə məktəbəqədər təhsilin vəziyyəti araşdırıldı, aparılan təhlillər nəticəsində ehtiyaclar müəyyənləşdirildi. İslahatlar aparılacaq komponentlər müəyyənləşdirilərək Azərbaycanın 12 şəhər və rayonunda məktəbəqədər təhsilin inkişafı üzrə beş illik Layihə hazırlandı. Təəssüf hissi ilə qeyd etməliyəm ki, müvafiq Saziş imzalanmadığından həmin Layihəni həyata keçirmək mümkün olmadı. Lakin onu da qeyd etmək lazımdır ki, bu Layihə sonradan məktəbəqədər təhsil üzrə Dövlət Proqramının hazırlanmasında və Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin alt komponentinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadı.

UNİCEF, UNESCO, Beynəlxalq Sülh Korpusu, "Dünyaya Baxış" və digər təşkilatlarla əməkdaşlıq çərçivəsində Azərbaycanın təhsil tarixində ilk dəfə olaraq Bakı, Sumqayıt, Mingəçevir şəhərləri və Yevlax rayonunun 12 uşaq bağçasında 78 nəfər xüsusi qayğıya ehtiyacı olan uşaq inkluziv təhsilə cəlb olunmuşdur.

Son illərdə məcburi köçkün ailələrindən olan uşaqların məktəbəqədər təhsilə cəlbi istiqamətində Ağdam rayonunda 2, Füzuli rayonunda 4 uşaq bağçası inşa edilmiş, Ağcabədi rayonu ərazisində Xocavənd rayonundan olan məcburi köçkün uşaqları üçün 3 qruplu uşaq bağçasının fəaliyyəti bərpa olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin "Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında" 23 avqust 2006-cı il tarixli 1635 nömrəli Sərəncamına əsasən respublika üzrə 240 məktəbəqədər təhsil müəssisəsi öz profilini saxlamaq şərtilə özəlləşdirilməyə açıq elan edilmişdir. Bunlardan 82 müəssisə artıq özəlləşdirilmişdir.

Hazırda ölkədə lisenziya almış 8 (Bakı şəhərində 7, Sumqayıt şəhərində 1) özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 4-ü (Bakı şəhərində 3 və Sumqayıt şəhərində bir uşaq bağçası) ölkə Prezidentinin Sərəncamına əsasən özəlləşdirilmiş və müvafiq lisenziya almış məktəbəqədər təhsil müəssisələridir.

Qeyd etmək lazımdır ki, bir sıra özəl məktəbəqədər təhsil müəssisələrində tərbiyə və təlim şəraitinin müasir standartlar səviyyəsində təşkili həmin müəssisələrə marağı xeyli artırmışdır. Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, XXI əsr təhsil mərkəzi nəzdindəki, "Şəkər-bala" özəl uşaq bağçalarında təhsil haqqının yüksək olmasına baxmayaraq, valideynlər uşaqlarını həmin müəssisələrə həvəslə aparırlar. Bu müəssisələrdə müasir standartlar səviyyəsində yaradılmış maddi-texniki və tədris bazası təlim-tərbiyə prosesinin keyfiyyətli təşkilinə müsbət təsirini göstərir. Uşaqlarla aparılan sağlamlaşdırıcı tədbirlər, düzgün rasional qidalanma, müasir tələblərə cavab verən təlim-tərbiyə prosesi və digər səbəblərdən özəl müəssisələrə gələn uşaqların sayı ilbəil artır. Hazırda fəaliyyət göstərən özəl məktəbəqədər təhsil müəssisələrinə 515 uşaq cəlb olunmuşdur ki, bu uşaqların təlim-tərbiyəsi ilə 132 pedaqoji işçi məşğul olur.

Onu da qeyd edim ki, bir sıra dövlət məktəbəqədər təhsil müəssisələrinin göstərdiyi təhsil xidmətləri özəl uşaq bağçalarından heç də geri qalmır. Bakı şəhəri "Qərənfil", 175 və 257 nömrəli, "Ana məktəb" uşaq bağçaları məhz belələrindəndir. Təsadüfi deyildir ki, 1998-ci ildə Bakı şəhərindəki 257, 2000-ci ildə isə 175 nömrəli uşaq bağçalarının iş təcrübəsi öyrənilmiş, Nazirliyinin Kollegiya qərarı ilə respublikada yayılmışdır.

Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, son vaxtlar Bakı şəhərində heç bir səriştəsi və müvafiq təhsili olmayan şəxslər tərəfindən özəl məktəbəqədər təhsil müəssisələri açılır və lisenziyası olmadan qeyri-qanuni fəaliyyət göstərirlər. Belə müəssisələrin fəaliyyətinin dayandırılması məqsədi ilə Təhsil Nazirliyi hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edirəm ki, erkən yaşlı uşaqların həyatı, sağlamlığı və inkişafı üçün son dərəcə təhlükəli olan bu meyllərə qarşı mübarizə yalnız Təhsil Nazirliyi tərəfindən deyil, bütün ictimaiyyət tərəfindən aparmalı, xüsusilə valideynlər belə qanunsuz fəaliyyət göstərən müəssisələrə öz övladlarını göndərməməlidirlər.

Etiraf etmək lazımdır ki, təhsil sisteminin vacib sahəsi olan məktəbəqədər təhsili dövrün tələblərinə uyğunlaşdırmaq üçün uzun müddətdən bəri xeyli cəhdlər göstərsək də, ictimaiyyəti razı salan uğurlu nəticələrə hələ nail ola bilməmişik. Ona görə də uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsi xeyli müddətdir ki, 16 faizdən yuxarı qalxmır. Halbuki həmin göstərici Finlandiyada 99, Fransada, Belçikada 95, Almaniyada 90, bir sıra MDB ölkələrində isə 50-85 faiz təşkil edir.

Cədvəldən göründüyü kimi kənd yerlərində məktəbəqədər təhsilin əhatə səviyyəsi daha acınacaqlıdır və məktəbəqədər yaşlı uşaqların 91,6 faizi uşaq bağçalarına getmirlər.

Əlbəttə, əhatə dairəsinin aşağı olmasının əsas səbəblərindən biri ölkənin yaşayış məntəqələrində məktəbəqədər təhsil müəssisələrinin kifayət qədər olmamasıdır. Təsəvvür edin ki, Yardımlı, Siyəzən, Dəvəçi, Hacıqabul rayonlarında cəmi 3, Ağsu, Gədəbəy, Qobustan rayonunda 7, Xızı rayonunda 8 uşaq bağçası fəaliyyət göstərir.

Yaranmış vəziyyətlə bağlı aparılan təhlillər bir daha sübut etdi ki, məktəbəqədər təhsil sahəsində yığılıb qalmış problemlərin, o cümlədən ölkə üzrə yaşayış məntəqələrinin 30 faizində məktəbəqədər müəssisələrin olmaması, kənd rayonlarında əksər uşaq bağçalarının heç bir təlim-tərbiyə şəraiti olmayan uyğunlaşdırılmış binalarda yerləşməsi, uşaq bağçalarının 70 faizinin təmirsiz qalması, mövcud avadanlıqların fiziki və mənəvi cəhətdən yararsız hala düşməsi, müəssisələrin 32 faizində məcburi köçkünlərin yerləşməsi, tədris-əyani vəsaitlərin çatışmaması və digər bu kimi problemlərin dövlət səviyyəsində həllinə imkan və şərait yaradan proqram xarakterli sənəd qəbul olunmazsa, vəziyyət dəyişməz qalacaqdır.

Çox əlamətdardır ki, təhsilimizin inkişafı ilə bağlı qaldırılan hər hansı bir məsələyə müstəsna diqqət və həssaslıqla yanaşan ölkə Prezidenti növbəti dəfə də yüksək qayğı göstərərək 12 aprel 2007-ci il tarixli Sərəncamı ilə 2007-2010-cu illəri əhatə edən "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı"nı təsdiq etdi və bununla da müstəqil Azərbaycanın məktəbəqədər təhsil tarixində yeni mərhələnin təməli qoyuldu.

Proqramda müəssisələrin şəbəkəsinin optimallaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi, idarəetmənin yeni iqtisadi münasibətlər zəminində təkmilləşdirilməsi, təşkilati-hüquqi və iqtisadi mexanizmlərin bu müəssisələrin səmərəli fəaliyyətinə yönəldilməsi, məktəbəqədər təhsil xidmətlərinin əhalinin aztəminatlı təbəqəsi üçün əlçatan olması, kadr təminatının yaxşılaşdırılması, yeni kurikulumun hazırlanması, bütövlükdə məktəbəqədər təhsilin ictimai statusunun yüksəldilməsi önəmli vəzifələr kimi qarşıya qoyulmuş, ən başlıcası isə dünya təcrübəsinə uyğun olaraq 5 yaşlı uşaqların icbari məktəbəqədər təhsilə cəlb olunması, məktəbəqədər təhsil haqqında ayrıca qanunun qəbul edilməsi də nəzərdə tutulmuşdur.

Ötən müddət ərzində Dövlət Proqramının icrası ilə bağlı bir sıra işlər görülmüşdür. Son 20 ildə ilk dəfə olaraq Bakı şəhərində 11 yeni məktəbəqədər təhsil müəssisəsi binası inşa edilmiş (Bakı şəhəri Binəqədi rayonunun Biləcəri qəsəbəsində 200 yerlik 327 nömrəli, Xocasən qəsəbəsində 220 yerlik 328 nömrəli, 28 May qəsəbəsində 115 yerlik 329 nömrəli, Xətai rayonunun Əhmədli qəsəbəsində 115 yerlik 335 nömrəli, Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində 135 yerlik 336 nömrəli, Nardaran qəsəbəsində 55 yerlik 337 nömrəli, Suraxanı rayonunun Bülbülə qəsəbəsində 120 yerlik 330 nömrəli, Zığ qəsəbəsində 115 yerlik 331 nömrəli, Səbail rayonunda 115 yerlik 332 nömrəli, Qaradağ rayonunun Lökbatan qəsəbəsində 120 yerlik 333 nömrəli, Korgöz qəsəbəsində 55 yerlik 334 nömrəli, 21 məktəbəqədər təhsil müəssisəsində (Bakı şəhərində 20, Sumqayıt şəhərində 1) əsaslı təmir işləri aparılmışdır. Yeni inşa edilmiş və əsaslı təmir olunmuş müəssisələr müasir avadanlıqlarla da təchiz olunmuşdur. Məhz əlverişli infrastrukturun yaradılması nəticəsində Bakı şəhərində cari dərs ilində məktəbəqədər təhsilə cəlb edilənlərin sayı ötən dərs ilinə nisbətən 1300 nəfər artmışdır.

Müvafiq Proqram çərçivəsində Təhsil Nazirliyinin sifarişinə əsasən 100 adda müxtəlif təlim vəsaitləri hazırlanmışdır. Belə ki, uşaqlarda diqqətin, təfəkkürün, nitqin, yaddaşın inkişafına xidmət edən test kitabları, sadə riyazi təsəvvürlərin inkişafı üzrə çalışmalar, savad təlimi üzrə metodik işləmələr, ekolojji tərbiyə üzrə təlim vəsaitləri, uşaqların məntiqi təfəkkürünü inkişaf etdirmək üçün masaüstü oyunlar, nümayişetdirici materiallar (plakatlar), nəfis tərtibatlı nağıl kitabları hazırlanmış və respublikanın bütün məktəbəqədər təhsil müəssisələrinə çatdırılmışdır.

Bununla yanaşı, Proqramda məktəbəqədər təhsilin inkişafı üzrə bir sıra zəruri vəzifələr də nəzərdə tutulmuşdur. Həmin vəzifələrdən biri uşaq bağçaları üçün müasir tələblərə cavab verən kurikulumun hazırlanmasıdır. Çünki bu müəssisələr bir çoxlarının fikirləşdiyi kimi, sadəcə, işləyən valideynlərin uşaqlarının saxlanması yeri deyildir. Bunlar hər şeydən əvvəl, tərbiyə, təlim və inkişaf mərkəzləridir. Ona görə də uşaqların şəxsiyyətinin formalaşmasına, onlarda ilkin həyati bacarıqların yaranmasına yönəlmiş məzmunun müəyyənləşdirilməsi indiki halda diqqət yetiriləcək başlıca məsələlərdəndir.

Narahatlıq doğuran bir məsələ barədə. Hazırda məktəbəqədər təhsil müəssisələrinin maliyyələşməsi yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Bu təhsil pilləsinin inkişafı üçün ayrılan büdcə vəsaitlərinin azlığı bir problemdirsə, həmin maliyyə vəsaitlərinin istifadəsi daha ciddi problemdir. Uzun illərdir ki, bu sahəyə vəsait ayrılmasına baxmayaraq, uşaq bağçaları əsaslı təmir edilmir, avadanlıqlarla təchiz olunmur, ərzaqla təminatın vəziyyəti də qənaətbəxş deyildir. Əlbəttə, səbəblər müxtəlifdir. Lakin əsas səbəblərdən biri odur ki, Təhsil Nazirliyi məktəbəqədər təhsil müəssisələrinin maliyyələşdirilməsi prosesində iştirak etmir və bu işə müdaxilə ektmək imkanları da yoxdur. Bu sahədə müsbət və uğurlu bir təcrübə barədə məlumat vermək istərdim. 2006-cı ildə ölkə Prezidentinin sərəncamı ilə Bakıda vahid idarəetmə orqanı olan Bakı Şəhəri üzrə Təhsil İdarəsi yarandıqdan sonra Bakı şəhərinin təhsil sistemi Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilməyə başladı. Qısa bir müddət ərzində uşaq bağçalarının maddi-texniki bazasının möhkəmləndirilməsi, avadanlıqlarla təminat sahəsində ciddi dönüş yarandı. Ərzaqla təminat isə əsaslı şəkildə yaxşılaşdı. Bu, ilk növbədə, onunla bağlıdır idi ki, ayrılan maliyyə vəsaiti təyinatı üzrə və səmərəli xərclənir.

Dünya təcrübəsindən danışarkən bir zəruri məsələni də diqqətə çatdırmaq istəyirəm. Postsovet ölkələrindən fərqli olaraq, bir çox inkişaf etmiş ölkələrdə məktəbəqədər təhsilin bütün təbəqələr üçün əlçatan olması məqsədilə müxtəlif formalardan, o cümlədən qısamüddətli, ailə tipli (icma əsaslı) təhsil xidmətlərindən istifadə olunur. Hesab edirəm ki, perspektivdə ən vacib işlərimizdən biri ölkəmizdə uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsini yüksəltmək üçün belə təhsil xidmətlərinin geniş tətbiq olunmasıdır.

Məlumdur ki, məktəbəqədər təhsilin təşkilində ailənin xüsusi rolu vardır. Hazırda vəziyyət elədir ki, məktəbəqədər yaşlı uşaqların bir çoxu bağçaya getmədən ailə tərbiyəsi ilə kifayətlənmək məcburiyyətindədir. Hər bir ailə də uşağın tərbiyəolunma sistemini düzgün qurmaq, onu məktəbə hazırlamaq iqtidarında deyildir. Valideynlərin məşğulluğu, yaxud diqqətsizliyi üzündən bəzi uşaqların nəzarətsiz qalması və ətraf mühitdə mənfi təsir altına düşməsi faktlarına da tez-tez təsadüf olunur. Ona görə, Dövlət Proqramında da göstərildiyi kimi, məktəbəqədər təhsillə əhatə edilməyən uşaqların valideynlərinin maarifləndirilməsi üçün yerlərdə dövlət büdcəsindən maliyyələşdirilən metodik məsləhət mərkəzlərinin yaradılması istiqamətində işlərin aparılması da zəruridir.

Yeri gəlmişkən bir məsələyə də münasibətimi bildirmək istərdim. Keçmiş SSRİ dövründə də Azərbaycanda məktəbəqədər təhsillə əhatə səviyyəsi 22 faizdən yuxarı qalxmamışdır və indi də bu problem aktual olaraq qalır. Fikrimcə, bunun bir sıra səbəbləri vardır. Əsas səbəblərdən biri odur ki, hələ də cəmiyyətimiz tərəfindən məktəbəqədər təhsilin əhəmiyyəti kifayət qədər qiymətləndirilmir. Bir çox ailələr bu təhsil pilləsinin uşağın gələcək inkişafında hansı rolu olduğunu dərk etmirlər. Başqa bir səbəb onunla bağlıdır ki, uşaqların ailə mühitində tərbiyəsinə üstünlük verilməsi milli xüsusiyyət kimi özünü biruzə verir. Digər səbəb isə məktəbəqədər təhsilin keyfiyyət səviyyəsinin valideynləri qane etməməsi ilə birbaşa bağlıdır.

Dünya təcrübəsində uşaqların təlimi, inkişafı və sağlamlığı kimi üç əsas istiqaməti əhatə edən vahid məktəbəqədər təhsil siyasəti həyata keçirilir. Bu o deməkdir ki, şəxsiyyətyönümlü, nəticəyönümlü, inkişafyönümlü kurikulumlar tətbiq olunur, uşaqlar normativlər səviyyəsində ərzaqla təmin olunur və yüksək səviyyəli tibbi xidmətlə əhatə olunurlar. Yəni müxtəlif dövlət və qeyri-dövlət strukturlarının, təşkilatların səyləri əlaqələndirilir. Ən vacibi isə odur ki, bu səylər yalnız təşilati tədbirləri əhatə etmir, həm də uşaqların inkişafına investisiya qoyuluşlarını özündə ehtiva edir. Bu səbəbdən məktəbəqədər təhsil müəssisələrinə büdcə vəsaitindən daha çox, əlavə mənbələr hesabına vəsaitlər yönəldilir. Düşünürəm ki, gələcəkdə Azərbaycanda da erkən yaş dövründən uşaqların inkişafı cəmiyyətin bütün üzvləri üçün prioritet təşkil edəcək və bütün səylər bu mənafeyə yönəldiləcəkdir.

Lakin ölkəmizdə məktəbəqədər təhsilin inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri elan edildiyini nəzərə alaraq, dünyada erkən yaş dövründə uşaqların inkişaf strategiyalarına uyğun tədbirlərin həyata keçirilməsi təhsil sistemi qarşısında duran əsas vəzifələrdəndir. Məhz sadalanan vəzifələrin həyata keçirilməsi məqsədilə Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində yeni kurikulumun hazırlanması, qısamüddətli qruplarda məktəbə hazırlıq və valideynlərin maarifləndirilməsi proqramlarının tətbiqi nəzərdə tutulmuşdur. Bununla əlaqədar pilot rayonlar (Lənkəran, Quba, Şamaxı, Füzuli, Göygöl, Bakı şəhərinin Xətai rayonu) seçilmiş və proqramlar tətbiq ediləcək müəssisələr müəyyənləşdirilmişdir. Məktəbə hazırlığın inkişaf etdirilməsi komponentinin icra planına uyğun olaraq cari ilin fevralından valideynlərin maarifləndirilməsi proqramı çərçivəsində müvafiq treninqlərin keçirilməsinə başlanmışdır. Bu treninqlərdə 106 tərbiyəçi və ibtidai sinif müəllimi iştirak edir.

Gələcəkdə təlim-tərbiyə prosesinin ən müasir texnologiyalar əsasında qurulmasını təmin edən və məktəbəqədər təhsilin müxtəlif formalarını özündə birləşdirən resurs mərkəzlərinin yaradılması da məqsədəmüvafiqdir.

Uşağını bağçaya gətirən valideyni, şübhəsiz, onun məktəbə hazırlığı daha çox düşündürür. Təhlil göstərir ki, şəraitsizlik üzündən hər il birinci sinfə qəbul edilən uşaqların orta hesabla yalnız 20 faizə qədəri bağçalardakı məktəbə hazırlıq qruplarından gəlir. Halbuki, qeyd etdiyim kimi, bir sıra inkişaf etmiş ölkələrdə 5 yaşlıların hamısı icbari məktəbə hazırlıq mərhələsini keçirlər. Ölkəmizdə isə bu vəzifəni yerinə yetirmək üçün, əlbəttə, mövcud uşaq bağçalarının imkanları heç də kifayət deyildir. Belə ki, uşaq bağçaları ən yaxşı halda ölkə üzrə 5 yaşlıların yalnız 40-45 faizini qəbul edə bilər. Aparılan araşdırmalar göstərir ki, respublika üzrə beş yaşlıların sayı 112 min nəfər təşkil edir. Onlardan yalnız 26130-u (23,3%) məktəbəqədər təhsil müəssiələrinə gedir, 85870 beş yaşlı uşaq (76,7%) isə məktəbəqədər təhsilə cəlb edilməmişdir. Hazırda ölkədə 1612 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə mövcud olan 127774 yerə bütün yaş qrupları üzrə 103617 uşaq cəlb edilmişdir. Uşaq bağçalarına getməyən 85870 nəfər beş yaşlı uşağın məktəbəqədər təhsilə cəlb olunması üçün mövcud infrastrukturla yanaşı, 61713 əlavə yer, yəni 3060 qrup açılmalıdır. Bunun üçün yeni məktəbəqədər təhsil müəssisəsi binaları inşa edilməli, mövcud müəssisələrin imkanları genişləndirilməlidir. Eyni zamanda, məktəbəqədər müəssisələr olmayan bölgələrdə məktəb binalarından istifadə olunması bu məsələni qismən də olsa həll edə bilər. Düşünürəm ki, 5 yaşlı uşaqların icbari məktəbəqədər təhsili üçün indidən hazırlıq işlərinə başlanmalı, Nazirliyin bu sahədə 8-10 ili əhatə edən strateji planı hazırlanmalıdır.

Daha bir mühüm məqama toxunmaq istərdim. Yerli təhsili idarəetmə orqanlarının kadrların seçilib yerləşdirilməsində yol verdikləri nöqsanların nəticəsidir ki, hazırda ölkənin məktəbəqədər təhsil müəssisələrində işləyənlərin əksəriyyəti ixtisaslı deyildirlər. Belə ki, məktəbəqədər təhsil müəssisələrində işləyən 13532 pedaqoji işçidən yalnız 601 nəfəri (4,4%) ali ixtisas təhsilli, 1920 nəfəri (14,1%) orta ixtisas təhsillidir. Pedaqoji işçilərdən 2790 nəfəri ali pedaqoji, 6728 nəfəri orta ixtisas pedaqoji təhsilli, 1421 nəfəri ümumi orta, 72 nəfəri isə natamam ali təhsillidir. Bununla əlaqədar, təhsili idarəetmə orqanları kadr tərkibinin yaxşılaşdırılması istiqamətində də ciddi tədbirlər həyata keçirilməlidir.

Məktəbəqədər təhsil müəssisələri üçün ixtisaslı kadrlar Azərbaycan Dövlət Pedaqoji Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Müəllimlər İnstitutu və onun 11 filialı, Naxçıvan Müəllimlər İnstitutu, Bakı Məktəbəqədər Pedaqoji Texnikumu və 6 kollecdə hazırlanır. Etiraf edim ki, həmin müəssisələrdə kadr hazırlığının səviyyəsi heç də qaneedici deyildir. Bu müəssələri bitirən məzunlar, bir qayda olaraq, məktəbəqədər təhsilin təşkili sahəsində praktik bacarıqlara malik olmurlar. Hesab edirəm ki, həmin müəssisələrin rəhbərləri bu vəziyyətdən nəticə çıxarmalı, kadr hazırlığı işini təkmilləşdirməlidirlər.

Əminəm ki, ölkə Prezidenti tərəfindən təsdiq edilmiş Proqramın həyata keçirilməsi mövcud problemlərin aradan qaldırılmasına şərait yaratmaqla məktəbəqədər təhsilin inkişafında ciddi dönüşə səbəb olacaqdır. Belə ki, məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki və tədris bazası möhkəmlənəcək, tədris-metodiki təminatı yeniləşdiriləcək, məktəbəqədər təhsilin sosial-iqtisadi səmərəliliyi artacaq, maliyyə təminatının dayanıqlılığına imkan yaranacaq, əhalinin məktəbəqədər təhsil xidmətlərinə tələbatı daha dolğun təmin ediləcək, bütün əhali təbəqələri üçün müasir standartlara uyğun məktəbəqədər təhsil xidmətlərinin əlçatan olması təmin olunacaq, məktəbəqədər təhsilin əhatə dairəsi genişlənəcək, təhsil müəssisələrinə cəlb edilən uşaqların sayı çoxalacaq, uşaqların təlim-tərbiyəsi, sağlamlığının qorunması, fiziki, intellektual və psixoloji inkişafı üçün əlverişli şərait yaradılacaq, kadr təminatı yaxşılaşacaq, kadrların peşəkarlıq səviyyəsi artacaq, nəticədə isə məktəbəqədər təhsilin keyfiyyəti yüksələcəkdir.

 

               

(ardı var)    

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri,

fizika-riyaziyyat elmləri doktoru,

professor

 

525-ci qəzet.- 2009.- 20 iyun.- S.10-11.